Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Riqada "Saule" Sosial İnkişaf Mərkəzində olmuşdur

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva yanvarın 17-də Riqada "Saule" Sosial İnkişaf Mərkəzində olmuşdur.

Mehriban xanıma məlumat verildi ki, 1995-cü ildə beynəlxalq donorlar tərəfindən təsis olunmuş bu qeyri-hökumət təşkilatının məqsədi əqli cəhətdən zəif insanların öz imkanları daxilində cəmiyyətə maksimum inteqrasiya olunmasına yardım göstərməkdir. Mərkəzin qayğısı ilə əhatə olunan insanların əl işləri beynəlxalq sərgilərdə nümayiş edilir. Təşkilat həm də vətəndaş cəmiyyətinin qurulmasında yaxından iştirak edir. Beynəlxalq əməkdaşlıq çərçivəsində "Saule" Sosial İnkişaf Mərkəzi gənclərin beynəlxalq mübadilə layihələrində yaxından iştirak edir, müxtəlif təlim-tədris proqramlarını həyata keçirir.

Azərbaycanın birinci xanımına mərkəzin reallaşdırdığı müxtəlif xeyirxah layihələr barədə də məlumat verilmişdir.

Mehriban xanım mərkəzlə yaxından tanış olmuş, burada yaradıcılıqla məşğul olanların əl işlərinə baxmışdır.

Sonra Azərbaycanın birinci xanımı mərkəzin üzvlərinin ifasında konsert proqramına tamaşa etmişdir.

Mehriban xanım Əliyeva və Latviyanın birinci xanımı Lilita Zatlere mərkəzin üzvləri ilə xatirə şəkli çəkdirmişlər.

Azərbaycanın və Latviyanın birinci xanımlarına hədiyyələr təqdim olunmuşdur.

Heydər Əliyev Fondunun adından "Saule" Sosial İnkişaf Mərkəzinə noutbuklar təqdim edilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 18 yanvar.- S. 3.