Azərbaycan Prezidenti İlham Əliyevin yekun nitqi
- 2011-ci ildə
qarşıda duran vəzifələr aydındır. Biz bu ildə də iqtisadiyyatımızın
inkişafını təmin etməliyik. Əminəm
ki, iqtisadiyyatımız daha da artacaqdır. Makroiqtisadi
sabitlik qorunmalıdır və əminəm ki, inflyasiya birrəqəmli
olacaqdır. Biz xüsusilə istehlak bazarına nəzarətimizi
gücləndirməliyik. Bu sahədə böyük işlər
görülüb və davam etdirilməlidir. Qiymətlərin
süni şəkildə şişirdilməsinə yol verməməliyik,
azad rəqabəti təmin etməliyik, inhisarçılıq
meyillərinin qarşısını almalıyıq.
Lazımsız yoxlamalar aparılmamalıdır, xüsusilə
hüquq-mühafizə orqanları tərəfindən
lazımsız yoxlamalara son qoyulmalıdır ki, ölkədə
sahibkarlığı daha da sürətlə inkişaf etdirək,
buna daha böyük təkan verək.
Sirr deyil ki, inkişaf
etmiş ölkələri fərqləndirən cəhətlərdən
biri də ümumi daxili məhsulun formalaşmasında
kiçik və orta sahibkarlığın xüsusi yer
tutmasıdır. Azərbaycan da bu yolla getməlidir.
Düzdür, bizim güclü enerji sektorumuz var və
qeyri-neft sektorunu neft sektoru ilə müqayisə etmək, əlbəttə
ki, sadəlövhlük olardı. Ancaq biz
çalışmalıyıq ki, Azərbaycanda kiçik və
orta sahibkarlığın inkişafı daha da sürətlə
getsin. Dövlət tərəfindən buna dəstək
verilir. Hesab edirəm ki, sahibkarlarla çoxsaylı
görüşlərimdə verdiyim tövsiyələr,
dediyim fikirlər və göstərdiyim siyasi dəstək
sahibkarlığın inkişafında öz rolunu oynayır.
Bununla bərabər, dövlət tərəfindən
ayrılmış kreditlər, Sahibkarlığa Kömək
Milli Fondunun xətti ilə görülən işlər də
sahibkarlığın inkişafına çox böyük dəstəkdir.
Biz elə etməliyik ki,
2011-ci ildə bu sahəyə əlavə vəsait
ayrılsın. İqtisadiyyatımızın çoxşaxəli
iqtisadiyyat kimi formalaşmasında qeyri-neft sektorunun
inkişafı həlledici rol oynayır. Əgər vaxtilə
biz bu siyasətə başlamasaydıq, indi ölkə iqtisadiyyatı
birtərəfli ola bilərdi. Mən yaxşı
xatırlayıram, bir neçə il bundan əvvəl bəzi
beynəlxalq qurumlarda Azərbaycanda "Hollandiya sindromu"
haqqında fikirlər səslənmişdi, yəni Azərbaycanda
iqtisadiyyat birtərəfli inkişaf edəcək, ancaq neft
amilinə söykənir, iqtisadiyyatın digər sahələrində
perspektivlər yoxdur. Bizim apardığımız siyasət
isə onu göstərir ki, artıq Azərbaycan
iqtisadiyyatı çoxşaxəli iqtisadiyyat kimi
formalaşıb və "Hollandiya sindromu"
haqqındakı o fikirlər artıq səslənmir.
Biz bu müsbət
dinamikanı davam etdirməliyik və 2011-ci ildə
sahibkarlığın, özəl sektorun inkişafı
üçün, qeyri-neft sektorunun inkişafı
üçün əlavə tədbirlər görülməlidir.
Bir daha demək istəyirəm ki, dövlət tərəfindən,
Prezident tərəfindən siyasi dəstək verilib və
veriləcəkdir. Dövlət qurumları - həm mərkəzi
qurumlar, həm də bölgələrdə yerləşən
qurumlar sahibkarlığın inkişafına kömək
göstərməlidir, onlara maneçilik törətməməlidir,
süni əngəllər də
yığışdırılmalıdır.
Bununla bərabər, mən
hesab edirəm ki, 2011-ci ildə vergilər bazasını biz
genişləndirməliyik. Bunu etmək üçün
böyük imkanlar var. Vergi sahəsində aparılan
islahatlar uğurludur. "Bir pəncərə" prinsipi Azərbaycanda
artıq tətbiq olunur. Digər mütərəqqi islahatlar
aparılır, bütövlükdə bu sahədə işlər
görülür. Ancaq o da həqiqətdir ki, vergilərdən
yayınanların sayı da kifayət qədərdir.
Yayınma halları hələ də çoxdur. Biz
bunları bilirik və bu hallarla mübarizə daha da ciddi və
məqsədyönlü aparılmalıdır.
