Avropa dəyərlərinə sadiq ölkə

 

Azərbaycanın Avropa Şurasına üzvlüyünün 10 ili tamam olur

 

Dünyanın aparıcı beynəlxalq təşkilatlarından olan Avropa Şurasına Azərbaycanın tamhüquqlu üzv qəbul edilməsinin artıq ilk onilliyi tamam olur. Avratlantik məkanın inkişaf istiqamətinin müəyyən olunmasında vacib qərarların verildiyi qurumlardan biri kimi çıxış edən Avropa Şurası yarandığı müddətdən indiyə kimi üzv dövlətlərin tərəqqisinə özünəməxsus töhfələr verib. Eyni zamanda təşkilat özü müxtəlif üzv dövlətlərin qurumun ümumi inkişafında oynadığı rollar hesabına daha nüfuzlu və güclü bir hala gəlib. Elə Azərbaycanla Avropa Şurası arasında mövcud əlaqələrə də məhz bu kontekstdə yanaşılır.

İnkişaf strategiyasının əsas xətlərindən birini sürətli demokratik tərəqqi təşkil edən Azərbaycan bu gün Avratlantik məkana inteqrasiya yolunda uğurla irəliləyir. Bu mənada xalqın iradəsini ifadə edən hakimiyyətin mövcudluğu, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qazanılmış nailiyyətlər, insan hüquq və azadlıqlarının təmini, eləcə də bu qəbildən olan digər hallar Azərbaycanı dünya miqyasında xarakterizə edən əsas xüsusiyyətlərdir. Artıq sosial-iqtisadi inkişaf dinamikasına görə uğurlu bir modelin əsasını yarada bilmiş Azərbaycan beynəlxalq səviyyədə həm də siyasi və demokratik tərəqqi yolunda möhtəşəm nailiyyətlərə imza atan dövlət kimi çıxış edir.

O da tarixi həqiqətdir ki, Azərbaycanın sürətli demokratik inkişafına gedən yol elə də asan olmayıb və müəyyən mürəkkəb mərhələlərdən keçib. Ötən əsrin son onilliyində kifayət qədər mürəkkəb tarixi bir şəraitdə dövlət müstəqilliyini bərpa edən Azərbaycan ilk illərdə hakimiyyətdə olan səriştəsiz qüvvələrin yarıtmaz siyasəti üzündən ciddi problemlərlə üzləşməli oldu. Ölkənin demokratikləşmə xəttinin yalnız populist çıxışlarda özünü göstərməsi, reallıqda isə buna xidmət edən heç bir addımın atılmaması Azərbaycanın totalitarizmdən demokratiyaya transformasiyasını olduqca çətinləşdirirdi. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbinə əsasən yenidən hakimiyyətə qayıtması ilə bu sahədə tamamailə yeni bir mərhələ başlandı. Bundan sonra ictimai-siyasi sabitliyin, qanunun aliliyinin təmin edilməsi, insan hüquq və azadlıqlarının qorunmasında real addımlar atılması, islahatlar prosesinə start verilməsi və digər bu kimi hallar müstəqil Azərbaycanın inkişafında mühüm rol oynadı.

Dünyanın nüfuzlu beynəlxalq təşkilatları, demokratik institutları ilə ölkəmiz arasında əməkdaşlıq prosesinin başlanması da inkişafa təkan verdi. Belə təşkilatlardan biri qismində isə məhz Avropa Şurası çıxış edirdi. Sözügedən təşkilatla əməkdaşlıq istiqamətində atılan konkret addımlar həm də Azərbaycanın öz inkişafında qanunun aliliyini qəbul edən və öz yurisdiksiyasında hər kəs üçün insan hüquqları və azadlıqlarını təmin edən bir dövlət olduğunu təsdiqlədi. Bununla yanaşı, Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzvlükdə digər əsas məqsədi, ölkənin milli maraq və mənafelərinin bu geosiyasi məkanda etibarlı qorunmasından, eləcə də Ermənistanın təcavüzkar siyasətinin ifşası və ona qarşı ciddi sanksiyaların qəbulundan ibarət idi. Çünki Ermənistanın işğalçılıq siyasətini, ermənilərin məkrli məqsədini dünyaya açıb göstərmək üçün bu nüfuzlu təşkilatın tribunası əvəzsiz imkanlar yaradırdı.

