İnkişafın Azərbaycan modeli:sosialyönümlü siyasət prioritetdir

 

Nərimanov rayonunda keçirilən "dəyirmi masa"da Azərbaycanın milli iqtisadi inkişaf modelində sosialyönümlü siyasətin mühüm yer tutduğu bir daha real təsdiqini tapdı

 

Azərbaycanın uğurlu inkişaf göstəricilərindən ən mühümü əhalinin sosial rifah halının yüksəldilməsi istiqamətində həyata keçirilən sistemli və ardıcıl tədbirlərdir. Hökumətin sosial məsələlərə xüsusi diqqət yetirməsi ilk növbədə respublikanın 70 il sosializm sistemində yaşaması ilə səciyyələnir. Məlumdur ki, uzun illər bu sistemdə - mərkəzləşdirilmiş iqtisadiyyat şəraitində maddi yaşayışını təmin edən vətəndaşların müəyyən qisminin bazar iqtisadiyyatı prinsiplərinə uyğunlaşması nisbətən çətin və mürəkkəb prosesdir. İctimai-iqtisadi formasiya dəyişkənliyini başa vurmuş bütün postsosialist dövlətlərində olduğu kimi, Azərbaycanda da vətəndaşların köklü iqtisadi islahatlara mənəvi-psixoloji baxımdan adaptasiyası hələ də özünü problem kimi göstərir. Bu prizmadan keçmiş SSRİ respublikalarında, o cümlədən Azərbaycanda əhalinin sosial problemlərinin diqqət mərkəzində saxlanılması son dərəcə vacibdir.

Sosial-iqtisadi hüquqların müdafiəsi sahəsində dövlətin başlıca vəzifəsi mütərəqqi iqtisadi və sosial islahatları həyata keçirmək, iqtisadi inkişaf prosesində hər bir vətəndaşın iştirakını təmin etmək, mövcud potensialdan hər bir fərdin bacarıq və qabiliyyətinə görə ədalətli şəkildə yararlanmasına şərait yaratmaqdır. Dövlətin vətəndaşlarının həyati tələbatlarının ödənilməsinə göstərdiyi qayğı isə özünü bilavasitə sosial təminat sistemində büruzə verir. Başqa sözlə, Azərbaycanda uğurla gerçəkləşdirilən sosial təminat tədbirləri insanların həyati tələbatlarının ən azı minimum səviyyədə ödənilməsinə xidmət edir. Bu da təsadüfi deyildir ki, sosialyönümlülük Azərbaycanın milli iqtisadi inkişaf modelini səciyyələndirən başlıca xüsusiyyətlərdən sayılır.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin ideya müəllifliyi və ön sözü ilə çapdan çıxmış "İnkişafın Azərbaycan modeli" əsərində respublikamızda sosial müdafiə və sosial təminat mexanizmlərinin nədən ibarət olması səhih şəkildə göstərilmişdir. Kifayət qədər ciddi araşdırmaların nəticəsi kimi ərsəyə gəlmiş bu sanballı əsərlə tanışlıq bir daha təsdiqləyir ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosialyönümlü iqtisadi siyasət insan amilini nəzərdə tutan liberal bazar iqtisadiyyatı xəttini əsas götürür.

"Azərbaycan" qəzetinin təşəbbüsü əsasında Nərimanov rayonunda keçirilən "dəyirmi masa"da inkişafın Azərbaycan modeli ətrafında faydalı müzakirələr aparılmış, sosial sahədə həyata keçirilən tədbirlərdən geniş söhbət açılmışdır. Tədbirdə Milli Məclisin deputatları, rayonun rəhbər şəxsləri, habelə ayrı-ayrı strukturların rəhbərləri, iş adamları iştirak etmişlər.

 

"Dəyirmi masa" giriş sözü ilə açan Milli Məclisin deputatı, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar SADIQOV dedi:

- Hörmətli "dəyirmi masa" iştirakçıları!

Bu gün nüfuzlu maliyyə təşkilatları, beynəlxalq qurumlar da açıq etiraf edirlər ki, Azərbaycan inkişaf etmiş dövlətlərin onilliklər boyu keçdiyi inkişaf mərhələlərini bir neçə ildə sürətlə geridə qoyub. Ötən əsrin 90-cı illərinin əvvəllərində iqtisadiyyatı tamamilə dağılan, sosial-iqtisadi, siyasi sahədə ciddi problemlərlə üzləşən Azərbaycan bu gün dünyanın ən sürətlə inkişaf edən dövlətlərindən biri kimi tanınır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev hələ Bakı Dövlət Universitetinin 2008-ci ilin noyabrında keçirilmiş 90 illik yubileyindəki dərin məzmunlu çıxışında bəyan etdi ki, Azərbaycanda iqtisadi sahədə keçid dövrü başa çatıb. Şübhəsiz, respublikamızın MDB məkanında bu prosesi başa çatdıraraq inkişafının yeni hədəflərinə doğru irəliləyən ilk ölkə olması məhz ulu öndər Heydər Əliyevin böyük müdrikliklə müəyyənləşdirdiyi inkişaf strategiyasının nəticəsidir.

Ümummilli lider Heydər Əliyev 1993-cü ilin iyununda xalqın istəyi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra milli dövlətçilik təfəkkürü ilə uzlaşan, hər bir mərhələ üçün konkret fəaliyyət prioritetləri, taktiki və strateji hədəfləri olan milli inkişaf strategiyası hazırladı və sosialyönümlü bazar iqtisadiyyatı yolunun Azərbaycan üçün prioritet olduğunu böyük müdrikliklə müəyyənləşdirdi. 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması ilə dünyanın aparıcı neft şirkətlərinin Xəzər dənizində külli miqdarda investisiya yatırması Azərbaycana həm də ən müasir innovasiya və informasiya texnologiyalarını gətirdi.

1996-2003-cü illərdə iqtisadiyyatın müxtəlif sahələrində uğurlu islahatlar aparıldı. Bazar iqtisadiyyatı prinsiplərini bərqərar edən qanunlar qəbul olundu, struktur islahatları aparıldı. Torpaq əsl sahibinə - kəndliyə qaytarıldı. Ölkədə özəlləşdirmə prosesi uğurla başa çatdı, orta sahibkarlar sinfi formalaşdı, ümumi daxili məhsul ildən-ilə artmağa başladı. Bütün bunlarla paralel dövlət öz vətəndaşlarının sosial problemlərinin həlli istiqamətində də inamlı addımlar atdı.

2003-cü ildən bu siyasəti yeni dövrün gerçəkliklərinə uyğun davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev ötən 7 ildə Azərbaycanın dinamik inkişafı üçün bütün tədbirləri uğurla həyata keçirdi. Əvvəllər formalaşdırılmış möhkəm iqtisadi təməl üzərində yeni inkişafyönümlü proqramlar, fərmanlar imzalandı. Dövlət başçısı regional inkişafa xidmət edən kompleks tədbirlərə geniş yer ayırdı, onların icrasını daim diqqət mərkəzində saxladı. İnsan amilini dönmədən rəhbər tutan Prezident İlham Əliyev sosial infrastruktur layihələrinin reallaşdırılmasına da xüsusi diqqət yetirir. Uzağa getməyək, ötən ilin dekabrında Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi ölkədə insan amilinə necə həssas münasibətin olduğunu bir daha təsdiqləyir.

Ölkəmizin iqtisadi imkanları artdıqca sosial müdafiəyə ehtiyacı olan insanlara daha diqqətlə yanaşılır. Əhalinin sosial tələbatının ödənilməsi, bir növ, cəmiyyətin mənəvi göstəricisinə çevrilir. Dövlət başçısı cənab İlham Əliyev hər bir azərbaycanlının normal yaşayışı üçün kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsini, zəruri infrastruktur layihələrinin gerçəkləşdirilməsini, ilk növbədə əhalinin fasiləsiz elektrik enerjisi, təbii qaz, içməli su ilə təminatını, yolların bərpası və yenidən çəkilişini, zəruri abadlıq işlərinin aparılmasını dövlətin başlıca vəzifəsi sayır.

