Müdhiş gecənin ibrət dərsləri

 

20 Yanvar faciəsindən 21 il keçir

 

"Ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədi ilə həyata keçirilmiş 20 Yanvar faciəsi totalitar kommunist rejiminin Azərbaycan xalqına qarşı hərbi təcavüzü və cinayəti idi".

 

Heydər ƏLİYEV

 

Haqsızlıq, ədalətsizlik və zorakılıq pis əməldir. Yaşından və mövqeyindən asılı olmayaraq heç kəs onunla barışmaq istəmir. Etiraz etməyə, müqavimət göstərməyə, ən nəhayət, dəf etməyə çalışır. Gücü çatmayanda, arxasız, köməksiz qalanda isə özünü kimsəsiz və təhqir olunmuş sayır, küskünləşir.

Əlbəttə, hər hansı bir fərdə qarşı haqsızlıq və ya zorakılıq törədilməsi nadir hadisə sayılmır. Bütöv xalqa qarşı ədalətsiz addımlar atılması, hüquqlarının tapdalanması isə görünməmiş və heç cür qəbul edilməyən hərəkətdir. Təəssüf ki, 20 yanvar 1990-cı ildə xalqımızın başına belə bir ədalətsizlik və qanlı zorakılıq əməli gətirildi.

 

Azərbaycan kimin qəzəbinə tuş gəlmişdi?!

 

Nə idi 20 Yanvar qırğınının səbəbi? Əliyalın xalq niyə qırmızı imperiyanın qəzəbinə tuş gələrək quduzlaşmış əsgərlərin hədəfinə çevrilmişdi? Bu kin və nifrət nədən doğmuşdu?

Azərbaycan xalqı daim müstəqil olmaq, azad yaşamaq istəmişdi. Və zaman-zaman, imkan yarananda arzusunu gerçəkləşdirməyə çalışmışdır. Lakin əlverişli geostrateji mövqeyi və zəngin təbii sərvətləri ilə yağlı tikəni xatırladan Azərbaycanı imperiyasevər qüvvələr caynaqlarından buraxmaq istəmirdilər. Bu niyyətlərini isə zorakılıq aksiyaları, qanlı divanlarla gerçəkləşdirməyə çalışırdılar. XX əsrin əvvəllərində ölkəmizin azadlığa çıxmaq imkanı yaranmışdı. Hətta Azərbaycan dövlət müstəqilliyi elan edərək demokratik cəmiyyət qurdu və 23 ay yaşadı.

Sonra XI ordunun simasında şimaldan gələn qırmızı taun Azərbaycan Xalq Cümhuriyyətinin ömrünə son qoydu. Üstəlik, Azərbaycanda kütləvi qətl və qırğınlar başlandı. "İnqilab" və "bolşevizm" adı altında maskalanan erməni daşnakları sovet Rusiyasının əli və silahı ilə Bakıda, habelə Şamaxı, Quba, Xaçmaz və digər yerlərdə dinc əhaliyə vəhşicəsinə divan tutdular, günahsız əhalini qırdılar. Beləliklə, dövlət müstəqilliyini itirən xalqımız azadlıq və suverenlik arzusunu uzun müddət qəlbinin dərinliyində gizlətməli oldu.

