Azərbaycan Prezidenti İlham Əliyevin
bəyanatı
- Hörmətli cənab Prezident!
Hörmətli xanımlar və cənablar!
İlk növbədə qeyd etmək istəyirəm ki, yenidən dost Latviyada olmağımdan çox məmnunam. Cənab Prezident, məni Latviyaya dəvət etdiyiniz üçün Sizə minnətdarlığımı bildirmək istəyirəm. Əminəm ki, mənim səfərim Latviya-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm rol oynayacaqdır. Cənab Prezident, biz Sizin 2009-cu ildə Azərbaycana səfərinizi xatırlayırıq və o səfər zamanı əldə edilmiş razılaşmalar uğurla icra edilir. Əminəm ki, bu gün imzalanmış vacib sənədlər gələcək illərdə də münasibətlərimizi müəyyən edəcəkdir. Mən imzalanmış sənədlərin arasında Birgə Bəyannaməni xüsusilə vurğulamaq istəyirəm. Bu Bəyannamə çox ciddi bir sənəddir və orada gələcək əməkdaşlığımızın bütün istiqamətləri öz əksini tapıbdır.
Artıq Latviya Prezidenti bu gün müzakirə edilmiş məsələlər haqqında məlumat verdi, onu təkrarlamaq istəmirəm. Sadəcə olaraq, demək istəyirəm ki, həm siyasi, həm iqtisadi, həm mədəniyyət sahəsində gələcək əməkdaşlıq üçün çox gözəl perspektivlər vardır. Ölkələrimiz dost ölkələrdir. Siyasi əlaqələr çox yüksək səviyyədədir. Ümid edirəm ki, iqtisadi sahədə görüləcək işlər iqtisadi münasibətlərimizi də siyasi münasibətlərin səviyyəsinə qaldıracaqdır.
Bu məqsədlər üçün bu gün keçiriləcək biznes forum çox böyük əhəmiyyətə malikdir. Azərbaycandan Latviyaya mənimlə bərabər 50-dən çox iş adamı gəlmişdir ki, öz həmkarları ilə gələcək planlar haqqında fikir mübadiləsi aparsın.
Enerji məsələlərinə gəldikdə, Azərbaycan Avropa İttifaqı ilə bu sahədə çox uğurlu əməkdaşlıq edir. Bu ayın 13-də Bakıda Avropa Komissiyasının sədri cənab Barrozunun səfəri zamanı Avropa İttifaqı ilə Azərbaycan arasında enerji məsələlərinə dair Birgə Bəyannamə imzalanmışdır. Bu bəyannamə gələcək əməkdaşlığımızın istiqamətlərini müəyyən edir. Əminəm ki, bəyannamədə nəzərdə tutulmuş məsələlər 2011-ci ildə icra edilməyə başlanacaqdır. Azərbaycanın zəngin neft-qaz ehtiyatları dünya bazarlarına müxtəlif yollarla nəql edilir. Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyi məsələlərinə öz töhfəsini verməyə hazırdır.
Bu gün eyni zamanda, biz regional məsələlər haqqında fikir mübadiləsi apardıq. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair danışıqların son mərhələsi haqqında Prezident Zatlersə məlumat verdim. Bu məsələ uzun illərdir ki, öz həllini gözləyir. Məsələ isə beynəlxalq hüquq normaları əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Beynəlxalq təşkilatlar - BMT, ATƏT, Avropa Şurası, Avropa Parlamenti və başqa təşkilatların ədalətli qətnamələri və qərarları əsasında öz həllini tapmalıdır.
"Şərq Tərəfdaşlığı" Proqramına gəldikdə isə, Azərbaycan bu proqramın icrasına çox böyük ümidlərlə baxır. Əminəm ki, bu proqramın icrası bizi Avropa ilə daha da yaxınlaşdıracaqdır. Sağ olun.
Sonra dövlət başçıları jurnalistlərin suallarına cavab verdilər.
- Sual hər iki ölkənin liderlərinədir.
Burada artıq iqtisadi əməkdaşlıq imkanları məsələsi
səslənib. Konkret sahələri qeyd etmək olar və Azərbaycan
yüklərinin Riqa limanına cəlb edilməsi layihəsi
barədə ətraflı məlumat verə bilərsinizmi?