Elə etməliyik ki, ticarət,
məişət, iaşə obyektlərində nağd şəkildə
ödəmələr minimuma endirilsin. Artıq kredit
kartları var, bizim əhalimizin böyük hissəsi kredit
kartlarına malikdir. Hər bir məntəqədə, hər
bir ticarət obyektində, hər bir restoranda kredit
kartlarından, ödəmə kartlarından istifadə
olunmalıdır. Belə olan halda, əlbəttə ki, vergilər
bazası heç səy göstərilmədən, avtomatik
olaraq genişlənəcəkdir. Yəni bu sahədə
görüləsi işlər çoxdur. Mən bir müddət
bundan əvvəl vergilər nazirinə müvafiq göstərişlər
vermişəm. Sadəcə olaraq, istərdim ki, burada da bu barədə
öz fikirlərimi bildirim ki, Azərbaycanda bu sahədəki vəziyyət
inkişaf etmiş ölkələrdəki vəziyyətdən
fərqlənməməlidir. Mən gözləyirəm ki,
2011-ci ildə bu sahədə köklü və əsaslı
tədbirlər görüləcəkdir.
Bizim iqtisadi
potensialımız güclüdür. Burada səslənən
çıxışlarda da bu, bir daha deyildi. Dünya
İqtisadi Forumunun hesablamalarına görə, rəqabət
qabiliyyətliliyi baxımından bizim iqtisadiyyatımız MDB
məkanında birinci yerdədir. İnsan inkişafı
indeksi ilə bağlı verilən məlumatlar da onu göstərir
ki, bizim iqtisadiyyatımız və ölkədə gedən
iqtisadi-sosial islahatlar uğurludur. Beynəlxalq aparıcı
reytinq agentlikləri böhran illərində bizim reytinqlərimizi
artırıblar. Yəni bu onu göstərir ki, biz
düzgün istiqamətdə inkişaf edirik. Nəzərə
alsaq ki, bizim güclü neft-qaz ehtiyatlarımız var, valyuta
ehtiyatlarımız 30 milyard dollara yaxınlaşır, - əminəm
ki, 2011-ci ildə bir neçə milyard dollar da artacaq, - bu,
bizim üçün böyük bir dəstəkdir,
böyük sərvətdir. Ancaq bu o demək deyil ki, ölkədə
hər şey yaxşıdır. Əlbəttə ki, yox. Biz
çalışmalıyıq, xüsusilə 2011-ci ildə
bu sahəyə daha da çox diqqət verməliyik. Harada
qüsurlar, çatışmayan cəhətlər varsa,
onları aradan qaldırmalıyıq. Harada ki, bizdə
görülən işlər hələ beynəlxalq
standartlara cavab vermir, onları beynəlxalq standartlara, Avropa
standartlarına yaxınlaşdırmalıyıq. Mən hesab
edirəm ki, əgər biz buna nail olsaq, büdcə gəlirlərimiz
artacaq və ümumiyyətlə, ölkədə
uçot-hesabat məsələləri daha da dəqiq həll
olunacaqdır. Bir daha demək istəyirəm ki, bunu etmək
üçün, bu sahədə işlərin daha da səmərəli
şəkildə aparılması üçün
bütün imkanlar var.
Keçən il
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən
115 milyon manat kreditlər verilmişdir. Bu kreditlərin demək
olar ki, 99 faizdən çoxu bölgələrə aid olan vəsaitdir.
Hesab edirəm ki, bu il də biz təxminən həmin səviyyədə
kreditlərin verilməsini təşkil etməliyik. Bu kreditlər
işləyir və nəticə verir. Kreditlərin işləməsi
nəticəsində yüzlərlə müəssisə
yaradılıb və mühüm amil ondan ibarətdir ki, bu
kreditlər vaxtlı-vaxtında qayıdır və yenidən
kreditləşməyə cəlb olunur.
Azərbaycanda biznes mühiti
müsbətdir, investisiya mühiti yaxşıdır.
Adambaşına düşən birbaşa xarici sərmayənin
həcminə görə Azərbaycan, həmişə
olduğu kimi, indi də MDB məkanında aparıcı yerlərdədir.
Ancaq bununla bərabər, biz biznes mühitinin
yaxşılaşdırılması üçün əlavə
tədbirlər görməliyik. Bürokratik əngəllər
aradan qaldırılmalı, rüşvətxorluğa və
korrupsiyaya qarşı mübarizə daha da ciddi
aparılmalı, ictimai nəzarət gücləndirilməlidir.
Bütün bunlar çox vacib məsələlərdir. Biz
istədiyimizə nail olsaq, Azərbaycan iqtisadiyyatı daha da
sürətlə inkişaf edəcək, ümumi daxili məhsulumuz
daha da artacaq, vergilərdən daha da çox vəsait daxil
olacaq və bunun nəticəsində Dövlət Neft Fondundan
dövlət büdcəsinə transferlər də azalacaqdır.
Biz elə etməliyik və
buna nail olmalıyıq ki, - mən artıq bu vəzifəni əvvəllər
də qarşıya qoymuşam, - Vergilər Nazirliyi və digər
qurumlar tərəfindən yığılan vəsait cari xərclərin
bağlanması üçün kifayət etsin. Neft Fondundan
transferlər yalnız və yalnız investisiya
yönümlü layihələrə sərf olunsun.
