Xalqımızın qürur
günü
20 Yanvar - Şənbə gecəsi! Həmin gün sovet ordusunun ağır, zirehli texnikasının tapdağı altında qalanların fəryadlarının, ah-nalələrinin eşidilmədiyi, ağsaqqal və ağbirçəklərin, toy üstündə olan oğul və qızların qanlarına qəltan olduqları, hakimiyyət eşelonunda mürgüləyənlərə, hələ də gözlərini Kremlə dikənlərə inamın itdiyi gün kimi tarixə yazıldı.
Amma tarix yaddaşındakı qanlı-qadalı, eləcə də mübarizələrlə dolu səhifələri ilə gələcəyə gərəkdir. Bu mənada, 20 Yanvar təkcə xalqımızın azadlıq mübarizəsinin boğulduğu deyil, həm də yetmiş illik imperiya buxovundan sıyrılaraq müstəqillik uğrunda əzmkarlığını nümayiş etdirdiyi gün kimi də tariximizin şərəfli səhifələrindəndir.
Xalqımızın milli oyanış və azadlıq mübarizəsinin mühüm mərhələsi sayılan 1990-cı ilin Qanlı Yanvarından 21 il ötür. Hər bir hadisədən müəyyən zaman keçdikdən sonra o, daha dərindən dərk edilir və nəticə çıxarılır. Təbii ki, o günlər xalqımızın yaddaşına ağrı-acılı, göz yaşları ilə yazıldı. Bu, bir elin qəddarlığa, amansızlığa qarşı savaşı deyil, bütünlüklə millətin ölüm-dirim mübarizəsi idi. Şərəfli yaşadığımız o gecədən xalqımız qalib, imperiya isə məğlub çıxdı, baxmayaraq ki, oğul və qızlarımızın qanlarına qəltan edilmiş, tankların tırtılları altında xıncım-xıncım doğranmışdılar... Qərənfil libaslı Bakı şəhid qanında boğulsa da, xalqımızın və millətimizin azadlıq carçıları milli birliyə, bütövlüyə, daha doğrusu, ölümsüzlüyə - şəhidliyə yol açmışdı...
Həmin tarixi günlərdə xalqımızın milli birliyi dünya ictimaiyyətini heyrətə gətirmişdi. Dağüstü parkın Şəhidlər xiyabanına çevrilməsi, torpaq və azadlıq uğrunda canlarından və qanlarından keçmiş vətən övladlarının burada dəfn olunması xalqın iradəsi və hökmü ilə gerçəkləşmişdir. Burada İctimai Dəfn Komissiyasının fədakarlığını da xüsusi qeyd etmək lazımdır. Milli-azadlıq hərəkatının iştirakçılarından biri kimi 1990-cı il Qanlı Yanvar faciəsi zamanı şəhidlərimizin dəfnini təşkil etmiş İctimai Dəfn Komissiyasının sədri olmuş, iqtisad elmləri doktoru, professor Qüdrət Əbdülsəlimzadə ilə həmsöhbət olmaq bir daha həmin məşəqqətli olduğu qədər də, şərəfli tarixi günləri yenidən yaşamaq deməkdir.
Qüdrət müəllim sərt fövqəladə vəziyyətdə, yerli hakimiyyət qurumlarının iflicliyi, hərbi vertolyotların əsəbləri oynadan vahiməli gurultuları, vaxtaşırı şəhərin müxtəlif yerlərindən eşidilən atəş səsləri, kütləvi təqiblər, təhqiramiz yoxlamalar, qanunsuz həbslər, hərbçilərin qəzəbdoğuran hərəkətlərinin baş alıb getdiyi günlərdə çox məsuliyyətli bir işə rəhbərlik etməsinin çətinliyi barədə danışdı:
- 20 Yanvar hadisələrindən sonra düşüncə və fikirlərimin ifadəsi olmuş "Nikbin faciə", "Qanlı Yanvardan 15 il keçdi..." adlı dərc olunmuş qeydlərimə yeni faktlar, materiallar daxil etməklə "20 yaşlı 20 Yanvar" kitabını hazırladım. Kitab 20 Yanvarın 20 illik tarixinə həsr edildi. Burada o günlərin və ümumiyyətlə, sonrakı illərdə 20 Yanvar faciələrinə xalqımızın və dövlətimizin birmənalı münasibətinə həsr olunmuş materiallar toplanıb.E
Şübhəsiz, bu toplu gələcəkdə o günləri hərtərəfli əks etdirən sanballı elmi tədqiqatlar aparıldıqda, həmin hadisələrin şahidi olmuş müəllifin tarixi ardıcıllıq prinsipləri, xronoloji qaydada yazılmış qeydləri, bəzi zəruri təkrarları nəzərə almaqla, baş vermiş proseslərin obyektiv mənzərəsinin yaradılması işinə müəyyən xidmət göstərəcək mənbədir.
