Oxucu marağı, dəstəyi

 

Teatrı tamaşaçı, qəzeti oxucu yaşadır. Amma fərq ondadır ki, teatr hər gün, qəzet isə ildə cəmi iki dəfə öz auditoriyasını toplayır. Abunə yazılışı kampaniyası zahirən ölkənin ictimai-siyasi həyatında hiss olunan proses deyil və ola bilsin ki, sıravi oxucular üçün bir o qədər də maraqlı mövzu olmasın. Lakin qəzet üçün uğurlu abunə yazılışı kampaniyasını tamaşa salonundakı anşlaqla müqayisə etmək mümkündür.

Yüksək abunə aparılan bölgələrdə qəzetlə yerli hakimiyyət orqanlarının münasibətləri daha sıx qurulur və qarşılıqlı əməkdaşlıq üçün münbit mühit yaranır. Bir qayda olaraq belə bölgələrdə mətbu sözünün gücünə xüsusi önəm verilir. Tənqidi çıxışlara obyektiv yanaşılır, lazımi tədbirlər görülür və redaksiyaya cavab məktubları vaxtında göndərilir. Bu əməkdaşlığın başqa bir üstünlüyü də ondan ibarətdir ki, bölgənin ictimai-siyasi həyatı müntəzəm işıqlandırılır və oxucular gündəlik həyatlarının mətbuatda əks olunmasına rəğbətlə yanaşırlar.

Qəzet də təbii ki, oxucularının çoxluq təşkil etdiyi bölgələrə üstünlük verməyə borcludur. Belə rayonlara həsr olunmuş analitik yazılar, reportaj və məqalələr, hətta adi oxucu şikayəti də digər bölgələrə nisbətən daha böyük marağa səbəb olur və daha geniş oxucu auditoriyası toplayır.

Bu il "Azərbaycan" qəzetinə ən yüksək abunə yazılışı əhalinin orta sayına görə Gədəbəy rayonunda aparılmışdır. Bu amil həm oxucuların maraq dairəsinin genişlənməsi, həm də qəzetimizin populyarlaşması ilə bağlıdır. Rayon rəhbərliyi tərəfindən analitik və tənqidi yazılara bildirilən ədalətli mövqe, verilən qərəzsiz cavablar ilk növbədə, yerli hakimiyyət orqanlarının nüfuzunu rayon sakinlərinin gözündə qaldırır, insanların dövlətə inamını gücləndirir. Dəfələrlə elə olub ki, uzaq Gədəbəydən sadə oxucular Bakıya gələrək redaksiyanın qapısını döyüb fikirləri, qayğıları ilə bölüşüblər.

Onlardan biri də sənətkar kimi tanıdığımız, haqqında yazdığımız Kərəm Nəbiyevdir. Bu sadə sənət adamının öz bölgəsinə məhəbbəti, rayonda baş verən ictimai-siyasi proseslərə fəal qoşulmaq, gərəkli olmaq istəyi rəğbət doğurur. Onu da qeyd edək ki, bu rayondan ən ciddi tənqidi yazı da, adi oxucu gileyi də rayon rəhbərliyi tərəfindən həmişə düzgün başa düşülüb və obyektiv qiymətləndirilib. Qəzetin heç bir çıxışı anlaşılmazlığa səbəb olmayıb.

Biz bölgələrin həyatını daha geniş və mütəmadi işıqlandırmağa çalışırıq. Ötən il ölkənin şimal, şimal-qərb və qərb bölgələrindən 500-ə yaxın müxtəlif səpkili yazılar dərc edilib. Belə əməkdaşlıq öz növbəsində, oxucularımızın sayının artmasına təkan verib. Yeni ildə ötən illə müqayisədə Xaçmaz rayonunda abunəçilərimizin sayı iki dəfə artıb. Sumqayıtda təkcə abunəçilərin sayı 200 nəfərə yaxındır. Eyni zamanda, Abşeron, Siyəzən, Şabran, Quba və Qusar rayonlarında "Azərbaycan" qəzetinə abunə yazılanların sayı bu il ötən illə müqayisədə 40 faiz yüksəlmişdir. "Azərbaycan"ı oxumaq istəyənlərin sayı artıb. Bu, həmin rayonlarda inkişafın sürətindən, dövlətin siyasətinə dəstəyin artmasından da xəbər verir.