Görülən işlər sayəsində 1995-ci ilin fevralında Avropa Şurası Parlament Assambleyası Bürosu 1994-cü ildə qəbul edilmiş və üç Cənubi Qafqaz dövlətinin Avropa Şurasına üzv qəbul edilmək üçün müraciət hüququnu nəzərdə tutan 1247 saylı tövsiyəyə uyğun olaraq Azərbaycanın "xüsusi dəvət edilmiş qonaq" statusu almaq barədə müraciətinin nəzərdən keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Növbəti müddət ərzində Azərbaycan demokratik inkişaf sahəsində əldə etdiy nailiyyətlərlə Avropa məkanına bir qədər də yaxınlaşdı. Bu müstəvidə ölkəmizdə siyasi-hüquqi sistemin kökündən demokratikləşməsi istiqamətində əsaslı addımlar atıldı. Bu proses mahiyyət etibarı ilə dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə etdi. Bütün bunların əsasında Heydər Əliyevin birbaşa rəhbərliyi ilə hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi - referendum yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası əsas rol oynadı. Məhz Konstitusiya ölkədəki köklü dəyişikliklərə müsbət təsir göstərdi, hüquqi dövlət quruculuğu prosesinin əsas istiqamətlərini müəyyənləşdirdi.

Atılan addımlar 1996-cı ilin martında keçirilən Avropa Şurasının Demokratiya uğrunda Venesiya Komissiyasının iclasında Azərbaycanın bu komissiyaya üzv qəbul edilməsilə nəticələndi. Həmin ilin iyulunda ulu öndər Heydər Əliyev Avropa Şurası Baş katibinin adına məktub göndərərək Azərbaycanın quruma tamhüquqlu üzv qəbul olunmaq və digər üzv dövlətlər kimi İnsan hüquqları və azadlıqları haqda Avropa Konvensiyasına qoşulmaq arzusunda olduğunu bildirdi. Ulu öndərin 8 iyun 1996-cı il tarixli "Avropa Şurası ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramının həyata keçirilməsi tədbirləri haqqında", 20 yanvar 1998-ci il tarixli "Avropa Şurası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın dərinləşdirilməsi sahəsində tədbirlər haqqında", 14 may 1999-cu il tarixli "Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin təmin edilməsi haqqında" sərəncamları ölkəmizin Avropa Şurasına üzvlüyünə real zəmin formalaşdırırdı.

Ölkəmizdə ölüm hökmünün ləğvi, mətbuat üzərindən senzuranın götürülməsi, Azərbaycanın insan hüquq və azadlıqlarının, demokratik təsisatların inkişafının təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara qoşulması və digər addımlar Avropa Şurasına üzvlük prosesinin sürətlənməsinə gətirib çıxardı.

Bütün bunların nəticəsi idi ki, 2000-ci ilin mayında Avropa Şurası Siyasi Komitəsinin Dublində keçirilmiş iclasında Azərbaycan üzrə məruzəçi J.Bomelin hesabatı dinlənildikdən sonra Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi ilə bağlı müsbət rəy verildi. Həmin ilin iyununda Avropa Şurası Parlament Assambleyasının növbəti sessiyası keçirildi. 126 nəfər deputatın iştirak etdiyi səsvermədə 120 nəfər lehinə, 1 nəfər əleyhinə, 5 nəfər isə bitərəf qalmaqla Azərbaycan Respublikasının Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul edilməsinə dair müsbət rəy verildi. Noyabrda isə Avropa Şurası Nazirlər Komitəsinin 107-ci sessiyasında Azərbaycanın Avropa Şurasına üzv olmağa dəvət edilməsinə dair qətnamə qəbul olundu.