Valdis ZATLERS: - İqtisadi əməkdaşlığın istiqamətləri kifayət qədər çoxdur. Biz adət etmişik ki, Latviya öz qida məhsullarını ixrac edir və onlar bir çox ölkədə, o cümlədən Azərbaycanda yüksək dəyərləndirilir. Azərbaycanın özəl şirkətləri və dövlət müəssisələri üçün Latviyanın informasiya texnologiyaları layihələrinin ixrac imkanlarına da böyük maraq vardır. Biz, həmçinin təhsil sahəsində əməkdaşlıq imkanları barədə danışdıq. Çünki təhsil də bir növ ixrac məhsuludur. Biz Azərbaycanın və Latviyanın qarşılıqlı maraqlarını müzakirə etdik. Nəqliyyat, energetika haqqında danışdıq.
Bilirsiniz, biznes forum daha çox imkan nümayiş etdirəcəkdir. Mənim "Dillər sahili" layihəsindən çox xoşum gəlir. Bu, rəqəmsal formatda hazırlana biləcək tərcümələr layihəsidir. Bu, azsaylı xalqlar üçün öz dilindən istifadə edərək internet mühitinə daha yaxşı çıxış əldə etmək, tərcümə etmək, bir-birini anlamaq imkanıdır. Bir sözlə, imkanlar çoxdur, çünki həm Latviya, həm Azərbaycan əməkdaşlıq və iqtisadiyyatın modernləşdirilməsi yolu ilə addımlayır.
İlham ƏLİYEV: -Etiraf etməliyəm ki, iqtisadi sahədə aramızdakı əlaqələr siyasi əlaqələrin səviyyəsinə hələ ki, qalxmayıbdır. Əminəm ki, görüləcək tədbirlər nəticəsində biz bu sahədə də yaxşı nəticələri görəcəyik. Mən perspektivli sahələr arasında, ilk növbədə, informasiya-kommunikasiya texnologiyalarını qeyd etmək istərdim. Azərbaycan bu istiqamətə çox böyük önəm verir və bilirəm ki, Latviyada da bu sahədə böyük işlər görülübdür.
Kənd təsərrüfatı sahəsində əməkdaşlığın yaxşı perspektivləri ola bilər. Biz energetika sahəsində qarşılıqlı sərmayələrin qoyuluşu məsələlərinə daha da diqqətlə baxmalıyıq. Bu gün Azərbaycan şirkətləri artıq öz kapitalını xarici bazarlara yönəldirlər. Biz xaricə böyük həcmdə ölçülən sərmayə qoyuruq. Bu gün keçiriləcək biznes forumda iştirak edəcək şirkətlər Azərbaycanın aparıcı şirkətləridir. Bu şirkətlərin böyük təcrübəsi və artıq böyük maliyyə imkanları vardır.
Mən hesab edirəm ki, bu məsələlər mövcud olan birgə hökumətlərarası komissiyasının iclasları zamanı daha da hərtərəfli və səmərəli qaydada müzakirə oluna bilər. Komissiyanın növbəti iclası bir neçə aydan sonra Riqada keçiriləcəkdir. Hesab edirəm ki, bütün təkliflər orada təhlil ediləcək və biz gələcəkdə iqtisadi əlaqələrimizi konkret proqram əsasında quracağıq.
Valdis ZATLERS: - Biznes forumun nə dərəcədə populyar olduğunu daha yaxşı anlamaq üçün bildirim ki, Latviya tərəfindən bu tədbirdə 250-dən çox iş adamı iştirak edir.
- Mənim sualım hər
iki prezidentədir. Ölkələrimiz arasında
qarşılıqlı investisiya qoyuluşunun perspektivlərini
necə dəyərləndirirsiniz? Sağ olun.
İlham ƏLİYEV: - Mən
çıxışımda qeyd etdim ki, bu sahə perspektivli
ola bilər və biz Latviya şirkətlərinin
investisiyalarını alqışlayırıq. Ümid edirəm
ki, bu investisiyalar Azərbaycanın iqtisadiyyatının
şaxələndirilməsində mühüm rol
oynayacaqdır. Biz bu gün Azərbaycanda iqtisadiyyatın
bütün istiqamətlərinə böyük əhəmiyyət
veririk. Biz elə etməliyik ki, iqtisadiyyatımızın
neft-qaz sektorundan asılılığı minimum səviyyəyə
endirilsin və buna artıq nail oluruq.
