"Səs" qəzetinin
kollektivinə
Hörmətli jurnalistlər!
Sizi - müasir Azərbaycanın ilk müstəqil mətbuat orqanlarından olan "Səs" qəzetinin kollektivini fəaliyyətə başlamağınızın 20 illik yubileyi münasibətilə təbrik edirəm.
İlk nömrəsi gərgin ictimai-siyasi proseslərin cərəyan etdiyi mürəkkəb dövrdə, 1991-ci ilin yanvarında işıq üzü görmüş "Səs" qəzeti qısa zamanda əsl müstəqil və demokratik mətbuat nümunəsinə çevrilmişdir. Cəmiyyətdə siyasi plüralizmə böyük ehtiyac duyulduğu həmin illərdə, qəzet müxtəlif ictimai-siyasi dairələrin, sağlam düşüncəli vətənpərvər ziyalıların tribunasına çevrilmiş, vətəndaşları narahat edən məsələləri, dövrün aktual problemlərini cəsarətlə ictimai müzakirəyə çıxarmış, müxtəlif yönlü təqib və təzyiqlərə baxmayaraq, öz mübariz mövqeyindən geri çəkilməmişdir.
Müstəqillik illərində Azərbaycanda demokratik dəyişikliklərlə yanaşı, söz və məlumat azadlığı da inkişaf etmiş, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti üçün geniş imkanlar yaranmışdır. Yeni şəraitdə Azərbaycanın digər mətbuat orqanları arasında özünəməxsus dəst-xətti və mövqeyi ilə seçilən "Səs" qəzeti də iş prinsiplərini zamanın tələblərinə uyğun quraraq cəmiyyət həyatının bütün sahələrini, ictimai maraq kəsb edən aktual mövzuları həmişə diqqət mərkəzində saxlamış, milli dövlətçilik ənənələrinin əsl təbliğatçısı olmuş, öz oxucu auditoriyasının informasiya ehtiyacını ödəməyə çalışmışdır. Ümummilli lider Heydər Əliyev mətbuatda plüralizmin formalaşmasına və inkişafına mühüm töhfə vermiş "Səs" qəzetinin fəaliyyətini və cəmiyyət qarşısında xidmətlərini daim yüksək qiymətləndirmişdir.
İnanıram ki, fəaliyyət göstərdiyi bütün dövrlərdə öz amallarına sadiq qalmış "Səs" qəzetinin kollektivi bundan sonra da həqiqət carçısı olacaq, ictimai maraqların, milli dövlətçilik mənafelərinin qorunmasında yüksək peşəkarlıq və prinsipiallıq göstərərək xalqımızın mütərəqqi mətbuat ənənələrini layiqincə davam etdirəcəkdir.
Bir daha qəzetin bütün kollektivini yubiley münasibətilə təbrik edir və yeni yaradıcılıq uğurları arzulayıram.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 17 yanvar
2011-ci il
Azərbaycan.- 2011.- 19 yanvar.- S. 3.