Təşkilata tamhüquqlu üzvlük üçün milli qanunvericiliyimizin Avropa standartları səviyyəsinə yüksəldilməsi, qarşıya qoyulan tələblərin yerinə yetirilməsi nəticəsi olaraq Azərbaycan 2001-ci ilin yanvarın 17-də qurumun Nazirlər Komitəsinin qərarı ilə Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul edildi. 2001-ci il yanvarın 25-də Strasburqda Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə həsr olunmuş rəsmi mərasimdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə geniş tərkibli nümayəndə heyəti iştirak etdi. Ölkəmizin quruma üzvlüyündən sonra AŞ PA-da Azərbaycanı təmsil edən nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyevin təşəbbüskarlığı və diplomatik fəallığı nəticəsində elə ilk sessiyadan etibarən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətləri özündə əks etdirən sənədlər yayılmağa başladı. Bunun nəticəsi olaraq Avropa Şurası Nazirlər Komitəsinin 108-ci sessiyasının rəsmi məlumatında Ermənistanın təcavüzkar siyasəti pislənildi. Həmin sənəddə aydın şəkildə qeyd olunurdu ki, Avropa Şurası ölkələrin ərazi bütövlüyünü, suverenliyini, sərhədlərinin toxunulmazlığını dəstəkləyir.

2002-ci ilin payız sessiyasında Azərbaycanın təkidi ilə Ermənistan barədə qətnaməyə Azərbaycan torpaqlarının işğal olunması, qaçqınlar və məcburi köçkünlərin bu işğal nəticəsində öz torpaqlarından didərgin düşməsi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl səbəbləri barədə düzəlişlər edildi. Bu məsələlər Azərbaycana aid qətnamədə də öz əksini tapdı.

2003-cü ilin yanvarında Azərbaycan nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyevin AŞ PA-nın sədr müavini və büro üzvü vəzifələrinə seçilməsilə ölkəmizin bu qurumla əlaqələri daha yüksək səviyyəyə çatdı. Bundan sonra Azərbaycanın qurumda yeni bir uğuru 2003-cü ilin yay sessiyasında qeydə alındı. Həmin sessiyada "Avropada muxtar vilayətlərin müsbət təcrübəsi" məsələsi ətrafında müzakirələr aparılırdı. Burada məhz cənab İlham Əliyevin təklifi ilə muxtar vilayətlərin ərazi bütövlüyünü pozmaq səlahiyyətlərinə malik olmadığı barədə müddəa sənədə əlavə edildi. Ermənilərin ciddi müqavimətinə baxmayaraq, cənab İlham Əliyevin qətiyyətli mövqeyi onların geri çəkilməsinə səbəb oldu. Beləliklə, sözügedən sənədə "muxtariyyət verilməsi dövlətin özünün suverenliyinə və ərazi bütövlüyünə əsaslanmalıdır" cümləsi əlavə edildi. Bu, faktiki olaraq, Dağlıq Qarabağdakı separatçı rejimin müstəqillik tələblərinin qarşısına sədd çəkən çox mühüm bir addım idi. Sənədin Azərbaycanın istədiyi şəkildə qəbul edilməsi həm də muxtariyyətin ərazi bütövlüyü prinsipindən sonra gəldiyini göstərirdi. Ermənilərin buna qarşı çıxması isə heç bir nəticə vermədi və Azərbaycan qurumda növbəti uğurunu qazandı. Ümumiyyətlə, cənab İlham Əliyevin qurumda ölkəmizi təmsil edən nümayəndə heyətinə rəhbərlik etdiyi dövrdə AŞ PA-da Azərbaycan həqiqətlərini özündə əks etdirən 30-a yaxın sənəd hazırlanmış və təşkilatın rəsmi sənədləri kimi yayılmışdır.

Azərbaycan Avropa Şurasına daxil olmaqla həm Avratlantik məkana inteqrasiya sahəsində növbəti ciddi addım atmış oldu, həm də demokratik inkişafında yeni bir mərhələ açdı. Ötən müddət ərzində Avropa Şurası ilə Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlıq yüksələn xətt üzrə inkişaf etdi və bu davam etməkdədir. Bu isə Azərbaycanın sürətli inkişafına öxünəməxsus töhfələr verir. Eyni zamanda Avropa Şurası üçün ölkəmiz də mühüm əhəmiyyətə malik dövlət kimi çıxış edir.

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2011.- 16 yanvar.- S. 3.