İnsan amilini önə çəkən
sosialyönümlü inkişaf modeli
Prezident Administrasiyasının rəhbəri
akademik Ramiz Mehdiyevin ideya və ön söz müəllifi
olduğu "İnkişafın Azərbaycan modeli" əsəri
respublikamızın milli iqtisadi inkişaf modelinin nəzəri-metodoloji
aspektdə tədqiqi istiqamətində uğurlu təşəbbüsdür
Keçid dövrü kimi səciyyələnən ictimai-iqtisadi formasiya dəyişikliyi mərhələsini geridə qoyan müstəqil Azərbaycanın bütövlükdə regionun ən aparıcı dövlətlərindən birinə çevrilməsi, ilk növbədə, elmi əsaslar üzərində gerçəkləşdirilən milli iqtisadi inkişaf modelinə əsaslanır. Beynəlxalq maliyyə qurumlarında da maraqla qarşılanaraq ciddi elmi müzakirələrə səbəb olan bu model özünəməxsus cəhətləri ilə əlverişli coğrafi və geoiqtisadi məkanda yerləşən respublikamızı yeni iqtisadi fenomenə çevirmiş, sabit inkişaf yoluna çıxarmışdır.
2003-cü ildən ölkəyə inamla rəhbərik edən dövlət başçısı İlham Əliyevin elmi təmələ əsaslanan iqtisadi siyasəti respublikanın inkişafı prosesində dinamizmi və məqsədyönlülüyü təmin etmiş, qarşıda duran vəzifələrin həllinə real imkanlar açmış, cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunmasına etibarlı zəmin formalaşdırmışdır. Azərbaycanın zəngin təbii sərvətlərindən səmərəli istifadə edilməsinin, respublikanın investisiya cəlbediciliyinin yüksəldilməsinin və digər konseptual əhəmiyyətli tədbirlərin nəticəsi olaraq Azərbaycan iqtisadiyyatı təkcə sürətli inkişafla deyil, eyni zamanda, yeni keyfiyyət parametrləri ilə də özünü təsdiqləmişdir. Bir çox Qərb dövlətinin onilliklər boyu keçdiyi inkişaf mərhələlərini qısa zamanda adlamağa müvəffəq olmuş respublikamızın 2008-2010-cu illərdə dünyanı sarsıdan qlobal böhrandan minimum itki ilə çıxması və ümumi daxili məhsul istehsalında yüksək tempi qoruyub saxlaması dünyanın nüfuzlu iqtisadi-maliyyə dairələrində də heyrətlə qarşılanır.
Bu reallıqlar fonunda Azərbaycanın kapitalizm sisteminə sürətli transformasiyasının spesifik cəhətləri, habelə milli inkişaf modeli ilə bağlı müzakirələr də tamamilə obyektiv xarakter daşıyır. Məsələ burasındadır ki, istənilən ölkənin iqtisadi inkişaf istiqaməti onun imkanlarına, şəraitinə müvafiq olur və müxtəlif parametrlərə görə başqalarından fərqlənir. Oxşar imkana, şəraitə malik ölkələr isə qarşılıqlı təsir və nümunələr zəminində özlərinə xas iqtisadi inkişaf modelləri müəyyən edirlər. Milli model - milli təsərrüfatın bütövlüyünü formalaşdıran elementlərin məcmusu olub yerli xüsusiyyətlər sırasında xalqların tarixi ənənələrini, genetik köklərini əks etdirir. Bu baxımdan iqtisadçı alimlər ayrı-ayrı dünya ölkələrinin inkişafını nəzəri cəhətdən kifayət qədər öyrənilmiş ABŞ, İçveç, Almaniya, Yaponiya, Malayziya, Çin iqtisadi modellərinə nəzərən təsnifatlaşdırır, özünü qabarıq göstərən xüsusiyyətlərə görə ümumiləşdirmələr aparırlar.
