Milli elita problemi
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin "Zaman haqqında düşünərkən və elitanı transformasiya edərkən: varislik və innovasiyalılıq" adlı məqaləsi adət etdiyimiz "məqalə" məhdudiyyətinə sığışmır. Bu, müasir cəmiyyətin hərəkətverici qüvvəsinə istiqamət vermək mövqeyindən yazılmış monoqrafik tədqiqat əsəridir, fəlsəfi, elmi-nəzəri mahiyyəti ilə yanaşı, siyasi-təbliği əsərdir. Bunun bir əhəmiyyəti də ondan ibarətdir ki, dövlətçiliyimizin ideologiyasının istiqamətini müəyyənləşdirən dövlət adamı tərəfindən yazılmışdır.
Əsərdə müasir dünyanın, bəşəriyyətin, birinci növbədə isə, Azərbaycan dövlətinin qarşısında dayanan, bütün şüurlu insanların maraq dairəsində olan problemlər fonunda çox mühüm məsələlərdən söhbət açılır. Bu fəlsəfi ideya fonunda insan dayanır və qloballaşan dünyanın sükanı insanın əlindədir. Bu insan nə qədər kamil olarsa, XXI əsrin tələbləri səviyyəsində durarsa, cəmiyyət və cəmiyyətlər həqiqi təkamül yolu ilə inkişaf edər, azad, müstəqil həyatın əsası qurular. Bu mənada elita problemi meydana çıxır. Elita nədir? Elita cəmiyyətin hansı təbəqəsidir? Cəmiyyətin formalaşmasında elitanın rolu nədən ibarətdir? Elitanın özü necə yaranır? Akademik Ramiz Mehdiyev bu və bununla əlaqədar digər sualları elmi-fəlsəfi baxımdan cavablandırır, elita məfhumunu, milli Azərbaycan elitası anlayışını belə formalaşdırır: "Elita o şəxslərdir ki, onlar üçün Azərbaycan təkcə hamıya məlum olan "Odlar yurdu", doğulduğu yer, insana çörək və iş vermiş torpaq, dostların və qohumların olduğu məkan deyildir. Azərbaycan milli elitasının əksəriyyəti üçün bu, uğrunda hər kəsin hər şeyi qurban verməyə hazır olduğu müqəddəs anlayışdır".
Bu, nəzəri fikirdir. Bu o deməkdir ki, milli elita üçün insanın savad dərəcəsi, ictimai mövqeyi və digər bu kimi cəhətləri nə qədər əhəmiyyətli olsa da, onlar öz-özlüklərində kifayət deyil. İnsan bu bilik və bacarıqlarını xalqın, vətənin mənafeyinə yönəldirsə və bununla da cəmiyyətdə lazımlı şəxs kimi etiraf olunursa, elita keyfiyyəti qazanır. Bu gün respublikamızda elita probleminin söz-söhbətə çevrildiyi vaxta, elita anlayışına aydınlıq gətirmək lazım idi. Akademik Ramiz Mehdiyev heç kəsə cavab vermir və belə bir məqsəd də daşımır. Ancaq deyir ki, hər hansı bir məfhumun, eləcə də elitanın ümumi nəzəri anlayışını nəzərə almadan, onun məhəlli məsələləri haqqında fikir yürütmək o qədər faydalı olmur.
Elita tarixən ölkənin mərkəzi şəhərlərində formalaşmışdır. Bir zamanlar Azərbaycan elitası Təbriz şəhərində təmərküzləşmə prosesinə qədəm qoyurdu, bu mümkün olmadı, belə bir mövqe Tiflisdə formalaşmağa başladı, nəhayət, Bakı onun mərkəzi oldu. Bununla bərabər Gəncədə, Naxçıvanda, Şuşada güclü milli elita səviyyəsi özünü göstərirdi. Bütün bunlar tarixin gedişində, zamanın tələbi ilə meydana gəlirdi. Akademik Ramiz Mehdiyevin dediyi kimi, bu proses 1970-ci illərdən Heydər Əliyevin təşəbbüsü və təşkilatçılığı ilə dövlət əhəmiyyətli məsələ səviyyəsində həyata keçirilməyə başlandı, yeni, müasir keyfiyyət aldı, əhatə dairəsi, məzmunu genişləndi və indi ölkənin Prezidenti hörmətli İlham Əliyevin rəhbərliyi ilə davam etdirilir.