Belə səmimi münasibətlər ölkənin əksər bölgələri ilə qurulsa da, problemli rayonlara da təsadüf edilir. Masallı rayonu həm əhalisinin sayına, həm də iqtisadi imkanlarına görə Gədəbəydən xeyli irəlidə olsa da, "Azərmətbuatyayım" ASC-nin 2011-ci ilin əvvəlinə olan məlumatına görə, "Azərbaycan" qəzetinə aparılan abunə yazılışı burada Gədəbəydən 12 dəfə (!) aşağıdır. Masallıda abunə yazılışı işğal altında olan Şuşa, Kəlbəcər və Laçın rayonlarının göstəricilərinə daha yaxındır. Zəbt edilən rayonlarımızda abunənin aşağı olması səbəbləri üzrlü sayılsa da, Masallıda bu problemin nə ilə bağlı olması sual doğurur.

Ümumiyyətlə, hər hansı ərazidə qəzetin zəif yayılması son nəticədə bumeranq kimi həmin yerə qayıdır. Abunə yazılışında fəal iştirak edənlər isə özlərinə qəzetin simasında dost, tərəfdaş və əlavə təbliğat vasitəsi qazanırlar. Biz də dördüncü hakimiyyətin təmsilçiləri kimi öz missiyamızı daha mükəmməl yerinə yetirə bilirik.

Ötən ilin sonunda "Jurnalistlərin dostu" mükafatının Azərbaycan Prezidentinə təqdimat mərasimində cənab İlham Əliyev mətbuatın qayğılarından söz açdı, jurnalistlərin problemlərinin bütün məqamlarını geniş təhlil etdi, onların həlli yolları haqqında danışdı və bu dəstəyin mütəmadi həyata keçiriləcəyini bildirdi. Abunə yazılışı da dövlət qurumlarının mətbuata dəstəyinin bir formasıdır, dövlət başçısının qayğısına yerlərdən gələn dəstəkdir.

Bir sıra rayonlarda aparılan abunənin aşağı olması "Azərbaycan" qəzetinin ümumi tirajı üçün maddi baxımdan ciddi göstərici deyil. Lakin belə rayonların özlərini mərkəzi mətbuatdan kənarlaşdırılması da anlaşılmır.

"Azərbaycan" qəzetinin ən çox diqqət ayırdığı sahələrdən biri ölkənin təhsil sistemi ilə bağlıdır. Təhsil Nazirliyinin aparıcı mütəxəssisləri, görkəmli elm xadimləri, universitet və institut rektorlarının çıxışları qəzetimizdə davamlı surətdə dərc edilir. Lakin "Azərmətbuatyayımı" ASC hesabatında Təhsil Nazirliyinin mərkəzi aparatının və əksər ali təhsil müəssisələrinin abunə yazılışında zəif iştirak etdiklərini göstərir. Belə çıxır ki, qəzetimizdə təhsil sistemi ilə bağlı dərc olunan yazıları 8 mindən yuxarı tirajla bütün ölkə oxuyur, Təhsil Nazirliyində, universitet və institutlarda isə bir neçə nəfər xəbər tutur. Təhsil Nazirliyinin böyük tirajla nəşr edilən KİV-si mövcuddur. Yəni, demək olmaz ki, nazirlik mətbu sözünü yetərincə dəyərləndirmir. Sadəcə, sahəvi qəzetlərə izafi qayğı "Azərbaycan" qəzetini sıxışdırmalı deyil!

Onu da qeyd edək ki, biz də qəzetçi kimi işimizi bayraq etmirik və fəaliyyətimizə tənqidi yanaşmaya üstünlük veririk. Bu yaxınlarda ölkənin şimal bölgəsinə ezamiyyətə getdik. Yaradıcı qrupumuz beş rayonun icra hakimiyyəti başçılarının aparatında oldu, bölgənin müxtəlif iş, sənət adamları, sıravi oxucuları ilə görüşərək ictimai rəyi öyrənməyə cəhd göstərdik. Prezidentin xüsusi diqqətində olan bölgənin bütünlükdə sosial-iqtisadi inkişafı fərəh doğurur. Ölkənin şimalında həyata keçirilən böyük həcmli investisiya layihələri, aparılan genişmiqyaslı islahatlar həqiqətən, Azərbaycanın nəhəng islahatlar erasına qədəm qoyduğundan xəbər verir. İnsanların dövri mətbuata da münasibəti dəyişib, qəzetimizi maraqla izləyir, diqqətlə oxuyurlar. Bu bölgədə tirajımızın ötən illə müqayisədə 40 faizdən yuxarı artması dediklərimizin əyani sübutudur. Yerli hakimiyyət orqanlarının "Azərbaycan" qəzetinə rəğbətlə yanaşması, qarşılıqlı əməkdaşlıqda maraqlı olması bizi sevindirdi. Rayon rəhbərləri uğurların əksi ilə yanaşı, problemli analitik tənqidi yazıların da zəruriliyini və bu istiqamətdə əməkdaşlığa hazır olduqlarını bildirdilər. Hətta ulu öndər Heydər Əliyevin ən yaxın silahdaşlarından sayılan Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev bizə gülümsəyərək: "Azərbaycan" qəzetinə də, baş redaktorunuz Bəxtiyar müəllimə də böyük hörmətimiz var. Nədən istəsəniz, yaza bilərsiniz", - dedi.

