Azərbaycan Prezidentinin və xanımının şərəfinə
Xəbər verdiyimiz kimi, yanvarın 17-də Riqada Latviya Prezidenti Valdis Zatlers və xanımı Lilita Zatlere tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət verilmişdir.
Dövlət başçıları ziyafətdə çıxış etdilər.
Latviya Prezidenti
Valdis Zatlersin çıxışı
- Cənab
Prezident!
Xanım Əliyeva!
Zati-aliləri, xanımlar
və cənablar!
Mən və xanımım Azərbaycan Respublikasının
Prezidentini və xanım Mehriban Əliyevanı Riqada qəbul etməkdən çox məmnunuq.
Mən 2009-cu ilin
avqust ayında Sizin gözəl
ölkənizə səfərimi
məmnuniyyətlə xatırlayıram.
Əminəm ki, bu səfər də Azərbaycan və Latviya müstəqilliyini bərpa
etdikdən sonra 20 il ərzində
ölkələrimiz arasında
qurulmuş qarşılıqlı
anlaşmanın davamlı
təsdiqinə xidmət
edəcəkdir.
Cənab Prezident və xanım Əliyeva, 1918-ci ildən başlanmış
müstəqilliyin ilk mərhələsi
Latviya və Azərbaycanın inkişafı
üçün həlledici
olmuşdur. Təəssüf
ki, o dövr Azərbaycan üçün
2 ildən az
müddət davam etmişdir. Lakin bu müddət
parlamentarizm və demokratiya toxumlarının
ölkənizdə səpilməsi
üçün kifayət
etmişdir. Azərbaycan
islam dünyasında
ilk parlamentli respublika olmuşdur və Sizin ölkəniz qadınlara hətta Böyük Britaniya və ABŞ-dan da əvvəl seçib-seçilmək hüququnu
vermişdir. Bunlar bu gün Azərbaycanı demokratik dəyərlərə doğru
aparan tarixi əhəmiyyətə malik
hadisələrdir.
Latviya və Azərbaycan coğrafi cəhətdən
strateji mövqeyə malikdirlər. Biz Qərblə
Şərqin, Avropa ilə Asiyanın kəsişməsində yerləşirik.
Bu yerləşmə heç də hər zaman bizim insanlar üçün rifah və əmin-amanlıq gətirmir. Lakin bu, xalqlarımızın
ruh yüksəkliyini möhkəmləndirmiş və
mədəniyyətimizi əsaslı
şəkildə zənginləşdirmişdir.
Cənab Prezident
və xanım Əliyeva, ötən 20 il ərzində Latviya Avropa İttifaqının və
Şimali Atlantika Müqavilə Təşkilatının
tam üzvü olmaq kimi strateji məqsədinə
çatmaq üçün
böyük işlər
görmüşdür. Mən həqiqətən
də fəxrlə bildirmək istəyirəm
ki, bizim üzvlük statusumuz, habelə, Azərbaycanın
bu təşkilatlarla sadiq tərəfdaşlığı
ölkələrimiz və
regionlarımız arasında
əməkdaşlığa daha geniş imkanlar açmışdır.
Qısa müddət ərzində
Latviya ümumi Avropa məkanına qoşulmada böyük işlər görmüşdür. Biz hətta deyə bilərik ki, islahatlar sahəsindəki təcrübəmiz, nailiyyətlərimiz
və uğursuzluqlarımız
bu cəhətdən Latviyanın ən dəyərli ixracat məhsullarından biri olmuşdur. Biz Azərbaycanda islahatlar istiqamətində göstərilən
səylərə dəstək
olaraq öz təcrübəmizlə bölüşməyə
hazırıq.
Cənab Prezident,
xanım Əliyeva, nümayəndə heyətlərimizin
son bir neçə gün ərzində keçirdiyi konstruktiv müzakirələri alqışlayıram.
Çünki bu müzakirələr
ölkələrimizin qarşılıqlı
maraqlarını nümayiş
etdirmişdir.