Azərbaycanın özünəməxsus inkişaf modelinin formalaşması ilə bağlı obyektiv qənaət isə qısa zamanda əldə olunmuş sosial-iqtisadi nailiyyətlərlə şərtlənir. Ümumi şəkildə ifadə etsək, son 7 ildə milli iqtisadiyyat 3 dəfə, büdcə xərcləri 12 dəfə, hərbi xərclər 20 dəfə, valyuta ehtiyatları 18 dəfə artmışdır. Əgər 2003-cü ildə Azərbaycanın dövlət büdcəsi cəmi 1,3 milyard manat idisə, 2011-ci il üçün bu rəqəm 12 milyard 61 milyon manat təşkil edir. Bu dövrdə Azərbaycanda maaş və pensiyalar orta hesabla 5-6 dəfə artmış, yoxsulluq 4 dəfədən çox azalaraq 49 faizdən 9,1 faizə enmiş, 900 mindən çox yeni iş yeri açılmışdır.
2010-cu ilin uğurlu yekunları da respublikamızın ötən illərdən başlanmış sürətli inkişafında hər hansı geriləmənin və yubanmanın olmadığını göstərir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin ötən ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında ölkəmizin bütün sahələrdə dinamik inkişaf etdiyini, makroiqtisadi göstəricilərə imza atdığını razılıqla qeyd etmişdir: "Keçən ilin yekunlarına nəzər salsaq görərik ki, nəinki iqtisadiyyatımız 5 faiz artmışdır, makroiqtisadi vəziyyət də sabit olaraq qalmışdır. 2009-cu ildə bizim bölgəmizdəki ölkələrdə milli valyutanın dəyəri aşağı salınmışdır, devalvasiyaya uğramışdır. Bizdə isə manat sabit olaraq qalır və beləliklə, biz həm əhalinin sosial müdafiəsinə dəyərli töhfələr vermişik, həm də manatın sabit qalması ölkə iqtisadiyyatı üçün çox vacib bir amildir. Makroiqtisadi sabitlik qorundu, inflyasiya cəmi 5,7 faiz təşkil etmiş, əhalinin pul gəlirləri isə 12,3 faiz artmışdır. Bu onu göstərir ki, gəlirlər inflyasiyanı üstələyir. 2010-cu ilin yekunlarına görə, yoxsulluğun səviyyəsi daha da aşağı düşmüşdür və artıq Azərbaycanda yoxsulluq şəraitində yaşayanlar 9,1 faizdir. Hesab edirəm ki, bu, bizim böyük nailiyyətimizdir".
Ölkədə həyata keçirilən siyasətin uğurlu nəticələri nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapmışdır. Dünya İqtisadi Forumu tərəfindən 2010-2011-ci illər üçün hazırlanmış "Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan MDB ölkələri arasında yenə də birinci, makroiqtisadi sabitlik altindeksi üzrə isə 14 pillə irəliləyərək 139 ölkə arasında 13-cü yerdə qərarlaşmışdır. "Standard and Poors" Beynəlxalq Reytinq Agentliyi 2009-2010-cu illər üzrə ölkə reytinqini "Stabil"dən "Pozitiv"ə yüksəltmiş, "Fitch Ratings" Agentliyi ölkəmizə ilk dəfə olaraq investisiya reytinqi vermişdir.
