Azərbaycan-Avropa əməkdaşlığında
yeni səhifə
"Cənub qaz dəhlizi" hər
iki tərəf üçün böyük perspektivlər vəd
edir
Avropaya inteqrasiya xətti götürmüş Azərbaycan indiyədək bu istiqamətdə xeyli irəliləyişə nail olmuşdur. Ölkəmiz bir çox Avropa təsisatlarının tamhüquqlu üzvüdür və bu təsisatlar çərçivəsində qitə dövlətləri ilə səmərəli əməkdaşlıq edir. İqtisadiyyat, mədəniyyət, elm, təhsil və digər sahələrdə qarşılıqlı faydalı əlaqələr ildən-ilə genişlənir. Avropa İttifaqının (Aİ) "Şərq tərəfdaşlığı" proqramının əhatə etdiyi ölkələrdən biri də Azərbaycandır. İkitərəfli tərəfdaşlıq artıq elə bir səviyyəyə gəlib çatmışdır ki, indi Azərbaycanla Aİ arasında assosiasiya sazişi hazırlanır.
Məqsəd strateji əlaqələri genişləndirmək və Azərbaycanı Avropa bazarına daha da yaxınlaşdırmaqdır. Eyni zamanda, vizaların sadələşdirilməsi haqqında sazişin imzalanması ilə əlaqədar danışıqlara başlamaq nəzərdə tutulur. Bu isə Azərbaycan vətəndaşlarının Aİ-nin üzvü olan ölkələrə səfərlərini asanlaşdırmağa və beləliklə, insanlar arasında ünsiyyəti sıxlaşdırmağa şərait yaradacaq.
Azərbaycan-Aİ tərəfdaşlığının digər mühüm istiqaməti enerji təchizatı ilə bağlıdır. Zəngin karbohidrogen ehtiyatlarına malik olan ölkəmiz neft və qazının potensial istehlakçısı kimi Avropanı görür. Artıq bu sahədə əhəmiyyətli addımlar atılmışdır. Əsası "Əsrin müqaviləsi" ilə qoyulmuş milli neft strategiyasının reallaşdırılması naminə neft və qaz ixracının bütöv şəbəkəsi yaradılmışdır. Hazırda Azərbaycan nefti üç kəmər vasitəsilə Qara dəniz və Aralıq dənizi sahillərinə çıxaraq dünya bazarlarına ixrac edilir.
Azərbaycan həm də zəngin təbii qaz ehtiyatlarına malikdir. Ölkəmizin təsdiqlənmiş qaz ehtiyatları 2,2 trilyon kubmetr həcmindədir, potensial ehtiyatlar isə bundan da çoxdur. Neftdən fərqli olaraq, təbii qazın ixracı üçün əvvəlcədən bazar müəyyənləşdirilməlidir. Üstəlik, tranzit ölkələrlə müvafiq razılaşmalar əldə edilməlidir. Azərbaycan bu sahədə də xeyli iş görmüşdür. Bu gün təbii qazımız dörd boru kəməri vasitəsilə ixrac edilir və üç ölkəni "mavi yanacaq"la təmin edir. Dünya bazarında, xüsusən, Avropada isə qaza tələbat çoxdur. Həm də Azərbaycanın qaz ixracı potensialı böyükdür. "Şahdəniz-2" layihəsinin işə düşməsi ilə qaz ixracının həcmi indikindən xeyli çox olacaq.
Azərbaycan qazına ən çox maraq göstərən Avropadır. Hazırda Aİ ölkələrinin gündəliyində duran ən vacib məsələlərdən biri təbii qaz təchizatı marşrutlarının və mənbələrinin şaxələndirilməsidir. Xatırladaq ki, Avropanın qaza tələbatının təqribən yarısını Rusiya ödəyir. Qaz təchizatında bir ölkədən asılılıq Avropa üçün ciddi problemlər yaradır. Təkcə iki il əvvəl yaranmış vəziyyəti yada salmaq kifayətdir. 2009-cu ilin qışında Rusiya tranzit ölkə - Ukrayna ilə ixtilaflar ucbatından Avropaya qaz nəqlini dayandırmış, nəticədə qitə ölkələri böyük çətinliklərlə qarşılaşmışdı, çünki alternativ təchizat mənbələri yox idi. Odur ki, Avropa enerji təhlükəsizliyini möhkəmlətmək üçün üzünü Mərkəzi Asiya, Azərbaycan və Yaxın Şərqə çevirməli olmuşdur.
