Roma Papası Yeni il münasibətilə Azərbaycan xalqını təbrik etmişdir

 

Roma Papası XVI Benedikt Yeni illə bağlı arzularını bildirmək üçün Müqəddəs taxt-tac yanında ak- kreditə olunmuş ölkələrin səfirlərini qəbul etmişdir. Ümumi qəbuldan sonra katolik kilsəsinin rəhbəri səfirlərlə ayrı-ayrılıqda görüşmüşdür.

Görüşdən sonra səfirlər ənənəyə uyğun olaraq, Papanın şərəfinə ziyafət vermişlər. Ziyafət zamanı Azərbaycanın Fransadakı, eyni zamanda, Vatikan dövlətindəki səfiri Elçin Əmirbəyov Papa ilə təklikdə görüşmüş, Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və Yeni il arzularını XVI Benediktə çatdırmışdır.

Roma Papası təşəkkürünü bildirmiş, bütün dinlərə münasibətdə tolerantlığın bariz nümunəsi olan Azərbaycan xalqına Yeni ildə sülh, tərəqqi və uğurlar arzulamışdır.

Səfər çərçivəsində E.Əmirbəyov Bakıda katolik kilsəsinin açılışı münasibətilə 2008-ci ildə ölkəmizdə olmuş Vatikanın dövlət katibinə də Azərbaycan Prezidentinin salamlarını çatdırmışdır.

Bu diqqətdən məmnunluq duyduğunu xüsusi vurğulayan dövlət katibi Azərbaycana səfərindən aldığı xoş təəssüratlarını xatırlamış, Vatikanla Azərbaycan arasında əməkdaşlığın daha da möhkəmlənməsini arzulamışdır.

Səfir xarici işlər və mədəniyyət nazirləri ilə işçi görüşü də keçirmişdir. Görüşdə Vatikanla ölkəmiz arasında münasibətlərin inkişafı vurğulanmış, Azərbaycanın dünyəvi, eyni zamanda, tolerant və dünyaya açıq ölkə kimi tanındığı, bu baxımdan digər islam ölkələri üçün nümunə olduğu bildirilmişdir.

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Paris

 

Azərbaycan.- 2011.-15  yanvar.- S. 4.