Bütün bunlar Azərbaycanın milli iqtisadi inkişaf modelinin müsbət dividendləri olsa da, bu modelin nəzəri-metodoloji əsaslarının işlənib hazırlanması istiqamətində səylərin qənaətbəxş səviyyədə olmadığını etiraf etmək lazımdır. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, həqiqi dövlət müşaviri, akademik Ramiz Mehdiyev "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" əsərində haqlı olaraq bu istiqamətdə araşdırmaların azlığından təəssüflənir: "Bu gün dünya Azərbaycanı yenidən kəşf edir. Ölkəmizə olan bu diqqət və marağın əsasında Prezident İlham Əliyevin fədakar fəaliyyəti dayanır. Artıq politoloji tədqiqatlarda "Azərbaycan modeli" haqqında fikirlər səslənir. Lakin bizdə hələ də inkişafın Azərbaycan modeli ilə bağlı fundamental təhlillər kifayət qədər aparılmır, bu modelin uğurlarını dəstəkləyən və onun əsas meyillərini üzə çıxaran əsərlər lazımınca yazılmır. Nəşr edilən və problemlə az-çox əlaqəsi olan cild-cild, qalın-qalın kitabların isə elmi səviyyəsi qaneedici deyil. Halbuki biz yeni cəmiyyətin qurulması praktikasını dərindən öyrənib təhlil edərək gələcək inkişafın bazasını yaradırıq".
Akademik Ramiz Mehdiyevin ideya müəllifliyi ilə bir müddət əvvəl işıq üzü görmüş "İnkişafın Azərbaycan modeli" kitabı respublikamızın milli inkişaf modelinin konkret elmi postulatlar üzərində əsaslandırılması, onun nəzəri-metodoloji əsaslarının işlənib hazırlanması istiqamətində ilk uğurlu addımlardan biri kimi dəyərləndirilməlidir. Dərin elmi-nəzəri araşdırmalara əsaslanmaqla ensiklopedik səciyyə daşıyan əsərdə xalqın tarixi-etnik köklərinə, dövlətin iqtisadi müstəqilliyini təmin edən real təsərrüfat sisteminə, dünya iqtisadiyyatının qloballaşması prosesinin müasir meyillərinə əsaslanan milli iqtisadi inkişaf modelinin spesifik cəhətləri araşdırılmışdır. Eləcə də Azərbaycandakı çağdaş sosial-iqtisadi proseslərə elmi-politoloji rakursda nəzər salınmış, respublikamızın müstəqillik illərində əldə etdiyi uğur və nailiyyətlər, çoxşaxəli islahatlar prosesi dərindən tədqiq olunmuşdur.
Ön sözünün də müəllifi akademik Ramiz Mehdiyev olan kitabda son 17 ildə müstəqil Azərbaycanda elmi əsaslarla həyata keçirilən sosial-iqtisadi islahatların real təsviri verilmiş, ən müxtəlif sahələrdə əldə olunan nəticələr faktoloji baza əsasında ümumiləşdirilmiş, milli inkişaf modeli üçün səciyyəvi xüsusiyyətlərin nədən ibarət olması göstərilmişdir. Müəllif əsərin ön sözündə haqlı olaraq vurğulayır ki, Azərbaycanın keçid dövrünü uğurla başa vurması yalnız zamanın tələbinə uyğun həyata keçirilən çevik siyasət, vaxtında atılan addımlar, bu işləri görə bilmək üçün tələb olunan lider keyfiyyətləri sayəsində mümkün olmuşdur. "Kifayət qədər mürəkkəb tarixi siyasi şəraitdə dövlət müstəqilliyini əldə edən Azərbaycan yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasından sonra həyata keçirilən islahatlar, çoxvektorlu xarici siyasət sayəsində sürətli sosial-iqtisadi inkişaf yoluna çıxmış, dünya iqtisadi sisteminə inteqrasiyanı təmin etmişdir" - deyə əsərin ön sözündə vurğulanır.