2011-ci ildə kənd təsərrüfatının
inkişafını stimullaşdırmaq üçün əlavə
tədbirlər görülməli, subsidiyaların verilməsi
davam etdirilməlidir. Əvvəlki illərdə
görülmüş işlər öz bəhrəsini verir,
soyuducu anbarların, taxıl anbarlarının tikintisi kənd
təsərrüfatının inkişafına öz müsbət
təsirini göstərmişdir. Növbəti illərdə
bu müsbət meyillər daha da gücləndirilməlidir.
Eyni zamanda, kənd təsərrüfatının
inkişafı üçün çox mühüm sahə
sayılan toxumçuluğu da inkişaf etdirməliyik. Bu sahədə
artıq Azərbaycanda böyük özəl müəssisələr
yaradılmışdır. Mən o müəssisələrdə
olmuşam. Hesab edirəm ki, biz bu təşəbbüsləri
dəstəkləməliyik, sahibkarlara yeni imkanlar
yaradılmalı, kreditlər ayrılmalıdır. Yerli icra
orqanları onları dəstəkləməlidir ki,
toxumçuluqla bağlı məsələlər tezliklə
həllini tapsın.
Heyvandarlıq sahəsində
cins mal-qaranın gətirilməsi prosesi gedir, bu iş 2011-ci
ildə də davam etdirilməlidir, əlavə vəsait də
ayrılacaqdır. Biz bunun da gözəl nəticələrini
görürük. Ümumiyyətlə, biz dəfələrlə
bu barədə danışmışıq və məsələ
qaldırılmışdır ki,
çalışmalıyıq Azərbaycanda maksimum dərəcədə
ərzaq məhsullarının istehsalını təşkil
edək, idxaldan asılılığımızı minimuma
endirək. Bir sıra məhsullar üzrə buna nail ola
bilmişik, ancaq harada ki, hələ idxaldan çox
asılıyıq, o sahələri gücləndirməliyik.
Bu barədə müvafiq göstərişlər
verilmişdir. Bunu investisiya proqramı çərçivəsində
müəyyən qədər həll etmək olar, eyni zamanda,
kreditlərin verilməsi məhz bu sahələrə yönəldilməlidir.
İlk növbədə quşçuluğun
inkişafına, bu sahədə biz hələ ki,
özümüzü 70-75 faiz səviyyəsində təmin
edirik, ancaq 100 faizə çatmaq üçün
bütün imkanlar var. Hesab edirəm ki, 2011-2012-ci illərdə
biz bu məsələni həll etməliyik.
Aqrolizinq, aqroservislərin fəaliyyəti
kənd təsərrüfatının inkişafına
böyük dəstəkdir, bu sahədə də dövlətin
müdaxiləsi və siyasəti əlbəttə ki, həlledicidir.
Əgər indi Azərbaycanda traktor istehsal olunmasaydı, vəsait
kənara gedəcəkdi. Onsuz da Azərbaycan dövləti bu
vəsaiti ayırıb, texnikanı alır. İndi
texnikanın bir hissəsi artıq Azərbaycanda istehsal olunur.
Bu sahədə və buna oxşar digər sahələrdə
işlər daha da sürətlə aparılmalıdır.
Taxıl istehsalının
artırılması üçün əlavə tədbirlər
görülməlidir. Keçən il taxıl istehsalında
tənəzzül baş vermişdir. Bunun müəyyən təbii
səbəbləri vardır. Ancaq
çalışmalıyıq ki, 2011-ci ildə biz 2009-cu ilin
səviyyəsinə və ondan da yüksəyə qalxaq. Bu
barədə də artıq fikir mübadiləsi
aparılmışdır. Böyük fermer təsərrüfatlarının
yaradılması üçün müəyyən addımlar
atıla bilər. Çünki Azərbaycanda torpaq islahatı
aparılmışdır, hesab edirəm ki, Azərbaycan bu sahədə
MDB məkanında qabaqcıl yerlərdədir, ən mütərəqqi
islahatlar aparılmışdır. Ancaq bununla bərabər, hələ
istifadədə olmayan torpaqların istifadəyə cəlb edilməsi
üçün əlavə tədbirlər görülməlidir.
Böyük fermer təsərrüfatlarının
yaradılması üçün dövlət tərəfindən
bütün infrastruktur, təchizat məsələləri həll
olunmalıdır. Yəqin ki, tender prinsipi əsasında
sahibkarlar öz təkliflərini verməlidirlər və o təkliflərə
baxılmalıdır. Ondan sonra dövlət yenə də
öz maliyyə imkanlarından istifadə edib böyük
taxılçılıq təsərrüfatlarının
yaradılması üçün maliyyə dəstəyini də
göstərəcəkdir. Biz bunu etməliyik, çünki
ola bilsin ki, böyük fermer təsərrüfatlarının
yaradılması üçün sahibkarlarda kifayət qədər
vəsait olmasın. Dövlət ayrıca maddə ilə bu
sahələrə uzunmüddətli, güzəştli şərtlərlə
kreditlər ayırmalıdır.