O günlərin ağrılı anları redaksiyamızın qonağı olmuş həmsöhbətimizin yaddaşından süzülür:
- Yağışlı-yağmurlu yanvar günlərinin biri idi. Qaş qaralırdı. Pərişan və nimdaş geyinmiş 15-16 yaşlı bir oğlan uşağı göz yaşları içində İctimai Dəfn Komissiyası üzvlərinə yaxınlaşaraq, həlak olmuş və bir həftədir ki, axtardığı gözlərindən əlil atasını, nəhayət, meyitxanadan tapdığını söylədi. Komissiya üzvləri və köməkçilər dərhal ora yollandılar. Rus hərbçisinin açdığı atəşin qurbanı olmuş V.V.Yermiçyevin tabutu Şəhidlər xiyabanına gətirildi. Qaranlıq havada, şam işığında hamımızın islandığımız bir vəziyyətdə şəhidi dəfn etməyə başladıq. Bu anda Boris Vasiliyeviçin oğlunun atasını tabutda deyil, azərbaycanlı şəhidlərindən biri kimi basdırılması təklifi hamımızı kövrəltdi. Komissiya üzvlərindən kimsə astaca dedi:
- Oğlum, bəlkə anan razı olmadı?
Məlum oldu ki, oğlanın anası ağır xəstədir, bacısı isə ondan xeyli kiçikdir.
Hamı bir anlıq susdu. Mən fikrimi qəti bildirdim:
- O, böyük oğul kimi
indi evin kişisidir. Onun sözü bizim üçün
qanundur.
Bu fakta diqqəti çəkməyim
təsadüfi deyil. Amma o günlərdə şovinistlər
bizi "islam təməlçiliyi"ndə
günahlandırırdı.
20 Yanvar hadisələrində
milli oyanışı boğmağa çalışan sovet
diktaturası ilk növbədə informasiya blokadası
yaratmış, hərbi senzura tətbiq etmişdi ki, törədilən
vəhşiliklərdən dünya ictimaiyyəti xəbərsiz
olsun. Fövqəladə vəziyyət rejimində yaşayan
Azərbaycan xalqının haqq səsini heç bir senzura
boğa bilməzdi. Gizli yollarla Azərbaycana gəlmiş
xarici ölkələrin müxtəlif kütləvi
informasiya vasitələri nümayəndələri 20 Yanvar
hadisələri barəsində həqiqətin dünya
ictimaiyyətinə çatdırılmasında əvəzsiz
rol oynamışdır. ABŞ, Kanada, İngiltərə,
Türkiyə, İran, Fransa, Çin, Yaponiya, Hindistan, Misir,
Polşa, İtaliya, Almaniya, Macarıstan, ümumiyyətlə,
80-dən artıq ölkəni təmsil etmiş jurnalistlər
səmimi etiraf edirdilər ki, Bakıya çatana kimi
onların burada baş vermiş, habelə hələ də
davam edən hadisələrə münasibətləri birmənalı
olmamışdır.
