Azərbaycan ilə İtaliya arasında əlaqələrin inkişaf
perspektivləri müzakirə
olunmuşdur
Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov yanvarın 12-13-də İtaliyada işgüzar səfərdə olmuşdur.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildimişlər ki, səfərin ilk günü A.Əzimov Romada yerləşən NATO Müdafiə Kollecində 117-ci Ali Kurs iştirakçıları üçün "Avratlantik kontekstdə Cənubi Qafqaz regionunda təhlükəsizlik" mövzusunda mühazirə oxumuş, sualları cavablandırmışdır.
Bundan əlavə, nazir müavini kollecin komandanı general-leytenant Volf-Diter Löser ilə görüşmüşdür. Görüşdə bu tədris müəssisəsi ilə Azərbaycanın müvafiq qurumları arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur.
Səfər çərçivəsində A.Əzimov İtaliya prezidentinin xarici əlaqələr üzrə müşaviri, səfir Stefano Stefanini, xarici işlər nazirinin müavini Alfredo Mantika, Senatın Avropa siyasəti üzrə daimi komissiyasının sədri, İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri xanım Rossana Boldi və qrupun digər üzvləri ilə görüşmüşdür.
Görüşlərdə Azərbaycan ilə İtaliya arasında münasibətlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, enerji təhlükəsizliyi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunmuşdur.
A.Əzimov İtaliyanın Beynəlxalq Münasibətlər İnstitutunda bu ölkənin müxtəlif dövlət və özəl qurumların və diplomatik korpusun nümayəndələri, tədqiqatçılar qarşısında "Geniş Avropa təhlükəsizlik mühitində Cənubi Qafqaz təhlükəsizliyi" mövzusunda məruzə ilə çıxış etmiş, sualları cavablandırmışdır.
Səfərin sonunda A.Əzimov İtaliyanın aparıcı KİV nümayəndələrinin Azərbaycan, Cənubi Qafqazda təhlükəsizlik, regiondakı münaqişələr, enerji layihələri və digər mövzularla bağlı suallarını cavablandırmışdır.
Görüşlərdə Azərbaycanın
İtaliyadakı səfiri
Vaqif Sadıqov iştirak etmişdir .
Azərbaycan.- 2011.- 15 yanvar.- S. 5.