20 Yanvar faciəsi bəşəriyyətə
və insanlığa qarşı törədilmiş ən
ağır cinayətlərdəndir
Yanvarın 17-də Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında 20 Yanvar faciəsinin 21-ci ildönümünə həsr olunmuş mərasim keçirilmişdir.
Əvvəlcə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Akademiyanın prorektoru, hüquq elmləri üzrə fəlsəfə doktoru İlham Abbasov çıxışında 20 Yanvar faciəsinin Azərbaycan xalqının tarixində həm faciəli, həm də çağdaş milli azadlıq hərəkatının qəhrəmanlıq səhifəsi, eyni zamanda yüzlərlə övladını qurban verdiyini, xalqımızın mərd oğul və qızlarının təpədən-dırnağa qədər silahlanmış Sovet ordusu hissələrinin qarşısında dayanmağa qadir olduğunu dünyaya, bəşəriyyətə, insanlığa qarşı ən ağır cinayətlərdən biri kimi səciyyələndirmişdir.
Tədbirdə vurğulanmışdır ki, ümummilli lider Heydər Əliyev özünün və yaxınlarının həyatını təhlükə qarşısında qoyaraq yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib xarici jurnalistlər və azərbaycanlılar qarşısında çıxış etmiş, imperiya siyasətini, o cümlədən Mixail Qorbaçovun xalqımıza düşmən siyasətini qətiyyətlə ifşa etmişdir.
Məhz ulu öndərin Azərbaycana hakimiyyətə qayıdışından sonra Milli Məclisin 1994-cü il martın 29-da keçirilmiş iclasında 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilmişdir.
AzərTAc
Azərbaycan.- 2011.- 18 yanvar.- S. 10.