İqtisadiyyatımızın şaxələndirilməsi
üçün investisiyaların cəlb olunması bizim
üçün çox vacibdir.
Qeyd etməliyəm ki, təkcə
2010-cu ildə Azərbaycan iqtisadiyyatına 15,5 milyard dollar sərmayə
qoyulmuşdur. Onun 9,3 milyardı daxili sərmayədir,
qalanı isə xarici investisiyalardır. Bizdə çox
gözəl investisiya mühiti yaradılıbdır. Xarici
şirkətlərin sərmayəsi lazımi səviyyədə
qorunur. Azərbaycan şirkətləri artıq xarici bazarlara
sərmayə qoyuluşuna başlamışlar. Bu sərmayələr
artıq bir neçə milyard dolları ötüb
keçib və əlbəttə ki, bizə dost ölkə
olan Latviyada investisiya imkanlarını araşdırmaq bizim
üçün çox maraqlı ola bilər. Hesab edirəm
ki, bu gün keçiriləcək biznes forum bu məsələnin
həlli üçün də öz rolunu oynamalıdır.
Valdis ZATLERS: - Gələcək iqtisadi əməkdaşlığın
əsasını birmənalı olaraq investisiyalar təşkil
edir. Hər iki tərəfin Latviyaya və Azərbaycana sərmayə
qoymaqda maraqlı olduğunu nəzərə alsaq, biz iyirmi ildən
sonra görüşə bilərik və müsbət nəticəni
görəcəyik ki, ticarət dövriyyəmiz daha da
çoxdur, ölkələrimizin iqtisadiyyatları
qarşılıqlı qaydada bir-biri ilə daha çox
bağlıdır və bir-birini tamamlayır.
- Cənab Prezident Əliyev, Siz sədr Barrozunu və
imzalanmış sənədi xatırlatdınız. Avropa
üçün enerji təchizatçısı olmaq və
bunu xüsusən də Rusiyadan kənardan keçən boru kəməri
vasitəsilə etməkdə Azərbaycanın sadiqliyi nə
dərəcədə ciddidir?
İlham ƏLİYEV: - Biz enerji layihəmizi 1990-cı illərin
ortalarından başladıq. Azərbaycan Xəzər dənizində
işləmək üçün xarici neft şirkətlərini
dəvət edən ilk ölkə oldu. Buna görə, enerji
layihələrimizin tarixi 15-16 ildən əvvəlki dövrə
təsadüf edir. Biz bugünə qədər neft və
qazımızı beynəlxalq bazarlara nəql etmək məqsədilə
bütün zəruri infrastruktur layihələrini həyata
keçirə bildik. Hazırda Azərbaycan neft və
qazını müxtəlif istiqamətlərdə nəql edən
üç neft və dörd qaz boru kəmərinə malikik.
Hasilat həcminə gəldikdə, ötən il Azərbaycanda
50 milyon tondan artıq neft və təxminən 30 milyard kubmetr
qaz hasil edilmişdir. Bu həcmin əksər hissəsi ixrac
edilmişdir. Bu gün biz qonşularımızı təbii
qazla təchiz edirik. Bizim Türkiyə, Gürcüstan, Rusiya
və İranla müqavilələrimiz vardır. Biz hasilat və
imkanlarımızı, əlbəttə ki, ixrac qabiliyyətimizi
artırmaq istəyirik. Buna görə, biz hər iki istiqamətdə
çalışmalıyıq. Birincisi, artıq işlədiyimiz
bazarlara qaz təchizatını artırmaq, - mən həmin
ölkələri qeyd etdim, - ikincisi isə, yeni bazarları
tapmaq nəzərdə tutulur. Bu halda, biz Avropa ölkələrinin
və Avropa İttifaqının olduqca ciddi
yanaşmasını görürük. Həmin ciddi
yanaşma öncə qeyd etdiyim kimi, Bakıda bir neçə
gün əvvəl sədr Barrozunun və mənim
imzaladığımız Birgə Bəyannamədə öz
əksini tapmışdır.