Xatırlatmaq lazımdır ki, 2009-cu il martın 18-də keçirilmiş ümumxalq referendumu ilə Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə edilmiş bir sıra mütərəqqi əlavələr də Azərbaycanda hər bir vətəndaşın normal yaşayış səviyyəsinin, sosial rifah halının yüksəldilməsi, firavan yaşayışının təmini yönümündə həyata keçirilən tədbirlərin mahiyyətindən irəli gəlirdi. Həmin maddəyə edilmiş dəyişikliyə görə, insan və vətəndaş hüquq azadlıqları ilə yanaşı, "Azərbaycan Respublikasının vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi" dövlətin ali məqsədləri sırasına daxil edildi. Azərbaycan dövləti insan hüquq və azadlıqlarının yüksək səviyyədə müdafiəsi ilə öz vəzifəsini qətiyyən məhdudlaşdırmır, eyni zamanda hər kəsin layiqli həyat səviyyəsinin təmin olunmasını da ciddi öhdəlik kimi üzərinə götürür.

Ümumiyyətlə, ötən illərin reallıqları Azərbaycanda sosialyönümlü bazar iqtisadiyyatı modelinin formalaşdığını təsdiqləyir. Məsələn, ötən 7 ildə Azərbaycanda həyata keçirilən ən ciddi sosial layihələrdən biri də aztəminatlı vətəndaşlara ünvanlı sosial yardımları nəzərdə tutan xüsusi dövlət proqramının icrasıdır. Ünvanlı sosial yardım sisteminin tətbiqi üçün ilkin tədbir kimi qanunvericilik bazası formalaşdırılıb. Milli Məclisdə "Ünvanlı sosial yardım haqqında" Azərbaycan Respublikasının Qanunu hazırlanaraq qəbul olunub. Hazırda uğurla icra edilən bu proqram təxminən 550 minədək insanı əhatə edir.

Ölkədə uğurla gerçəkləşdirilən sosial təminat tədbirləri insanların həyati tələbatlarının ən azı minimum səviyyədə ödənilməsinə xidmət edir. Bu mənada, tarixə çevrilmiş 2010-cu ilin də fəal sosial siyasət ili olduğunu əminliklə söyləmək olar. Ötən ilin sentyabr-oktyabr aylarında Azərbaycan Respublikası Prezidentinin imzaladığı silsilə sərəncamlarla 1,3 milyon nəfərdən artıq pensiyaçının baza pensiyalarının 13 faizlik artımı həyata keçirilib. Dövlət büdcəsindən maliyyələşən 800 min nəfərə yaxın təhsil, elm, səhiyyə, mədəniyyət, kənd təsərrüfatı və s. sahələrdə çalışanların aylıq vəzifə maaşları artırılıb. Ölkəmizin sosialyönümlü iqtisadi siyasətinin ən parlaq göstəricilərindən biri də ötən 7 ildə 900 mindən artıq yeni iş yerinin açılması, işsizlik probleminin əhəmiyyətli dərəcədə aradan qalxması, habelə yoxsulluq həddinin 49 faizdən 9,1 faizə enməsidir.

Bütün bunlar bir daha göstərir ki, Azərbaycanda ümumdünya prosesləri ilə uzlaşan, xarici ölkələrin təcrübəsini nəzərə alaraq onları yerli şəraitə uyğunlaşdıran özünəməxsus milli inkişaf modeli formalaşıb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, həqiqi dövlət müşaviri akademik Ramiz Mehdiyevin ideya müəllifliyi və ön sözü ilə işıq üzü görən "İnkişafın Azərbaycan modeli" kitabı bu baxımdan yüksək nəzəri və praktik əhəmiyyəti ilə diqqət çəkir. Əsərdə respublikamızın ötən 17 ildə keçdiyi tərəqqi yoluna nəzər salınır, milli inkişaf modelinin səciyyəvi xüsusiyyətləri göstərilir. "İnkişafın Azərbaycan modeli" kitabı həm də diskussiyalar, "dəyirmi masa"lar, təhlillər üçün münbit əsas yaradır.

Bugünkü "dəyirmi masa"nın Nərimanov rayonunda keçirilməsi də təsadüfi deyildir. Bakının mühüm mərkəzlərindən sayılan bu rayonda son illər aparılan genişmiqyaslı tədbirlər məhz dövlətin sosialyönümlü inkişaf strategiyasından qaynaqlanır. Nərimanov rayonu sakinlərinin sosial problemlərinin həlli, təhsil, səhiyyə, istirahət hüququnun səmərəli təşkili üçün lazımi tədbirlər görülür.

Bütün bunlar barədə ətraflı danışmaq üçün söz Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin FƏRZƏLİYEVə verilir.

 

 Abdin FƏRZƏLİYEV:

- İlin əvvəli, adətən, iki mühüm məqamla diqqət çəkir: bir tərəfdən hesabat ilinə yekun vurulur, digər tərəfdənsə yeni xoş məqsəd və niyyətlər hədəflənir. Keçmiş uğurlar, bir qayda olaraq, gələcəyin daha böyük nailiyyətləri üçün möhkəm təmələ, bünövrəyə çevrilir. Bu cür qiymətləndirmə həm də ötən dövrün uğur və çatışmazlıqlarından obyektiv nəticə çıxarmaq, perspektiv fəaliyyət istiqamətlərini dürüst müəyyənləşdirmək üçün mükəmməl imkanlar açır. Nəhayət, idarəçilikdə hesabatlılıq ənənəsi şəffaflığın, səmərəliliyin, məqsədyönlülüyün bariz təcəssümü kimi vətəndaşlarda dövlətin icra strukturlarına inam və etimadını gücləndirir.

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqa müraciəti müstəqil respublikamızın 2010-cu ildə də uğurla inkişaf etdiyini, qarşıya qoyduğu hədəflərə doğru inamla irəlilədiyini göstərdi. Bir daha təsdiqləndi ki, davamlı və tarazlı inkişafı stimullaşdıran dövlət proqramlarının, sosial həyatın bütün sahələrini əhatə edən fərman və sərəncamların nəticəsi kimi respublikamız dünyanın sürətli inkişaf yolunda olan, qlobal maliyyə-iqtisadi böhrana qətiyyətlə sinə gərən dövlətlərin sırasına yüksəlib. Ümumilikdə son illər Azərbaycan üçün bütün sahələrdə uğurlu olub, ölkənin strateji valyuta ehtiyatları artıb, sosial infrastruktur layihələri inamla həyata keçirilib.

Əlbəttə, konkret rəqəmlər üzərində dayanıb əldə olunan göstəricilərdən saatlarla bəhs etmək olar. Ümumi şəkildə ifadə etsək, son illər qazandığımız uğurlar ilk növbədə böyük müdrikliklə irəli sürülən və uğurla icra olunan milli inkişaf modelindən qaynaqlanır. Bəli, ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda hakimiyyətə qayıdışından sonra uzaqgörənliklə irəli sürdüyü milli inkişaf strategiyası ötən illərdə bütün sahələrdə dinamik inkişafı təmin edib.

Müasir dünyada hər bir ölkənin milli inkişaf xüsusiyyətləri var. Amma bu inkişaf xüsusiyyətlərinin heç də hamısı model kimi qəbul olunmur. Dünyada 200-ə yaxın ölkə olsa da, onların çox az qisminin özünəməxsus milli inkişaf modeli formalaşıb. Bir qayda olaraq, keçid dövrünü yaşayan ölkələrin bazar iqtisadiyyatı modelinin xarakteristikası zamanı nəzəri cəhətdən kifayət qədər öyrənilmiş Skandinaviya, Almaniya, Yaponiya, Malaziya, həmçinin Çin modellərinə istinad olunur. Sevindirici haldır ki, nüfuzlu beynəlxalq dairələrdə artıq inkişafın Azərbaycan modelinin formalaşması ilə bağlı diskussiyalara da geniş rast gəlinir. Əlbəttə, belə bir qənaətin formalaşması ilk növbədə respublikamızın əldə etdiyi sosial-iqtisadi uğurlarla şərtlənir. 2003-cü ildən etibarən möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosial-iqtisadi islahatların nəticəsi olaraq iqtisadiyyatın 3, dövlət büdcəsinin 10 dəfə artması, habelə bir çox ölkələrdən fərqli olaraq, qlobal böhranın təsirlərinin Azərbaycanda qabarıq duyulmaması inkişafın real miqyası barədə doğlun təsəvvür formalaşdırır.

Bütün bunlar həm də ölkəmizin milli inkişaf modelinin formalaşması ilə bağlı müzakirələrə təkan verib. Bu baxımdan Prezident Administrasiyasının rəhbəri, həqiqi dövlət müşaviri, hörmətli akademik Ramiz Mehdiyevin ideya müəllifliyi ilə çapdan çıxmış "İnkişafın Azərbaycan modeli" kitabının nəzəri-praktik əhəmiyyəti xüsusi vurğulanmalıdır. Yeni kitab həm fəlsəfi, həm nəzəri-metodoloji, həm də praktik baxımdan mühüm maraq kəsb edir. Əsərdə ötən 17 il ərzində görülən işlər model anlayışı nöqteyi-nəzərindən tədqiq olunub, sistemləşdirilib, milli inkişafın özünəməxsusluğunun nədən ibarət olması göstərilib.