Ölkələrimiz arasında mövcud olan təkmilləşdirilmiş
hüquqi və müqavilə bazası, hər ikimizin imzaladığı Bəyannamə
ölkələrimiz üçün
gələcək əməkdaşlığın
sahələrini açıq
şəkildə nümayiş
etdirir. Mən Latviya və
Azərbaycan xalqlarının
rifahının yüksəldilməsinə
kömək edəcək
iqtisadi əlaqələri
xüsusi olaraq vurğulamaq istəyirəm.
Ümidvar olduğumu bildirmək istəyirəm ki, ölkələrimiz arasında
daim artan ticarət dövriyyəsi
ilə nəticələnən
mövcud iqtisadi tərəfdaşlıq, eləcə
də iki ölkənin biznes dairələrindən ibarət
nümayəndə heyətləri
üçün bu gün keçirilmiş biznes forum sayəsində Latviya ilə Azərbaycan arasında əməkdaşlıq əhəmiyyətli
dərəcədə artacaqdır.
Cənab Prezident,
xanım Əliyeva, icazənizlə öz adımdan və xanımımın adından
bu badəni Latviya və Azərbaycan arasında dostluq və uğurlu əməkdaşlığın,
xalqlarımızın gələcəyi
və rifahı şərəfinə qaldırıram.
Sizin sağlığınıza,
cənab Prezident! Sizin sağlığınıza,
xanım Əliyeva! Yaşasın Latviya! Yaşasın Azərbaycan!
* * *
Azərbaycan Respublikasının
dövlət himni səsləndi.
Azərbaycan Prezidenti İlham
Əliyevin çıxışı
- Hörmətli
cənab Prezident!
Hörmətli xanım
Zatlere!
İlk öncə, nümayəndə
heyətimiz adından
Azərbaycan dilində
söylədiyiniz sözlərə
görə Sizə dərin minnətdarlığımızı
bildirmək istərdim. Eyni zamanda,
çox mürəkkəb
Azərbaycan sözlərini
belə ustalıqla tələffüz etməyiniz
bizdə iftixar hissi yaratdı. Sizə söz vermək istəyirəm ki, növbəti görüşümüz
zamanı, həmçinin
mən də bir sıra sözləri
latış dilində
söyləyəcəyəm.
Hörmətli cənab
Prezident!
Hörmətli xanım
Zatlere! Xanımlar və cənablar!
İlk növbədə mənə
və nümayəndə
heyətinə göstərdiyiniz
qonaqpərvərliyə görə,
cənab Prezident, Sizə minnətdarlığımı
bildirirəm. Zəngin tarixi və mədəniyyəti, füsunkar
təbiəti ilə seçilən dost ölkənizi
ikinci dəfə ziyarət etməyimdən
çox məmnunam.
Son altı ildə Azərbaycan Respublikasının
və Latviya Respublikasının prezidentləri
yeddinci dəfədir ki, görüşürlər. Bu, ölkələrimiz və
xalqlarımız arasında
mövcud olan sıx münasibətlərin
əyani göstəricisidir.
Sizin 2009-cu ildə Azərbaycana etdiyiniz səfər ölkələrimiz arasındakı
əlaqələrin yeni
müstəviyə keçməsində
mühüm rol oynamışdır. Azərbaycan ilə Latviya
arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın
inkişaf etdirilməsi
üçün geniş
imkanlar mövcuddur.
Lakin iqtisadi əlaqələrimizin
bügünkü göstəriciləri
ölkələrimizin potensialına
cavab vermir. İki ölkə arasında ticarət dövriyyəsi
və sərmayə qoyuluşunun həcmi arzu olunan səviyyədə
deyildir. Biz Latviya ilə əməkdaşlığın bütün sahələrdə
genişlənməsinin tərəfdarıyıq.
Cənab Prezident,
ümid edirəm ki, bu gün
Sizinlə qarşılıqlı
maraq doğuran məsələlər ətrafında
apardığımız fikir
mübadiləsi, əldə
olunmuş razılaşmalar,
imzalanmış sənədlər,
Birgə Bəyannamə
və keçirilən
biznes forum ölkələrimiz
arasında ikitərəfli
əlaqələrin inkişafına
yeni təkan verəcəkdir.
Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, Latviya Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığına xüsusi önəm verən ölkələrdəndir.
