Avropa Komissiyasının sədri
Xose Manuel Barrozuya BDU-nun fəxri doktoru diplomu təqdim
edilmişdir
Yanvarın 14-də Bakı Dövlət Universitetində Avropa Komissiyasının sədri Xose Manuel Barrozuya BDU-nun fəxri doktoru diplomunun təqdim olunmasına həsr edilmiş mərasim keçirilmişdir.
BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov mərasimdə çıxış edərək Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun həyat və fəaliyyətinin əsas mərhələləri barədə məlumat vermiş, universitetin tarixi, fəaliyyəti və beynəlxalq əlaqələri haqqında danışmışdır.
A.Məhərrəmov bildirmişdir ki, Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığı 1999-cu ildə qüvvəyə minən "Tərəfdaşlıq və əməkdaşlıq sazişi" ilə başlanmışdır. Ümummilli lider Heydər Əliyev Azərbaycan ilə Aİ arasında əlaqələrə həmişə xüsusi diqqət yetirirdi və hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
A.Məhərrəmov diqqəti ölkəmizin ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışaraq onun həlli ilə bağlı Aİ-nin Azərbaycana lazımi səviyyədə dəstək verməsinin vacibliyini bildirmişdir. O, dünya ictimaiyyətinin Ermənistanın təcavüzkarlığını birmənalı şəkildə pisləməməsini təəssüflə vurğulamış, bu cür münasibətin problemə ikili standartlarla yanaşılması təəssüratı doğurduğunu demişdir.
Sonra rektor Azərbaycan ilə Aİ arasında dostluq münasibətlərinin möhkəmlənməsində, elm və təhsil sahəsində beynəlxalq əməkdaşlığın genişlənməsindəki xüsusi xidmətlərinə görə Xose Manuel Barrozuya BDU-nun fəxri doktoru adı verilməsi barədə universitetin Elmi Şurasının qərarını elan etmişdir.
Xose Manuel Barrozuya BDU-nun fəxri doktoru diplomu və mantiya təqdim olunmuşdur.
Mərasimdə çıxış edən Xose Manuel Barrozu bir əsrə yaxın yaşı olan, çoxsaylı tanınmış ziyalılar, siyasi xadimlər yetirmiş BDU-da olmasından və bu təhsil müəssisəsinin fəxri doktoru adına layiq görülməsindən çox məmnun qaldığını söyləmişdir. O demişdir ki, BDU-nun tarixi müsəlman Şərqində ilk demokratik respublika quran Azərbaycanın müasir tarixi ilə sıx bağlıdır.
Avropa Komissiyasının sədri Azərbaycan ilə Aİ arasındakı dostluq və tərəfdaşlıq münasibətlərinin böyük əhəmiyyətindən danışmış, Azərbaycanın həm hasilatçı, həm də tranzit ölkə kimi əhəmiyyətini vurğulayaraq Aİ ilə enerji sahəsindəki əməkdaşlığını yüksək qiymətləndirmişdir.
Prezident İlham Əliyev ilə səmimi danışıqlar apardığını xatırladan Xose Manuel Barrozu dövlətimizin başçısı ilə imzaladığı "Cənub qaz dəhlizi haqqında Birgə bəyannamə"nin əhəmiyyətini vurğulamışdır. Azərbaycanın Avropaya uğurla inteqrasiya etdiyini deyən qonaq Prezident İlham Əliyevin ölkənin modernləşməsi baxımından elm və təhsilin inkişafına böyük diqqət yetirdiyini xüsusi vurğulamış və bildirmişdir ki, Aİ-nin Azərbaycan ilə viza rejimini sadələşdirməsi gələcəkdə daha çox azərbaycanlı tələbənin Aİ ölkələrində təhsil almasına şərait yaradacaqdır.
Xose Manuel Barrozu demişdir ki, Azərbaycanın Avropa İttifaqı ilə "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlığı, Avropa İttifaqı-Azərbaycan Assosiasiya Sazişi üzrə danışıqlar, eləcə də tvinninq layihəsi çərçivəsində görülən işlər əlaqələrin gələcəkdə daha sürətlə inkişafı üçün mühüm imkanlar açır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsinə toxunan Avropa Komissiyasının sədri bildirmişdir ki, Aİ Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir və bu problemin həll edilməməsi regionda sülh və sabitlik üçün maneədir.
Mərasimdən sonra universitetin foyesindəki "Fəxri doktorlar" guşəsinə Xose Manuel Barrozunun fotosu əlavə edildi. O, bu prosesin iştirakçısı olmaqdan məmnunluğunu bildirdi.
Azərbaycan.- 2011.-15
yanvar.- S. 5.