"İnkişafın Azərbaycan modeli" kitabı Azərbaycanın həyata keçirdiyi sosial-iqtisadi islahatlara bütün parametrlər üzrə nəzər salır, bu islahatların obyektiv tarixi-faktoloji və elmi mənzərəsini yaradır. Zəngin faktlarla əhatə olunan kitabın ensiklopedik səciyyə daşıması, yeni dövrün islahatlarını dərin təhlilə cəlb etməsi onun ictimai əhəmiyyətini daha da artırır. Görkəmli dövlət xadimi, müdrik alim Ramiz Mehdiyevin çoxillik dövlətçilik təcrübəsinin və elmi araşdırmalarının nəticəsi olaraq meydana çıxan bu kitabla tanışlıq zamanı ölkə iqtisadiyyatının bütün sahələrində aparılan islahatlar və onun qanunverici-institusional bazası haqqında obyektiv təsəvvür yaranır.

"İnkişafın Azərbaycan modeli" kitabının əhəmiyyəti həm də ondan ibarətdir ki, burada keçid dövrünün xaos, iqtisadi artım və iqtisadi yüksəliş mərhələləri kifayət qədər sistemli, dolğun, faktoloji baza əsasında tədqiq olunub. Kitabda milli iqtisadi inkişaf modelinin dünyada mövcud olan digər modellərdən fərqli xüsusiyyətləri dəqiq şəkildə göstərilib. İnkişafın Azərbaycan modeli mövzusunda aparılan müzakirələr milli inkişaf modelinin özünəməxsusluğunu elmi-nəzəri kontekstdə diqqətə çatdırır. Növbəti "dəyirmi masa"nın Bakının Nərimanov rayonunda təşkili də təsadüfi olmayıb, konkret sahədə - sosial sfereda həyata keçirilən işlərlə geniş tanışlıq imkanı yaradır.

Bu gün Azərbaycanda geniş vüsət alan sosial-iqtisadi inkişaf, aparılan quruculuq və abadlıq işləri Nərimanov rayonunda da yüksələn templə davam edir. Nərimanov rayonunun inkişafından danışarkən etiraf etməliyik ki, bu tərəqqinin əsl müəllifi məhz möhtərəm Prezidentimiz İlham Əliyevdir. Qazanılan hər bir nailiyyət dövlət başçısının rayonumuza göstərdiyi böyük diqqət və qayğının nəticəsi kimi əldə olunub.

Müvəffəqiyyətlər genişmiqyaslıdır, çoxşaxəlidir. Sadəcə, ən mühüm hadisələrə nəzər salmaq istərdim. Möhtərəm Prezidentimizin birbaşa təşəbbüsü və himayəsi sayəsində son dövr ərzində Nərimanov rayonunda mühüm obyektlərin tikintisinin təməli qoyulmuş və inşası uğurla başa çatdırılmışdır. Ümumiyyətlə götürsək, müxtəlif tədbirlərdə, açılışlarda, təməlqoyma mərasimlərində iştirakla bağlı son 5 il ərzində Prezident 30 dəfə Nərimanov rayonu ərazisində olmuşdur. Möhtərəm Prezidentimiz 25 açılış və 2 təməlqoyma mərasimində iştirak etmiş, tanışlıq xarakterli 3 tədbirə qatılmışdır. Zati-aliləri İlham Əliyevin birbaşa təşəbbüsü ilə təməli qoyulan, şəxsi nəzarəti altında inşa edilən bu obyektlər Nərimanov rayonunun simasını daha da müasirləşdirmiş və gözəlləşdirmiş, əhalinin yaşayış səviyyəsinin, sosial rifahının yüksəldilməsində mühüm rol oynamışdır. Dövlət başçısı Nərimanov rayonuna və sakinlərimizə son beş il ərzində çoxsaylı səhiyyə və təhsil müəssisələri, yolötürücülər və yol qovşaqları, piyada keçidləri, parklar, infrastruktur obyektləri, istehsalat müəssisələri, yeni inzibati binalar bəxş etmişdir. Bu himayədarlıq, böyük diqqət Nərimanov rayonu sakinlərində dövlətə inamı, Prezidentə etimadı daha da möhkəmləndirir və Heydər Əliyev siyasi kursunun alternativsizliyini dönə-dönə təsdiq edir.

Möhtərəm Prezidentimizin Nərimanov rayonuna böyük diqqət və qayğısının bariz nümunəsi kimi rayonumuzun ərazisində hazırda dünyada analoqu olmayan mərkəzin - Heydər Əliyev Mərkəzinin inşası həyata keçirilir. Cənab İlham Əliyev Heydər Əliyev Mərkəzində aparılan tikinti işlərinin gedişatı ilə tanış olmaq üçün dəfələrlə rayonumuzda olmuşdur.

Möhtərəm Prezidentimiz öz idarəçilik siyasətini, hakimiyyət fəlsəfəsini belə müəyyənləşdirib: "Mən hər bir azərbaycanlının Prezidenti olacağam, yaxşı Prezident olacağam!" Bu amal sadəcə vəd olmadı, ötən 7 il ərzində özünü real həyatda tam doğrultdu. Zati-aliləri İlham Əliyev bu gün dünya miqyasında "yaxşı prezidentliyin" uğurlu modelini yaratmışdır. Hər bir vətəndaşın sosial rifahını, iqtisadi vəziyyətini yüksəltməyi qarşısına məqsəd qoyan Azərbaycan iqtidarı bu sahədə ən yaxşı göstəricilərə malikdir. Nərimanov rayonunda da sakinlərin sosial vəziyyəti, onların problemlərinin həlli daim diqqət mərkəzindədir. Sevindirici haldır ki, rayonumuzda ölkə əhəmiyyətli sosial və digər infrastruktur layihələri böyük uğurla həyata keçirilir.

Rayonumuzda abadlıq və quruculuq işləri dinamik prosesin axarında davamlı bir hal alıb. Nümunəvi məhəllələr yaradılması ilə bağlı bir neçə ildir apardığımız kampaniya rayonumuzun artıq bütün ərazilərini əhatə edir. Küçə və məhəllədaxili yolların asfaltlanması, məhəllədaxili meydançaların tikilməsi, yaşıllıq zolaqlarının salınması, həmçinin sakinlərin mənzil-kommunal şəraitinin yaxşılaşdırılması üçün görülən işlər əhalinin razılığı ilə qarşılanmışdır. Payız-qış mövsümü ilə əlaqədar yaşayış binalarındakı kommunal problemlər həllini tapmış, qazanxanalar işlək vəziyyətə gətirilmiş, eyni zamanda qaz və elektrik enerjisi verilməsinin fasiləsizliyi təmin olunmuşdur.

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, onların həyat səviyyəsinin yaxşılaşdırılması, yoxsulluğun azaldılması istiqamətində Prezidentin fərman, sərəncam və tapşırıqlarını rəhbər tutaraq rayonun xidmət sahələri və idarələri tərəfindən ardıcıl tədbirlər həyata keçirilmişdir. Pensiyaçıların, ünvanlı dövlət sosial yardımı alanların, həmçinin Milli Qəhrəman, 20 Yanvar və Qarabağ müharibəsi şəhidlərinin ailələrinə, Qarabağ və Çernobıl əlillərinə dövlət tərəfindən müavinət, eyni zamanda Nərimanov rayonu rəhbərliyi tərəfindən sosial yardımlar ayrılmışdır.

Sakinlərin kənd təsərrüfatı məhsullarına olan tələbatının tam və dolğun ödənilməsi, bazar qiymətlərinin süni surətdə qalxmasının qarşısının alınması ilə bağlı hər həftənin şənbə və bazar günləri kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil olunmuş, rayon sakinlərinə 2010-cu il ərzində 4,2 min tona yaxın kənd təsərrüfatı məhsulları satılmışdır.

