İlmələrin
naxışı
Qubanı alması ilə tanıyırlar. Ancaq almadan öncə bu bölgə Quba xalçaları ilə məşhurlaşıb. Quba xalçaçılıq məktəbi Quba-Xaçmaz bölgəsində Şabran rayonu da daxil olmaqla 35-ə yaxın ornament kompozisiyalı xalçaları əhatə edir. Bu xalçaların naxışları evləri ilə dağ yamaclarına naxış vuran kəndlər qədər gözəl və qədimdir. Hər kəndin, hər evin bu dağlarda təkrarolunmaz, digərlərinə bənzəməyən həyatı olduğu kimi, hər xalçanın da öz dili, öz tərcümeyi-halı, öz gözəlliyi var. Ümumiyyətlə, Quba xalçalarını tədqiqatçılar toxunuşuna görə 3 hissəyə ayırırlar: dağlıq, dağətəyi və aran. Dağlıq hissəyə Qonaqkənd, Cimi, Afurca kimi dağ kəndlərində toxunan xalçalar aid edilir. Hətta, Dərbənddə toxunan xalçalar da Quba məktəbinə aiddir.
Quba xalçaları ilə bu dağların təbiətində qəribə oxşarlıqlar var. Susay kəndinin arxasındakı Gül dərəsinin üstündən Qubanın gecələrini seyr etsəniz, özünüzü nağıl dünyasına düşmüş kimi hiss edəcəksiniz. Dağlarda ulduzlar başqa yerlərə nisbətən daha böyük, nadir almaz dənələri boyda iri görünür. Elə bilirsən ki, əlini uzatsan, onlara toxunacaqsan, isti və ya soyuq olduqlarını hiss edəcəksən. Ay da doğanda göylərdən yox, ayağının altından tədricən yüksəlir, sirli bəyaz gəmi kimi ala-tala ağ buludların dalğalarını yara-yara zirvələrin başı üzərindən son ünvana üzür gedir. Bu gözəlliyi isə uzaqdan Qubanın mirvarilər kimi sayrışan işıqları tamamlayır. Quba xalçaları da bu mənzərələr qədər insan ruhuna qanad verə bilən, adamı düşündürən və öz aqibətindən dastan açan kitabələr qədər sirli və təkrarolunmazdır. Quba xalçalarının bəzəyi həndəsi naxışlardan ibarət ornamentlərdir. Ən geniş yayılmış üslub isə medalyonlu çeşni üslubudur. "Qədim-Minarə", "Qımıl", "Alpan", "Qollu-çiçi", "Pirəbədil", "Hacıqayıb", "Qırız", "Cek" Quba xalça məktəbinin heyrətamiz kompozisiyalarıdır.
Hər xalça bir dünyadır. Götürək elə geniş yayılmış "Qolluçiçi" xalçalarını. Təqribən XVIII əsrin sonunda Azərbaycan incəsənətinə daxil olan bu xalçaların lakonik kompozisiyasının bəzək elementlərinin düzümü ilə uzlaşması bir harmoniya təşkil edir. 200 ildən artıq bir dövrdə "Qolluçiçi" müxtəlif adlar altında və müxtəlif formalarda mövcud olsa da, məhz "Qolluçiçi" xalçası kimi Azərbaycan mədəniyyəti tarixində nüfuz qazandı.
İndi Quba rayonunda bir neçə özəl xalçaçılıq müəssisəsi mövcuddur. Demək olar ki, dağ kəndlərinin əksəriyyətində xalçaçılıq bu gün də sahibini çörəyə çatdıran peşə kimi nüfuzludur.
Azərbaycan.- 2011.- 16 yanvar.- S. 1.