Mən filoloqam və dövlətin ideoloji fikrini istiqamətləndirən filosofun qaldırdığı nəzəri məsələləri, məqalədə izahını tapan və həyatımızda baş verən hadisələrin təhlili haqqındaki deyimləri qiymətləndirmək iqtidarından uzağam. Ancaq həyat təcrübəsi, 1988-ci ildən, az da olsa, ictimai-siyasi proseslərlə əlaqədar olan bir adam kimi, bəzi hadisələr haqqında söz demək istəyirəm.
Elita geniş anlayışdır. Elita mövqeyi qazanan insan vəzifəsinə, varına, dövlətinə görə sayılmır; şəxsi keyfiyyətinə görə hörmətli olur. İnsanın qəribə bir psixologiyası var. Əgər hər hansı bir şəxs haqqında fikri mənfidirsə, onun əsərini oxumaqda cətinlik cəkir. Mən həyatda belə hadisələrə çox rast gəlmişəm. Oxucu, birinci növbədə, müəllifin insanlar arasındakı şəxsi mövqeyinə görə onun əsərini oxumağa həvəs göstərir. Şəxsi keyfiyyət alimin, yazıçının ziyalılar arasında, ümumən, xalq arasında qiymətləndirilməsinə təsir göstərir. Götürün Səməd Vurğunu. Ona bu qədər yüksək ümumxalq məhəbbəti tək onda deyildi ki, o, böyük şair idi. Bir də ona görə idi ki, o, böyük şəxsiyyət idi. O, bir şəxsiyyət kimi sevimli idi. Onun şeirləri əzbərlənirdi, poemaları həvəslə oxunurdu, pyesləri səhnələrdən düşmürdü. Əlbəttə, birinci növbədə ona görə ki, bu əsərlər həqiqi sənət nümunələri idi. Bu, həqiqətdir. Ancaq bir də ona görə ki, o əsərlərin müəllifi xalqın diqqətində idi. Təsadüfi deyil ki, ölümündən sonra, hətta indi də Səməd Vurğun haqqında şeirlər yazılır, dastanlar qoşulur. Götürün dahi Hüseyn Cavidi. Azərbaycan tarixində, ümumən bəşər tarixində şəxsiyyət bütövlüyü anlamı haqqında düşünülürsə, çox azlar arasında Cavidin müqqədəs heykəli gözlərimiz önündə canlanır. 1937-ci bəlalı il xalqımızın taleyində qarayara kimi daima qövr eləyir. Bu dəhşətli il həm də insanları imtahana çəkdi, kimin kim olduğunu da göstərdi. İndi o dövrün sənədləri açıldıqca çox həqiqətlər meydana çıxır. İradə zəifliyindənmi, erməni cəlladlarının hədələrindənmi, başqa əzablara tab gətirə bilmədiklərinə görəmi sirr satanlar, adamları ələ verənlərlə bərabər (bəlkə də, bunları başa düşmək olar), xislətindəki satqınlıqlarına görə təmiz insanlara şər atanlar, əsl ziyalıları ləkələməyə çalışanlar da var idi. Lakin baxın, Cavid haqqında kiçik də olsa bir irad tutmaq olarmı? O illərin Cavid mərdliyi ziyalılar arasında xalq məsəlinə çevrilibdir. Bəlkə, elə buna görə düşmən də ona əl qaldırmamışdır. Ona görədir ki, Cavid sənəti də, Cavid özü də yaşayır, xalqımız onun sənətini yaşatdıqca, Cavid də yaşayacaq və daima yad ediləcəkdir.
