Azərbaycanın çoxşaxəli
iqtisadiyyatının yüksəlişi davam edir
Nazirlər Kabinetinin 2010-cu ilin
sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə
qarşıda duran vəzifələrə həsr olunmuş
iclasında bu barədə ətraflı
danışılmışdır
Gündən-günə inkişaf edib güclənən, regionun və dünyanın enerji təhlükəsizliyində mühüm yer tutan Azərbaycanın uğurlu siyasi-iqtisadi və sosial strategiyasının əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu strategiya ölkəmizin müstəqilliyinin möhkəmlənməsində, təhlükəsizliyinin etibarlı şəkildə təmin olunmasında, zəngin və qüdrətli dövlətə çevrilməsində böyük rol oynadı. Bu strategiya əsasında heç bir sahə unudulmadan paralel şəkildə irəliyə aparılır. Cəmiyyətin dinamik inkişafının birinci təməli sabitlikdir. Bunu təmin edən Azərbaycan qlobal böhran şəraitində belə, inamla addımlayır, qarşıya qoyulan bütün iqtisadi və sosial proqramları uğurla həyata keçirir, çoxşaxəli iqtisadiyyatını inkişaf etdirir.
Hazırda ölkəmizin nəinki Qafqazda, dünyada söz sahibi olduğunu ən güclü dövlətlər də etiraf edir, bu təkamülün təməlində düşünülmüş, düzgün, elmi əsaslara söykənən strategiyanın olduğunu bildirirlər. Regionda həyata keçirilən bütün qlobal layihələr Azərbaycanın iştirakı ilə reallaşır, onun coğrafi mövqeyi nəzərə alınır, praqmatik iqtisadi islahatlarından yararlanırlar. Bir çox qlobal əhəmiyyətli layihələrin reallaşması üçün ilk növbədə, məhz Azərbaycandan razılıq alınır. Azərbaycanın güclü sənaye potensialı var. Onların çoxunun bünövrəsini ulu öndər Heydər Əliyev qoymuş, bir neçəsinin təməlqoyma mərasimində şəxsən iştirak etmişdi. Bir neçə sənaye müəssisələri də yenidən bərpa edilmiş, indi bu cür yüngül və ağır sənaye müəssisələrində ən müasir texnologiyalardan istifadə olunur.
Təkcə 2010-cu ildə ölkə iqtisadiyyatının inkişafına 15,5 milyard vəsait qoyulmuşdur. Ən sevindirici nəticə isə odur ki, daxili investisiyalar xarici investisiyaları üstələyir. Yanvarın 14-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı bu məsələlərə xüsusilə toxundu: "Artıq birinci il deyil ki, bu belədir. Bu onu göstərir ki, həm dövlət tərəfindən, həm də özəl sektor tərəfindən ölkə iqtisadiyyatına böyük məbləğdə investisiyalar qoyulur. Qeyri-neft sektoruna qoyulan investisiyalar neft sektorundakından çoxdur. 15,5 milyard dollardan 9,3 milyard dolları qeyri-neft sektoruna qoyulan sərmayədir. Bu da bizim siyasətimizin əsas istiqamətidir. Ölkə iqtisadiyyatının neft sektorundan asılılığını azaltmaq üçün əməli-praktik tədbirlər görülür. Bu da onu göstərir ki, bir neçə il bundan əvvəl bəyan etdiyimiz proqram və konseptual yanaşmamız həyatda öz əksini tapır..."
Dövlət başçısının qeyd etdiyi kimi, 2010-cu ildə nəzərdə tutulan bütün sosial proqramlar icra edilib. Minimum əməkhaqqı və pensiyaların baza hissəsi 75 manatdan 85 manata qaldırıldı, ünvanlı sosial yardım proqramı həyata keçirildi.
Sosial infrastrukturun yaradılmasında böyük işlər görülmüşdür. 40-dan çox tibb müəssisəsi, 70-dən çox məktəb tikilmiş, təmir edilmişdir. Ölkənin inkişafı üçün vacib olan sahə diqqət mərkəzindədir və gələcəkdə də sosialyönümlü layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Regionların inkişaf
proqramı uğurla icra edilir. Keçən il 70 mindən
çox iş yeri açılmışdır ki, onun 53 mini
daimidir. İş yerlərinin açılması, yeni müəssisələrin
yaradılması, eyni zamanda, ölkə daxilində
istehsalın artması deməkdir.
Ötən il nəqliyyat
sektoruna da böyük investisiyalar qoyulmuşdur. Ölkədə
avtomobil yolları tikilir, körpülər salınır.
İnformasiya və
kommunikasiya texnologiyalarının əhəmiyyətinin
gündən-günə artdığı qloballaşan
dünyada Azərbaycan rabitəsinin müasir dövrün tələblərinə
uyğun qurulması da ümummilli lider Heydər Əliyevin
adı ilə bağlıdır. Bu strategiyadan irəli gələn
vəzifələr Prezident İlham Əliyevin rəhbərliyi
ilə uğurla həyata keçirilir. Azərbaycanın rabitə
texnologiyaları dünya standartlarına uyğundur. Bu
strategiyanın məntiqi davamı olaraq ölkə
başçısı tərəfindən Azərbaycan Respublikasında
rabitə və informasiya texnologiyalarının inkişafı
üzrə 2010-2012-ci illər üçün Dövlət
Proqramı təsdiq edilmişdir. Ölkəmiz doğrudan da,
bu gün rabitəsilə ilə öyünməyə
haqlıdır.
Ayrı-ayrılıqda hər
hansı bir sahəyə müraciət etsək, o sahənin
son bir neçə ildə, xüsusən, 2010-cu ildə
dinamik inkişafının şahidi olarıq. Bütün
bunlar onu deməyə əsas verir ki, Azərbaycanın regionda
analoqu olmayan inkişaf mərhələsinə qədəm
qoyması, büdcə gəlirlərinin ildən-ilə nəzərəçarpacaq
dərəcədə çoxalması iqtisadi-soial sahələrdə
islahatların genişləndirilməsinə, daha qlobal layihələrin
icrasına şərait yaradır.
Azərbaycan.- 2011.- 16 yanvar.- S. 1.