Ali Məhkəmədə 20 Yanvar şəhidlərinin xatirəsi yad edilmişdir

 

Yanvarın 17-də Ali Məhkəmədə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş yığıncaq keçirilmişdir.

AzərTAc xəbər verir ki, yığıncaqda çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev bildirmişdir ki, 1990-cı ilin 20 Yanvar hadisəsi Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə tərkibində xeyli erməninin də olduğu sovet qoşunları Azərbaycan xalqına qarşı terror həyata keçirmişdir. Bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən şəxs ümummilli lider Heydər Əliyev olmuşdur. Ulu öndər səhərisi günü, yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək faciəni törədən şəxsləri kəskin şəkildə tənqid etmiş, bu hadisəni hüquqa, demokratiyaya, humanizmə zidd hesab etdiyini bildirmişdir. Görkəmli dövlət xadimi respublikada hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutmuş, onların ailələrinə və zərərçəkənlərə daim qayğı göstərmişdir.

Qeyd edilmişdir ki, 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət də ümummilli liderin təşəbbüsü ilə verilmiş, hadisənin günahkarlarının adları açıqlanmışdır.

Çıxış edənlər bildirmişlər ki, Azərbaycan xalqı 20 yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiqliyini, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirmişdir. 1990-cı ilin Qanlı Yanvarında Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalmış Vətən övladları özlərinin fədakarlığı ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Xalqımız belə qəhrəman oğulları ilə fəxr edir.

 

 

Azərbaycan.- 2011.- 18 yanvar.- S. 10.