"Cənub qaz dəhlizi" müştərək strateji maraqlardan irəli gəlir

 

Bu layihə Azərbaycanın ixrac imkanlarını, Avropanın isə təchizat mənbələrini şaxələndirəcək

 

Avropanın qaza olan tələbatı ildən-ilə artır. Digər tərəfdən də dünyada uzun müddətdir istismar olunan qaz yataqlarının ehtiyatları yavaş-yavaş azalır və yeniləri ləng kəşf edilir. Belə bir şəraitdə istehlakçılar, təbii ki, üzünü zəngin qaz ehtiyatları olan regionlara tuturlar. İndi Azərbaycana mövcud və potensial qaz təchizatçısı kimi günü-gündən artan marağın səbəbi də elə budur. Üstəlik, ölkəmiz həm də münasib tranzit imkanlarına malikdir.

Azərbaycan da öz növbəsində qaz ixracının diversifikasiyası üçün yeni yollar axtarır. Prezident İlham Əliyevin və Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun bu günlərdə imzaladıqları "Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə" məhz bu qarşılıqlı maraqdan irəli gəlir.

Cənab İlham Əliyevin dediyi kimi: "Bu gün bənzərsiz, nadir bir vəziyyət yaranıbdır. Çünki istehlakçıların, tranzit ölkələrin və hasilatçıların maraqları bir araya gəlib. Biz güclü tərəfdaşlıq qurmuşuq və bu tərəfdaşlıq yalnız sərbəst elementlərdən təşkil olunarsa, uğura gətirib çıxara bilər. Əminəm ki, bu gün imzalanmış sənədlər uğurla həyata keçiriləcək və Azərbaycan qaz potensialından öz xalqının rifahı, ölkəmizin gələcək inkişafı və Avropadakı dostlarımızın enerji təhlükəsizliyinin təmin edilməsi üçün istifadə edəcəkdir. Bu tərəfdaşlıq nəinki illər, onilliklər boyu olacaqdır".

Prezident İlham Əliyev qazın ixracının şaxələndirilməsinin, satışı üçün yeni bazarların tapılmasının vacib olduğunu dəfələrlə qeyd edib. Nazirlər Kabinetinin hələ keçən ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasında dövlət başçısı demişdir: "Biz öz qazımızla yeni bazarlara çıxırıq, bizim qazımıza böyük tələbat vardır. Həm qonşuluqda, həm Avropada və başqa ölkələrdə. Ona görə nəzərə alsaq ki, bizim çox böyük qaz yataqlarımız, kəmərlərimiz, şaxələndirilmiş ixrac yollarımız vardır. Biz bu imkanlardan istifadə etməliyik. Nə qədər çox ixrac imkanlarımız olsa, bizim üçün o qədər yaxşıdır".

"Cənub qaz dəhlizi" məhz bu imkanların genişləndirilməsinə səbəb olacaq. Odur ki, Azərbaycan bu layihəni əvvəldən də dəstəkləyib.

"Cənub dəhlizi" dedikdə Qərb istiqamətində gedəcək bütün nəql yolları nəzərdə tutulur. Bu layihələr çoxdur və onları bir-birindən ayırmaq, əslində, düzgün olmazdı. Baxmayaraq ki, elə Avropanın özündə bəzi ölkələr hansısa konkret bir layihəni dəstəkləyirlər. Azərbaycan isə "Cənub dəhlizi" deyəndə həm "Nabukko"nu, həm Türkiyə-Yunanıstan-İtaliya, həm də Transadriatik layihələrini nəzərdə tutur.

Bu nəhəng layihələrin Azərbaycana marağı təsadüfi deyil. Qədim zamanlardan neft diyarı kimi tanınan ölkəmiz son dövrlərdə dünyanın diqqətini öz zəngin qaz ehtiyatları ilə də cəlb edib. Əslində, Azərbaycanda qaz həmişə olub. Yataqlardan neftlə birlikdə səmt qazı da çıxır. Həmçinin ayrıca qaz yataqları istismar edilir. Ölkəmiz hazırkı qaz hasilatının həcminə uyğun olaraq onun ixracının şaxələndirilməsinə də nail olub. Hazırda Azərbaycanın dörd qaz boru kəməri var. Biz artıq üç ölkəyə qaz nəql edirik.

