Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Latviya Respublikasına rəsmi səfəri

 

Birgə mətbuat konfransı

 

Xəbər verdiyimiz kimi, yanvarın 17-də Riqada Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Valdis Zatlersin birgə mətbuat konfransı olmuşdur. Dövlət başçıları əvvəlcə birgə bəyanatla çıxış etdilər.

 

Latviya Prezidenti Valdis Zatlersin bəyanatı

 

- Mən dostum, Azərbaycan Prezidenti İlham Əliyevi burada, Riqada salamlamağa çox şadam. Biz burada çox gözəl mühitdə və xoş niyyətlərlə ölkələrimizin iqtisadi və mədəni əməkdaşlığını inkişaf etdirmək əzmindəyik.

İki ölkənin münasibətləri çox müsbət inkişaf edir. Məsələn, biz bu iqtisadi tənəzzül illərinə baxsaq görərik ki, Azərbaycan ilə Latviyanın iqtisadi əməkdaşlığının həcmi 10 faiz artıb. Bugünkü biznes forum və mənim Bakıya səfərim zamanı keçirilən biznes forum iqtisadi əməkdaşlığımızın daha da sıx olması üçün atılan növbəti addımlardır. Bu gün Azərbaycan-Latviya İşgüzar Şurası yaranacaqdır. Yəni, ölkələrimiz arasında əlaqələri təkcə dövlət başçıları və hökumətlər deyil, həm də iş adamları möhkəmləndirəcəklər.

Biz gələcəyə baxarkən ikitərəfli əlaqələrimizi möhkəmləndirmək və Avropa İttifaqı ilə Azərbaycan arasında daha sıx əməkdaşlığa dəstək vermək üçün "Şərq tərəfdaşlığı" layihəsindən necə yararlanmağı da düşünürük. Burada bizim təhsil və məhz dövlət idarəçiliyində informasiya texnologiyaları sahələrində əməkdaşlığa dair çox yaxşı müzakirələrimiz olub. Biz sərhədlərin qorunmasında və gömrük məsələlərində necə əməkdaşlıq edə biləcəyimiz haqqında söhbət etdik. Zənnimcə, "Şərq tərəfdaşlığı"nın müvəffəqiyyəti üçün olduqca əhəmiyyətlidir ki, Azərbaycan bu tərəfdaşlığı, onun mahiyyətini necə gördüyünü və Latviyanın Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin inkişafına hansı töhfə verə biləcəyini dəqiq desin.

Əlbəttə, biz energetika məsələlərinə də toxunduq. Çünki Azərbaycan enerji ehtiyatlarının Avropaya çatdırılmasında mühüm rol oynayır. Gələcəkdə biz - hər iki tərəf bu rolun artması üçün əlimizdən gələni əsirgəməyəcəyik.

Bir sözlə, müzakirə edilən məsələlər çox idi. Sonra isə mən sizin birbaşa, konkret suallarınıza cavab verəcəyəm.

 

 

Azərbaycan.- 2011.- 19 yanvar.- S. 1.