Xalqın iradəsini qıra bilmədilər

 

Tarixin qan yaddaşı

 

20 Yanvar faciəsindən 21 il keçir

 

1988-ci il fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Xalq Deputatları Sovetinin azərbaycanlı deputatların iştirakı olmadan növbədənkənar sessiyası keçirilir. İclasda DQMV-nin Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistanın tərkibinə verilməsi haqqında qərar qəbul olunur və bu məsələnin müsbət həll olunması üçün SSRİ Ali Soveti qarşısında vəsatət qaldırılır. Bu xəbər Dağlıq Qarabağda və ətraf rayonlarda yaşayan azərbaycanlıları hiddətləndirir. Sabahısı səhər tezdən minlərlə insan Ağdamın mərkəzi yoluna toplaşaraq əliyalın Əsgərana tərəf axışır. Günortaya qədər qonşu rayonlardan da yürüşə qoşulanların sayı artır.

Həmin vaxt Azərbaycan KP Mərkəzi Komitəsində vəziyyət gərgin idi, Ağdamda "bir qrup başıpozuğun təxribatçı hərəkətinin qarşısını almaq üçün" tədbir görülürdü. Qarabağda isə vəziyyət başqa şəkil alırdı. Ziyalılar çıxış edərək azərbaycanlılarla ermənilərin həmişə dinc yanaşı yaşadıqlarını deyir, yersiz iddialardan əl çəkmələrini tələb edirdilər. İki ağdamlı gənc - Əli və Bəxtiyar həmin gün Əsgəranda ermənilər tərəfindən qətlə yetirildilər.

Yaradılmış qondarma Dağlıq Qarabağ milli şurası ilə Ermənistan SSR Ali Soveti birlikdə yenidən analoji qərar qəbul etdi və SSRİ Ali Soveti qarşısında vəsatət qaldırıldı.

Fevralın 25-də səhər-səhər Əsgəranda daha iki azərbaycanlı şəhid edildi. Hadisələr getdikcə gərginləşirdi. "Qara qarğalar" dimdiyindən dırnağınadək silahlansalar da, azərbaycanlılara əllərinə sapand almağa da icazə verilmirdi. Fevralın 25-i axşam Ermənistanın katolikosu I Vazgen televiziya vasitəsilə ermənilərə müraciət etdi: "Mən də Dağlıq Qarabağın Sovet Ermənistanına birləşdirilməsi məsələsinin həllindən bərk rəncidəyəm. Mən bu məsələni təbii, qanuni və konstitusion məsələ hesab edirəm. Əminəm ki, indiki yenidənqurma və demokratikləşdirmə günlərində Sovet hökuməti həmin məsələyə tam ciddiyyəti ilə yanaşacaqdır. Bu günlərdə mən xaricdən, bizim kilsə təşkilatlarından çoxlu məktublar alıram, telefon zəngləri olur. Onlar xaricdəki iki milyon erməninin adından məndən xahiş edirlər ki, Dağlıq Qarabağ məsələsinin Sovet İttifaqının Konstitusiyasına uyğun olaraq, habelə DQMV Xalq Deputatları Sovetinin qərarına və demokratiyaya uyğun olaraq ədalətli qiymətini alması üçün Sovet hökumətinin qarşısında vəsatət qaldırım. Mən bu bəyanatları nəzərə alaraq bizim çox hörmətli Mixail Qorbaçova teleqram vurub xahiş etmişəm ki, məsələni DQMV-nin erməni əhalisi üçün müsbət həll etsin. Mən əmin edirəm ki, DQMV-yə dair məsələ SSRİ-də millətlərin öz müqəddəratını təyin etməsi əsasında, Moskvada ali səviyyədə tezliklə xüsusi olaraq həll ediləcəkdir..."

Dini rəhbərin çıxışından sonra daha da qızışan daşnaklar Dağlıq Qarabağda yaşayan azərbaycanlıları hədələyir, ev-eşiklərindən qovur, bir sözlə, vəziyyəti gərginləşdirirdilər. Bir neçə günün ərzində üç mindən çox azərbaycanlı Xankəndidən və ermənilərin çoxluq təşkil etdiyi kəndlərdən ətraf rayonlara köçməyə məcbur oldu.