XX əsrin sonlarında qırmızı imperiya laxlamağa və artıq köhnəlmiş divarları uçmağa başladı. Yetmiş il "qardaş xalqların sarsılmaz ittifaqı"nda yaşayan müttəfiq respublikalar "böyük qardaş"dan qopub ayrılmağa başladılar. Yenidən müstəqil dövlətini qurmaq imkanı yarandığını görən Azərbaycan xalqı da ayağa qalxdı. Lakin düşmənlərimiz və bədxahlarımız müstəqillik niyyətimizin qarşısına sipər çəkmək üçün irəlicədən qəddar və məkrli planlar hazırlamışdılar. 1918-1920-ci illərdə olduğu kimi, eyni ssenari və qüvvələr tərəfindən ölkəmizə və xalqımıza qarşı qəsdlərə başlandı. Əbədi düşmənlərimiz sayılan ermənilər tərəfindən ələ alınmış cəllad Qorbaçov və Moskvadakı digər imperiyasevər qüvvələr nəyin bahasına olursa-olsun, Azərbaycanın müstəqilliyə çıxmasına yol vermək istəmirdilər. Odur ki, buxov rolu oynayan "Qarabağ problemi" hazırlanaraq meydana atıldı. Mahiyyətində Ermənistanın Azərbaycana qarşı ərazi iddiası duran bu məkrli plan reallıqda ölkəmizin əsarət boyunduruğunda saxlanılmasına xidmət edirdi. Əli Azərbaycan xalqının qanına batmış cəllad Qorbaçov bu planın baş icraçılarından idi.

Moskvanın razılığı ilə Xankəndidə mitinq meydanına toplaşan ermənilər əvvəlcə DQMV-nin sosial-iqtisadi vəziyyətindən narazılıq etməyə və tədricən əsl məqsədlərini açaraq "miatsum" bağırmağa başladılar. Yenidənqurma adı altında bunu pərdələyənlər əslində öz mənfur niyyətlərini yerinə yetirməyə çalışırdılar. Özü də utanıb çəkinmədən, qorxub hürkmədən. Çünki arxayın idilər. Bilirdilər ki, mərkəzdə oturanlar onları müdafiə edəcək, çaldıqları havaya oynayacaqdılar.

Təsadüfi deyil ki, ümummilli lider 1987-ci ildə Siyasi Bürodan uzaqlaşdırılmasından az sonra - noyabr ayında M.Qorbaçovun məsləhətçisi olan qatı daşnak A.Aqanbekyanın Parisdə "Humanite" qəzetindəki bəyanatında bildirilirdi ki, Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana verilməsinə dair artıq Moskvanın razılığı var. Bütün bunları xatırlayan Heydər Əliyev qeyd edirdi: "Siyasi Bürodan istefa verdikdən 15 gün sonra Qarabağ məsələsi ortaya çıxdı. Qorbaçovun ən yaxın adamı, iqtisadi məsələlər üzrə müşaviri, milliyyətcə erməni olan professor Aqanbekyan Parisdə keçirdiyi bir mətbuat konfransında "Dağlıq Qarabağ Ermənistana verilməlidir", - demiş, bu məsələ ilə əlaqədar Qorbaçovu da qızışdırmışdır. Moskvanın Qarabağ əməliyyatı mənim Siyasi Bürodan getməyimdən 15 gün sonra həyata keçirilməyə başladı. Deməli, bu plan hələ əvvəlcədən hazırlanmış, lakin tətbiq olunmasına mən ciddi maneə imişəm".

Hadisələr də həmin yöndə inkişaf edirdi. 1988-ci ilin martında Sov.İKP MK və SSRİ Nazirlər Soveti DQMV-nin sosial-iqtisadi inkişafının sürətləndirilməsi haqqında xüsusi bir qərar qəbul edərək əslində Dağlıq Qarabağın Azərbaycanın tabeliyindən çıxarılmasının təməlini qoydu. Qondarma səbəblərlə qəbul edilmiş bu qərarla Dağlıq Qarabağa müstəsna hüquqlar verildi, külli miqdarda vəsait ayrıldı, vilayətin bir çox məsələlərinin həlli birbaşa İttifaqın nazirliklərinə və qurumlarına həvalə edildi. Azərbaycan SSR Ali Sovetinin 17 iyun 1988-ci il tarixli qərarında isə qeyd olunurdu ki, mərkəzin həmin qərarı ilə həyata keçirilən tədbirlər "Muxtar vilayətin məhsuldar qüvvələrinin inkişafının sürətləndirilməsi, onun istər erməni və azərbaycanlı əhalinin, istərsə də başqa millətlərin iqtisadi və mənəvi tələbatının ödənilməsi üçün əlverişli şərait yaradır".