Son illərdə Azərbaycan qazı dedikdə "Şahdəniz" yada düşür. Xəzərin Azərbaycan sektorunda kəşf olunmuş bu yataq zəngin qaz və kondensat ehtiyatına malikdir. Hazırda "Şahdəniz" layihəsinin birinci mərhələsi çərçivəsində qaz hasil edilir. Birinci mərhələ dövründə buradan maksimum hasilatın sabit səviyyəsinin ildə 8,6 milyard kubmetr olacağı gözlənilir. "Şahdəniz" qazı üç ölkənin ərazisindən keçərək Bakı yaxınlığındakı Səngəçal terminalından Türkiyənin Ərzurum bölgəsinədək çatır. Bakı-Tbilisi-Ərzurum kəmərinin daşıdığı mavi yanacağın Türkiyənin ərazisindən Avropaya yolu başlanır.

Təxminən 2017-ci ildə "Şahdəniz"in ikinci mərhələsinin qaz verəcəyi nəzərdə tutulur. Bu, birinci mərhələdən az qala ikiqat çox ehtiyatlar vəd edən bir layihədir. Başqa sözlə, tammiqyaslı işlənməsi həyata keçirildikdən sonra "Şahdəniz" ildə indikindən əlavə 16 milyard kubmetr qaz verəcək.

Keçən il "Ümid" yatağının kəşf olunması isə bir daha sübut etdi ki, ölkəmizin qaz potensialı hələ çoxdur və bundan sonra da yeni yataqların aşkarlanması mümkündür.

Buna görə də Azərbaycan qazı üçün yeni realizə imkanlarının tapılmasının vacibliyini vurğulayan dövlət başçımız bizə yaxın və uzaq, artan və inkişaf edən bazarların lazım olduğunu qeyd etmişdir: "Hazırda bizim şaxələndirilmiş nəqletmə marşrutlarımız var. İndi 3 neft kəməri var ki, bizim neftimizi Qara dənizə və Aralıq dənizinə çıxarır. Təbii ki, neft və qaz məsələsi vacib məsələdir. Amma əsas məsələ o idi ki, biz gərək bazar tapaq, bunun üçün bazar olsun. Bu yataqların ehtiyatlarına uyğun olaraq, həmin bazar müəyyən edilsin. Bu gün bizim təsdiqlənmiş qaz ehtiyatlarımız 2,2 trilyon kubmetr həcmindədir və əminəm ki, potensial ehtiyatlar hətta bundan da artıqdır. Onda bizə nə lazımdır? Bizə proqnozlaşdırılmış, uzunmüddətli, qanunvericiliklə tənzimlənən bir bazar lazımdır ki, bacardığımız qədər qaz hasil edə bilək. Buna görə də "Cənub qaz dəhlizi" bizim üçün strateji əhəmiyyət daşıyır, bu, qaz potensialımızı realizə etməkdə bizə yardımçı olacaqdır".

Göründüyü kimi, "Cənub qaz dəhlizi" müştərək strateji maraqlardan irəli gəlir və bununla da böyük əhəmiyyət kəsb edir. Avropa Komissiyasının sədri Xose Manuel Barrozu da bu dəhlizi yüksək dəyərləndirir və onun əhəmiyyətini belə səciyyələndirir: "Bizim təhlükəsizliyimiz və enerji təchizatımızın şaxələndirilməsi olduqca vacibdir. Bu, həm də tələblə bağlıdır. Eyni zamanda, Azərbaycan istəyir ki, öz ixracını daha da şaxələndirsin və Avropa İttifaqına idxala öz töhfəsini versin".

 

 

F.SADIQLI

 

Azərbaycan.- 2011.-16  yanvar.- S. 3.