Azərbaycan dini dözümlülüyün ən yüksək səviyyədə olduğu ölkələrdəndir

 

Hər bir xalqın özünəməxsusluğunu şərtləndirən amillər onun dövlətçilik ənənələri ilə yanaşı, həm də zəngin milli-mənəvi irsi, dini dəyərləri, qlobal planda maddi və mənəvi mədəniyyət nümunələri əsasında müəyyənləşir. Tarixən formalaşmış ənənələr, mental baxışlardan qaynaqlanan mənəvi-əxlaqi, dini dəyərlər hər bir etnosun milliliyinin, kamillik səviyyəsinin təcəssümü olmaqla yanaşı, həm də bəşər sivilizasiyasına dəyərli töhfədir. Milli kimliyi ifadə edən bu dəyərlər eyni zamanda hər bir xalqın mənəvi sərvəti, toxunulmaz xəzinəsi, özünütəsdiq faktıdır.

Sitayiş etdiyimiz islam dininin Azərbaycan insanının şüurunda kompleks halda, öz mahiyyətinə uyğun düzgün dərk edilməsini vacib sayan ümummilli lider ölkəmizdə islamşünaslıq elminin inkişafına böyük əhəmiyyət verirdi. Heydər Əliyev bütün ömrü boyu milli-mənəvi dəyərlərimizin qüdrətli hamişi olmuş və bu gün Azərbaycan xalqına aid yaxşı nə varsa, o dəyərlərin mühafizəsi ümummilli liderimizin əməyinin bəhrəsidir. Bu siyasətin layiqli davamçısı Prezident İlham Əliyev də ölkəmizdə mill-mənəvi dəyərlərin qorunması istiqamətində mühüm işlər həyata keçirmişdir. Prezident İlham Əliyevin həyata keçirdiyi strateji inkişaf kursunun uğurları sayəsində Azərbaycan iqtisadi inkişafa görə dünyada lider dövlətə çevrilmiş, beynəlxalq siyasi münasibətlər sistemində mövqelərini daha da möhkəmləndirmişdir. Bütün bunlar ulu öndərimizin mənəvi irsinin layiqincə davam etdirildiyini, Azərbaycan xalqının öz seçimində yanılmadığını, müstəqil dövlətimizin taleyinin etibarlı əllərdə olduğunu təsdiqləyir.

Xalqlararası və mədəniyyətlərarası dialoqu inkişaf etdirmək, ona dəstək vermək, bütün insanların gələcəyi naminə mədəniyyətlərin və dinlərin qarşılıqlı dialoquna nail olmaq bu gün də dövlət siyasətinin mühüm tərkib hissəsidir. Dövlətimizin başçısı İlham Əliyevin milli mədəniyyətin və dini dəyərlərin qorunması, inkişaf etdirilərək gənc nəsillərə çatdırılması ilə bağlı siyasəti müasir dövrün reallıqları ilə şərtlənir. Ölkə başçısı bu qənaətdədir ki, müasir dünyada qloballaşma proseslərinin nəticəsi kimi ortaya çıxan sivilizasiyalararası toqquşma və ziddiyyətlər hər bir xalqın dini dəyərlərinin qorunması məsələsini çağdaş zamanın aktual məsələlərindən birinə çevirmişdir. Dövlət başçısı total mədəniyyətin mütərəqqi cəhətlərinin mənimsənilməsi tərəfdarı kimi çıxış etməklə yanaşı, xalqın özünəməxsusluğunu şərtləndirən milli və dini dəyərlərin qorunmasını da vacib məsələ kimi önə çəkir.

Prezident İlham Əliyev son 7 ildə tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin dirçəldilməsi, xüsusən də dini ziyarətgahların əsaslı təmiri və yenidənqurulması işlərinə də xüsusi diqqət ayırmışdır. Azərbaycan Prezidentinin islam mədəniyyəti nümunələri olan tarixi-memarlıq abidələrinin, məscidlərin, ziyarətgahların, müqəddəs dini sitayiş və inanc yerlərinin təmiri, bərpası ilə bağlı xüsusi sərəncamlar imzalaması və bu işi şəxsi nəzarətinə götürməsi deyilənləri bir daha təsdiqləyir.

Dövlət başçısının cəmiyyətin mühüm təbəqəsi olan dindarlarla mütəmadi görüşləri, onların mənəvi ehtiyaclarına həssaslıqla yanaşması, dini bayram və mərasimlərdə iştirak etməsi xalq arasında böyük razılıq və minnətdarlıqla qarşılanır, cəmiyyətdə etnik-dini dözümlülüyün təbliğində və təşviqində mühüm stimul rolunu oynayır. Dövlətin bu sahəyə diqqət və qayğısı Azərbaycandakı bütün mövcud milli-etnik qrupları, dini-mənəvi təşkilatları əhatə edir. Bu gün Azərbaycanda dünya dinləri ənənəvi olaraq qarşılıqlı etimad və əmin-amanlıq şəraitində fəaliyyət göstərir, yüzlərlə islam və qeyri-islam dini icmaları öz etiqadlarını azad və sərbəst şəkildə icra edirlər. Son illərdə ölkədə 500-dən artıq dini icmanın dövlət qeydiyyatından keçməsi də tolerantlığın bariz təcəssümü sayıla bilər.

Azərbaycanın dini-etnik sivilizasiyaların qovuşduğu məkan kimi tanınmasında Heydər Əliyev Fondu da yaxından iştirak edir. Son illər fondun səyləri ilə Azərbaycanla İslam Konfransı Təşkilatı ölkələri arasında humanitar və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. İKT-nin 2009-cu ildə Bakını "İslam mədəniyyətinin paytaxtı" elan etməsi də humanitar sahədə ikitərəfli əməkdaşlığın yüksək səviyyədə qurulduğunu göstərir. Respublikamızın müsəlman dövləti kimi islam dəyərlərinə hörmətlə yanaşması, eyni zamanda tarixi ənənələrini qoruyub saxlaması bu əməkdaşlıq üçün ciddi zəmin yaradır.