Məsələ ilə bağlı Azərbaycan SSR Ali Sovet Rəyasət Heyəti təcili növbədənkənar iclas keçirərək Ermənistanın bu addımını suveren Azərbaycan SSR-in işlərinə kobudcasına müdaxilə, onun ərazi bütövlüyünə qəsd kimi qiymətləndirdi. Ermənistanın bu hərəkəti müttəfiq respublikalar arasında münasibətlər praktikasına zidd hərəkət sayılaraq birmənalı şəkildə bəyan edildi ki, bu qərarın heç bir qüvvəsi yoxdur və Azərbaycan SSR-in ərazisinə şamil edilə bilməz.

Azərbaycan xalqı səbirsizliklə gözləyirdi ki, SSRİ Ali Soveti konstitusiyanı kobud şəkildə pozduğuna görə Ermənistanı cəzalandıracaq, qəbul etdiyi qərarı dərhal ləğv edəcək. Lakin nəinki belə olmadı, daha betəri baş verdi. 1989-cu il noyabrın 28-də SSRİ Ali Sovetinin sessiyası "DQMV-də vəziyyəti normallaşdırmağa dair tədbirlər haqqında" qərar layihəsi hazırladı. Prinsipcə bu qərar iki xalqın mənafelərini uzlaşdırmağa, Azərbaycanda və ətraf bölgələrdə vəziyyətin axara düşəcəyinə xidmət etməli idi. 1990-cı il yanvarın 9-da SSRİ Ali Sovetinin sessiyasında qeyri-konstitusion hərəkətə yol verildi. Həmin tarixdə keçirilən iclasda DQMV-nin sosial-iqtisadi inkişaf planının Ermənistan SSR-in iqtisadi və sosial inkişafına dair dövlət planına daxil edilməsi haqqında qərar qəbul edildi. Bu qərar ermənilərin 1988-ci il fevralın 20-də qəbul etdiyi qərarın təsdiqi idi. Vəziyyət arzuolunmaz xarakter alırdı. Azərbaycan xalqı ayağa qalxdı.

Yanvarın 10-da SSRİ Ali Soveti Qorbaçovun iştirakı ilə iclas keçirərək Ermənistanın həmin qərarının SSRİ Konstitusiyasına uyğun gəlmədiyini bildirən başqa bir qərar qəbul etdi. Lakin bunun heç bir təsir gücü olmadı. Çünki artıq regionda vəziyyət kritik həddə çatmışdı. Azərbaycanı mitinq dalğası bürümüşdü, iş dayanmışdı, sənaye müəssisələri, fabrik-zavodlar tətil edirdi. SSRİ-nin tərkibindən çıxmaq haqqında şüarlar səslənirdi. Sumqayıt hadisələri baş vermişdi, Qarabağda qan tökülürdü. Sərhəd rayonlarında da erməni silahlı birləşmələri ilə azərbaycanlı könüllülər arasında döyüşlər gedirdi.

Daxili siyasi vəziyyət də gərgin idi. Xalqın tələbləri ilə Azərbaycan rəsmilərinin istəyi üst-üstə düşmürdü. Əlində ov tüfəngi düşmənlə üzbəüz mövqelərdə duranlar təxribatçı adı ilə həbs olunurdular. Xalq özü öz taleyini həll etmək məcburiyyətində qalmışdı.

1990-cı il yanvarın əvvəlindən Bakıda vəziyyət kritik həddə idi. Şəhərdə kimlər tərəfindən törədildiyi məlum olmayan talanlar yer alır, həm erməni, həm də azərbaycanlılar arsında tələfat baş verirdi. MK-nın binası qarşısında isə mitinqlər gecə-gündüz davam edirdi. Heç bir hökumət rəsmisi xalqın qarşısına çıxb nə etmək lazım gəldiyini demirdi. Çünki özləri də nə edəcəklərini bilmirdilər. Bir də ki, kükrəyən xalqın qəzəbindən qorxurdular.