Əhalinin sosial durumundan söz açarkən Heydər Əliyev Fondunun misilsiz qayğısından, böyük himayədarlığından danışmamaq mümkün deyil. Çünki rayonumuzda bu sahədə görülən işlərdə dövlətin ən yaxın yardımçısı məhz ulu öndərimizin adını şərəflə daşıyan bu fond olmuşdur. Təsadüfi deyildir ki, fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Azərbaycan vətəndaşlarının, o cümlədən Nərimanov rayonu sakinlərinin inam ünvanına, mərhəmət və xeyirxahlıq rəmzinə çevrilib. Talassemiya Mərkəzinin, Psixonevroloji Uşaq Evinin, kor və zəif görən uşaqlar üçün musiqi məktəbinin, məktəb kompleksinin, Zərifə xanım Əliyeva adına uşaq bağçasının, parkların və digər obyektlərin Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Nərimanov rayonu ərazisində istifadəyə verilməsini sakinlərimiz böyük qədirbilənlik və sonsuz minnətdarlıqla daim xatırlayacaqlar.

Başa vurduğumuz il ölkəmizdə "Ekologiya ili" kimi qeyd olunmuşdur. Qeyd etmək istərdim ki, ekologiyanın və ətraf mühitin mühafizəsi, yaşıllıq zolaqlarının salınması və genişlənməsi kimi vacib məsələlər rayonumuzun ərazisində heç də kampaniya xarakteri daşımır və yalnız "Ekologiya ili" ilə məhdudlaşmır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə yaşadılan Azərbaycanın yaşıllaşdırılması siyasətinə Nərimanov rayonu da artıq beş ildən çoxdur ki, öz töhfələrini verir. Heydər Əliyev Fondunun, şəxsən isə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkə boyu geniş ümumxalq hərəkatına çevrilmiş "Hərəmiz bir ağac əkək" kampaniyası çərçivəsində artıq əminliklə demək olar ki, rayonumuz yaşıl məkana çevrilmişdir. Xüsusən Yeni Azərbaycan Partiyasının təşəbbüsləri, partiyamızın üzvlərinin fəallıqları ilə rayonumuzun müxtəlif ərazilərində yaşıllaşdırma aksiyaları təşkil olunur.

Ötən il ərzində də yaşıllıqların qorunması, yeni yaşıllıq zolaqlarının salınması, onlara aqrotexniki qulluğun göstərilməsi rayonumuzda yüksək səviyyədə təmin olunmuşdur. Bu istiqamətdə görülən işlərdən biri kimi Aşıq Molla Cümə və Akademik Həsən Əliyev küçələrinin kəsişməsindəki 7 hektar ərazidə salınmış yaşıllıq zolağını misal göstərmək olar. Ümumiyyətlə, il ərzində rayon ərazisində yerləşən park və yaşılllıq zolaqlarında, habelə magistral yol kənarlarında 16.500 ağac və 18.000 dekorativ gül kolu əkilmişdir.

"Mən xalqa xidmət etməkdən şərəf duyuram" deyən Azərbaycan Prezidenti İlham Əliyev biz məmurlar qarşısında da əsas öhdəlik kimi - "Hər bir məmur başa düşməlidir ki, o, xalqın xidmətçisidir, bu onun əsas vəzifəsidir" - prinsipini vacib öhdəlik kimi müəyyənləşdirib. Bu tələb Nərimanov Rayon İcra Hakimiyyətinin fəaliyyətində əsas istinad nöqtəsidir. Əhalinin problemlərini vaxtında öyrənmək, onları qısa müddətdə həll etmək, şəffaf ünsiyyət mexanizmi qurmaq, sakinlər üçün məhz onların həyətlərində qəbullar təşkil etmək kimi məqamlar fəaliyyətimizdə özünü uğurla doğruldur.

Ötən il ərzində Nərimanov Rayon İcra Hakimiyyəti rəhbərliyinin yerlərdə 27 səyyar qəbulu və görüşü təşkil olunmuşdur. Qəbullar sənaye və orta ümumtəhsil müəssisələrində, məcburi köçkünlərin kompakt məskunlaşdığı yataqxanalarda, inzibati və inşası yarımçıq qalmış binalarda, habelə rayonun ayrı-ayrı yaşayış sahələrində, əhalinin mədəni-kütləvi tədbirlər otağında və s. yerlərdə keçirilmişdir. Qəbullarda rayon sakinləri, əmək kollektivlərinin üzvləri, məcburi köçkünlər rayon rəhbərliyi tərəfindən dinlənilmişlər. Ümumiyyətlə, bu kimi tədbirlərdə 1480 nəfər vətəndaş iştirak etmişdir.

Görülən işlər uğurludur, amma hələ azdır. Qarşımızda yorulmadan, çəkinmədən, böyük fədakarlıqla daha güclü, qüdrətli Azərbaycan uğrunda fəaliyyət göstərən Prezident İlham Əliyev nümunəsi var! Hər kəs öz sahəsində bu örnəyi, bu mükəmməl meyarı real işlərlə yaşatsa, doğma Azərbaycanımız da daha inkişaf etmiş, daha da möhtəşəm bir ölkəyə çevriləcək. Dövlət başçısının "Əsl siyasət real iş və konkret fəaliyyətdən ibarətdir" prinsipi Azərbaycan iqtidarının səmərəli fəaliyyətinin, əldə etdiyi misilsiz uğurların əsas təməlidir.

Hörmətli akademik Ramiz Mehdiyevin ideya müəllifliyi ilə ərsəyə gələn "İnkişafın Azərbaycan modeli" əsəri bu nailiyyətləri öyrənmək, eyni zamanda perspektiv tərəqqi istiqamətləri müəyyənləşdirmək baxımından əvəzsizdir. Dövrümüzün siyasi, tarixi, ideoloji məzmununu mükəmməl elmi yanaşma ilə müəyyənləşdirən akademik Ramiz Mehdiyev bu kitab vasitəsilə həm də inkişafımızın sanballı salnaməsini yaratmışdır.

Prezident İlham Əliyev qeyd edib ki, iqtisadi sahədə keçid dövrünü başa vuran Azərbaycanın yeni hədəfi artıq inkişaf etmiş ölkələrin cərgəsinə qoşulmaqdır. Tam əminik ki, Azərbaycan qarşısına qoyduğu bütün vəzifələr kimi, bu hədəfə də çatacaq! Bunun üçün yetərincə potensialımız var. Güclü dövlətimiz, qətiyyətli Prezidentimiz və Azərbaycan yaşadıqca var olacaq Heydər Əliyev siyasi kursu Azərbaycanı yeni zirvələrə, yeni nailiyyətlərə aparacaq!

 

Bəxtiyar SADIQOV:

- Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi, onun ölməz ideyalarının geniş təbliğ olunaraq praktik həyatda tətbiqi və gələcək nəsillərə çatdırılması xüsusi aktuallıq kəsb edir. Yarandığı gündən bu ali məqsədi qarşıya vəzifə kimi qoyan, dahi öndərin mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan saf ideallarının ictimai şüurda möhkəmlənməsinə çalışan Heydər Əliyev Fondu son 6 illik fəaliyyəti ilə cəmiyyətdə bir çox insanların ümid yerinə çevrilmişdir. Fond ictimai təşkilat kimi fəaliyyət göstərsə də, əslində, qarşıya qoyduğu məqsədlərə, miqyasına və sanbalına görə respublikamızda bənzəri olmayan nüfuzlu qurumdur. Qurumun təhsil sahəsində həyata keçirdiyi sosial layihələr Nərimanov rayonunda da razılıqla qarşılanır. Bütün bunlar barədə danışmaq üçün söz Nərimanov rayonundakı "Ankara məktəbi"nin direktoru Səmayə Eynullayevaya verilir.

 

Səmayə EYNULLAYEVA:

- Prezident İlham Əliyevin fəaliyyətinin başlıca qayəsi və amalı hər bir Azərbaycan vətəndaşının xoşbəxt yaşaması, torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin sosial-iqtisadi inkişafını, respublikamızın dünya dövlətləri arasında özünə layiqli yer tutmasını və qüdrətlənməsini təmin etməkdir. Ölkəmizdə görülən genişmiqyaslı işlər, vətəndaşların sosial rifahının daha da yaxşılaşmasına, cəmiyyətimizin demokratikləşməsinə xidmət edən soxşaxəli islahatlar Prezident İlham Əliyevin xalqa verdiyi vədlərin əməli işə çevrildiyinin sübutudur.

