Moskvada Qarabağ münaqişəsinin
prinsipial cəhətlərinin tədqiqinə həsr
edilmiş kitab çapdan çıxmışdır
Moskva Dövlət Universitetinin (MDU) tarix fakültəsinin yaxın xarici ölkələrin tarixi kafedrası Cənubi Qafqazın problemlərinin təhlilinə və burada optimal postmünaqişə tənzimləmə modellərinin axtarışına həsr olunmuş silsilə kitablar hazırlayır. "Vestnik Kafkaza" internet portalının yazdığına görə, həmin silsilədən birinci nəşr "Mayendorfdan Astanayadək: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin prinsipial aspektləri" kitabı olmuşdur.
Elə kitabın adı postsovet məkanında bu ən mürəkkəb və çoxşaxəli münaqişəyə dair tədqiqat işlərinin əsas mövzusunu dəqiq müəyyən edir. SSRİ-nin bir dövlət kimi sürətlə dağılmasını bir çox cəhətdən məhz Dağlıq Qarabağ münaqişəsi sürətləndirmişdir. Alim və ekspertlər öz məqalələrində bu münaqişənin həlli yollarını, onun tarixi xüsusiyyətlərini və hadisələrin gələcək inkişafının mümkün perspektivlərini hərtərəfli araşdırırlar.
Beynəlxalq münasibətlər və siyasi elmlər üzrə mütəxəssislərə, tarixi konfliktologiya problemləri ilə maraqlananlara ünvanlanmış kitabın giriş hissəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair əsas beynəlxalq sənədlər yer almışdır.
Gələcəkdə MDU-nun tarix fakültəsinin yaxın xarici ölkələrin tarixi kafedrasının və MDU-nun postsovet məkanının öyrənilməsi üzrə İnformasiya-Təhlil Mərkəzinin nəşrlərində Rusiya, Gürcüstan, Türkiyə, İran və Ermənistan, habelə Avropa İttifaqı ölkələri və ABŞ alimlərinin regiondakı digər münaqişələrlə bağlı mövqeləri əksini tapacaqdır. Axı məlumdur ki, həqiqət məhz elmi mübahisələr zamanı ortaya çıxır. Son məqsədi Cənubi Qafqazı sülhün və qarşılıqlı anlaşmanın hökm sürdüyü ümumi evə çevirmək olan məntiqi kompromis də məhz bu yolla tapıla bilər.
Asya HACIZADƏ,
AzərTAc-ın xüsusi
müxbiri
Moskva
Azərbaycan.- 2011.- 18 yanvar.- S. 10.