Söz-söhbət gəzirdi ki, şəhərə silahlı ordu girəcək. Vəziyyət xalqın düşündüyündən və təsəvvür etdiyindən də ağır idi. Tbilisi prospektində, Biləcəri enişində o zaman "XI Qızıl Ordu" adlanan meydanda, Salyan kazarmasının giriş qapılarının ağzında, Binə yolunda, metronun "Məşədi Əzizbəyov" stansiyasının həndəvərində, üç istiqamətdə aereportdan şəhərə gələn yolda və başqa yerlərdə yük maşınlarının hesabına yaradılmış "barrikadaların" ətrafında kortəbii mitinqlər gedirdi. Şəhərin sənaye müəssisələrində iş dayandırılmış, ali məktəblərin auditoriyaları boşalmışdı.

Yanvarın 19-u gecəsi qəflətən ekranlara qaranlıq çökdü, televiziyanın enerji bloku partladıldı, radio susdu. Şəhərin hər yerindən atəş səsləri ilə silahlı ordu şəhərin canına daraşdı. Tanklar silahsız və günahsız insanları tırtılları altında əzib tapdalayır, insanların üstünə od ələyirdi. İttifaq hökuməti Azərbaycan xalqının qanunlarını və beynəlxalq hüquq normalarını tapdalayaraq milləti qırıb tökmüşdü. Sübh tezdən bakılılar dəhşətli mənzərənin şahidi oldular. Asfalt yollar al qana boyanmış, imperiya qaniçənləri bir gecənin içərisində xalqı qanına qəltan etmiş, meyitlər eybəcər hala salınmışdı. Xəstəxanalar və təcili yardım maşınları da gülləbaran edilmişdi. Rayonlarda da qan tökülmüş, Neftçalada 26, Lənkəranda 8 nəfər qətlə yetirilmişdi.

1988-ci ilin fevralından 1990-cı il yanvarın 20-nə gedən yolda təcavüzkar Ermənistanın və imperiyanın hazırladığı hiyləgər planlar bu qanlı faciədən sonra da xalqımızın başına çox fəlakətlər gətirdi. Azərbaycanda vüsət tapmış milli azadlıq hərəkatını boğmaq, demokratik və suveren bir dövlət yaratmaq amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və belə bir yola qədəm qoyan hər hansı xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə 1990-cı il yanvarın 20-də sovet silahlı qüvvələrinin Bakı şəhərinə və respublikanın bir neçə rayonuna yeridilməsi nəticəsində haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adamlar qəddarcasına qətlə yetirildilər. Hadisələrdən sonra SSRİ-nin yüksək dairələrində bu qanlı qırğına haqq qazandırmaq üçün cürbəcür bəhanələr gətirilirdi. Kimi bunu 89-cu ilin sonu və 90-cı illərin əvvəlləri üçün Azərbaycanda yaranan hakimiyyətsizlik xaosunun qarşısını almaq, kimi Xalq Cəbhəsinin radikal qanadının silah gücünə hakimiyyəti ələ keçirmək, kimi "islam dövləti", "Böyük Azərbaycan" yaratmaq niyyətlərinə yol verməmək, kimi də SSRİ-İran sərhədində məlum hadisələrlə əlaqədar Sovet dövlətinin sərhədlərinin toxunulmazlığını təmin etmək naminə atılmış addım kimi yozurdu. Lakin qoşunların əliyalın xalqın üstünə göndərilməsinin səbəbi bu deyildi. İmperiya amirliyi baxımından bu cinayətkar əməlin bircə məqsədi vardı: xalqın mübarizə əzmini qırmaq və müstəqillik amalına zərbə endirmək!

Tarixin isə öz qanunauyğunluqları var. Günahsız insanların qanının axıdılmasına bais olanlar bundan başqa heç nəyə nail olmadılar. Bu gün xalqımız azad, müstəqil və güclü bir dövlətdir. Azərbaycanın üzərinə gələn ordunun mənsub olduğu təcavüzkar imperiya isə çoxdan çöküb.

 

 

Rəsmiyyə RZALI

 

Azərbaycan.- 2011.- 16 yanvar.- S. 2.