Qəhrəmanlıq dairəsi

 

20 Yanvar faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidə önündə düşüncələr

 

Bakının 20 Yanvar dairəsi - şəhərin şimaldan baş giriş qapısı. Bu qapını yadellilər ötən əsrin başlanğıcından hirs-hikkə ilə dəfələrlə döyüblər. Bu qədim şəhərin qonağına, qonşusuna inam və etimad ənənəsini xəyanətkar qatillər, qəsbkar terrorçular açıq və ya gizli təcavüzlə çox pozublar.

Bir vaxtlar XI sovet ordusu da Bakıya gəlişini bu qapıdan başlamışdı. Elə onda da tərkibində ermənilərin çoxluq təşkil etdiyi təcavüzkar ordu qanlı cinayətlər hesabına sovetlərin bayrağını ucaltmışdı. Bu yerlərdən qan izləri, insanların fəryad səsi, dinc əhalinin naləsi zaman-zaman eşidilib.

Elə 21 il əvvəl - o qanlı yanvar gecəsi də həmin faciələrin davamı idi. Yenə də eyni məkanda - Bakının 20 Yanvar dairəsində günahsız adamların şəhid qanı tökülür, totalitar sovet rejimi imperiya gücünü, kommunist diktaturasının hökmünü göstərirdi. "İttifaq" paytaxtından gələn emissarlar Mixail Qorbaçovun qan üstə köklənən fərmanlarına rəzilliklə rəvac verirdilər. Tanklar, toplar dinc adamları - qocaları, körpələri, xəstələri, əlilləri əzməkdən, öldürməkdən belə çəkinmirdi. Elə bil sovet ordusunun qoşunları xarici yadellilərlə üz-üzə gəlmişdi. Bakıda isə xalqdan xəbərsiz fövqəladə vəziyyət elan olunmuşdu. Xüsusi vəhşiliklə törədilmiş cinayətlərə imperiya ordusunun 60 min nəfərlik qoşunu səfərbər olunmuşdu. Qanlı yanvar gecəsinin sabahı ölüm, itki xəbərləri ilə yaddaşlara köçdü: 130-dan çox insan şəhid oldu, 700 nəfərdən çox insan yaralandı, üstəlik, 800 günahsız adam həbs olundu. Belə dəhşətli qırğınların, faciələrin hesabına qəsbkar siyasətdən əl çəkməyən imperiya diktatorları və onların himayə etdiyi erməni terrorçuları ötən əsrin yaddaşına bizim coğrafi itkilərin məsafə meridianını yazdılar: təcavüz və soyqırımın nəticəsində torpaqlarımız 125 min kvadratkilometrdən 87 min kvadratkilometrədək azaldı. Bu, adi itki deyil! Şərq aforizmlərinin birində deyilir ki, xalqın həyatına, diriliyinə qəsd birqat günahdırsa, onun torpağına, heysiyyətinə qəsd ikiqat günahdır!

Qəsbkar siyasətin arxasında adi günahlar gizlənmir. Sən demə, insanlığa tuşlanan ən ağır cinayətlər belə riyakar, amansız və rəzil rejimlərdən güc alır, tarixin unudulmaz soyqırımları baş verir.

Qədim Şərq şəhərinin - Bakının 20 Yanvar dairəsində törədilən dəhşətli qırğın da təcavüzkar siyasətin düşünülmüş, planlı və məqsədli davamı idi. O müdhiş Yanvar gecəsində dinc əhali azadlığı buxovlayan zəncirləri qırmağa cəhd edirdi. Bir də ona cəhd olunurdu ki, totalitar rejimin süqutuna son qoysun, terrorçu dövlətin hərb maşını susdurulsun.

Vaxt-vədə ötəcək, nəsillər dəyişəcək, amma Bakının 20 Yanvar dairəsində 21 il əvvəl törədilən qırğının faciəli sorağı heç vaxt unudulmayacaq. O faciə qurbanlarının xatirəsinə ucaldılan abidə kompleksi də müqəddəs ziyarətgah və and yeri kimi qalacaq, qorunacaq. Özü də bu yerlər təkcə coğrafi mövqeyinə görə yox, şəhidlərin ucalığına görə Bakının ən yüksək nöqtələrindən biri sayılır və sayılacaq!

 

 

Bəşir ŞƏRİFLİ

 

Azərbaycan.- 2011.-18  yanvar.- S. 7.