Bu gün hər bir azərbaycanlının qarşısında duran mühüm vəzifələrdən birincisi vətəndaşlıq mövqeyindən, ümummilli mənafelərdən çıxış edərək Azərbaycanın yüksəlişi naminə çalışan Prezident İlham Əliyevin siyasi kursuna dəstək vermək, bu işdə əlindən gələni əsirgəməməkdir. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ölkəmizdə gedən inkişaf prosesinə verdiyi töhfələr, milli- mədəni irsimizin qorunması və təbliği, təhsilin səviyyəsinin yüksəlişi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində misilsiz fəaliyyəti hər bir vətəndaş üçün nümunədir.

Mehriban xanımın gördüyü nəhəng işlərin bir hissəsi də Nərimanov rayonu ilə bağlıdır. Belə ki, 2006-cı ildən indiyədək Mehriban xanım Əliyeva Nərimanov rayonunda 12 dəfə olmuş, bir sıra obyektlərin açılış və təməlqoyma mərasimlərində iştirak etmişdir.

 

Rayonumuzda Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə əsaslı təmir olunmuş kor və zəif görən uşaqlar üçün respublika internat məktəbinin və onun nəzdində musiqi məktəbinin, Zərifə Əliyeva adına uşaq bağçasının, 6 saylı uşaq poliklinikasının, Psixonevroloji Uşaq Evinin yeni tikilən korpusunun, yeni inşa olunmuş Respublika Talassemiya Mərkəzinin və məktəb kompleksinin açılışları Mehriban xanım Əliyevanın xüsusi qayğı və diqqətə ehtiyacı olan uşaqlara məhəbbətinin və qayğısının bariz təzahürüdür.

Mehriban Əliyeva kor və zəif görənlər üçün respublika internat məktəbində olarkən gözdən əlil uşaqlara 18 xüsusi kompüter bağışlamışdır. Bu xeyirxah missiya internatda təhsil alan 300 nəfər gözdən əlil şagirdin kompüterdən istifadəsinə və internet şəbəkəsinə qoşulmasına imkan vermişdir. 6 ¹-li uşaq poliklinikasının əsaslı təmirdən sonra açılışında iştirak edən Mehriban xanım Əliyeva poliklinikada uşaqların peyvənd olunması prosesində iştirak etmiş, yenicə peyvənd edilmiş uşaqların valideynlərinə övladları haqqında tibbi məlumatların yükləndiyi elektron sağlamlıq kartlarını və bayram sovqatlarını hədiyyə etmişdir.

Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın iştirakı ilə açılan Psixonevroloji Uşaq Evi 4800 kvadratmetr sahəni əhatə edir. Bu beşmərtəbəli yeni binada uşaqların müalicəsi və təlim-tərbiyəsi üçün hər cür şərait var. Psixonevroloji Uşaq Evində epilepsiya, hidrosefal, mikrosefal, uşaq serebral iflici, onurğa beyni şişləri və s. xəstəlikləri olan 7 yaşınadək uşaqlar müalicə olunurlar. Milli memarlıq üslubunda inşa olunan binanın həyətində də yenidənqurma işləri aparılmış, uşaqların və işçilərin istirahəti üçün hər cür şərait yaradılmış, işıqlandırma sistemi ilə təmin olunmuş fəvvarə kompleksi tikilmiş, 2 min kvadratmetr ərazidə yaşıllıq salınmışdır.

Talassemiya Mərkəzinin açılışı da Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə baş tutmuşdur. Ən müasir avadanlıqlarla təchiz olunmuş mərkəzin istifadəyə verilməsi ilə Azərbaycanda ixtisaslaşdırılmış tibb ocağının və qan bankının yaradılmasına, talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təminatı üçün könüllü donor xidmətinin inkişaf etdirilməsinə, talassemiyanın yayılmasının qarşısını almaqdan ötrü əhalinin maarifləndirilməsi və talassemiya ilə mübarizə aparan bir sıra dövlətlərlə əməkdaşlığın genişləndirilməsinə, ölkəmizdə yüksək ixtisaslı kadrların hazırlanmasına nail olunmuşdur.

Əhalinin istirahətinin mənalı və səmərəli keçməsinə də böyük diqqətlə yanaşan Mehriban xanım Əliyevanın iştirakı ilə əsaslı təmir və yenidənqurma işlərindən sonra S.Xasıyev adına mədəniyyət və istirahət parkının, həmçinin Akademik H.Əliyev və Aşıq Molla Cümə küçələrinin kəsişməsində yeni salınmış parkın açılışları keçirilmişdir.

 

Bəxtiyar SADIQOV:

- Nərimanov rayonu hələ keçmiş sovetlər dövründən Azərbaycanın əsas sənaye mərkəzlərindən biri kimi tanınıb, burada müxtəlif neft-maşınqayırma avadanlıqları, cihazları, elektrik avadanlıqları istehsal olunub. Təqdirəlayiq haldır ki, rayon bu ənənəni hələ də yaşadır, müxtəlif istehsal sahələri ilə ölkə iqtisadiyyatının inkişafına töhfəsini verir. Bu barədə danışmaq üçün söz "Bakı Kondisioneri" ASC İdarə Heyətinin sədri, əməkdar mühəndis Vaqif Heydərova verilir.

 

Vaqif HEYDƏROV:

- Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi-siyasi kursun möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində həyatımızın bütün sahələrində böyük nailiyyətlər əldə edilmişdir. İslahatlar nəticəsində Azərbaycanın iqtisadi qüdrəti daha da artmış ölkəmizin dünya birliyinə inteqrasiyası sürətlənmişdir. Respublikamızın son 17 ildə keçdiyi tərəqqi yolunun xronoloji ardıcıllığını özündə əks etdirən, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin ideya rəhbərliyi və təşəbbüsü ilə işıq üzü görən "İnkişafın Azərbaycan modeli" kitabı bu baxımdan müstəsna əhəmiyyət kəsb edir.

Ölkə iqtisadiyyatının inkişafında öz payı olan Nərimanov rayonunun timsalında da bunu aydın görmək olar. Diqqətinizi son 5 ildə rayon iqtisadiyyatının inkişafını xarakterizə edən bəzi göstəricilərə cəlb etmək istəyirəm. 2006-cı ildə sənaye məhsulunun ümumi həcmi 171,3 milyon manat təşkil edirdisə, artıq 2010-cu ildə 300,7 milyon manatlıq, yəni 2 dəfəyə yaxın artıma nail olunmaqla məhsul istehsal edilmişdir.

Sahibkarlığın inkişafına göstərilən dövlət qayğısı nəticəsində özəl sektorun payı durmadan artmışdır. Belə ki, istehsal olunan məhsullarda özəl sektorun xüsusi çəkisi 85 faiz təşkil etmişdir. İstehsal artımı ilə yanaşı, iqtisadiyyatda çalışan işçilərin maddi rifah halı da xeyli yaxşılaşmışdır. 2006-cı ildə hər nəfərə düşən nominal orta aylıq əməkhaqqı 144,9 manat təşkil etmişdisə, artıq 2010-cu ildə bu rəqəm 2,6 dəfə artaraq 372,5 manat olmuşdur.

Möhtərəm Prezidentimizin tapşırıq və göstərişlərini rəhbər tutaraq işsizliyin aradan qaldırılması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilmişdir. Yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin bərpa olunması nəticəsində 2003-cü ildən indiyə kimi 27517 daimi iş yeri yaradılmışdır.

Sahibkarlığın inkişafına yaradılan münbit şərait rayon iqtisadiyyatına qoyulan investisiyaların həcminin artmasına stimul yaratmışdır. Son 5 ildə əsas kapitala 892 milyon manat investisiya qoyulmuşdur ki, bunun da 95 faizi özəl sektorun hesabına olmuşdur.

Əhalinin həyat səviyyəsini xarakterizə edən digər göstəricilərə də diqqət yetirmək istəyirəm. 2006-cı ildə rayon əhalisinə 51,5 milyon manatlıq pullu xidmətlər göstərildiyi halda, 2010-cu ildə bu rəqəm 3 dəfədən çox artaraq 167,2 milyon manat təşkil etmişdir. Əhalinin pul gəlirlərinin artması onların alıcılıq qabiliyyətinin yüksəlməsinə böyük stimul yaratmışdır. Belə ki, 2006-cı ildə pərakəndə əmtəə dövriyyəsinin həcmi 453,8 milyon manat təşkil etmişdisə, 2010-cu ildə bu rəqəm xeyli artaraq 721,2 milyon manat olmuşdur.