DQMV-ni Azərbaycanın tabeliyindən çıxarmaq yolunda mərkəzin atdığı növbəti addım SSRİ Ali Coveti Rəyasət Heyətinin muxtar vilayətdə xüsusi idarəetmə forması yaratmaq haqqında 1989-cu il yanvarın 12-də verdiyi fərman oldu. Dağlıq Qarabağın idarə olunması mərkəzin nümayəndəsi A.Volskinin başçılığı ilə yaradılmış Xüsusi İdarəetmə Komitəsinə həvalə edildi. Bu, faktiki olaraq Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibindən çıxarılması demək idi.

SSRİ rəhbərliyi qəbul etdiyi rəsmi sənədlərində belə bir təsəvvür yaratmağa çalışırdı ki, o, regionda yaranmış vəziyyəti normallaşdırmaq üçün atdığı addımlarda həm Azərbaycana, həm də Ermənistana münasibətdə paritetlik mövqeyindən çıxış edir. Halbuki mərkəzin Azərbaycana, azərbaycanlılara qarşı qərəzli münasibəti açıq-aşkar göz qabağında idi. Azərbaycanlılar hələ 1988-ci ildən əvvəl də SSRİ-nin mərkəzi kütləvi informasiya vasitələrində və Ermənistanın müxtəlif mətbu orqanlarında məqsədyönlü şəkildə həyata keçirilən ideoloji təcavüzə məruz qalırdılar. "Mənfi azərbaycanlı obrazı" yaratmaq həmin kampaniyanın əsas məqsədi idi. Bu, 1988-ci ildə Ermənistan SSR-də, eləcə də Dağlıq Qarabağ Muxtar Vilayətində başlanmış kütləvi etnik təmizləmə əməliyyatının hazırlıq mərhələsi hesab edilə bilər.

Azərbaycanın o vaxtkı rəhbərliyi hadisələrə fəal müdaxilə etmək əvəzinə, Kremldən gələn əmrlər əsasında hərəkət edir, xalqın taleyinə biganə yanaşmağa üstünlük verirdi. Kreml isə həm Azərbaycana göndərdyi emissarlar, həm də ölkənin qətiyyətsiz rəhbərliyi vasitəsilə ölkəmizə qarşı daha məkrli ssenarilər hazırlamaqda idi. Erməni təxribatçılarının da hazırlanmasında yaxından iştirak etdiyi bu ssenarinin əsas hədəflərindən biri Azərbaycanda ermənilərə qarşı dözümsüz münasibətin formalaşmasına dair görüntü yaratmaq idi. Elə bu məqsədlə də 1988-ci ilin fevralında məlum Sumqayıt hadisələri törədildi.

Müxtəlif millətlərin nümayəndələrinin yaşadığı sənaye şəhəri olan Sumqayıtda iğtişaşlar yaratmaqla artıq siyasi dünyanın yeni səviyyədə gündəminə gətirilmiş "böyük Ermənistan" xülyasının gerçəkləşdirilməsi üçün ermənilərə çox lazım idi. Lakin bu məsələdə sovet DTK-nın da özünəməxsus rolu oldu. Beləliklə, əvvəlcədən planlaşdırılmış Sumqayıt olayları törədildi və o dövrdə Azərbaycanda hakimiyyətdə olanlar SSRİ rəhbərliyinin, ermənilərin niyyətini, qlobal hadisələrin mahiyyətini axıra kimi dərk etmək iqtidarında olmadıqlarından qanlı hadisələrin yaşanmasının qarşısını almaq üçün müvafiq addımlar atılmasında acizlik nümayiş etdirdilər. Sumqayıt hadisələrinin əvvəlcədən hazırlandığını o da sübuta yetirir ki, olaylar baş verən yerlərdə öncədən çoxlu telefoto operatorlar, jurnalistlər yerləşdirilmişdi. Bunun nəticəsində düşünülmüş, ssnearisi əvvəlcədən cızılmış Sumqayıt hadisələri saxtakarlıqlarla, uydurmalarla dünyaya yayıldı. Bundan sonra ermənilər Ermənistanda və Dağlıq Qarabağda belə bir əhval yaratdılar ki, artıq azərbaycanlılarla ermənilər bir yerdə yaşaya bilməzlər.