Bir tarixi fakt da çox
şey deyir. Azərbaycan xalqının dahi oğlu,
ümummilli liderimiz Heydər Əliyevdə Cavidə və
Cavid sənətinə bu qədər dərin sevgi haradan gəlirdi?
Sovetin antimilli siyasətinin sərtliklə cövlan etdiyi bir
zamanda, 37-ci ilin "xalq düşməni"nin cənazəsini
minlərin, milyonların düşmən adı ilə məhv
olduğu Uzaq Sibir torpağından öz vətəninə gətirtmək
- bu qəhrəmanlıq nümunəsi yenə Cavid şəxsiyyətinə
məhəbbətdən irəli gəlirdi. Vətəninə,
xalqına, onun sənətinə və sənətkarına
münasibətdən irəli gəlirdi. Milli vətəndaşlıq
qürurundan və təəssübkeşliyindən irəli
gəlirdi. Bu, adi hadisə deyildi! Bunun böyük siyasi mənası
var idı. Bir qədər tünd desək, bu hərəkət
Sovetin etdiklərinə cavab idi, o zamanlar Sovet
İttifaqında, xüsusən milli respublikalarda heç kəs,
heç bir respublika lideri belə cəsarət edə bilməmişdir!
37-ci il həm də sınaq
ili oldu, dözüm və dözümsüzlük ili oldu. Sədaqət
və dönüklük ili oldu. Düşmən düşmən
idi. Bu illərin canlı şahidi olan görkəmli
tarixçi Əli Əliyev "Əlincə
yaddaşı" əsərində yazır ki, o dövrdə
51 Azərbaycan rayonunun 39-da DTK-nın şöbə rəisi
erməni idi. Bu erməni bandası Azərbaycanın ən
görkəmli adamlarının məhvinə
çalışırdı. Bununla əlaqədar idi ki, Azərbaycanda
həbs olunanların, öldürülənlərin sayı
müqayisədə daha çox idi. Bəli, düşmən
düşmənçiliyini edirdi. Əslində, bu, azərbaycanlıların
kütləvi qırğını idi. 1905-ci ildə də
belə olmuşdu, 1918-ci ildə də belə olmuşdu. Ancaq
xalqı içindən yeyənlər də az deyildi, milli
satqınlar da az deyildi. Erməni vəhşiliyinə qulluq edən
"azərbaycanlılar" da az deyildi.
İndiki nəsil bu hadisələrin
şahidi olmayıb, biz yaşlılar kitablar vasitəsilə
Akademik Ramiz Mehdiyevin
"siyasi elita" adlandırdığı bu adamlar,
başda Ə.Vəzirov olmaqla, hadisələrin gedişini
başa düşmür və ya başa düşmək istəmirdilər.
İş o yerə çatmışdı ki, onlar
örtülü, ya açıq; sözdə və ya əməldə
erməniləri müdafiə mövqeyində
dayanırdılar, ölkədən qaçan ermənilərin
qayıtmasını müsbət hadisə kimi qiymətləndirir,
belə qayıdışları sevinclə
qarşılayırdılar.
Ölkə isə
çalxalanırdı. Bakıda hakimiyyət davası gedir,
Qarabağda ümumi düşmənlə mübarizə əvəzinə
dəstələr davası gedirdi. Bu iki davanın nəticəsi
olaraq, rayonlar işğal olunur, insanlar ölür, evlər
talan edilirdi. Hakimiyyətlər bir-birini əvəz etsə də,
ölkə düzəlmirdi. Hərə öz işində
idi. Hakimiyyət o qədər alçalmaqda idi ki, "saman
çöpünə əl atırdı". Tarixən
ortaya atılan, lakin kara gəlməyən fitnələr
törədilirdi. İnsanlar arasına nifaq salmaq yoluna qədər
enmək halları olurdu. Nəinki mahal, bölgə
davaları gedirdi, kəndləri də ayırmağa can
atılırdı. İş o yerə gəldi ki, vətəndaş
müharibəsinin acı küləyi xalqın
başının üstünü almaq təhlükəsini gətirdi.