Kitabın "Müstəqil iqtisadiyyatın yaradılmasına xidmət edən siyasət" adlanan birinci fəslində milli iqtisadi inkişaf strategiyasının formalaşmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri, xüsusən də, yeni neft strategiyasının iqtisadi inkişaf prosesindəki təkanverici rolu önə çəkilmişdir. Əsərdə haqlı olaraq göstərilmişdir ki, XX əsr Azərbaycan tarixinin fenomen şəxsiyyəti olan Heydər Əliyev qlobal dünya nizamı fonunda tamamilə fərqli - xalqın demokratik idealları və milli dövlətçilik təfəkkürü ilə uzlaşan, hər bir mərhələ üçün konkret fəaliyyət prioritetləri, taktiki və strateji məqsədləri olan milli inkişaf strategiyasını irəli sürərək uğurla həyata keçirmişdir. Ümummilli lider 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın inkişaf modelini özünəməxsus uzaqgörənliklə əsaslandırmış, eyni zamanda, bu spesifik modelin yalnız demokratik tərəqqiyə əsaslanan möhkəm ictimai-siyasi sabitlik şəraitində davamlı nəticələr verə biləcəyini bəyan etmişdir.
Həmin dövrdə bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövrünü yaşayan Azərbaycanın hansı iqtisadi modelə üstünlük verəcəyi ilə bağlı çoxlu fikirlər, təkliflər irəli sürülsə də, ulu öndər Heydər Əliyev hansısa dövlətin təcrübəsinin olduğu kimi milli iqtisadiyyata köçürülməsini düzgün saymamışdır. Böyük strateq mərkəzi planlaşdırma və bölgü prinsiplərinin hakim olduğu ictimai-iqtisadi formasiyadan azad bazar iqtisadiyyatına optimal keçid modelini müdrikliklə irəli sürmüş, onun mərhələlərlə həyata keçirilməsinə çalışmışdır. Bu istiqamətdə mühüm addımlardan biri də 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması ilə Qərb şirkətlərinin Xəzər hövzəsində külli miqdarda investisiya yatırması olmuşdur. Böyük uğurla gerçəkləşdirilən yeni neft strategiyası sonrakı mərhələdə milli iqtisadiyyatın hərtərəfli inkişafı üçün iqtisadi bazisə çevrilmişdir.
Ulu öndərin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında milli iqtisadi inkişaf modelinin əsas prioritetləri hüquqi kontekstdən göstərilmiş, insanların firavan yaşayışının təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit edilmişdir. Konstitusiyada mülkiyyətin çoxnövlülüyü, təbii sərvətlərin xalqa məxsusluğu, habelə hər bir vətəndaşın sosial təminat, əmək, azad sahibkarlıq, mülkiyyət, mənzil toxunulmazlığı və s. hüquqları, habelə dövlətin üzərinə götürdüyü iqtisadi öhdəliklər əksini tapmışdır. Əsas Qanunun 16-cı maddəsinin I hissəsində göstərilir ki, "Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır".
Böyük strateq Heydər Əliyev yaxşı bilirdi ki, keçmiş sovet dövründən miras qalmış iqtisadi münasibətlər sisteminin xarakterini dəyişmədən, torpaqları kəndlilərə paylamadan, dövlətsizləşdirmə - özəlləşdirmə proqramlarını gerçəkləşdirmədən, ən başlıcası, özəl sektorun inkişafı yolu ilə istehsal potensialı yaratmadan həqiqi demokratiyaya, iqtisadi azadlığa, səmərəli təşəbbüskarlığa, sabitliyə və əmin-amanlığa qovuşmaq mümkün deyildir. 1996-ci ildən etibarən dövlət mülkiyyətinin xalqın mənafeyinə uyğun formada özəlləşdirilməsi prosesinə başlanılması sərbəst bazar rəqabəti prinsiplərinin, xüsusi mülkiyyətçiliyin bərqərar olmasına, habelə milli iqtisadiyyatın dünya iqtisadi sisteminə inteqrasiyasına, insanların şüurunda, həyat tərzində kardinal dəyişikliklərə imkan yaratmışdır. Ölkədə həyata keçirilmiş özəlləşdirmə prosesi hər bir vətəndaşın iqtisadi islahatlarda şəxsi marağını təmin etmək, əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq, sağlam rəqabətə əsaslanan istehsal üçün şərait yaratmaq niyyətinə xidmət etmişdir. İqtisadiyyatın bütün sahələrini əhatə edən özəlləşdirmə prosesi müstəqil respublikamızda bazar iqtisadiyyatı meyarlarının sürətlə formalaşmasına, ölkənin xarici iqtisadi əlaqələrinin yüksəlməsinə, dünya təsərrüfat sisteminə inteqrasiyasına etibarlı zəmin yaratmışdır. Bu və digər islahatları uğurla gerçəkləşdirmiş ümummilli lider Heydər Əliyev bu gün həm də müstəqil Azərbaycanın özünəməxsus sosial-iqtisadi inkişaf modelinin banisi kimi ehtiramla xatırlanır.