Azərbaycana qarşı əsassız ərazi iddialarının irəli sürülməsi və qondarma Dağlıq Qarabağ probleminin ortaya atılması azərbaycanlıların növbəti kütləvi qırğını və əsrlər boyu yaşadığı tarixi ərazilərdən deportasiyası ilə nəticələndi. Ermənistan SSR Ali Soveti sessiyasının məxfi göstərişinə əsasən 1988-ci il noyabrın 22-dən 28-dək 22 rayonda sırf soydaşlarımızın yaşadığı 170, habelə 94 ermənilərlə qarışıq yaşayış məntəqələri azərbaycanlılardan tam təmizləndi. Nəticədə 200 mindən çox azərbaycanlı, 18 min müsəlman kürdü, min nəfərdən çox rusdilli əhali Azərbaycana pənah gətirdi. Ümumiyyətlə isə 1991-ci il avqustun 8-də (18 fevral 1929-cu ildə Ermənistanın tərkibinə verilib) sonuncu Azərbaycan kəndi Nüvədidən əhalinin çıxarılmasından sonra Ermənistan faktiki olaraq monomillətçi dövlətə çevrildi. Deportasiya zamanı 216 azərbaycanlı vəhşicəsinə qətlə yetirildi, minlərlə qadın, uşaq və qoca müxtəlif bədən xəsarəti aldı, on minlərlə ailənin əmlakı qarət olundu.

Azərbaycan rəhbərliyinin bu məsələdə tutduğu laqeyd mövqe isə öz xalqına qarşı əsl cinayət idi. Ermənistan SSR Ali Soveti Azərbaycan rəhbərliyinin bu mövqeyindən "cəsarətlənərək" hələ 1989-cu il dekabrın 1-də Dağlıq Qarabağın Ermənistan SSR ilə birləşməsi haqqında qərar qəbul etdi. 20 Yanvar hadisələrinə bir neçə gün qalmış, yəni, 1990-cı il yanvarın 15-də SSRİ Ali Soveti Rəyasət Heyətinin "Dağlıq Qarabağ Muxtar Vilayətində və bəzi digər rayonlarda fövqəladə vəziyyətin elan olunması haqqında" fərmanı ilə əslində azərbaycanlıların Dağlıq Qarabağdakı ev-eşiklərinə qayıtmaq ümidlərinə də son qoyuldu. Fərmanın başlığından göründüyü kimi, muxtar vilayətin və "bəzi digər rayonların" kimə mənsub olması məsələsi də artıq sual altına qoyulurdu.

Bütün bunlar ermənilərlə əlbir olan keçmiş SSRİ rəhbərlərinin ədalətsiz və məkrli, uzaq məqsəd güdən əməlləri idi. Sadə xalq bu riyakarlığı və tərəfkeşliyi dərk edərək hadisələrin təhlükəli istiqamətdə cərəyanından narahatlıq keçirir, kütləvi aksiyalarla öz etirazını bildirirdi. Dövlətin və xalqın taleyi üçün məsuliyyət daşıyan, mərkəzin gördüyü işlərin nə ilə nəticələnəcəyini irəlicədən bilməli olan respublika rəhbərləri isə öz kürsülərini qorumaq hayındaydılar.