Ona görə də 2011-ci
ildə, ilk növbədə, bu məqsədlər
üçün istifadə olunacaq yerlər müəyyən
edilməlidir, onların müəyyən hissəsini biz
bilirik və dəqiqləşdirilməlidir. Mexanizm işlənib
hazırlanmalıdır ki, il ərzində biz artıq bu
prosesə təkan verək. Bununla bərabər, nəzərə
alsaq ki, hazırda Azərbaycanda bir çox məhsullarla biz nəinki
özümüzü təmin edirik, eyni zamanda, onları ixrac
edirik və gələcəkdə ixracın artması da
gözlənilir, onda yeni bazarlara çıxış
üçün əlavə araşdırmalar
aparılmalıdır.
Özümüz
üçün yeni bazarlar tapmalıyıq və o bazarlara
daxil olmalıyıq. Bu məsələlərin həlli
üçün həm İqtisadi İnkişaf Nazirliyi, həm
də Xarici İşlər Nazirliyi birgə səylər
göstərməlidir. Bu barədə mən bir neçə
dəfə öz fikirlərimi bildirmişəm. Biz xarici
ölkələrin bazarlarına həm investisiyalarla, həm də
hazır məhsullarla daha da geniş şəkildə
çıxmalıyıq. Buna imkan var, Azərbaycanda istehsal
olunan məhsulların bir çoxu artıq dünya
standartlarına cavab verir, çox keyfiyyətli, təmiz, təbii
kənd təsərrüfatı məhsullarıdır. Milli sərgilərin
keçirilməsi bu məqsədə nail olmaq
üçün kömək göstərə bilər.
Artıq burada deyildiyi kimi, bizim birinci milli sərgimiz uğurla
keçirilmişdir. 2011-ci ildə isə bir neçə
ölkədə milli sərginin keçirilməsi nəzərdə
tutulur.
Nəzərdə tutulmuş
və icrada olan bütün infrastruktur layihələri 2011-ci
ildə davam etdiriləcəkdir. 2011-ci il üçün
dövlət büdcəmizin xərcləri təxminən 16
milyard dollara bərabərdir, icmal büdcəmiz 19 milyard
dollar təşkil edir. Yəni kifayət qədər vəsait
var ki, infrastruktur layihələrinin həyata keçirilməsi
üçün ondan istifadə edək. Əminəm ki,
yaxın vaxtlarda 2011-ci ilin investisiya proqramı da mənə təqdim
olunacaq və o proqramda bütün tapşırıqlar öz
əksini tapmalıdır. İnvestisiya yönümlü siyasətimiz
davam etdirilməlidir. Bu sahədə, infrastrukturun yeniləşməsi
üçün çox böyük əsaslı işlər
görülübdür. Ancaq görüləsi işlər hələ
çoxdur: yolların tikintisi, əhalinin içməli su ilə
təchiz edilməsi, kanalizasiya sisteminin bərpası, yenidən
qurulması, suvarma, meliorasiya işləri, sosial infrastrukturun
yaradılması, qazlaşdırma, elektrik xətlərinin
çəkilməsi. Ancaq biz bilirik nə vaxt və nəyi
etməliyik, biz fəaliyyətimizi konkret proqramlar əsasında
qurmuşuq. 2011-ci il də istisna olmamalı və investisiya
proqramı tezliklə təsdiq edilməlidir ki, biz vaxt itirməyək.
Artıq yanvarın yarısı arxada qalır, investisiya
proqramı təsdiq olunmalı və vəsait ayrılmalıdır.
Ekoloji tədbirlər davam
etdiriləcək, bu barədə mən öz fikirlərimi
giriş sözümdə bildirdim. Ekoloji tədbirlər
hamı üçün çox vacibdir. 2010-cu ildə, əlbəttə
ki, biz bu sahəyə çox ciddi nəzarət etmişik və
çox ciddi diqqət vermişik, böyük vəsait
ayrılmışdır. Dediyim kimi, doğrudan da bu,
ümumxalq təşəbbüsünə
çevrilmişdir. Baxmayaraq ki, artıq "Ekologiya ili" rəsmən
başa çatdı, ancaq "Ekologiya ili"nə xas olan
ab-hava gərək davam etsin. Həm ağac əkilməsi eyni
templə davam etdirilməli, həm də təmizləyici
qurğular istifadəyə verilməli, içməli su layihələri
icra olunmalıdır.
Hesab edirəm ki, 2011-ci ildə
biz birinci Xəzər dənizinin suyunun şirinləşdirilməsinə
dair layihəni icra etməliyik. Mən bir neçə ay bundan
əvvəl bu barədə təşəbbüs irəli
sürdüm. Bilirsiniz ki, içməli su təchizatı həmişə
diqqət mərkəzində olmalıdır. Oğuz-Qəbələ-Bakı
su kəməri bu sahədə çox tarixi bir nailiyyətdir.