"İnkişafın Azərbaycan modeli" kitabı Azərbaycandakı çağdaş sosial-iqtisadi proseslərə mükəmməl elmi-praktik yanaşma olmaqla, respublikamızın müstəqillik illərində əldə etdiyi uğur və nailiyyətlərə, iqtisadi inkişaf proseslərinə obyektiv nəzər salır. Əsərdə vurğulanır ki, ulu öndər Heydər Əliyevin ciddi təmələ əsaslanan inkişaf strategiyasını ötən 7 ildə inamla davam etdirən cənab İlham Əliyev qısa müddətdə Azərbaycanı Cənubi Qafqaz regionunun sürətlə inkişaf edən, sabit və qüdrətli dövlətinə çevirmişdir. Prezident İlham Əliyev səlahiyyətlərinin icrasına başladığı ilk gündən ölkə qarşısında duran problemləri və onların həlli yollarını düzgün müəyyənləşdirmiş, islahatlar kursunun çevikliyinə, işləkliyinə nail olmaq məqsədilə mühüm tədbirlər həyata keçirmişdir. Dövlət başçısının iqtisadi inkişafın sürətləndirilməsinə xidmət edən fərmanı, regionların tərəqqisinə təkan verən mühüm dövlət proqramları, sosialyönümlü siyasət strategiyası, habelə qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədi ilə imzalanmış sərəncamlar və digər mühüm məsələlər kitabda ətraflı şərh olunmuşdur.
Əsərdə yer almış bu fikirlə tam razılaşmaq olar ki, inkişafın yeni mərhələsinin əsas hədəfi, milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqla, uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi dövlət proqramlarında bu hədəflərin reallaşdırılması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilmişdir. Bunlara ölkənin malik olduğu iqtisadi potensialın gücləndirilməsi və bu potensialın kompleks şəkildə səmərəli reallaşdırılması; qeyri-neft sektorunun inkişaf etdirilməsi (neftdən asılı olmayan güclü Azərbaycan iqtisadiyyatının formalaşdırılması); hər bir regionun malik olduğu potensialdan tam və səmərəli istifadə olunması, onların inkişafının tarazlaşdırılması; çoxlu sayda yeni iş yerlərinin açılmasına şərait yaradılması; sahibkarlığın inkişaf etdirilməsi; sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması; yoxsulluğun azaldılması və s. mühüm vəzifələri aid etmək olar.
Azərbaycanın milli iqtisadi inkişaf modeli bir sıra cəhətlərinə görə başqalarına nəinki bənzəmir, həm də müəyyən üstünlükləri ilə seçilir. Bu modelin üstün tərəflərindən biri də sərbəst inkişaf etmək iqtidarında olmasıdır. Respublikamızda daxili investisiyalar xarici sərmayə qoyuluşlarını üstələyir, qlobal layihələr dövlət büdcəsi hesabına reallaşdırılır. Zəngin təbii sərvətlərə malik olması Azərbaycan iqtisadiyyatının sərbəst inkişaf etmək imkanlarını təmin edir. Bu cəhətdən respublikamız hətta Avropa İttifaqı və Asiyanın yeni sənaye dövlətlərinə, habelə dünyanın bir sıra inkişaf etmiş ölkələrinə nisbətən daha dayanıqlı iqtisadi sistemə malikdir. Məsələ ondadır ki, hazırda dünyanın bəzi nüfuzlu ölkələrinin iqtisadiyyatı möhkəm təməli olmayan dayaqlar üzərində qurulmuşdur. Həmin ölkələrin istehsal sahələri əsasən başqa yerlərdən gətirilən enerji-xammal əsasında inkişaf edir. Ölkələr arasında münasibətlərin hər hansı bir səbəbdən pozulması isə onların iqtisadiyyatını iflic vəziyyətinə salır. Qlobal iqtisadi böhranın əksər dünya ölkələrini çətin vəziyyətə salması da, əslində, bu bağlılığın nəticəsi idi.