 

Vəzifəni xalqın mənafeyindən yüksək tutanlar

 

Yalın əllə tankın üstünə gedən, ölümün gözünə dik baxan Azərbaycan xalqı öz qorxmazlığı və azadlıq təşnəsi ilə sübut etdi ki, o, həqiqətən, azad olmağa, müstəqil yaşamağa layiqdir. Həmin dövrdə və faciədən sonra xalqa rəhbərlik edənlər, habelə "Azadlıq" meydanındakı mitinqlərdə adamları imperiya əsgərləri ilə vuruşa təhrik edən "meydan qəhrəmanları" isə bu xalqa layiq olmadıqlarını, əslində vəzifə uğrunda mübarizə apardıqlarını büruzə verdilər. "Yenidənqurma" adlı oyunun başlanğıcında Əbdürrəhman Vəzirov kimi xalqına və soykökünə yad ünsürün Azərbaycana başçı göndərilməsi Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi planının tərkib hissəsi idi (irəlicədən deyək ki, Ə.Vəzirov bu "etimadı" doğrultdu, özü də artıqlaması ilə). Dünyada və SSRİ-də gedən proseslərdən baş çıxarmayan, millətinə və xalqına can yandırmayan, dərin ağlı və düşüncəsi olmayan Əbdürrəhman Vəzirov əslində xalqın faciə və fəlakətinin sürətlənib dərinləşməsinə təkan vermiş oldu. O, özünün bütün fəaliyyəti ilə respublikanı təslimçilik mövqeyinə yuvarladı. Əsrlər boyu Ermənistandakı ata-baba torpaqlarında yaşayan 200 minədək soydaşımız zorakılıqla, təhqir və ölüm hədəsi ilə doğma ev-eşiklərindən qovulanda Ə.Vəzirov erməni dostlarının Bakıya qayıtması münasibətilə xalqa gözaydınlığı verirdi, ermənilər silahlanaraq Dağlıq Qarabağdakı Azərbaycan kəndlərinə hücum edib boşaltdıranda, xalqlar dostluğu və proletar beynəlmiləlçiliyi prinsiplərindən danışırdı. Ağıllı və dünyagörmüş adamlar Ermənistandan qovulan soydaşlarımızın Dağlıq Qarabağda yerləşdirilməsinin vacibliyini söyləyəndə eşitmədi. Mərkəzin çaldığı havaya oynayaraq milləti zəlil günə qoydu. Qul psixologiyası, kölə mütiliyi ilə sonadək xalqın əleyhinə fəaliyyət göstərdi. Sovet silahlı qüvvələrinin cəza dəstələrinin Bakıya girməsinə gizli şəkildə razılıq verdikdən sonra xəyanətkarlıq əməllərini sona qədər davam etdirdi. Ən ağır gündə - yanvarın 19-da öz iş yerində olmaq əvəzinə, DTK-nın binasına gedərək xəyanət yoldaşı Vaqif Hüseynovla birlikdə oldu. Sonra isə xəlvəti surətdə SSRİ Müdafiə Nazirliyinin Bakıda yerləşən hərbi qərargahına gələrək yanvarın 20-nə keçən gecə Dmitri Yazov və Vadim Bakatinlə birlikdə hərbi əməliyyatlara rəhbərlik etdi. Xalqı qırğına verdikdən sonra - 1990-cı il yanvarın 21-də şəxsi təhlükəsizliyini təmin etmək üçün hərbi təyyarə ilə xəlvəti surətdə Moskvaya qaçdı.

 

Fəlakət və faciədən bəhrələnənlər

 

1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə ərazi bütövlüyünə qarşı yönəlmiş təcavüzə etiraz edən, haqq-ədalətin bərqərar olunmasını istəyən, azadlıq, müstəqillik uğrunda şərəfli mücadilə aparan xalqımızın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq məqsədilə totalitar sovet rejiminin həyata keçirdiyi terror aktı nəticəsində bəşər tarixində insanlığa qarşı törədilmiş ən qanlı hadisələrdən biri baş verdi. 20 Yanvar sınaq günü, qəhrəmanlıq və inam günü idi. Əksəriyyəti erməni millətindən olan sovet ordusunun cəza dəstələrinin xüsusi hissələri fövqəladə vəziyyət elan edilmədən Bakıya yeridildi.