Hakimiyyət o qədər azğınlaşdı ki, öz
xalqını düşmən əli ilə susdurmaq istədi.
20 Yanvar hadisəsi baş verdi. Qanlı Yanvar! Ancaq xalqın
iradəsi qırılmadı, tökülən qanlar
xalqın mübarizə iradəsini daha da qüvvətləndirdi.
Elə bu vaxt bir hadisə Azərbaycan xalqına yeni bir
mübarizə ruhu və ümid verdi. Hamı, biz
hamımız Moskvada Azərbaycanın o zaman SSRİ-dəki səfirliyində
xalqımızın böyük oğlu Heydər Əliyevin
nitqini dinlədik. Xalq gördü ki, SSRİ-nin mərkəzində
oturub onun hakimiyyətini ittiham etmək olar, SSRİ-nin
başçısını, 20 Yanvar hadisəsini törədənləri
ifşa etmək olar. Heydər Əliyevin
çıxışı, hakim qüvvələrə meydan
oxuyan çıxışı adi insanlara, qabaqcıl ziyalılara
ümid çırağı yandırdı, xalq bildi ki, onun
lideri var, böyük havadarı var.
Heydər Əliyev Azərbaycanı
bu gündə qoyub, Moskvada qala bilməzdi. Xalqının
yanında olmalı idi. Bu hiss, bu duyğu, vətən və
xalq məhəbbəti onu Azərbaycana çəkirdi və
o, Bakıya gəldi. Gəldi və xalq tərəfindən hərarətlə,
nümayişkaranə qarşılandı. Bu o zamankı Azərbaycan
hakimiyyətini lərzəyə gətirdi. Lakin Heydər Əliyevə
hakimiyyət lazım deyildi. O, hakimiyyətin ən yüksək
pillələrini görmüşdü. Ona xalq lazım idi,
xalqın azadlığı lazım idi. Bakıda qalmadı.
Azərbaycanın ən təhlükəli bölgəsinə
- Naxçıvana getdi və oranı düşmən
hücumlarından qorudu. Təhlükə
qarşısında qalmaq baxımından, strateji cəhətdən
Naxçıvanın vəziyyəti Qarabağdakından dəfələrlə
çətin idi. Naxçıvanın, demək olar ki, mərkəzlə
(Azərbaycanın mərkəzi ilə) əlaqəsi yox idi.
Qarabağ belə deyildi. Belə olduğu halda, nə
üçün Naxçıvan qorunub saxlandı, bir
qarış torpağına da erməni ayağı dəymədi?!
Dağlıq Qarabağ vilayəti, üstəlik də Azərbaycanın
yeddi rayonu işğal edildi.
Bunun birinci və əsas səbəbi
Naxçıvanda Heydər Əliyev fenomeni, mərkəzdə
hakimiyyət davası idi. Qarabağda xalqı birləşdirə
bilən lider yox idi! İkincisi xalqın birliyi idi.
Naxçıvanda haradan erməni hücumu
başlanırdısa, bütün Naxçıvan
rayonlarının, kəndlərinin əli silah tutan və
tutmayan əhalisi ora axışırdı. Bütün
bunların nəticəsidir ki, Qarabağ
qaçqınlarının böyük qismi Azərbaycanın
şəhər və rayonlarında ağır vəziyyətdə
çadırlarda, vaqonlarda, yataqxanalarda yaşamalı
olmuşlar.
Ölkəmizin Prezidenti
hörmətli İlham Əliyev ümummilli lider Heydər Əliyevin
qaçqınlara qayğısını davam etdirərək
qaçqın qəsəbələri saldırır,
onları yaşayış üçün hər cür
şəraiti olan evlərə köçürür.
Şükürlər olsun ki, Prezidentimizin qayğısı nəticəsində
respublikamızda bir dənə də olsun çadır şəhərciyi
qalmamışdır.