Samur-Abşeron kanalı, Taxtakörpü su anbarının
tikintisi 2012-ci ildə başa
çatdırılmalıdır. Bu da bizə əlavə
imkanlar yaradacaqdır. Ancaq bizim Xəzər dənizi kimi
böyük su mənbəyimiz var və onun suyu o qədər
də duzlu deyildir. Biz Yaxın Şərq ölkələrinin
təcrübəsini də öyrənmişik, bilirik ki, onlar
suları necə şirinləşdirir, həm suvarma
üçün, həm də içməli su kimi istifadə
edirlər. Yəni biz də bu layihələri həyata
keçirməyə başlamalıyıq - 2011-ci ildə
birinci pilot layihəni, yəni Xəzər suyunun ilk növbədə
suvarmada istifadə olunması üçün konkret layihəni
icra etməliyik. Əgər bu layihə uğurlu olarsa, - mən
buna şübhə etmirəm, - ondan sonrakı illərdə
konkret proqram çərçivəsində
genişmiqyaslı tədbirlər görülməlidir.
2011-ci ildə bərpa olunan
enerji mənbələrinin yaradılması işində əlavə
tədbirlər görüləcək, bu sahədə birinci
addımlar atılmışdır. Artıq dağ
çaylarında kiçik su elektrik stansiyaları
quraşdırılır. Bütün su mənbələrimizin
xəritəsi təsdiq olunubdur. Keçən il mən bir
neçə stansiyasının təməlinin qoyulmasında
şəxsən iştirak etmişəm. Bu işlər bu il
də davam etdirilməlidir. Bununla bərabər, bərpa olunan
digər enerji mənbələrindən istifadə
üçün daha da ciddi tədbirlər görülməlidir.
Bu vəzifəni mən keçən ilin əvvəlində
qoymuşam, üstündən bir il keçibdir. Hələ
ki, bizim, demək olar, nə günəş, nə külək
enerji qurğularımız var. Varsa da, çox cüzi xarakter
daşıyır. Mən hesab edirəm ki, biz il ərzində
bu sahədə müəyyən işlər görə bilərdik.
Təəssüf edirəm ki, buna nail ola bilməmişik.
2011-ci ildə Azərbaycanda günəş
batareyalarının quraşdırılması işinə
mütləq başlanmalıdır. Mən bilirəm ki, Azərbaycanda
günəş batareyaları istehsal edən müəssisələr
də tikiləcək, özəl sektor da buna maraq göstərir.
O müəssisələr tikilənə qədər biz xaricdən
günəş batareyaları almalıyıq. Mən bir il
bundan əvvəl göstəriş vermişdim ki, yerlər
müəyyən edilməlidir. O torpaqlar ki, kənd təsərrüfatı
üçün yararsızdır, orada biz bu qurğuları
qurmalıyıq. O torpaqlar ki, elektrik xətlərinə
yaxındır, çox da xərc tələb etməyəcəkdir.
Ancaq əfsuslar olsun ki, 2010-cu ildə bu sahədə biz nəticəni
görməmişik. Bu, dözülməz haldır. Bir halda
ki, Prezident tərəfindən göstəriş verilir, o
göstəriş yerinə yetirilməlidir. Hesab edirəm ki,
bu məsələlərlə bağlı olan qurumlar
arasında səlahiyyət bölgüsü məsələlərində
problemlər çıxmışdır. Buna da son
qoyulmalıdır. Bu, bizim hamımızın işidir,
göstəriş verilirsə, deməli, o, yerinə yetirilməlidir.
Onun mexanizmi işlənilməlidir. Bizim kifayət qədər
vəsaitimiz, yəni dövlət büdcəsində bu məqsədlər
üçün nəzərdə tutulan vəsaitimiz istifadəsiz
qalmışdır. Nə üçün? Bizim iqtisadi, maliyyə
problemimiz yoxdur, kifayət qədər vəsaitimiz var. Sel və
daşqınlar baş verəndən sonra büdcəyə
dürüstləşmə etdik. Əlavə 300 milyon dollar vəsait
cəlb olundu. Onun böyük hissəsi evlərin tikintisinə,
qalan hissəsi bəndlərin tikintisinə yönəldilmişdir.
Nə üçün onlardan istifadə olunmayıb? Ona
görə hesab edirəm ki, 2011-ci ilin elə əvvəlindən
bu məsələyə çox ciddi diqqət verilməlidir
və mən konkret nəticələr gözləyirəm.
Bu, gələcəyə atılan addımlardır.
Bizim neft, qaz
ehtiyatlarımız var və ən azı 100 ilə bəs edəcəkdir.
İndi elektrik enerjisinin istehsalında da yeni güclər yaradılıb,
elektrik enerjisini ixrac da edirik. Yəni biz öz enerji təhlükəsizliyimizi
tam şəkildə təmin edə bilmişik. Ancaq bu sahə
- bərpa olunan enerji mənbələri həm ekologiyadır,
həm iqtisadiyyatdır, həm müasirlikdir, həm texnoloji tərəqqidir,
həm də inkişafdır. Ona görə biz sürətlə
bu işlərə başlamalıyıq.
