Milli Azərbaycan Tarixi Muzeyinin zəngin
eksponatları "Euronews" telekanalının nümayəndələrində
böyük maraq doğurmuşdur
Bakıda səfərdə olan "Euronews" telekanalının nümayəndələri yanvarın 14-də Milli Azərbaycan Tarixi Muzeyində olmuşlar. Qonaqlara muzeyin tarixi barədə ətraflı məlumat verilmişdir.
Bildirilmişdir ki, muzeyin yerləşdiyi, Bakının ən gözəl memarlıq abidələrindən olan bina 1895-1897-ci illərdə tikilmiş və Azərbaycan milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyevin mülkü olmuşdur. 1920-ci ildə binada yaradılmış muzeydə qədim dövrdən başlayaraq Azərbaycan tarixinin bütün mərhələlərinə dair 300 mindən çox eksponat toplanmışdır.
Azərbaycanın ərazisində mövcud olmuş Atropatena, Albaniya, Şirvanşahlar, Ağqoyunlular, Səfəvilər dövlətləri dövrünə aid maddi mədəniyyət nümunələri ölkəmizin qədim dövlətçilik ənənələrindən xəbər verir.
150-dən çox işçinin çalışdığı muzey həm də Milli Elmlər Akademiyasının strukturunda elmi tədqiqat və mədəni-maarif müəssisəsi funksiyasını yerinə yetirir.
Xüsusi olaraq qonaqların diqqətinə çatdırılmışdır ki, muzeyin binası Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə əsaslı təmir olunmuşdur.
"Euronews" telekanalının nümayəndələri Hacı Zeynalabdin Tağıyevin xatirə muzeyinin eksponatlarına da maraqla tamaşa etmişlər. Buradakı məişət əşyaları və tarixi sənədlər onlarda böyük təəssürat yaratmışdır.
Telekanalın təmsilçiləri muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazmışlar.
Muzeyin direktoru, akademik Nailə Vəlixanlı qonaqlara xatirə hədiyyələri təqdim etmişdir.
Azərbaycan.- 2011.- 15 yanvar.- S.7.