Azərbaycan 2011-ci ilin ilk turizm sərgisində uğurla təmsil olunmuşdur

 

Yanvarın 13-dən 16-dək Vyanada növbəti beynəlxalq tətil yarmarkası - "Ferien-Messe Wien 2011" təşkil edilmişdir.

2011-ci ildə keçirilən ilk beynəlxalq turizm yarmarkasında Azərbaycan da zəngin proqramla təmsil olunmuşdur. Azərbaycanın Avstriyadakı səfirliyinin dəstəyi ilə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti ilə yanaşı, sərgidə "Geo travel" şirkətinin təmsilçiləri də iştirak etmişdir.

Nazirliyin daxili turizmin inkişafı sektorunun əməkdaşı Adil Adilov bildirmişdir ki, Azərbaycan Prezidenti tərəfindən "Turizm ili" elan olunmuş cari ildə ölkəmizin turizm potensialının nümayiş etdirilməsində belə beynəlxalq tədbirlər böyük əhəmiyyətə malikdir.

Azərbaycana aid guşədə əksəriyyəti alman dilində olmaqla müxtəlif səpkili reklam və turizm məhsulları nümayiş etdirilmişdir. Materiallar arasında Azərbaycanın turizm imkanları, respublikanın müxtəlif regionları, mədəniyyət və tarixi ilə yanaşı, Qarabağ və Şuşa haqqında kitablar və bukletlər üstünlük təşkil edir. Guşədə yerləşdirilmiş monitorda Azərbaycanın səfalı guşələrinə həsr olunmuş videoçarxlar nümayiş etdirilmişdir.

Yarmarkada dünyanın 70-dən artıq ölkəsindən turizm, səyahət və asudə vaxtın təşkili işi sahəsində fəaliyyət göstərən 820-dən çox şirkət iştirak etmişdir. Ümumi sahəsi 29 min kvadratmetrdən çox olan ərazidə müxtəlif ölkələrlə yanaşı, Avstriyanın 9 federal əyaləti də öz turizm imkanlarını nümayiş etdirmişdir.

Hər il təşkil edilən yarmarkanın əsas məqsədi yerli əhalini həm Avstriyanın, həm də digər ölkələrin turizm potensialı barədə ətraflı məlumatlandırmaq, aktual mövsüm kataloqları əsasında insanlara tətil seçimlərində istiqamət vermək və həmçinin turizm mütəxəssisləri arasında təcrübə mübadiləsi aparmaqdır.

 

 

Elgün NİFTƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Vyana

 

Azərbaycan.- 2011.- 18 yanvar.- S. 8.