Qayıdaq yenə 1980-ci illərin
sonu, 1990-cı illərin əvvəllərinə -
qanlı-qadalı illərə. Heydər Əliyevin heç
bir vəzifə sahibi olmayan şəxsiyyəti
naxçıvanlılar üçün dayaq idi. O zamanlar
Abbas Zamanovla mən Heydər Əliyevin görüşünə
getdik. O, bacısı qızının birmərtəbəli
həyət evində qalırdı. Adamlar onun ziyarətindən
doymur, bir-birinin ardınca görüşlərə
çağırırdılar. Heydər Əliyev bu sevginin,
bu məhəbbətin qarşısında bu
çağırışlardan imtina edə bilmirdi, həm də
doğma insanlarla görüşlər, ünsiyyət ona
xoş gəlirdi. O zaman Naxçıvan Muxtar Respublikası
Partiya Komitəsinin birinci katibi vəzifəsində işləyən
Cəlilov da tez-tez zəng edərək Heydər Əliyevin
halını soruşur, vəziyyətə nəzarət
edirdi. Onu deyək ki, yalnız naxçıvanlılar deyil, Azərbaycanın
başqa rayonlarından da kömək məqsədi ilə
Heydər Əliyevə müraciət edirdilər.
Naxçıvanlılar Heydər
Əliyevi Naxçıvan MR Ali Sovetinə və Azərbaycan
Respublikasının Ali Sovetinə deputat seçdilər. Heydər
Əliyev Naxçıvan MR Ali Sovetinin Sədri oldu və nələr
etmədi?! İnsanların siyasi birliyini yaratdı.
Respublikanın başının üstündə
dalğalanan üçrəngli bayrağa yeni həyat verdi,
31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəylik
Günü kimi müəyyənləşdirdi. Bu, qiymətləndirilməsi
mümkün olmayan bir tədbir idi ki, əsrlərlə
öz varlığını saxlayacaqdır. Müxtəlif
ölkələrə səpələnmiş, ölkəsindən,
vətənindən, xalqından xəbəri olmayan və ya
az xəbəri olan, dilini, adət-ənənəsini itirməkdə
olan azərbaycanlıları vətənə bağladı,
onlara dedi ki, harada yaşasan da, sənin doğma vətənin
var, azad ölkədə yaşayan xalqın var, qədim mədəniyyətin
var. Xaricdə Azərbaycan diasporları yarandı. Bunun nəticəsidir
ki, xaricdə yaşayan ermənilər əvvəlki kimi
özbaşınalıq edə bilmirlər, azərbaycanlıların
müqavimətlərinə tuş gəlirlər. Prezident
İlham Əliyev də bu ənənəni davam etdirir, hər
səfərində Azərbaycan diasporları ilə
görüşlər keçirir, onlara məsləhətlər
verir.
Yalnız Heydər Əliyev
bunu bacarardı ki, Naxçıvandan çıxan Sovet ordusu
silahını orada qoyub getdi. Yalnız Heydər Əliyev bacarardı
ki, ermənilərin qulağının dibində Araz
çayı üzərində Naxçıvanla Türkiyə
arasında körpü saldırdı - Ümid
körpüsü. Bunun böyük strateji, siyasi əhəmiyyəti
ilə bərabər, ciddi iqtisadi əhəmiyyəti də
var.
O zamankı Azərbaycan rəhbərliyi,
başda Mütəllibov olmaqla, iflasa doğru gedirdi. Elə bu
zamanlar Bakıda Heydər Əliyevi müdafiə komitələri
yaranırdı. Heydər Əliyevi hakimiyyətə dəvət
edən mitinqlər başladı. Hakimiyyət isə daha da
azğınlaşdı. Ziddiyyətlər kəskinləşdi.
