"Alman dalğası" agentliyi Azərbaycan haqqında material yaymışdır

 

Almaniyanın nüfuzlu "Deutsche Welle" "Alman dalğası" xəbər agentliyi Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun Azərbaycana səfərindən bəhs edən material yaymışdır. "Deutsche Welle" AFP agentliyinə istinadla yazır: "Avropa İttifaqı özünün Rusiyadan qaz asılılığını azaltmaq məqsədinə yaxınlaşmışdır. Avropa Komissiyasının sədri Xose Manuel Barrozu və Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı, yanvarın 13-də Bakıda Cənub qaz dəhlizi haqqında Birgə bəyannamə imzalamışlar. Bu sənədə əsasən, Azərbaycan uzunmüddətli perspektivdə Cənub qaz dəhlizi vasitəsilə Aİ-yə "xeyli həcmdə" qaz satmağı öhdəsinə götürür".

Agentliyin materialında daha sonra deyilir: "Barrozu bu sazişi "mühüm irəliləyiş" adlandıraraq demişdir ki, bu, Xəzər regionunda çıxarılan qazdan Avropanın birbaşa istifadə etmək imkanını genişləndirməyə imkan verəcəkdir".

Aİ-nin enerji məsələləri üzrə komissarı Günter Ettinger isə bildirmişdir ki, yaxın onilliklərdə qaz idxalının həcmi yalnız artacaqdır, buna görə də Avropa İttifaqının yeni tədarükçülərə ehtiyacı vardır.

Məqalə müəllifləri göstərirlər ki, imzalanmış bəyannamədə Azərbaycanın Avropaya məhz hansı boru kəməri vasitəsilə qaz nəql edəcəyi konkretləşdirilmir. Almaniya agentliyinin məlumatında deyilir: "Cənub dəhlizinin komponentlərindən biri Nabukko qaz kəməri olmalıdır. Almaniyanın RWE konserni də bu kəmərin inşasında iştirak etmək niyyətindədir. Bu layihənin uğurla həyata keçirilməsinə indiyə qədər mane olan səbəb Avropaya zəruri həcmdə qaz nəql olunmasını təmin edə biləcək tərəfdaşın olmaması idi. Azərbaycanın Cənub qaz dəhlizi vasitəsilə Aİ-yə məhz nə qədər qaz göndərməyə hazır olacağı bildirilmir".

 

 

Vüqar Seyidov,

AzərTAc-ın xüsusi müxbiri

Berlin

 

Azərbaycan.- 2011.- 15 yanvar.- S.5.