Sahibkarlığın inkişaf etdirilməsi, iqtisadiyyatın liberallaşdırılması, müasir standartlara cavab verən yeni texnika və texnologiyaların tətbiq olunması nəticəsində bazar iqtisadiyyatının tələblərinə uyğun, rəqabətədavamlı, yeni növ məhsulların istehsalı mənimsənilmiş, rayon iqtisadiyyatının çoxşaxəli inkişafı təmin olunmuşdur. Bu gün Nərimanov rayonunda illik gücü 280 min ton təşkil edən "Baku Steel Company" kimi sənaye müəssisəsi fəaliyyət göstərir ki, bu da respublikamızda tikinti armaturu və polad tökmələr istehsal edən yeganə iri müəssisədir.

Sahibkarlığın inkişafına göstərilən dövlət qayğısı nəticəsində son illər Nərimanov rayonunda müasir standartlara cavab verən bir çox orta və kiçik istehsal müəssisələri yaradılmışdır. Bu müəssisələrdə yüksək keyfiyyətli yeyinti məhsulları, məişət avadanlıqları, tikintidə istifadə edilən mal və materiallar, habelə digər məhsullar istehsal olunur. Bu gün Nərimanov rayonunda elə məhsullar istehsal olunur ki, onlar əvvəllər respublikamıza kənardan gətirilirdi. Sevindirici haldır ki, inşaat armaturları və polad tökmələr, plastik və şüşə qablar, kabel məmulatları, plastik borular, elektrik sayğacları, müxtəlif boyalar və yuyucu vasitələr, bir çox inşaat materialları və onlarla digər məhsul məhz Nərimanov rayonunda istehsal olunur. Belə müəssisələrdən biri də "MKT" İstehsalat Kommersiya Şirkətinə məxsus Bakı İplik Fabrikidir. Ən müasir texnoloji avadanlıqların tətbiq olunduğu bu müəssisədə müasir standartlara cavab verən pambıq ipliklər istehsal olunur.

Əldə edilmiş bütün nailiyyətlərin, qazanılmış uğurların əsas mənbəyi Prezident İlham Əliyevin uzaqgörən, düşünülmüş, reallığa söykənən, möhkəm təməl üzərində qurulmuş siyasətidir. İnanırıq ki, bu siyasətin bundan sonra da uğurla davam etdirilməsi sayəsində Nərimanov rayonu daha da inkişaf edəcək, qarşıya qoyulan bütün vəzifələr icra olunacaq.

 

Bəxtiyar SADIQOV:

- Azərbaycanın milli iqtisadi inkişaf modelinin üstün cəhətlərindən biri də sosial məsələlərin həllinin daim diqqət mərkəzində olmasıdır. Bu siyasət cəmiyyətin ən kövrək, həssas zümrələrini əhatə edir, problemlərinin həllində vətəndaşlara əsaslı dərəcədə kömək olur. Nərimanov rayonu sakinləri də sosialyönümlü bazar iqtisadiyyatı modelinin müsbət təzahürlərini gündəlik həyatlarında hiss edirlər. Bu barədə "Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin rayon şöbəsinin sədri, şəhid atası İrşad Yusifov daha ətraflı məlumat verəcək.

 

İrşad YUSİFOV:

- Bugünkü tədbirdə günü-gündən möhkəmlənən, inkişaf edən Azərbaycanımızın gələcəyi üçün müstəsna əhəmiyyət kəsb edən, hər birimizin sabaha olan inamını daha da artıran məsələlər müzakirə olunur. Təməli ulu öndər Heydər Əliyev tərəfindən möhkəm özüllər üzərində qoyulmuş Azərbaycan Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında sabaha inamla irəliləyir.

Ölkəmizin iqtisadi qüdrəti artdıqca insanların maddi rifah halı da yaxşılaşır, sosial problemlərin həllinə daha çox diqqət yetirilir. Bir şəhid ailəsi kimi deyə bilərəm ki, gündəlik həyatımız, sosial durumumuz dövlətimizin daima diqqət mərkəzindədir. Rəhbərlik etdiyim ictimai birlik 189 şəhid ailəsini, 176 Qarabağ müharibəsi əlilini və 94 Qarabağ müharibəsi veteranını özündə birləşdirir.

Möhtərəm Prezidentimiz dəfələrlə bəyan etmişdir ki, bizim siyasətimiz sosialyönümlüdür. Biz bunu öz şəxsi həyatımızda daha çox hiss edirik. Qeyd etmək istəyirəm ki, son iki ildə Qarabağ müharibəsi əlillərinə verilən Prezident təqaüdü 100 manatdan 150 manata çatdırılmışdır. Bildiyiniz kimi, Prezidentin müvafiq sərəncamları ilə şəhid övladlarına 18 yaşına çatana kimi müavinətlər təyin olunmuşdur. Artıq bu müavinətlərin verilməsi ali, orta ixtisas və texniki məktəblərə daxil olan şəhid uşaqları üçün məktəbi bitirənədək davam etdirilir.

Dövlət tərəfindən hər birimizin həyatını və güzəranını yaxşılaşdıran sosialyönümlü iri layihələr həyata keçirilir. Belə layihələrdən biri kimi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin sosial məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş tədbirləri xüsusi vurğulamaq istəyirəm. Möhtərəm Prezidentimizin tapşırıq və bilavasitə nəzarəti altında şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün inşa edilən yeni yaşayış binaları, orada olan tam təmirli və geniş mənzillər bizlərə göstərilən qayğının bariz nümunəsidir.

Təkcə 2010-cu ildə 9 şəhid ailəsi, 21 Qarabağ müharibəsi əlili, 1 Çernobıl əlili yeni mənzillərlə təmin olunmuşlar. 2011-ci ildə isə 10 nəfərin mənzillə təmin olunması gözlənilir. Belə hesab edirəm ki, bütün bunlar dövlət başçısının apardığı uğurlu iqtisadi siyasət nəticəsində mümkün olmuşdur.

Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə olan istər maddi və istərsə də mənəvi dayağı daima hiss edirik. Şəhid adının əbədiləşdirilməsi, mütəmadi olaraq şəhidlərimizlə bağlı anım mərasimlərinin təşkili bizdə böyük qürur və iftixar hissi yaradır. Nərimanov rayonunda onlarca küçə, məktəb, uşaq bağçasına şəhidlərimizin adı verilmiş, onların büstləri və barelyefləri qoyulmuşdur. Biz də, öz növbəmizdə, dövlət başçısının bizə göstərdiyi diqqət və qayğıya dərin minnətdarlığımızı və təşəkkürümüzü bildirir, doğma Azərbaycanın çiçəklənməsi yolunda ona daha böyük uğurlar arzulayırıq.

 

Bəxtiyar SADIQOV:

- Gənclər və idman siyasəti sahəsində qazanılan uğurlar müasir dövrdə hər bir dövlətin ümumi inkişaf səviyyəsini, iqtisadi-siyasi potensialını müəyyənləşdirən vacib meyarlardan sayılır. Bu sahələrin dinamik inkişafı Azərbaycanda da gənc nəslin fiziki-mənəvi sağlamlığı ilə yanaşı, milli potensialın səmərəli realizəsi, cəmiyyətin yetkinləşməsi, genefondun qorunub saxlanılması baxımından son dərəcə vacibdir. Nərimanov rayon gəncliyi də dövlətimizin yüksək diqqət və qayğısını daim hiss edir, razılıqla qarşılayır. Bu barədə danışmaq üçün söz Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Tələbə gənclər təşkilatının sədri İsmayıl İsmayılova verilir.

 

İsmayıl İSMAYILOV:

- Hər bir dövlətin əsas dayağı, öndə gedən qüvvəsi onun gəncləridir. Gənclər bugünün davamçısı, sabahın qurucusudur. Tariximizə nəzər salsaq görərik ki, Azərbaycanda hər zaman örnək ola bilən gənclər mövcud olmuşdur. Bu gün isə yüzlərlə azərbaycanlı gənc ölkəmizi dünyada müxtəlif sahələrdə uğurla təmsil edir, millətimizi, bayrağımızı və dövlətimizin adını daim ucaldır.

Ulu öndər Heydər Əliyev xalqın təkidi və tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ölkə həyatının bütün sahələrində olduğu kimi, gənclərlə iş sahəsində də ciddi dönüş yaranmış, dövlətin gənclərlə əlaqədar siyasətinin həyata keçirilməsi istiqamətində əhəmiyyətli işlər görülmüşdür. Gənc nəslə diqqət və qayğı məhz 1993-cü ilin iyunundan başlayaraq dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrildi, Azərbaycan gənclərinin təşkilatlanması əsas məqsədlərdən biri kimi qarşıya qoyuldu. Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev bu gün bütün sahələrdə olduğu kimi, gənclər siyasətinin uğurla davam etdirilməsinə də xüsusi diqqət göstərir. Dövlətin gənclər siyasəti cənab İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələdə daha da inkişaf edir.