Azərbaycanda təbii sərvətlərin çoxluğu və müxtəlifliyi, respublikanın son dərəcə əlverişli coğrafi mövqeyi, ölkənin yığcam ərazisində əhalinin nisbətən yüksək təbii artımı, onun məşğulluq siyasətinin səmərəli təmin edilməsi milli iqtisadiyyatın hərtərəfli inkişafını zəruri edir. Məsələn, hazırda Azərbaycanda istehsal olunan məhsullar əsasən daxili istehlak tələbini ödəməyə xidmət edir. Bu da kəskin dünya maliyyə böhranı fəsadlarının mənfi nəticələrinin Azərbaycan iqtisadiyyatına təsirini minimuma endirir.
Azərbaycanın qlobal böhrandan az itki ilə çıxan dövlətlərdən olması, həm də ölkəmizin müstəqil iqtisadi siyasət yeritməsi ilə şərtlənir. Respublikamızın maliyyə təhlükəsizliyinin təmini baxımından beynəlxalq fond birjalarında, qiymətli kağızlar bazarında fəal iştiraka haqlı olaraq ehtiyatlı yanaşması maliyyə böhranının respublikamıza təsirini zəiflədən əsas amillər sırasındadır. Azərbaycanın dünya maliyyə institutlarına öz kapitalı, fond aktivləri və qiymətli kağızları ilə fəal inteqrasiya etməməsi də ölkəni qlobal böhrandan hifz edir. Dövlət başçısı İlham Əliyev Azərbaycanın qlobal böhrandan az ziyan çəkməsinin səbəblərinə toxunarkən, haqlı olaraq respublikamızın milli maraqlara əsaslanan iqtisadi siyasət yeritdiyini xüsusi önə çəkir: "Bəzi hallarda Azərbaycanda maliyyə sektorundakı müəyyən konservativ meyillər beynəlxalq maliyyə qurumları tərəfindən tənqid edilirdi. Bəzən bizə tövsiyə olunurdu ki, inteqrasiya meyillərinə daha da sürətlə qoşulaq, beynəlxalq ticarət qurumlarına inteqrasiya edək. Ancaq bizim mövqeyimiz bütün zamanlarda çox ehtiyatlı idi. Çünki Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır. Bəzi başqa ölkələr kimi, biz xarici yardımlardan asılı deyilik. Bizim böyük, zəngin neft-qaz yataqlarımız, əlverişli coğrafi mövqeyimiz var. Artıq çox müasir və möhkəm enerji və nəqliyyat infrastrukturumuz var. Biz neft gəlirlərindən səmərəli istifadə etməklə iqtisadiyyatımızı böyük dərəcədə şaxələndirə bilmişik və Azərbaycanda iqtisadi artım sürəti bunun bariz nümunəsidir. Ona görə biz beynəlxalq iqtisadi əməkdaşlıq məsələlərinə həmişə öz mövqeyimizdən yanaşmışıq".
