Azərbaycan-Latviya biznes forumu
Yanvarın 17-də Riqada Azərbaycan-Latviya
biznes forumu keçirilmişdir.
Azərbaycan Prezidenti
İlham Əliyev və Latviya Prezidenti Valdis Zatlers biznes forumda
iştirak etmişlər.
Forum
iştirakçıları Azərbaycanın və
Latviyanın dövlət başçılarını hərarətlə
qarşıladılar.
Biznes forumda hər iki ölkədən
200 iş adamı iştirak etmişdir. Forumun əsas məqsədi
sahibkarlar arasında iqtisadiyyatın müxtəlif sahələrində
səmərəli əməkdaşlığın
qurulması və mövcud iqtisadi potensialdan yararlanaraq ticarət
dövriyyəsini hər iki ölkəni qane edən səviyyəyə
çatdırmaqdır.
Prezidentlər biznes forumda
çıxış etdilər.
Latviya dövlətinin
başçısı bildirdi ki, bundan əvvəl
keçirilmiş biznes forumlar zamanı ölkələrimiz
arasında səmərəli əlaqələr qurulmuşdur.
Bunun nəticəsində müxtəlif layihələr həyata
keçirilmişdir. Bu qarşılıqlı faydalı
işbirliyinin səmərəli siyasi əməkdaşlıqdan
qaynaqlandığını vurğulayan Valdis Zatlers qeyd etdi
ki, bunun üçün müvafiq qanunvericilik bazası da
hazırlanmışdır.
Prezident İlham Əliyevin
Latviyaya səfərinin ölkələrimiz arasında
münasibətlərin genişləndirilməsinin təzahürü
olduğunu vurğulayan Valdis Zatlers dedi ki, bu səfər
çərçivəsində dövlət
başçılarının imzaladığı bəyannamə
əsasında əməkdaşlığımız daha da
inkişaf edəcəkdir.
Ölkələrimiz
arasında əlaqələrin müxtəlif sahələrdə,
xüsusilə İKT sahəsində inkişaf etdiyini bildirən
Latviya Prezidenti mədəni mübadilənin də genişləndiyini
dedi.
Sonra Azərbaycan Prezidenti
İlham Əliyev biznes forumda çıxış etdi.
Dövlətimizin
başçısı tədbirin əhəmiyyətini
vurğulayaraq artıq Latviya-Azərbaycan biznes
forumlarının ənənəvi xarakter
daşıdığını dedi. Ölkələrimiz
arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi
üçün geniş potensialın olduğunu deyən
Prezident İlham Əliyev bildirdi ki, bugünkü siyasi əlaqələr
və Azərbaycan ilə Latviya arasında olan əməkdaşlıq
meyilləri biznes sahəsində inkişafa da gözəl
şərait yaradır. Riqada hər iki ölkə prezidentlərinin
imzaladığı bəyannamənin əhəmiyyətini
vurğulayan dövlətimizin başçısı bu sənədin
gələcək əməkdaşlığın perspektivlərini
müəyyən etdiyini dedi.
Azərbaycanın iqtisadi
inkişafı barədə danışan Prezident İlham Əliyev
son 7 ildə ölkəmizdə ÜDM-in təxminən 3 dəfə
artdığını, yoxsulluğun 4-5 dəfə
azaldığını, 900 mindən artıq iş yerinin
açıldığını, təkcə ötən il
15,5 milyard dollar məbləğində investisiya qoyulduğunu
bildirdi. Azərbaycanda çox əlverişli investisiya
mühitinin olduğunu deyən dövlətimizin
başçısı bu gün ölkə
iqtisadiyyatının şaxələndirilməsi
üçün səylər göstərildiyini bildirdi.
Azərbaycanda geniş modernləşdirmə
prosesinin getdiyini xatırladan Prezident İlham Əliyev ölkəmizin
də xaricdə investisiyalar qoyduğunu dedi.
Bu günlərdə Avropa
Komissiyasının sədri Xose Manuel Barrozunun Bakıya səfəri
zamanı Avropa İttifaqı ilə ölkəmiz arasında
energetika sahəsinə dair mühüm sənədin
imzalandığını bildirən Prezident İlham Əliyev
qeyd etdi ki, Latviya Azərbaycanın Avropa İttifaqı ilə
əlaqələrinə öz töhfəsini verir.
Xəzər dənizi
hövzəsi ölkələrinin Baltikyanı dövlətlərlə
ənənəvi əlaqələrinin inkişafında nəqliyyat
layihələrinin əhəmiyyətinə toxunan Prezident
İlham Əliyev bu baxımdan Bakı-Tbilisi-Qars dəmir
yolunun tikintisini xüsusi qeyd etdi.
Dövlətimizin
başçısı biznes forumun gələcəkdə
uğurlu nəticələr verəcəyinə əmin
olduğunu dedi.
Tədbirdə Azərbaycan
ilə Latviya arasında biznes və investisiyalar sahəsində
əməkdaşlığa dair birgə sənədlər
imzalandı.
Biznes forumda Azərbaycanın
və Latviyanın iqtisadi inkişafı, investisiya imkanları
və əməkdaşlıq potensialı barədə ətraflı
məlumat verildi, müxtəlif layihələrin təqdimatları
keçirildi.
Azərbaycan və Latviya
prezidentləri tədbir çərçivəsində təşkil
edilmiş sərgi ilə
Azərbaycan.- 2011.-18
yanvar.- S. 2, 3.