Bütün respublikada olduğu kimi, Nərimanov rayonunda da gənclər siyasəti uğurla inkişaf etdirirlir, gənclər üçün rayon rəhbərliyi tərəfindən hər cür şərait yaradılır. Rayonda son illər aparılan irimiqyaslı quruculuq, yenidənqurma, tikinti, abadlıq işləri, yeni yolların çəkilməsi, körpülərin, yolötürücülərin, keçidlərin salınması və s. işlərlə yanaşı, böyüməkdə olan gənc nəslin sağlam ruhda tərbiyə olunması istiqamətində də mühüm işlər görülmüşdür. Belə ki, ərazidə son iki ildə 14 məhəllədaxili kompleks idman qurğusu, 7 futbol meydançası salınmış, 5 idman zalı təmir olunaraq yeniyetmə və gənclərin istifadəsinə verilmişdir.

Gənclərin sosial problemlərinin həlli istiqamətində də Nərimanov rayonunda müvafiq işlər görülmüş və bu işlər uğurla davam etdirilir. Gənclərin məşğulluğunun təmin olunması, onların peşəyönümü ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 15 may 2007-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı"na müvafiq olaraq mühüm tədbirlər keçirilmişdir. Bu dövlət proqramının icrası ilə bağlı hazırlanan tədbirlər planının yerinə yetirilməsi nəticəsində 2010-cu ildə 402 gənc işlə təmin olunmuş, 83 nəfər peşə hazırlığı üzrə kurslara göndərilmiş, 20 nəfərə isə işsizliyə görə müavinət təyin olunmuşdur.

Rayonumuzda yerləşən ali və orta ixtisas məktəblərinidə fəaliyyət göstərən tələbə gənclər təşkilatlarının yaranması və fəaliyyət göstərməsi dövlət gənclər siyasətinin əsas istiqamətlərindəndir. Bu təşkilatların fəaliyyətinin yaxşılaşdırılmasında rayon rəhbərliyinin əvəzolunmaz rolu var. Təkcə 2010-cu ildə rayon Gənclər və İdman İdarəsi qeyd olunan sahədə 70-dən çox layihə həyata keçirmişdir ki, onların da əksəriyyəti TGT-lərin payına düşür. Qayğı və diqqətə cavab olaraq biz gənclər də, öz növbəmizdə, məsuliyyətimizi anlamalı, intellektual səviyyəmizi daim inkişaf etdirməli, elmimiz, dünayagörüşümüz, bacarıq və mədəniyyətimiz ilə dövlətimizin parlaq və davamlı inkişafına töhfələrimizi verməliyik. Biz Azərbaycan gəncləri öndərimizin qurduğu müstəqil Azərbaycanın qoruyucusu və davamçısı olmalıyıq!

 

Bəxtiyar SADIQOV:

- "İnkişafın Azərbaycan modeli" ilə bağlı ilk müzakirələr hələ bir neçə il əvvəl Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə keçirilən elmi-praktik konfransda baş tutmuş, burada milli inkişaf modelinin xüsusiyyətləri ilə bağlı ətraflı məlumat verilmişdir. Bu barədə öz fikirlərini bölüşmək üçün söz YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədova verilir.

 

Əli ƏHMƏDOV:

- Azərbaycanın son illər ərzindəki dinamik inkişafı respublikamızın özünəməxsus milli inkişaf modelinin formalaşması barədə birmənalı fikir yürütməyə ciddi əsaslar yaradır. Yeni Azərbaycan Partiyası bu məntiqə əsaslanaraq iqtisadçıların iştirakı ilə "İnkişafın Azərbaycan modeli" mövzusunda konfrans keçirmişdir. Həmin konfransda məqsəd Azərbaycanda sürətli inkişafın kortəbii, təsadüfi meyillərə deyil, çox ciddi prinsiplərə istinad etdiyini Azərbaycan cəmiyyətinə çatdırmaq, xüsusilə elmi ictimaiyyəti mövzunun təhlilinə cəlb etmək idi. YAP-ın hələ o zaman qarşıya qoyduğu bu niyyət Azərbaycanın elmi ictimaiyyəti, iqtisadçıları tərəfindən də ciddi şəkildə dəstəkləndi.

Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, istər Azərbaycanda, istərsə də ölkə hüdudlarından kənarda heç kimin şübhə ilə yanaşmadığı inkişafın Azərbaycan modeli ilə bağlı son illər ciddi tədqiqatlar aparılır, sanballı əsərlər yazılır. Bu kontekstdə müzakirəsinə toplaşdığımız "İnkişafın Azərbaycan modeli" kitabının da elmi-praktik əhəmiyyətini xüsusi vurğulamaq istərdim.

Əvvəla qeyd etmək lazımdır ki, Azərbaycanın dinamik inkişafı təsadüfi səciyyə daşımayıb, aydın şəkildə ifadə olunan prinsiplərə istinad edir. İkincisi, dəqiq hədəflərə çatmaq istiqamətində aparılan sistemli və ardıcıl fəaliyyət dinamik inkişafa zəmin yaradır. Üçüncüsü, respublikamızda inkişafın resursları - mənbələri müəyyənləşdirilib, dəqiqləşdirilib. Dördüncüsü, inkişafın təmini üçün vacib məqam olan səmərəli stimullaşdırma mexanizmi tətbiq edilib.

Bəs Azərbaycanın dünyaya təqdim etmək istədiyi milli iqtisadi inkişaf modelinin tərkib elementləri nədən ibarətdir? Bu suala cavab axtararkən mütləq ölkədəki ictimai-siyasi sabitlik amilini xüsusi qeyd etmək lazımdır. Ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində təmin olunmuş ictimai sabitlik istər dövlətçiliyin möhkəmlənməsi, istər vətəndaşların təhlükəsiz, firavan yaşayışının təmin edilməsi, istərsə də iqtisadi islahatların uğurla həyata keçirilməsi baxımından son dərəcə vacib amildir. Ümummilli lider haqlı olaraq bəyan edirdi ki, ictimai-siyasi sabitlik olmadan ölkədə hər hansı inkişafdan söhbət gedə bilməz. Bu mənada, sabitlik bütövlükdə iqtisadi inkişafın vacib resursu kimi də dəyərləndirilə bilər.

İnkişafın Azərbaycan modelini xarakterizə edərkən ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş neft strategiyasını da xüsusi vurğulamaq lazımdır. Bu gün dünyada xeyli sayda neftlə zəngin dövlət var. Bəzi dövlətlər bu təbii sərvətdən səmərəli şəkildə istifadə edib inkişaflarını təmin etdikləri halda, digər qisim ölkələr üçün neftin zənginliyi ciddi problemlər yaradır.

Azərbaycan isə düzgün müəyyənləşdirilmiş strategiya əsasında neft-qaz ehtiyatlarından məqsədyönlü şəkildə istifadə edən, iqtisadiyyatını şaxələndirən dövlətlərdəndir. Məlumdur ki, respublikamızın yeni neft strategiyası formalaşarkən Azərbaycanın özünün milli sərvətləri müstəqil şəkildə mənimsəmək imkanları məhdud idi. Bu resurslar yalnız xarici investisiyaların cəlb olunması yolu ilə hərəkətə gətirilə, istifadə edilə bilərdi. Ulu öndər Heydər Əliyevin müdrikliklə irəli sürdüyü yeni neft strategiyası bir tərəfdən milli iqtisadiyyatın inkişafı üçün zəruri maliyyə mənbələri formalaşdırmaq məqsədinə xidmət edirdisə, ikinci tərəfdən neft amilini davamlı inkişaf üçün vacib əsasa çevirmək məqsədi daşıyırdı. Məhz bu baxımdan yeni neft strategiyası milli inkişaf modelinin çox vacib elementi kimi dəyərləndirilməlidir.

Milli inkişaf modelinin səciyyəvi xüsusiyyətlərindən biri də özəlləşdirmə prosesinin hər vətəndaşın mənafeyi əsas tutulmaqla həyata keçirilməsi, aqrar islahatların ağrısız şəkildə başa çatdırılmasıdır. Bütün bunlar həm də ölkədə iqtisadi azadlığın və təşəbbüskarlığın formalaşmasına, liberal mühitin yaranmasına etibarlı zəmin hazırlamışdır. Ulu öndərin qətiyyətli addımları sayəsində dövlətsizləşdirmə prosesi uğurla həyata keçirilmiş, dövlətin milli iqtisadiyyata müdaxiləsi azalmış, orta sahibkarlar sinfi formalaşmışdır. Nəticədə ölkədə bazar iqtisadiyyatı prinsipləri bərqərar edilmiş, onun institusional-qanunverici bazası yaradılmışdır.