Alternativ kimi Azərbaycan
qazı Avropa üçün daha cəlbedicidir. Əvvəla,
yuxarıda qeyd olunduğu kimi, Azərbaycan qazı artıq
qonşu ölkələrə, oradan da Avropaya ixrac olunur və
bunun üçün müəyyən infrastruktur
yaradılmışdır. Digər tərəfdən, Azərbaycan
etibarlı təchizatçı və tranzit ölkə imici
qazanmışdır, qarşılıqlı əməkdaşlıq
məsələlərində konstruktivliyi ilə seçilir,
tərəfdaşlar üçün problem yaratmır. Ona
görə də Avropanın Azərbaycanla əməkdaşlığa
can atması tamamilə təbiidir.
İndi təbii qaz təchizatı
sahəsində Azərbaycan-Avropa əməkdaşlığında
yeni səhifə açılır. Bu günlərdə
Avropa Komissiyasının sədri Xose Manuel Barozzunun ölkəmizə
səfəri zamanı imzalanmış "Cənub qaz dəhlizi
haqqında Birgə Bəyannamə" böyük perspektivlər
vəd edir: bir tərəfdən Avropa alternativ qaz təchizatı
mənbəyi əldə edir, digər tərəfdən isə
Azərbaycan qaz ixrac etmək üçün yeni bazarlara
çıxır. Birgə bəyannamənin
imzalanmasının ardınca tərəflər konkret
addımlar atmağa başlamışlar. Azərbaycanın sənaye
və energetika naziri Natiq Əliyev və energetika məsələləri
üzrə Avropa komissarı Günter Ottingerin
imzaladıqları niyyət protokolu bir növ "yol xəritəsi"dir
və "Cənub qaz dəhlizi" layihəsinin
reallaşdırılması işlərini sürətləndirmək
məqsədilə birgə işçi qrupunun
yaradılmasını nəzərdə tutur. Həm Azərbaycanı,
həm də Avropa Komissiyasını təmsil edən mütəxəssis
və ekspertlərdən ibarət işçi qrupuna Birgə
Bəyənnamədən irəli gələn məsələləri
tez bir zamanda həll etmək
tapşırılmışdır.
"Cənub qaz dəhlizi"
kifayət qədər iddialı layihədir və Azərbaycanla
Avropa arasında əməkdaşlığa güclü təkan
verəcək. Qaz təchizatı marşrutlarının və
mənbələrinin şaxələndirilməsinə xidmət
edən bu layihədən çox ölkə yararlanacaq.
"Cənub dəhlizi" NABUKKO, Transadriatik, "Ağ
axın" (Azərbaycan-Gürcüstan-Ukrayna-Avropa) və
İTGİ (Türkiyə-Yunanıstan, İtaliya) qaz kəmərləri
layihələrini əhatə edir. Hazırda bu kəmərlərin
işləyəni də var, üzərində iş gedəni
də. Aİ ilə Azərbaycan arasında imzalanmış
yeni sənədlər perspektiv qaz kəməri layihələrinin
reallaşdırılmasını daha da sürətləndirəcək.
Söhbət ilk növbədə, NABUKKO-dan gedir. Qeyd edək
ki, bu kəməri Rusiyanın "Cənub axını"
layihəsinə alternativ hesab edirlər. Elə Rusiyanın
özü də NABUKKO-nu bəyənmir və onun gerçəkləşməsinə
şübhə ilə yanaşır. Azərbaycan bu cür
müzakirələrdə iştirak etmir, yalnız və
yalnız real təklifləri qəbul etməkdə qərarlıdır.
Bu, NABUKKO-ya da, digər layihələrə də aiddir. Yəni,
Azərbaycan enerji təchizatı sahəsində bütün
ölkələrlə qarşılıqlı faydaya əsaslanan
əməkdaşlığa həmişə
açıqdır və bəzi dairələrin iddia etdiyi
kimi, hansısa siyasi maraq güdmür. Yeri gəlmişkən,
Azərbaycan Rusiyanın "Qazprom" konserni ilə də əməkdaşlıq
edir və bu ölkəyə qaz ixrac edir. Qonşu dövlətə
göndərilən qazın həcmini cari ildən etibarən
2 milyard kubmetrə (indiyədək illik ixracat 500 milyon kubmetr
idi) çatdırmaq nəzərdə tutulmuşdur. Başqa
sözlə, Azərbaycanın ixracat potensialı kifayət qədərdir
və istər yaxın, istərsə də uzaq ölkələr
bu potensialdan faydalana bilərlər.
A.MEHDİYEV
Azərbaycan.- 2011.- 18 yanvar.- S. 11.