Quba Rayon İcra Hakimiyyətinin başçısı Rauf Həbibov iş vaxtının qurtarmasına baxmayaraq bizimlə görüşdü, səhər davam edən söhbətimizdə rayonda gedən quruculuq işləri haqqında məlumat verdi, mövcud problemlərin həllində qəzetin müstəsna rolunu xüsusi vurğuladı. Müxtəlif sahələri təmsil edən çoxlu insanlarla görüşdük, əsl jurnalist, qəzetçi üçün mövzuların çoxluğuna, tədqiqatların bolluğuna sevindik. Eyni zamanda, dəyişən, inkişaf edən bölgələrin və mətbuatın da məsuliyyətinin qarşılıqlı artdığını hiss etdik. Yeni mövzuların, maraqlı jurnalist layihələrinin, ideyalarının süzgəcindən keçən yazılara qəzetin də, oxucuların da ehtiyacı olduqlarını dərk etdik.

Bəzən elə olur ki, abunə yazılışında gecikən, ya da buna laqeyd yanaşan oxucular dəfələrlə bizə müraciət edərək köşklərdə qəzetimizi tapmadıqlarından gileylənirlər. İmkan daxilində yardım edirik, ya kitabxanamızdan alıb oxumağa veririk, ya da lazım olan yazının surətini çıxardırıq. Amma elə olur ki, oxucu uzaqda olur axtardığı nüsxəni köşklərdə tapmır, bizə də əli çatmır. Problemin ən asan həlli qəzetə vaxtında abunə yazılmaqdır. Çünki bizim qəzetimizin satışı köşklərdən daha çox abunə ilə təşkil olunur.

Elektron yayım vasitələri operativlik baxımından fərqli üstünlüyə malikdir. Ölkənin istənilən nöqtəsində vacib xəbəri almaq üçün televizoru yandırmaq və ya internet saytına girmək kifayət edir. Lakin qəzetin də üstünlükləri az deyil. "Azərbaycan" qəzetinin elektron variantını da dünyanın istənilən nöqtəsində izləmək mümkündür. Çap versiyası isə tarixdir, onu saxlamaq, qorumaq asandır. Dəfələrlə əllərində saralmış qəzet nüsxələri ilə redaksiyamıza müraciət edən oxucular 20-30 il əvvəl özləri, yaxınları haqqında yazılanları qiymətli xatirə kimi qoruduqlarını bildiriblər, vacib sənəd kimi təqdim ediblər. Bu baxımdan qəzet böyük üstünlüyə malikdir.

Ulu öndər Heydər Əliyev deyirdi ki, əsl mütəxəssis hadisələri qabaqlamalı, sabahı görməyi bacarmalıdır. Bu fikir təbii ki, mətbuatın sıravi əsgərlərinə də aiddir.

Biz dövlət kimi, xalq kimi, millət kimi son iki onillikdə misilsiz çətinliklər və tarixi şanslarla dolu uğurlu həyat yolu keçdik, bütün faciələrin və müharibələrin ağırlığına baxmayaraq qalib qismətini yaşadıq! İndi mətbuat təmsilçiləri kimi dövlətimizin inkişafına sevinirik. Azərbaycanın yeni minillikdə uğurlarını artırmaq üçün səylərimizi eyni istiqamətdə, eyni məqsədə çatmaq üçün birləşdirməliyik.

 

 

Bahadur İMANQULİYEV

 

Azərbaycan.- 2011.- 18 yanvar.- S. 9.