Avropa Komissiyasının
sədri Müasir İncəsənət Muzeyində
olmuşdur
Azərbaycanda rəsmi səfərdə olan Avropa Komissiyasının sədri Xose Manuel Barrozu yanvarın 14-də Müasir İncəsənət Muzeyində olmuşdur.
Qonağa məlumat verilmişdir ki, buradakı ekspozisiyanın əsasını XX əsrin ikinci yarısından bugünədək yaradılmış ən yaxşı avanqard rəsm və heykəltəraşlıq əsərləri təşkil edir. Muzeydə Azərbaycanın adlı-sanlı və gənc, əsasən avanqard üslubda işləyən rəssam və heykəltəraşlarının 1000-dək işi toplanmışdır.
Qərbi Avropa incəsənəti salonunda isə Pablo Pikasso, Salvador Dali, Mark Şaqal kimi dahi klassiklərin əsərləri nümayiş etdirilir.
Dizayn müəllifi tanınmış rəssam Altay Sadıqzadə olan bu mədəniyyət məbədində uşaq incəsənəti salonu, kitabxana, videosalon, restoran və art-kafe də fəaliyyət göstərir.
Bildirilmişdir ki, muzeyin beynəlxalq əlaqələri də genişlənir. Bu muzey 47 ölkə təmsil olunacağı Avropa müasir incəsənət muzeylərinin müsabiqəsində iştirak etmək niyyətindədir.
Qonaq Azərbaycanın xalq rəssamları Səttar Bəhlulzadə, Böyükağa Mirzəzadə, Elmira Şahtaxtinskaya, Tahir Salahov, Ömər Eldarov və Nadir Əbdürrəhmanovun, bir çox digər fırça və tişə ustalarının əsərləri ilə tanış olmuşdur.
Avropa Komissiyasının sədri muzeyin xatirə kitabına ürək sözlərini yazmışdır.
Muzeylə tanışlıqdan sonra Xose Manuel Barrozuya xatirə hədiyyəsi təqdim olunmuşdur.
AzərTAc
Azərbaycan.- 2011.- 15 yanvar.- S. 5.