Akademik Fərəməz Maqsudov başda olmaqla Azərbaycan
"Əlincə" Xeyriyyə Cəmiyyəti təşkil
olundu. Bu, əslində, siyasi cəmiyyət idi, məqsədi
Heydər Əliyevi müdafiə idi. Cəmiyyətin siyasi mətbuat
orqanı - "Səs" qəzeti nəşr olundu. "Səs"
qəzeti cəmiyyətin məramlarını
açıqlayır, mövcud hakimiyyətin hiylələrini
tənqid edirdi. Cəmiyyət və onun qəzeti ən
işıqlı ziyalıları ətrafına
toplamışdı. Hakimiyyət orqanları dəfələrlə
qəzetin redaksiyasına hücum edib
dağıtmışdılar. Hakimiyyətin Heydər Əliyev
əleyhinə yönəltdiyi hər bir hərəkət qəzetin
səhifələrində ifşa edilirdi. Hakimiyyətə
qulluq göstərənlərin Heydər Əliyev əleyhinə
təşkil etdiyi yazıların altındakı imzaların
çoxunun saxta olduğu cəmiyyətin ağsaqqalları tərəfindən
ifşa olundu. Heydər Əliyevə yönəldilən
yaş senzi məsələsinin də gizli niyyəti bu cəmiyyətdə
açıqlandı. "Səs" qəzeti indi də
öz mövqeyini saxlayır.
Qaraguruh qüvvələr
silahı yerə qoymur, fitnələrini davam etdirirdi. Heydər
Əliyevin deputat olmaqla Azərbaycan Ali Sovetində
çıxışı hakimiyyəti daha da sarsıtdı.
Gün keçdi, ay
keçdi, zaman dəyişdi. Təsadüfən iş
başına gələn və xalqın başına
olmazın oyunlar gətirən, respublikanın
torpaqlarının 20 faizinin düşmən tapdağına
düşməsinə, bir milyondan artıq vətəndaşın
qaçqın həyatına səbəb olan iqtidar iflasa
uğradı. Xalq, xüsusən ziyalılar ölkənin nicatı
üçün Heydər Əliyevə üz tutdular. Heydər
Əliyev xalqın təkidli çağırışına
səs verdi və onların harayına gəldi. Gəldi və
yeni hava gətirdi! Parçalanmaq və vətəndaş
müharibəsi ərəfəsində olan ölkəni
dardan qurtardı, onu müstəqil və sabit bir respublikaya
çevirdi. Bir sıra süni qadağalar aradan
qaldırıldı, demokratik idarə üsulu bərqərar
oldu.
Akademik Ramiz Mehdiyev haqlı olaraq vurğulayır ki, o zamankı iqtidara kor-koranə qulluq göstərən dönüklər indi ölkədən qaçıblar. Ancaq etiraf etmək lazımdır ki, onların tör-töküntüləri hələ də var. Söhbət açıq müxalifətdən getmir. Müxalifət müxalifətdir və onların məlum mübarizə yolu var. Bunu dövlət də bilir, xalq da bilir. Söhbət cildini dəyişənlərdən gedir, cildini dəyişib də düşmən cəbhəsində duranlardan gedir. Ədalət xatirinə demək lazımdır ki, o zamankı iqtidarın girdabına düşən adamların bir qismi, necə deyərlər, "silahı yerə qoyub, dini ifadə ilə desək, tövbə edib, təmiz qəlblə" işləməyə və yaşamağa başlayıblar. Onlar başqaları kimi, ölkədəki siyasi iqlimi, iqtisadi inkişafı, görülən böyük işləri başa düşür, özləri də bu işlərə kömək etmək istəyirlər.
Yazını ulu öndər Heydər Əliyevin bir fikri ilə bitirmək istəyirəm. İqtidara qarşı müxalifətdə durmaq olar. Bu, demokratik cəmiyyətdə normaldır. Xalqına, dövlətinə qarşı müxalifətçilik etmək isə yolverilməzdir. Azərbaycan sürətli inkişaf yolundadır. Xalqın elitası da, ziyalısı da, digər sahələrdə çalışan bütün insanlar da əl-ələ verib bu inkişafa dayaq durmalıdır.
Yusif SEYİDOV,
professor,
əməkdar elm xadimi
Azərbaycan.- 2011.- 16
yanvar.- S. 4.