Bir adanın şəhidləri

 

Onların Vətən eşqi Xəzərin ortasındakı Çilov adlı torpaq parçasından qanadlanmışdı

 

Azərbaycanın hətta ən kiçik kəndləri arasında eləsini tapmaq mümkün deyil ki, Vətənin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid verməmiş olsun. Bəzən balaca bir kənddə də Şəhidlər xiyabanına rast gəlirsən. Hər tərəfdən Xəzərin mavi suları ilə əhatə olunmuş adada - Çilovda isə bir Xatirə parkı salınıb. Axı, bu kiçik adanın da öz şəhidləri varE

Nüsrət Yaqubov "28 May" Neft və Qazçıxarma İdarəsində çalışırdı. İdarənin Dübəndi sahəsində operator işləyirdi. Necə deyərlər, başını aşağı salıb neftçi peşəsi ilə məşğul idi, halal zəhmətlə ailəsini dolandırırdı. İdarədə hörmət qazanmışdı.

1990-cı ilin narahat yanvar günlərində eşitdi ki, yaxınlıqdakı Qala hərbi aerodromuna SSRİ-nin başqa yerlərindən zirehli texnika və canlı qüvvə gətirilib. Yaxın ərazilərdə yaşayan insanlar məsələnin nə yerdə olduğunu görüb həmin bazanın ətrafına toplaşmış, əliyalın olduqlarından yollara, bənd-bərəyə öz sinələri ilə sipər çəkmişdilər ki, başkəsənlər Bakıya doğru irəliləyə bilməsinlər.

Lakin gözünü qan örtmüş, vəhşiləşmiş qoşunlar insanların üstünə şığıdı. Əhali arasında yaralananlar, ölənlər oldu. Onlar 20 Yanvar faciəsinin ilk şəhidləri idilər...

Neftçi Nüsrət Yaqubov da şəhid olmuşdu. O, Çilov adasında, "Günəşli" yatağındakı dərin özüllərdə və digər sahələrdə iş aparan "28 May" NQÇİ-nin ilk şəhidi idi.

Sonralar neftçilər sırasında Nüsrətin yerini oğlu Valeh tutdu. İndi o, "Günəşli"dəki özüllərin birində təhlükəsizlik texnikası üzrə mühəndis işləyir.

20 Yanvardan sonrakı dövrdə azadlıq və müstəqillik, torpaqlarımızın bütövlüyü uğrunda mübarizədə Nüsrət Yaqubovu neftçi dostları, həmkarları əvəz etdilər. Bu mübarizədə Çilov adasının daha neçə-neçə övladı canından keçdi. Çünki güclü havadarlarından dəstək alan düşmən artıq torpaqlarımıza susamışdı. Bir-birinin ardınca kəndlərimiz, bölgələrimiz namərd qonşu tərəfindən işğal edilirdi. Qəlbi Vətənin azadlığı uğrunda döyünən Xəzər neftçisi bunları kənardan seyr edə bilməzdi. Onların neçəsi artıq torpaq uğrunda döyüşənlərin sırasında idi. Onlardan yeddisi şəhid oldu. Bu yeddi oğul Azərbaycanın müxtəlif bölgələrində dünyaya gəlmişdi, lakin tale yolları onları Xəzərin qoynuna gətirmişdi. Vətənin dar günündə isə onlar dənizi, adanı tərk edib torpaq harayına getdilər.

Onlardan biri Nadir Babaxanovdur. NQÇİ-nin xüsusi texnika sexində işlədiyi vaxt ərzində qazandığı təcrübə onun cəbhədə də karına gəldi. Qəhrəmanlıqla vuruşdu, qəhrəmancasına həlak oldu.

Torpaq təəssübkeşləri sırasında ləzgi qardaşımız, neftçi Nizamuddin Abdulhəmidov da vardı. Dənizi çox sevirdi. Amma Azərbaycanın hər guşəsi, hər dağı, daşı, kəndi, bölgəsi ona əziz idi. Buna görə də Qarabağ uğrunda döyüşə yollandı və orada şəhidlik zirvəsinə çatdı.

Ruslan və Ələddin Ağakişiyev qardaşlarının ikisi də torpaq uğrunda vuruşub. Ələddin bu gün də idarədə elektrik montyoru kimi çalışır. Ruslan Ağakişiyevin adı qarşısında isə müqəddəs şəhid sözü yazılıb.