Bizim nəhəng qaz
ehtiyatlarımız vardır. Onların həcmi trilyonlarla
kubmetrlə ölçülür. Biz artıq müasir və
olduqca effektiv şaxələndirilmiş infrastruktura - qaz boru
kəmərlərinə malikik. Avropada isə daha çox qaza
ehtiyacı olan böyük bazarımız vardır. Bizim
üçün söhbət kimdənsə yan və ya kənar
keçməkdən getmir. Öz enerji strategiyamızda biz
heç vaxt heç kimə qarşı
çıxış etməmişik. Bizim üçün ən
vacibi odur ki, qaz potensialımızı tam şəkildə həyata
keçirək. Qaz hasilatımız ən azı iki dəfə
artırıla bilər. Buna görə, əlbəttə ki,
bizə bazarlar lazımdır. Qazımıza ehtiyac duyan
bazarlar, rəqabətcil, açıq, qanunvericiliklə tənzimlənən
və uzunmüddətli bazarlar lazımdır. Bu baxımdan,
hesab edirəm ki, Avropa istehlakçılarının və Azərbaycanın
maraqları üst-üstə düşür. Hazırda isə,
istehlakçılar, hasilatçılar və əlbəttə
ki, tranzit ölkələrin maraqlarını təmin etmək
üçün uzunmüddətli perspektivdə birgə
işləmək üzərində düşünmək
vaxtı yetişib.
- Mənim də sualım hər iki prezidentədir. Azərbaycan
ilə Latviya arasında əlaqələrin regional iqtisadi əməkdaşlıq
baxımından əhəmiyyəti barədə nə deyə
bilərsiniz? Təşəkkür edirəm.
Valdis ZATLERS: - Latviyanı birmənalı olaraq Avropa İttifaqı
ölkəsi kimi dəyərləndirmək lazımdır.
Ticarət dövriyyəmizin 70 faizi Avropa İttifaqı ilə
bağlıdır. Azərbaycanla ikitərəfli iqtisadi
münasibətləri inkişaf etdirərkən biz, eyni
zamanda, Azərbaycanın Avropa İttifaqı ilə iqtisadi
münasibətlərinə dəstək vermiş oluruq və
əksinə. Biz Qafqaz regionunda böyük iqtisadi
inteqrasiyanı görmək istəyirik. Biz hər bir ölkə
ilə ikitərəfli münasibətlərin
formalaşdırılması hesabına regionun ümumi
iqtisadi əməkdaşlığını dəstəkləyəcəyik.
Bu gün iqtisadiyyat qlobaldır. Biz daha "biz - sizə, siz -
bizə" deyə bilmərik. Bunun həmişə regional,
bir çox halda isə, həmçinin qlobal konteksti olub.
İlham ƏLİYEV: - Mən qeyd etmək istəyirəm
ki, iqtisadi sahədə görüləcək işlər
çoxdur. İki tərəfin bu məsələlərin həlli
üçün böyük marağı vardır. Baxmayaraq
ki, iki ölkə arasında iqtisadi sahədə müəyyən
qədər canlanma vardır və ticarət dövriyyəsi
artır. Hələ ki, bu, bizim potensiallarımızı əks
etdirmir. Əlbəttə ki, həm ikitərəfli formatda
Latviya-Azərbaycan iqtisadi əlaqələri bizim
üçün vacibdir, həm də Latviya Avropa
İttifaqının üzvü kimi Azərbaycan
üçün çox cəlbedici ölkədir. Ən
önəmlisi ondan ibarətdir ki, hər iki tərəfdə
qarşılıqlı və çox güclü siyasi iradə
vardır, ölkələrimiz dost ölkələrdir. Qeyd
etdiyim kimi, siyasi əlaqələr mütəmadi qaydada öz
əksini tapır. Belə olan halda biz maksimum dərəcədə
iki ölkənin iqtisadi potensialını
aşkarlamalıyıq, bir-birimizə təqdim etməliyik.
Beləliklə, uzunmüddətli və çox uğurlu
iqtisadi əməkdaşlığa nail olmalıyıq ki, bu
da özlüyündə siyasi əlaqələrin
inkişafı üçün mühüm töhfəsini
verəcəkdir.
AzərTAc
Azərbaycan.- 2011.- 19 yanvar.- S. 1, 2.