2011-ci ildə
informasiya-kommunikasiya texnologiyalarının inkişafı
üçün əlavə tədbirlər görüləcəkdir.
Azərbaycan artıq kosmik sənayesi olan ölkəyə
çevrilir. 2012-ci ildə birinci süni peykimiz orbitə
çıxarılacaqdır. Mən hesab edirəm ki, ondan
sonra da bu sahədə işlər aparılmalıdır.
Başqa peyklər də səmaya
çıxarılmalıdır. Beləliklə, Azərbaycan
çox ciddi kosmik sənayeyə malik ölkəyə
çevriləcəkdir. Bu da gələcəyə atılan
bir addımdır. Biz görürük ki, indi dünyada
qüvvələr nisbətini texniki tərəqqi müəyyən
edir. Həmişə belə olub, indiki şəraitdə isə
bu, özünü daha da qabarıq şəkildə büruzə
verir. Texniki tərəqqi, texnoloji irəliləyiş,
müasir texnologiyalar, xüsusilə informasiya-kommunikasiya sahəsində,
rabitə sahəsində, elektronika, kosmik sənayesində əldə
edilmiş uğurlar ölkələrin inkişafını və
gücünü müəyyən edir. Biz də bu sahədə
geri qalmamalıyıq. Baxmayaraq ki, bu sahə Azərbaycanda
heç vaxt inkişaf etməmişdir, ancaq biz bunu etməliyik.
Bizdə müdafiə sənayesi də heç vaxt
olmamışdır. Amma beş il ərzində elə
güclü müdafiə sənayesi yaratmışıq ki,
indi özümüzü təmin edirik, ixrac da edirik və sərgilərdə
iştirak edirik. Kosmik sənayeyə də eyni qaydada
yanaşmalıyıq. Qısa müddət ərzində Azərbaycanda
çox güclü kosmik sənaye yaradılmalıdır.
Bu, bizə hər cəhətdən lazımdır.
Ordu quruculuğu sahəsində
2011-ci ildə kifayət qədər işlər görüləcəkdir.
Ümumiyyətlə, bizim müdafiə hərbi xərclərimiz
3 milyard dollardan artıqdır. Bu, Ermənistanın büdcəsindən
30 faiz çoxdur. Ermənistanın ümumi dövlət xərcləri
2 milyard dollar həddindədir. Biz isə təkcə hərbi
xərclərə 3 milyard dollar vəsait ayırırıq. Əlbəttə
ki, Azərbaycanı Ermənistanla müqayisə etmək
mümkün deyil, Azərbaycan inkişaf edən, müasir,
güclü, zəngin ölkədir. Ermənistan isə tənəzzülə
uğrayan, kasıb, yoxsul, xarici yardımdan asılı
ölkədir. Yəni bu iki ölkə arasındakı fərq
müqayisəedilməz səviyyədədir və bu fərq
getdikcə daha da artacaqdır. Biz hərbi xərclərə
istədiyimiz qədər vəsait ayıra bilərik. Ermənistan
isə xaricdən aldığı yardımla ancaq
özünü yola verə bilər. Əlbəttə ki, bu
asılılıq siyasi müstəviyə də təsir
edir. Deyə bilərəm ki, Ermənistandan fərqli olaraq, Azərbaycanın
müstəqilliyi tamdır. Müstəqil siyasət aparmaq
üçün bizdə həm iqtisadi, həm siyasi imkanlar
var, həm də güclü iradə var. Bayaq dediyim kimi,
2011-ci ildə müdafiə sənayesi sahəsində yeni
müəssisələrin işə salınması gözlənilir.
Biz elə etməliyik ki, ilk növbədə, ordumuzun və hərbi
qurumların ehtiyaclarını ödəmək
üçün istehsallar, müəssisələr işləsin.
Çalışmalıyıq və artıq buna nail oluruq ki,
bu sahədə ən müasir texnologiyaları Azərbaycana gətirək
və gətiririk.
Bu il də sosial infrastrukturun
- məktəb, xəstəxanalar, idman kompleksləri, mədəniyyət
ocaqları - tikintisi davam etdirilməlidir, bütün bunlar investisiya
proqramında öz əksini tapacaqdır. 2010-cu ildə məcburi
köçkünlərin vəziyyətinin
yaxşılaşdırılması və məşğulluğun
artırılması üçün əlavə addımlar
atılmışdır. Keçən il 6600
köçkün yeni evlərə
köçürülmüşdür. Köçkünlər
üçün 3 böyük qəsəbə tikilmişdir.
Bu il də biz bu işləri davam etdirəcəyik.
Bakıda, digər şəhər
və rayonlarımızda abadlıq-quruculuq işləri
uğurla gedir, şəhərlərimiz gözəlləşir,
yeniləşir, müasirləşir. Elə etməliyik ki,
2011-ci ildə də bu sahəyə diqqət göstərilsin
ki, bütün şəhərlərdə, rayon mərkəzlərində,
kəndlərdə abadlıq-quruculuq işləri
aparılsın.