Bakıda 2009-cu il noyabrın 6-7-də "Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru" mövzusunda keçirilən beynəlxalq konfrans da Azərbaycanın dinlərarası dialoqun inkişafına böyük töhfələr verdiyini bir daha təsdiqlədi. Prezident İlham Əliyev bildirmişdir: "Azərbaycan əsrlər boyu dinlərarası münasibətlərin inkişafında öz rolunu oynamışdır. İctimai-siyasi quruluşundan asılı olmayaraq, bütün dövrlərdə Azərbaycanda dini və milli dözümlülük, tolerantlıq çox yüksək səviyyədə olub. Bu, Azərbaycan xalqının duyğularıdır, eyni zamanda, müstəqil Azərbaycan dövlətinin siyasətidir və Azərbaycanda fəaliyyət göstərən dini qurumların əməyinin praktiki nəticəsidir.

Bu, doğrudan da, hesab edirəm ki, dünyada çox nadir hallarda rast gəlinən bir fenomendir. Azərbaycanda bütün millətlər bir ailə kimi yaşayır. Heç vaxt Azərbaycanda nə milli, nə dini zəmində heç bir münaqişə və qarışıdurma olmamışdır və əminəm ki, olmayacaqdır. Azərbaycanda bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar, Azərbaycanın inkişafı üçün fəal çalışırlar. Onlar Azərbaycanın layiqli və dəyərli vətəndaşları kimi ölkəmizin hərtərəfli inkişafına öz töhfələrini verirlər".

Təəssüflər olsun ki, yaradılmış əlverişli şəraitdən sui-istifadə edən bir sıra yerli radikal dindarlar xarici dairələrin dəstəyi və təhriki ilə dini sabitliyi pozmaq, ölkəni dinlərarası ziddiyyətlər meydanına çevirmək istəyir, Azərbaycanı sivil, demokratik inkişaf yolundan döndərmək məqsədilə əməli tədbirlər həyata keçirməyə cəhd göstərirlər.

Yanvarın 8-də rəsmi dövlət qeydiyyatı olmayan Azərbaycan İslam Partiyasının sədri Mövsum Səmədovun Quba rayonunda yaşayan əmisi oğlu Dəyanət Səmədova iğtişaşlar törətmək, ictimai təhlükəsizliyi pozmaq, insanları cihada təhrik etmək barədə tapşırıqlar verməsi ilə bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Dəyanət Səmədovun evinə və işlədiyi elektrik malları mağazasına baxış zamanı seyfin altından 3 əl qumbarası, habelə yaşadığı evdən 7 avtomat patronu və içərisində dini radikalizmi təbliğ edən məlumatların olduğu elektron daşıyıcılar aşkarlanıb götürülmüşdür.

Dəyanət və Mərdan Səmədovlar şübhəli şəxs qismində saxlanılmış, faktla əlaqədar Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə və saxlama) maddəsi ilə cinayət işi açılmış və istintaqa başlanmışdır.

Yanvarın 11-də Dəyanət Səmədovun və onun qaynı Firdovsi Məmmədrzayevin Quba şəhərində yaşadıqları ünvanlarda axtarış keçirilmişdir. Dəyanət Səmədovun yaşadığı mənzildə və həyətindəki yardımçı tikililərdə 2 ədəd "Kalaşnikov" avtomatı, 60 ədəd avtomat patronu, 20 ədəd "F-1" əl qumbarası və onlar üçün alışdırıcılar, avtomat silah üçün 4 ədəd daraq tapılmışdır. Firdovsi Məmmədrzayevin evindən və həyətindəki istixanadan isə 10 ədəd "F-1" əl qumbarası və onlar üçün alışdırıcılar, 40 ədəd avtomat patronu və avtomat silah üçün 1 ədəd daraq aşkar edilib götürülmüşdür.

Azərbaycan hüquq-mühafizə orqanları sayıqlıq nümayiş etdirmiş, radikal dindarların və onların xarici havadarlarının cinayətkar əməllərini ifşa etmiş və müvafiq tədbirlər həyata keçirmişlər.

Radikal dindarların əsas məqsədi Azərbaycanı sivil, demokratik inkişaf yolundan döndərmək, şəriət qanunlarını tətbiq etmək, bəzi ölkələr kimi, Azərbaycanda dindar, teokratik cəmiyyət qurmaq, ölkəmizi qeyri-sabitlik nümunəsinə çevirməkdir. Onlar dini ekstremizm fəaliyyətindən çəkinmir, açıq radikal çıxışlar edir, özlərinə tərəfdar toplamağa çalışır, "dindar", "mömin" pərdəsi altında dünyagörüşü hələ tam formalaşmamış gənclərdən, sıravi vətəndaşlardan sui-istifadə edir, onları dövlətə qarşı yönəltmək istəyirlər.

Ölkəmiz hüquqi, demokratik inkişaf yolu ilə sürətlə irəliləməkdədir. Azərbaycanda bütün xalqlar, dinlərin nümayəndləri bir ailə kimi yaşayır və ölkənin inkişafı üçün fəal çalışırlar. Azərbaycan rəhbərliyi heç bir vaxt ölkədə milli, dini zəmində münaqişə və qarşıdurmanın olmasına, hər hansı dini qrupların, onların xarici havadarlarının sabitliyi pozmaq cəhdlərinə imkan verməyəcəkdir.

 

 

E.HACIALIYEV

 

Azərbaycan.- 2011.- 16 yanvar.- S. 4.