Əliyalın insanlarla zirehli texnika, azadlıq təşnəsi ilə qisasçılıq istəyi qarşı-qarşıya dayanmışdı. Müstəqillik eşqində olanlar arzularının müqəddəsliyinə və reallığına inanırdılar. Odur ki, nə tankların zəhmli gurultusundan, nə də onlara tuşlanan silahların soyuq lüləsindən qorxurdular. SSRİ rəhbərliyi isə vəziyyətə nəzarət edə bilmədiyi üçün respublikada haqq-ədalətin bərqərar edilməsi uğrunda səsini qaldıran xalqa açıq divan tutmaq yolunu seçmişdi. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin 1990-cı il yanvarın 20-də fövqəladə vəziyyət elan edilmədən respublikaya daxil olması xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edildi. Keçmiş SSRİ prezidenti Mixail Qorbaçovun göstərişi ilə xüsusi səfərbər edilmiş hərbi birləşmələr və zirehli texnika Bakı və Sumqayıt şəhərlərinə, habelə Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhaliyə xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə divan tutuldu. Torpaqlarının müdafiəsinə qalxaraq mərkəzin siyasətinə etiraz edən yüzlərlə dinc insan, o cümlədən uşaq, qoca, qadın qətlə yetirildi, yaralandı, itkin düşdü. Bir çox inzibati binalara, yaşayış evlərinə, nəqliyyat vasitələrinə böyük zərər vuruldu. SSRİ Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizlik Komitəsinin birgə həyata keçirdiyi əməliyyat nəticəsində təkcə Bakı şəhərində 137 mülki şəxs öldürüldü, 700-dən çox adam yaralandı. Quduzlaşmış hərbçilər tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edildi. Qabaqcadan planlaşdırılmış bu qanlı aksiya zamanı qadınlar, uşaqlar, qocalar, həmçinin təcili tibbi yardım işçiləri və milis nəfərləri öldürüldü.

Yanvarın 19-da Azərbaycanda fövqəladə vəziyyətin elan edilməsinə 7 saat qalmış 11 minlik sovet ordusu respublikamızın paytaxtı Bakı şəhərinə yeridilərkən insan hüquqlarına dair beynəlxalq sənədlər, o cümlədən "İnsan hüquqlarının ümumi Bəyannaməsi", "Vətəndaş və siyasi hüquqlar haqqında" və "İqtisadi, sosial və mədəni hüquqlar haqqında" beynəlxalq paktlar, habelə keçmiş SSRİ və Azərbaycan SSR-in konstitusiyaları kobudcasına pozuldu. Cinayətlərini ört-basdır etməyə, hərəkətlərinə hüquqi don geydirməyə çalışan o vaxtkı SSRİ rəhbərliyi həmin tədbirlərin SSRİ Konstitusiyasının müddəalarına uyğun və insanların hüquq və azadlıqlarının müdafiəsi məqsədini daşıdığını iddia etsə də, həyata keçirilmiş aksiyanın qeyri-hüquqi və cinayət xarakterli olduğu özünü açıq-aydın göstərdi.

SSRİ Konstitusiyasının 119-cu maddəsinin 14-cü bəndinə əsasən SSRİ Ali Sovetinin Rəyasət Heyəti SSRİ-nin müdafiəsi və onun vətəndaşlarının təhlükəsizliyinin təmin olunması məqsədilə bütün ölkədə və ya onun ayrı-ayrı ərazilərində fövqəladə və ya hərbi vəziyyəti yalnız o şərtlə elan edə bilərdi ki, bu məsələyə müttəfiq respublikanın Ali Sovetinin Rəyasət Heyəti tərəfindən baxılsın. Lakin Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti tərəfindən bu məsələyə baxılmasına imkan verilməmişdi.