2011-ci ildə Dövlət
Bayrağı meydanının ətrafında abadlıq
işləri başa çatdırılmalıdır. Biz
keçən il böyük təntənə ilə Azərbaycanın
Dövlət Bayrağının
açılışını qeyd etdik. İndi
bayrağın ətrafında olan yerlərdə, - ora təxminən
60-70 hektarlıq bir ərazidir, - abadlıq-quruculuq işləri
aparılır, parklar, yeni bulvar salınır. Elə etməliyik
ki, 2011-ci ildə Dövlət Bayrağı meydanının ətrafında
olan bütün yerlər abadlaşsın və bununla paralel
olaraq, meydandan bulvara qədər yeni yolun, yeni dənizkənarı
bulvarın salınması layihəsi də icra edilsin. Biz
artıq bu işə başlamışıq. O ərazilərdə
yerləşən zavodlar başqa yerlərə
köçürülür. Orada istifadəsiz olan obyektlər
köçürülür, bəziləri
sökülür. Biz bulvarın sonundan, yəni İdman
sarayından Dövlət Bayrağı meydanına qədər
yeni bulvarın tikintisinə başlamışıq. Bu,
böyük bir layihədir, böyük vəsait tələb
edir, bunu etməliyik. Belə olan halda, şəhər əhalisi
üçün, gəzinti üçün yeni, gözəl
yerlər istifadəyə veriləcəkdir.
Keçən il Bakıda
yeni parkların yaradılması üçün böyük
işlər görülübdür. İndi, demək olar ki,
şəhərin mərkəzində yerləşən
bütün parklar ən müasir standartlara cavab verir və
biz yeni parklar yaradırıq. Bakı limanının Ələtə
köçürülməsi nəzərdə tutulur.
Bildiyiniz kimi, keçən ilin sonunda limanın ərazisində,
istifadə olunmayan yerlərdə böyük, 4 hektarlıq
gözəl park yaradılmışdır. Biz sənaye
zonasını şəhərin mərkəzindən
çıxarmalıyıq. Xüsusilə dənizə
yaxın olan yerlərdəki bütün sənaye obyektləri
köçürülməlidir və o zonada ancaq əhalinin
istifadəsi üçün nəzərdə tutulacaq obyektlər
tikilməlidir. Dənizin kənarında hər iki tərəfə
doğru - həm Zığ istiqamətində, həm də
Bayıl istiqamətində parklar, xiyabanlar, bulvarlar, gəzinti
yerləri yaradılmalıdır. Yəni 2011-ci ildə bu sahəyə
diqqət daha da böyük olmalıdır və bu
tapşırıqlar investisiya proqramında nəzərə
alınmalıdır.
Keçən il ölkəmizin
həyatında çox əlamətdar hadisə baş
vermişdir, 9 milyonuncu vətəndaş dünyaya gəlmişdir.
Bu, çox sevindirici haldır, bizim əhalimizin sayı
artır. Bugünə olan məlumata görə, Azərbaycan
əhalisi 9 milyon 111 min nəfər təşkil edir. Mən
çox şadam ki, artım çox sürətlidir. 2010-cu
ildə Azərbaycanda 166 min körpə dünyaya gəlmişdir.
Bu da son 16 ildə ən yüksək göstəricidir və
bizim inkişafımızın təzahürüdür. Mən
çox istəyirəm ki, Azərbaycan əhalisi daha da
artsın və əminəm ki, ölkədə gedən
proseslər bu məqsədə çatmaq üçün
şərait yaradacaqdır.
Bu il biz müstəqilliyimizin
bərpasının 20 illiyini qeyd edəcəyik. İyirmi il ərzində
Azərbaycan müstəqil ölkə kimi yaşayır. Təbii
ki, müstəqilliyimizin bərpası Sovet
İttifaqının dağılması nəticəsində
baş vermişdir. Azərbaycan və bütün başqa
müttəfiq respublikalar müstəqil olmuşdur. Azərbaycan
isə müstəqilliyini bərpa etmişdir, çünki
bizim müstəqilliyimizin tarixi 1991-ci ildən deyil, 1918-ci ildən
başlayır. Məhz buna görə Azərbaycanda 28 May
günü xüsusi təntənə ilə qeyd olunur. Bizim
üçün müstəqilliyimizin əsas tarixi 28 may
1918-ci ildir. 1991-ci ildə Sovet İttifaqının
dağılması nəticəsində bütün başqa
respublikalarla bərabər Azərbaycan da müstəqilliyə
qovuşdu, daha doğrusu, dediyim kimi, müstəqilliyini bərpa
etdi. Bu yubileyi biz Azərbaycanda geniş şəkildə qeyd
etməliyik.
İyirmi il həm
böyük, həm də çox da böyük olmayan
müddətdir. İyirmi il ərzində çox iş
görmək olar, heç nə görməmək də olar.