"Şərq Tərəfdaşlığı"
Proqramı çərçivəsində
qarşılıqlı fəaliyyətimiz
faydalıdır və
Azərbaycanı Avropa
ailəsinə daha da yaxınlaşdıracaqdır.
Azərbaycan ilə Latviya arasında əlaqələrin
tarixi kökləri vardır. Ötən əsrlərdə Latviyanın
bir çox nümayəndələri - diplomat Antons Balodis, rəssam Yanis Yaunsudrabinş, yazıçılar
Ernest Birzniyek-Upits, Pavlis
Rozitis, Sudrabu Edjus, Yanis Vanyuskis
və Avqust Arays Berts uzun
illər Azərbaycanda
yaşayıb yaratmışlar.
İnanıram ki, burada yaşayan,
Latviya vətəndaşları
olan soydaşlarımız
ölkənizin həyatında
fəal iştirak edir, onun inkişafına,
xalqlarımızın bir-birinə
daha da yaxınlaşmasına
dəyərli töhfə
verir və bundan sonra da
bu missiyanı davam etdirəcəklər.
Ötən illər ərzində Azərbaycanda çox uğurlu siyasi və iqtisadi islahatlar həyata keçirilmişdir. Bunun nəticəsi olaraq son 7 ildə ölkədə ümumi daxili məhsul təxminən 3 dəfə, maaşlar və pensiyalar orta hesabla 5-6 dəfə artmış, yoxsulluğun səviyyəsi
4-5 dəfə azalmış,
ölkəmizə 82 milyard
dollar həcmində sərmayə
qoyulmuş, 900 mindən
çox yeni iş yeri açılmışdır.
Azərbaycan zəngin təbii resurslara malikdir. Neft ehtiyatları ilə yanaşı, Azərbaycanın
beynəlxalq səviyyədə
təsdiq olunmuş qaz ehtiyatları 2,2 trilyon kubmetrdən
artıqdır. Enerji sahəsində
əməkdaşlıq Avropa
İttifaqı ilə
münasibətlərimizin əsas
istiqamətlərindən biridir.
Hazırda Azərbaycanın enerji ehtiyatlarını müxtəlif istiqamətlərə
nəql edən neft və qaz
boru kəmərləri
çəkilmişdir. Ölkəmiz enerji resurslarının
ixracının şaxələndirilməsinə
mühüm əhəmiyyət
verir və Avropanın enerji təhlükəsizliyinin təmin
olunması üçün
öz töhfəsini
verməyə hazırdır.
Bütün bunlarla bərabər, Azərbaycanın ən ağrılı problemi - Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi
hələ də həll olunmamış qalır. Ermənistanın hərbi təcavüzü
nəticəsində Azərbaycan
ərazisinin 20 faizi, Dağlıq Qarabağ və ətrafdakı yeddi rayon işğal olunmuşdur. Bu ərazilərdə etnik təmizləmə siyasəti
aparılmış, bir
milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə
düşmüşdür.
Münaqişə ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının
dörd qətnaməsi,
o cümlədən BMT-nin
Baş Məclisi, ATƏT,
Avropa Şurası,
NATO, Avropa Parlamenti və digər beynəlxalq təşkilatların
qərarları yerinə
yetirilməlidir. Bizim qəti
mövqeyimiz bundan ibarətdir ki, münaqişə beynəlxalq
hüquq normalarına
uyğun, Azərbaycanın
ərazi bütövlüyü
çərçivəsində həll olunmalıdır.
Hörmətli cənab
Prezident, Latviyaya səfər etməyimdən
məmnun olduğumu bir daha ifadə
edir, Sizə cansağlığı, ölkənizə
və xalqınıza
daim inkişaf və uğurlar arzulayır, bu badəni Sizin və xanımınızın
şərəfinə, Latviya
ilə Azərbaycan arasında səmimi dostluq və faydalı əməkdaşlıq
əlaqələrinin inkişafı
şərəfinə qaldırıram.
* * *
Latviya Respublikasının dövlət
himni səsləndi.
AzərTAc
Azərbaycan.- 2011.-19
yanvar.- S. 3.