Bakıda litvalı jurnalistin
hərbçilər tərəfindən qətlə yetirilməsi,
Salyan kazarmasındakı bir neçə gün davam etmiş
qanlı toqquşma, Bakı limanındakı qarşıdurma,
xarici tələbələrin həlak olması və
yaralanması, şəhərin müxtəlif hissələrindən
tapılmış insan cəsədləri, şəhidlərin
dəfninə qoyulmuş ciddi maneələr, Sumqayıt yolunda
elm adamlarının gülləbaran edilməsi, kütləvi
həbslər, təqiblər, işğalçı ordunun əsgər
və zabitlərinin özbaşınalığı, həbs
edilənlər haqqında məlumatların gizlədilməsi,
yaxud saxtalaşdırılması faktları xarici KİV
nümayəndələrində təəccüb və qəzəb
doğuraraq M.Qorbaçov başda olmaqla "sovet
demokratiyası", habelə "yenidənqurması"nın
əsl mahiyyətini ifşa etmişdi.
Ümummilli lider Heydər Əliyev
o zaman Moskvada Azərbaycan nümayəndəliyinə gələrək
sovet ordusunun xalqımızın azadlıq səsini boğmaq
üçün Bakıya qoşun yeritməsini birmənalı
olaraq qətiyyətlə pisləmiş və bu qanlı
olayın müstəqillik uğrunda mübarizə yolunu
tutmuş hər bir müttəfiq respublikada baş verməyəcəyinə
kimsəni inandırmağın çətinliyini dünya ictimaiyyətinin
diqqətinə çatdırmışdır.
Şəhidlərimizin
qanı ilə yazılmış "20 yaşlı 20
Yanvar"ın 21 illik tarixinin səhifələrindən
oxuyuruq: "...Fədailər və Şəhidlər
xiyabanında, öz son mənzilində uyuyan
qurbanlarımız arasında Vətən məhəbbəti
dastana çevrilmiş İlham və Fərizə ilə
yanaşı, sağ qolun faciəsini bizə yaşadan,
1964-cü il təvəllüdlü Yusif Sadıqov,
ölümüylə əzrayılı başqalarından
bir anlıq da olsa yayındıran, 1932-ci ildə Qafan rayonunda
dünyaya gəlib, ömrünün ixtiyar
çağlarında erməni vandalları tərəfindən
yurd-yuvasından didərgin salınmış Mürvət Rəhim
oğlu, poetik nəfəsi çox erkən ülviyyətə
qovuşan Ülvi Bünyadzadə, sinif otağında qara
partası boş qalmış İlqar, avtobusda qorxudan
atasına sığınan, daim 7-ci sinif şagirdi kimi
xatırlanacaq Larisa, ölümünə gülən 50
yaşlı Cəbrayıl Xanməmmədov..., bir sözlə,
66 yaşlı azərbaycanlı ixtiyar qoca və 13-14
yaşlı məktəbli, 45 yaşlı yəhudi həkim,
16 yaşlı yeniyetmə qız, 43 yaşlı milliyyətcə
rus əlili (gözlərindən məhrum), 17 yaşlı gənc,
31 yaşlı tatar sürücü, 46 yaşlı ləzgi
yanğınsöndürən vardır...
Deməli, bu, təkcə azərbaycanlıların
deyil, eyni zamanda respublikamızda yaşayan müxtəlif millətlərin
ümumi faciəsidir...".
Xalq şairi Bəxtiyar
Vahabzadə yazırdı: "...Dünənə qədər
hər gün rast gəldiyimiz, milyonlardan biri kimi
tanıdığımız bu adi cavanlar bir gecənin
içində nə boyda böyük qəlbə malik
olduqlarını ölümləri ilə təsdiq edib
qeyri-adiləşdilər. Şənbə gecəsi onların
adilikdən qeyri-adiliyə qovuşuq gecəsi oldu. Heç demə,
ömrümüz boyu adlarını fəxrlə çəkdiyimiz
tarixi qəhrəmanlarımız da şənbə gecəsinin
oğulları kimi adi adamlarmış. Zaman keçəcək,
xalq bu igidləri barəsində də əfsanəvi dastanlar
yaradacaq, şair və yazıçılarımız kitablar
bağlayacaq, poemalar və cild-cild romanlar yazacaqlar...".
