Stanford Universitetində Azərbaycana həsr olunmuş
seminar keçirilmişdir
ABŞ-ın aparıcı
ali təhsil müəssisələrindən biri sayılan
Stanford Universitetində (Kaliforniya ştatı) Azərbaycana həsr
olunmuş seminar keçirilmişdir. Regiondakı vəziyyətlə
bağlı müzakirələrdə Stanford Universitetinin
professoru Geyl Lapidus və Azərbaycanın Los-Ancelesdəki
baş konsulu Elin Süleymanov iştirak etmişlər.
ABŞ-ın milli maraqları baxımından Azərbaycanın
rolunu xüsusi vurğulayan professor G.Lapidus Vaşinqtonun Cənubi
Qafqaza kifayət qədər diqqət yetirməsindən təəssüfləndiyini
bildirmişdir.
Baş konsul E.Süleymanov Azərbaycan
dövlətçiliyinin tarixindən, Şərqdə və
müsəlman dünyasında ilk demokratik respublikanın təşəkkülündən,
Azərbaycan cəmiyyətində bərqərar olmuş
tolerantlıq və şəffaflıq ənənələrindən
danışmış, eyni zamanda, bəzi xarici qüvvələrin
ölkədə ictimai dialoqu radikallaşdırmağa cəhd
göstərdiyini bildirmişdir. Diplomat cəmiyyətdə
sosial və siyasi proseslərin kənar müdaxilə olmadan
inkişafının əhəmiyyətini
vurğulamış, bəzi KİV-lərin regiondakı vəziyyəti
səthi, düşünülməmiş, hərdən isə
qərəzli işıqlandırmaqla ziyan vurduğunu
xatırlatmışdır.
Müstəqil
inkişafın Azərbaycan cəmiyyəti xüsusi əhəmiyyət
daşıdığını, ölkə rəhbərliyi
üçün isə öncül istiqamət olduğunu deyən
baş konsul demişdir ki, Azərbaycan vətəndaşlarının
ölkənin müstəqilliyi uğrunda fədakarlığının
rəmzi 1990-cı il 20 Yanvar faciəsidir. SSRİ-nin
dağılması prosesi məhz 1990-cı ilin yanvarında
aşkar və dönməz xarakter almışdır. Diplomat
bildirmişdir ki, Avrasiya ölkələrinin çoxu öz
müstəqilliyini möhkəmləndirməyə
çalışdığı bir vaxtda Yerevanın təcavüzkar
etno-millətçilik yolu tutması nəticəsində Ermənistan,
əksinə, xarici qüvvələrdən
asılılığını dərinləşdirir. Xarici
hərbi bazaların uzunmüddətli əsasda Ermənistan ərazisində
yerləşməsi, eləcə də ölkənin iqtisadi
infrastrukturunun dəyər-dəyməzinə satılması
bunu təsdiq edir.
Azərbaycan diplomatının fikrincə, ötən əsrin 90-cı illərində ABŞ region ölkələri ilə tərəfdaşlıq münasibətləri qurmaq üçün məqsədyönlü siyasət yeritmişdir. Həmin dövrdə regionun inteqrasiyasında və enerji ixrac infrastrukturunun yaradılmasında xeyli tərəqqi əldə edilmişdir. Son vaxtlar Vaşinqtonun regiona münasibətdə bir qədər fəallaşmasına baxmayaraq, Amerika tərəfinin yanaşması dəqiq düşünülmüş strategiyanı hələ də əks etdirmir. Məsələn, ABŞ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin daha fəal iştirakçısı ola bilər və olmalıdır. Ermənistan tərəfinin günahı üzündən 20 ildən çox davam edən bu münaqişə bütün regionun gələcəyi üçün təhlükədir. Təcrübə göstərir ki, belə münaqişələrin həll olunmaması ABŞ-ın özünün mənafelərinə xeyli ziyan vura bilər. Üstəlik, daxili-siyasi fikir ayrılıqları üzündən Bakıya səfirin təyin olunmasında yaranmış fasilənin bir ildən çox çəkməsi fonunda ABŞ-ın regional strategiyasından danışmaq da çətindir. Düzdür, ABŞ Prezidenti Obamanın Senatdakı prosedurdan yan keçərək, Stanford Universitetinin və Fletçer adına Diplomatiya və Hüquq Mərkəzinin məzunu Mətyu Brayzəni səfir təyin etməsi nəticəsində vəziyyət bir qədər dəyişmişdir.
Enerji resurslarının dünya bazarlarına daşınması marşrutlarının şaxələndirilməsi siyasətinə Bakının sadiq qaldığını və Avropanın enerji təhlükəsizliyinə Azərbaycanın töhfəsini vurğulayan baş konsul avropalı tərəfdaşların bu istiqamətdə fəallaşacağına ümidvar olduğunu bildirmişdir. ATƏT-in bu yaxınlarda Astanada keçirilmiş zirvə görüşünə toxunan Azərbaycan diplomatı regionun vaxtı çatmış problemlərinin həllinə yaxınlaşmaq istiqamətində daha bir imkanın əldən verilməsindən təəssüfləndiyini bildirmişdir.
AzərTAc
Azərbaycan.- 2011.- 16 yanvar.- S. 3.