Sovet ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. Kommunist diktaturası Çexoslovakiyaya, Macarıstana, Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni hətta o zamankı Sovet İttifaqının müttəfiq respublikalarından biri olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi. Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilmişdi. Xüsusi təlim keçmiş bu hərbçilərə Bakıda guya ciddi silahlı müqavimətlə qarşılaşacaqları, atəşə tutulacaqları barədə yalan məlumatlar verilmişdi.

...SSRİ DTK-nın "Alfa" qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji blokunu partlatdı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı. M.Qorbaçovun fərmanı qüvvəyə minənədək - yanvarın 20-də gecə 1-dək artıq 9 nəfər öldürülmüşdü. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı artıq 100 nəfərə çatmışdı. Halbuki Qorbaçovun Azərbaycana ezam etdiyi yüksək vəzifəli emissarlar həyasızcasına bəyan edirdilər ki, Bakıda fövqəladə vəziyyət elan olunmayacaqdır.

Beləliklə, ağaya qalxan xalqın inam və iradəsini qırmaq, onu istiqlal mücadiləsindən geri çəkindirmək və sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədi ilə həyata keçirilmiş 20 Yanvar faciəsi totalitar kommunist rejiminin Azərbaycan xalqına qarşı hərbi təcavüzü və cinayəti idi. Törədilmiş cinayət və onun nəticələri göz önündə olduğu halda, respublika rəhbərliyi baş vermiş faciənin mahiyyətini hər vasitə ilə ört-basdır etməyə cəhd göstərirdi. Xalqın tələbi və bir qrup deputatın təşəbbüsü ilə Azərbaycan SSR Ali Sovetinin 1990-cı il yanvarın 22-də faciə ilə bağlı çağırılmış sessiyasına əksər siyasi və dövlət rəhbərlərinin gəlməməsi isə onların xalqın taleyinə biganə qaldıqlarını, törədilmiş cinayətdə bu və digər dərəcədə iştirak etdiklərini bir daha təsdiq edirdi. Respublikanın o zamankı rəhbər şəxsləri hətta şəhidlərin dəfn mərasiminə gəlməyi belə lazım bilməyərək, antimilli mövqe tutmuşdular.

20 Yanvardan sonrakı günlərdə də Bakıda qırğın davam etdirilmişdi. Ağır zirehli texnika paytaxtın küçələrində cövlan edir, qarşısına çıxan minik avtomobillərini əzərək üstündən keçib gedir, gözlərini qan örtmüş silahlı əsgərlər dükan-bazara gedən, küçəyə çıxan insanlara güllə atır, qətlə yetirirdi. Təxribat planına uyğun olaraq irəlicədən televiziyanın enerji bloku partladıldığından radio və televiziya verilişlərinin translyasiyası dayandırılmışdı. Qəzetlər də çıxmırdı. Mərkəzi mətbuat və Rusiyanın televiziya kanalları isə hadisəni təhrif edən yalan məlumatlar yaymaqda idi. Görünməmiş zorakılıqla üzləşən, qanı küçələrə axıdılan insanlar kor quyunun dibinə salınmış kimi, informasiyasız və köməksiz qalmışdı. Adamı ən çox yandıran arxasızlığı yox, bəlkə də haqqa nahaq deyərək adını "ekstremist" qoyub şərlənmələri idi. Yalnız "Azadlıq" radiosunun dalğalarında Elmira Əmrahqızının titrək və həyəcanlı, bəzən isə qəhərli səsi eşidilirdi: "Mən jurnalistəm... Bakını qan çanağına döndəriblər..."

Hamı məlul, ümidsiz, köməksiz vəziyyətdə idi...

 

 

(Ardı var)

 

Bəxtiyar SADIQOV

 

Azərbaycan.- 2011.- 19 yanvar.- S. 4.