Ölkənin bugünü və gələcəyi baxımından modernləşmə strategiyasının əhəmiyyətini də xüsusi vurğulamaq istərdim. Prezident İlham Əliyev hesab edir ki, modernləşmə təkcə iqtisadiyyatın deyil, ictimai həyatın bütün sahələrinin yeniləşməsinə, müasirləşməsinə aparmalıdır. Eyni zamanda, respublikamızın dünya iqtisadi sisteminə daha uğurlu inteqrasiyasının təmini baxımından modernləşmə strategiyası mühüm əhəmiyyətə malikdir. Nəhayət, bu strategiya Azərbaycanda rəqabətqabiliyyətli iqtisadi sistemin formalaşması məqsədinə xidmət edir. İqtisadiyyatın modernləşməsi dedikdə, ilk növbədə müasir istehsal sahələrinin yaradılması, informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi, innovasion yeniliklərin geniş tətbiqi nəzərdə tutulur.

Milli iqtisadi inkişaf modelinin mühüm elementlərindən biri də həyata keçirilən genişmiqyaslı infrastruktur layihələridir. Bu layihələr səmərəli iqtisadiyyatın yaradılması, ölkənin investisiya cəlbediciliyinin yüksəldilməsi, sahibkarlığın inkişafı baxımından vacib əhəmiyyətə malikdir. Bundan başqa, ölkənin yerləşdiyi əlverişli coğrafi mövqe nəzərə alınaraq Azərbaycanın tranzit-kommunikasiya imkanlarının genişləndirilməsi istiqamətində atılan addımlar uzunmüddətli inkişafın təmini məqsədinə xidmət edir. Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin əsas məntiqi ondan ibarətdir ki, respublikanın inkişafı tükənən deyil, bərpa olunan, yenilənən, artan resurslara istinad etsin.

Möhtərəm Prezidentimiz dəfələrlə bəyan etmişdir ki, ölkədə həyata keçirilən iqtisadi siyasətin əsas hədəfi hər bir vətəndaşın yüksək rifah halının təmin edilməsidir. Məhz bu baxımdan sosialyönümlü siyasətin milli iqtisadi inkişaf modelinin mühüm elementi olduğunu da xüsusi qeyd etmək lazımdır.

Ümumiyyətlə, sosial siyasət müxtəlif ölkələrdə müxtəlif modellər əsasında həyata keçirilir. Bazar iqtisadiyyatının reallığı budur ki, kim necə işləyirsə, onu da qazanmalıdır. Kim necə qazana bilirsə, ona uyğun yaşamalıdır. Klassik bazar iqtisadiyyatının sosial sferaya real tətbiqi məhz bu prinsiplərdən ibarətdir. Azərbaycan isə özünün milli iqtisadi inkişaf modelində bu prinsipi əsas götürmədi. Çünki dövlət vətəndaşların sosial hüquqlarının qorunması ilə bağlı üzərinə ciddi öhdəliklər götürüb. Bu baxımdan Azərbaycanda mövcud olan inkişaf modeli sosialyönümlü bazar iqtisadiyyatı modelinin reallıqlarını özündə daha çox əks etdirir. Dövlət vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması üçün müxtəlif layihələr həyata keçirir, sosial təminat mexanizmlərini daim təkmilləşdirir.

Bütün bunlara nəzərən Azərbaycanın özünəməxsus inkişaf modelinin formalaşdığı bir daha təsdiqini tapır. Bu model cilalanır, təkmilləşir, ölkənin inkişaf tempinə adekvat olaraq özünün səciyyəvi xüsusiyyətlərini qabarıq göstərir. Eyni zamanda, Azərbaycanın inkişaf perspektivlərinin sınaqdan çıxmış bir modelə istinad etdiyi məlum olur. Bunu dünya ölkələrini çətin vəziyyətə salan qlobal maliyyə-iqtisadi böhran da bir daha təsdiqlədi. Azərbaycan çox az itki ilə böhrana layiqli müqavimət göstərdi, mürəkkəb bir şəraitdə ümumi daxili məhsulun artım tempinə nail oldu.

Azərbaycan Prezidenti cənab İlham Əliyev bu günlərdə haqlı olaraq Azərbaycanın postsovet ölkəsi kimi səciyyələndirilməsinin düzgün olmadığını demişdir. Söhbət heç də Azərbaycanın coğrafi baxımdan bu məkandan uzaqlaşmasından getmir. Söhbət ondan gedir ki, Azərbaycan iqtisadi və sosial parametrlər baxımından postsovet respublikası hesab edilə bilməz. Çünki ölkəmiz özünün sürətli inkişaf tempi ilə həmin respublikaların böyük əksəriyyətini əhəmiyyətli dərəcədə qabaqlayır.

Sonda vurğulamaq istərdim ki, "İnkişafın Azərbaycan modeli" kitabı milli iqtisadi inkişaf modelinin nəzəri və praktik cəhətdən tədqiqi sahəsində çox mükəmməl bir əsərdir. İnanıram ki, iqtisadçı alimlərimiz perspektivdə bu sahədə tədqiqatlarını daha da genişləndirəcəklər.

 

Bəxtiyar SADIQOV:

- Azərbaycan iqtisadi cəhətdən inkişaf etmiş ölkələr sırasına yüksəlməyi hədəf edib. Belə bir mühüm mərhələdə elmi ictimaiyyət qarşısında duran vacib vəzifələrdən biri də Azərbaycanın özünəməxsus inkişaf modelinin dərin tədqiqidir. Hesab edirəm ki, bugünkü "dəyirmi masa"da "İnkişafın Azərbaycan modeli" mövzusunda əhəmiyyətli müzakirələr apardıq. Ayrı-ayrı çıxışlarda bu modelin səciyyəvi xüsusiyyətlərinin nədən ibarət olması konkret şəkildə göstərildi. Apardığımız müzakirələr zamanı bu reallıq tam təsdiqini tapdı ki, Azərbaycanın inkişafının yeni dövrü məhz Prezident İlham Əliyevin adı ilə bağlıdır. Respublikamız bütün makroiqtisadi göstəricilərin səviyyəsinə görə indi orta səviyyəli inkişaf etmiş dövlətlərlə bir sırada dayanır. Azərbaycan iqtisadi güc baxımından regionun lider ölkəsinə çevrilib. Bu uğurlar dünyanın ən nüfuzlu iqtisadi təşkilatları, ekspertləri tərəfindən də etiraf edilir, təsdiqlənir. Azərbaycan MDB məkanında rəqabət qabiliyyətinə görə 1-ci, dünyada isə 51-ci yerdədir.

Hər bir ölkənin iqtisadi inkişafının səviyyəsi onun nə mütləq, nə də müqayisəli üstünlüyünə deyil, məhz rəqabət qabiliyyətinə əsaslanır. Davamlı, tarazlı inkişaf məhz bu prinsip üzərində təmin edilir. Azərbaycanda davamlı, tarazlı və dayanıqlı iqtisadiyyat formalaşıb. Paytaxtla bölgələrin inkişafı arasında hələ keçmiş sovet dövründən illərlə mövcud olan ciddi disproporsiyalar, uyğunsuzluq qısa müddət ərzində aradan qaldırılıb. Azərbaycan digər dövlətlərdən fərqli olaraq neftdən əldə etdiyi gəlirləri yalnız neft sənayesinin inkişafına sərf etmir. Bu gəlirlər ilk növbədə vətəndaşların sosial rifah halının gücləndirilməsinə yönəldilir. Nərimanov rayonunun sosial-iqtisadi inkişaf göstəriciləri ilə bağlı səslənən məlumatlar bu reallığı bir daha təsdiqlədi.

Ümumilikdə, bu gün ölkədə həyata keçirilən siyasət Azərbaycanın hər bir vətəndaşının firavan həyat tərzinin təmin olunmasını ali məqsəd kimi qarşıya qoyub! İnanırıq ki, ölkəmizin iqtisadi imkanları yüksəldikcə sosial sferada özünü göstərən digər problemlər də həllini tapacaqdır!

 

 

Azərbaycan.- 2011.-18  yanvar.- S. 4, 5.