Azərbaycan Prezidenti İlham Əliyevin Latviya Seyminin sədri xanım Solvita Aboltina ilə görüşü

 

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 17-də Riqada Latviya Seyminin sədri xanım Solvita Aboltina ilə görüşmüşdür.

Latviya parlamentinin rəhbəri dövlətimizin başçısına qanunvericilik orqanının binası, strukturu və fəaliyyəti barədə ətraflı məlumat verdi. Daha sonra keçirilən görüşdə Latviya Seyminin sədri bildirdi ki, onun ölkəsi Azərbaycan ilə parlamentlərarası əlaqələrin inkişafına böyük önəm verir.

Seymdə Azərbaycan ilə dostluq qrupunun fəaliyyət göstərdiyini xatırladan sədr Solvita Aboltina Latviyanın Azərbaycan ilə parlamentlərarası əlaqələrin genişlənməsində maraqlı olduğunu vurğuladı. Gələcəkdə bu əməkdaşlığın möhkəmlənəcəyinə əminliyini bildirdi.

Prezident İlham Əliyev Azərbaycan ilə Latviya arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini dedi. Dövlətimizin başçısı parlamentlərarası əlaqələrin inkişafının ölkələrimiz arasında ikitərəfli münasibətlərimizə böyük töhfə verdiyini vurğuladı.

Azərbaycan Prezidenti ölkələrimiz arasında əlaqələrin, o cümlədən parlamentlərarası əməkdaşlığın genişlənəcəyinə əminlik ifadə etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 18 yanvar.- S. 2.