Azərbaycanda son 17 ildə, müstəqilliyimizin birinci iki
ilini çıxmaq şərti ilə, doğrudan da, tarixi
nailiyyətlər əldə edilmişdir. Bu gün
danışdığımız bütün uğurlar bu
müstəqilliyin nəticəsidir. Müstəqillik bizim
üçün ən böyük sərvətdir, ən
böyük dəyərdir. Müstəqillikdən qiymətli
heç bir şey ola bilməz. İl ərzində biz həm
Azərbaycanda, həm də xaricdə müstəqilliyimizin bərpasını
qeyd etməliyik. Bu məsələlərlə bağlı
yaxın günlərdə mən müvafiq sərəncam da
imzalayacağam.
2011-ci il başlayıb,
keçən il bizdə "Ekologiya ili" elan olunmuşdu.
Dediyim kimi, yaxşı nəticələr əldə
edilmişdir. Təklif edirəm ki, 2011-ci ili biz "Turizm
ili" elan edək. 2011-ci ildə Bakıda 5 beşulduzlu
mehmanxana açılacaq, hesab edirəm, yəqin ki, bu,
dünyada analoqu olmayan bir hadisədir. Bir ildə bir şəhərdə
5 beşulduzlu mehmanxana açılacaq, mən Bakını nəzərdə
tuturam. Ancaq Bakıda dördulduzlu, üçulduzlu hotellər
də tikilməkdədir. Bölgələrdə
hotelçilik ilə bağlı çox böyük işlər
görülür, artıq Azərbaycanda turizmin
inkişafı reallıqdır. Bu infrastrukturu yaratmaq
üçün, əlbəttə ki, dövlət tərəfindən
böyük vəsait tələb olunur. Ancaq bu, infrastruktur məsələlərinə
yönəldilir. Hotellər isə özəl sektor tərəfindən
tikilir. Deməli, Azərbaycanın inkişafına inam o qədər
böyükdür ki, buraya, bu hotellərə milyonlarla,
yüz milyonlarla vəsait qoyulur. İnvestorlarda inam var ki, bu vəsait
onlara dividendlər gətirəcəkdir. Şəhərimizə
isə bu, yenilik gətirir, müasirlik gətirir. Şəhərə
gələn qonaqlar üçün gözəl şəraitin
yaradılması, əlbəttə ki, vacib məsələdir.
Bununla bərabər, burada deyildiyi kimi, "Şahdağ" qış-yay xizək kurortu, xizək infrastrukturu yaradılır. Bu da sırf dövlət tərəfindən yaradılan layihədir. Mən o bölgələrdə dəfələrlə olmuşam. Mən oraya birinci dəfə gedəndə heç nə yox idi. Dağlar idi, heç yaşayış məntəqələri də yox idi. Yaşayış məntəqələrindən bir neçə kilometr uzaqlıqda yerləşən dağlar idi. Amma indi orada yollar, elektrik xətləri, qaz xətləri, su xətləri çəkilir, birinci mehmanxana dövlət tərəfindən tikilir. Əminəm ki, bundan sonra özəl sektor da bu təşəbbüsə qoşulacaq, çünki orada çoxlu mehmanxana tikilməlidir. Xizək bazası, qaldırıcılar, tibb məntəqələri, restoranlar, əyləncə yerləri olacaqdır. Bir sözlə, "Şahdağ" kurort mərkəzi dünya səviyyəli mərkəzə çevriləcəkdir. Dünyada hazırda mövcud olan ən qabaqcıl, ən populyar kurort yerlərindən geri qalmamalıdır və qalmayacaqdır. Beləliklə, bu, ölkəmizə həm yeni investisiyalar gətirəcək, həm də şimal zonasında yaşayan əhali üçün əlavə şərait yaradacaq, minlərlə, bəlkə də, on minlərlə yeni iş yerləri açılacaqdır. Azərbaycana gələn turistlərin sayı daha da çox olacaq və Azərbaycan turizm üçün çox cəlbedici ölkəyə çevriləcəkdir.
Bizim gözəl təbiətimiz var, Xəzər dənizimiz, gözəl dağlarımız, çaylarımız, meşələrimiz bizim böyük sərvətimizdir. Elə etməliyik ki, 2011-ci ildə turizmin inkişafına böyük təkan verilsin. Hesab edirəm ki, bu məqsədlə 2011-ci ilin "Turizm ili" elan olunması ədalətlidir. Elə etməliyik ki, bu sahədə böyük və gözəl nəticələr görək.
2011-ci il başlayıb, mən gələcəyə çox böyük nikbinliklə baxıram. Tam əminəm ki, 2011-ci il də ölkəmizin hərtərəfli inkişafı üçün uğurlu il olacaqdır. Buna nail olmaq üçün hamımız yaxşı işləməliyik, fəal işləməliyik ki, ölkəmizi daha da gücləndirək, Azərbaycanı inamla irəliyə aparaq. Bu işlərdə sizə uğurlar arzulayıram. Sağ olun!
AzərTAc
Azərbaycan.- 2011.- 15 yanvar.- S. 3, 4.