Hollandiyada ermənilərin növbəti təxribatının qarşısı alınmışdır

 

Ermənilər Azərbaycana qarşı işğalçılıq siyasətinə başqa don geydirmək, qondarma "Dağlıq Qarabağ Respublikası"nı müstəqil qurum kimi dünya ictimaiyyətinə tanıtdırmaq istiqamətində dəridən-qabıqdan çıxır, hər cür təxribata əl atmaqdan çəkinmirlər.

Mənzil-iqamətgahı Amsterdamda yerləşən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, ermənilər Utrext şəhərində təşkil edilən Beynəlxalq Turizm Sərgisində ölkəmizə qarşı növbəti təxribata əl atmışlar.

Niderland Krallığının Xarici İşlər Nazirliyinin inkişaf edən ölkələri dəstəkləyən mərkəzinin (CBİ) təşəbbüsü və təşkilatçılığı ilə keçirilən növbəti sərgidə mənfur qonşularımız Dağlıq Qarabağa turistlər cəlb etmək üçün xüsusi bukletlər buraxmış və "Ermənistan" adlı guşədə nümayiş etdirməyə çalışmışlar. Guşəyə qoyulmuş "Ermənistana xoş gəlmişsiniz" bukletinin sonuncu səhifəsində Ermənistana və Dağlıq Qarabağa turist turlarının təşkil edildiyi barədə reklam verilmişdir. Ermənistanın xəritəsində isə Dağlıq Qarabağ ayrıca dövlət kimi göstərilmişdir.

Hollandiyada fəaliyyət göstərən BAK-nın üzvləri tərəfindən ermənilərin bu cəhdinin qarşısı alınmışdır. Doğma vətənləri Azərbaycanın ətrafında sıx birlik nümayiş etdirən təşkilatın üzvləri CBİ-nin əməkdaşları ilə danışaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalçılıq siyasəti, Dağlıq Qarabağın Azərbaycanın əzəl ərazisi olması və digər məsələlər barədə ətraflı məlumat vermişlər. Beynəlxalq hüquq normalarına xələl gətirən belə təşəbbüslərin qarşısını almaq və guşədə Dağlıq Qarabağla bağlı bukletlərin, kitabçaların və digər əyani vəsaitlərin dərhal yığışdırılması tələb edilmişdir. Sərginin layihə rəhbəri Wim Heumenin və CBİ-nin elektron ünvanlarına rəsmi şəkildə etirazlar göndərilmişdir.

BAK-nın fəxri sədri Sahil Qasımov CBİ rəhbərliyi ilə əlaqə saxlayaraq ermənilərin məqsədləri haqqında ətraflı məlumat vermiş və Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəldilmiş bu hərəkətin qarşısını almağı və bukletlərin dərhal yığışdırılmasını tələb etmişdir.

Azərbaycanın Niderland Krallığındakı səfirliyi də ermənilərin dünya ictimaiyyətini aldatmağa yönəlmiş təxribat xarakterli hərəkətlərinə son qoyulması tələbi irəli sürmüşdür.

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Paris

 

Azərbaycan.- 2011.- 18 yanvar.- S. 8.