Kürdəmir rayonunda doğulub boya-başa çatmış Mehman Eminov da dəniz neftçisi idi. "Günəşli" yatağındakı 3 saylı özüldə neft-qazçıxarma ustası kimi çalışırdı. Torpaq uğrunda vuruşmağa gedəndə dənizə "hələlik" demişdi. Lakin Xəzəri görmək bir daha ona qismət olmadı.

Mehmanı dənizdəki dostları kimi həmyerliləri də unutmurlar. Kürdəmirdəki incəsənət məktəbi onun adını daşıyır.

İlqar Məcidov Bakı ətrafındakı Gürgan yaşayış məntəqəsində anadan olmuşdu. Sonradan işi-peşəsi onu da ada sakininə çevirmişdi. "28 May" NQÇİ-nin buradakı elmi-tədqiqat və istehsalat işləri sexində çalışırdı. İndi adada onun yaxşı nümunəsi qalıb, bir də unudulmaz xatirəsi. Vaxtilə işlədiyi sexdə həmkarları İlqarın portretini asıblar.

Rzabala Babayevin taleyi də təxminən buna bənzəyir. Zirə qəsəbəsi ata-baba ocağı, Çilov adası iş yeri idi. Avtonəqliyyat sexində çalışırdı. Əmək meydanından birbaşa döyüş meydanına atılmağı da bacardı. Əlindən nə gəlirsə etdi, amma namərd gülləsindən qaça bilmədi... Adanın Elşən Əliyev adlı bir igidi isə döyüşlər zamanı itkin düşüb. Ada sakinləri onun da adını şəhidlər sırasına yazıblar. Çünki döyüşlərdə həlak olduğunu güman edirlər. Nə deyəsən, müharibənin görünən də, görünməyən tərəfləri də çoxdur.

Azərbaycanın Milli Qəhrəmanı - Rasim İbrahimov Çilov adasında böyüyüb, boya-başa çatmışdı. Atası Səxavət kişi də, anası Matəb xanım da neftçi idilər. Rasim uşaqlıqdan hərbçi olmağı arzulamışdı. Odur ki, C.Naxçıvanski adına hərbi liseyi, sonra da ali komandirlik məktəbini bitirmişdi. Peşəkar hərbçi kimi Azərbaycandan uzaqlarda xidmət edirdi. Ancaq doğma yurdu darda olanda Vətənə qayıtmasına qərar verdi və bu qərarı yerinə yetirdi.

1990-cı illərin əvvəllərində Rasim İbrahimov Füzuli rayonunda hərbi komissarın müavini idi. Özü batalyon yaratmışdı, düşmənə qarşı mətanətlə döyüşürdü.

İndi Çilovda R.İbrahimovun adını daşıyan 131 saylı məktəbin hər bir şagirdi ada oğlunun necə yüksək amal, necə böyük məslək uğrunda şəhid olduğunu çox yaxşı bilir və həyatda ondan nümunə götürməyə çalışır. Çilovlular Xatirə parkında onun büstünü ucaldıblar. Qəhrəmanın oğlu Nizami isə hərbi təyyarəçi peşəsinə yiyələnib. "Düşmən bizim torpağımızda çox gəzib, səmamızda çox uça bilməyəcək, - deyir. - Buna yol verməmək üçün biz də şəhid olmağa hazırıq".

Milliyyətcə rus olan Dmitri Kiselyov da Çilovda dünyaya göz açmışdı. Atası Boris vaxtilə Abşeron rayon neft donanmasında elektrik çilingəri işləmişdi. Anası Natalya Çilovdakı neft və qazçıxarma sexinin operatorudur. 1993-cü ilin bir yaz günündə onların igid balası Dmitri Vətən uğrunda şəhid oldu.

Natalya Vasilyevna özünü Azərbaycanın digər şəhid analarından ayırmır, dərdi nə qədər böyük olsa da, başını həmişə dik tutur. O, Çilovdakı küçələrdən birinə Dmitrinin adının verilməsindən qürur duyur.

Hər axşam Xəzərin mavi dalğalarının laylası ilə yatıb, səhər Xəzərin həzin nəğməsi ilə oyanan bu kiçik torpaq parçasının - Çilov adasının da başı həmişə ucadır. Çünki onun adi günlərdə dənizin dərinliyindən, yerin təkindən böyük zəhmətlə "qara qızıl" çıxaran sakinləri lazım gələndə torpaq, Vətən uğrunda şəhid olmağı da bacarırlar.

 

 

Flora SADIQLI

 

Azərbaycan.- 2011.- 15 yanvar.- S. 6.