Komissiyanın birbaşa fəaliyyəti
ilə həyata keçirilən dəfn mərasiminin bir-iki
deyil, qırx gündən artıq davam etməsi də faciənin
miqyasının genişliyini, şəhidlərimizin
respublikamızın əksər bölgələrini əhatə
etdiyini təsdiqləyir. Həmsöhbətim bu məsələ
ətrafında yaddaqalanları dilə gətirir. Komissiya sədri
etiraf edir ki, vaxt gələcək, bu gün bəlkə də
əhəmiyyətsiz görünən bir hadisə sabah
çox vacib fakt kimi qiymətləndiriləcəkdir: "Necə
unutmaq olar ki, xalqa qarşı silah işlədən hərbçilər
qətlə yetirdiklərini rahat basdırmağa da imkan vermir,
Şəhidlər xiyabanında fitnə-fəsad törədir,
silah işlədir, atəş açır və sonradan bunu
"təsadüf" kimi izah etdirirdilər. Xüsusilə
62-ci şəhiddən sonra xiyabanda dəfn olunmağa icazə
vermirdilər ki, guya rəsmi məlumatda ölənlərin
sayı 62 göstərilmişdir. Ən dəhşətlisi
isə budur ki, istintaq orqanları, guya nəyi isə
"aydınlaşdırmaq" üçün şəhid
qəbirlərini açmağa cəhd göstərirdilər,
lakin qarşısı alındı...".
Sovet Ordusunun Bakıya qəfil hücumu, amansız təcavüzünü təsdiqləyən çoxsaylı faktlardan görünür ki, 20 Yanvar hadisələri paytaxt Bakıda milli-azadlıq hərəkatını yatırtmaq, onu beşiyindəcə boğmaq deyil, eyni zamanda, əksəriyyəti erməni muzdlu dəstələrindən təşkil edilmiş "xüsusi təyinatlılar"la onlara amansız divan tutulması üçün hazırlanmış ssenarinin bir "pərdəsi" idi. Q.Əbdülsəlimzadə söyləyir: "...Öldürülmüş Y.Meyreoviçin cəsədində 21, D.Xanməmmədovun meyitində 10, R.Rüstəmovun qanlı bədənində isə 23 güllə yeri vardı. 23 güllə! Bu, bütöv bir avtomat sırasıdır. Yaxud da günün günortasında yolun kənarındakı minik maşınını əzib keçən və içərisindəkiləri qətlə yetirən sovet tankçısının hərəkətlərini ya təsadüfi, ya da əmri verilməmiş saymaq olardımı?!"...
EHələ ki torpaqlarımız erməni daşnaklarının işğalı altındadır. Hələ ki Qarabağa aparan yolumuz şəhidliyimizdən keçir, hələ ki doğma yurd-yuvasından perik düşmüş insanların and yerinə çevrilmiş, Qarabağın tacı, Azərbaycanın zirvəsi Şuşa sındırılmış könül şüşəsidir, ona görə də şəhidlik tariximizin sonuncu səhifəsindəki andımıza nöqtə yox, nida qoyulacaq. 20 Yanvardan başlayan şəhidliyimiz Qarabağa yol başladı. Minlərlə azadlıq aşiqi, Vətənə, yurda, torpağa bağlı gənclərimiz, ata-analarımız, qardaş və bacılarımız əsir yurdlarımızın şəhidinə - aşiqinə çevrildi. Şəhidlər xiyabanları Vətənimizin hər bir guşəsində al-qırmızı qərənfil libası geyindi. Minlərimiz bu torpaq uğrunda ölümün gözünə dik baxmağı özünün şərəfli borcu saydı. Mübariz İbrahimov kimi cəsur, qorxmaz, igid Vətən övladları - Şəhidlər xiyabanında uyuyan milli-azadlıq mücahidlərinin ölümsüzlüklərinə and içərək qeyrətini silaha çevirdi. Demək, Vətən, uğrunda ölən var!
Demək, Torpaq möcüzədir... Torpaq əzəldir... Torpaq sondur...
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.- 2011.- 15 yanvar.- S. 6.