Milli iqtisadi inkişaf modelinin əsas xüsusiyyətlərindən biri də sosialyönümlülüyün üstünlük təşkil etməsidir. Bu baxımdan, Azərbaycanın inkişaf modeli İçveç modelinə nisbətən daha yaxındır. İsveç modelində sosial siyasət vacib yer tutur və işçi qüvvəsinin (əsasən yüksək ixtisaslı) təkrar istehsalı üçün qismən normal şəraitin yaradılmasını təmin etməklə, sosial gərginliyin azaldılmasında, sinfi antoqonizm və münaqişələrin neytrallaşdırılmasında mühüm rol oynayır. Ümumiyyətlə isə müasir dövrdə sosial ədalət meyarını rəhbər tutan hər bir dövlətin qarşıya qoyduğu ən ali məqsəd vətəndaş amilinin tərəqqisi, insanlar üçün maksimum firavan yaşayış şəraitinin təmin edilməsidir. Təcrübə göstərir ki, insan amilinin inkişafına xidmət edən çoxşaxəli siyasət yürüdən, mövcud potensialı bu yöndə səmərəli şəkildə səfərbər edən dövlətlər milli tərəqqiyə nail olur və dünya arenasında özünəlayiq yer qazanırlar. Müstəqil Azərbaycan dövləti də qloballaşan dünyanın bərabərhüquqlu subyekti kimi öz inkişafını, sadəcə, təbii sərvətlərin gətirdiyi dividendlərə bağlamır və mövcud resurslarını sırf insan faktorunun prioritetə çevrilməsi yönümündə qurur.
"Əsl siyasət konkret, real iş görməkdən ibarətdir" - deyən cənab İlham Əliyev bazar iqtisadiyyatı şəraitində "sosial dövlət" konsepsiyasından çıxış edərək insan və vətəndaş mənafeyinə xidmət göstərən çoxşaxəli islahatlar həyata keçirmişdir. Azərbaycan Prezidenti ötən 7 ildə respublikada dinamik sosial-iqtisadi tərəqqini təmin edən ictimai-siyasi sabitliyin, vətəndaş həmrəyliyinin qorunub saxlanması, ölkənin beynəlxalq arenada nüfuz və mövqelərinin möhkəmləndirilməsi, ictimai həyatın bütün sahələrində proqressiv islahatların aparılması istiqamətində mühüm addımlar atmışdır. Ötən müddətdə həyata keçirilən siyasət, ölkənin demokratik inkişafı, sosial-iqtisadi, mədəni tərəqqisi yolunda atılan bütün addımlar məhz vətəndaşların rifahına, firavanlığına hesablanmışdır.
Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulamışdır ki, ölkədə həyata keçirilən neft strategiyasının, sosial-iqtisadi islahatların uğurları davamlı və tarazlı inkişaf baxımından zəruri olan zəngin intellektual resursların formalaşmasına, vətəndaşların təhsil, səhiyyə, sosial təminat kimi konstitusion hüquqlarının təminatına, habelə insan kapitalının formalaşmasına xidmət etməlidir. Azərbaycan dövlətinin ötən 7 ildə rəhbər tutduğu bu strategiya vətəndaşların azad və bərabər mühitdə yaradıcı düşüncələrini, istedadlarını inkişaf etdirmələrinə, onların qloballaşan dünyaya inteqrasiyasını təmin etməyə imkan vermişdir.
Neft gəlirlərinin iqtisadiyyatın vacib sahələrinə, xüsusən də, qeyri-neft sektoruna, istehsal sahibkarlığına yönəldilməsi, yeni müəssisələrin açılması yolu ilə işsizlik probleminin aradan qaldırılması, bir sözlə, əhalinin sosial müdafiə tədbirlərinin gücləndirilməsi Azərbaycanda həyata keçirilən sosialyönümlü iqtisadi siyasətin ana axarını təşkil edir. Dövlət başçısı iqtisadi inkişafa yalnız neft amili hesabına nail olmağı məqbul saymayaraq tarazlı və davamlı tərəqqi naminə qeyri-neft sektoruna xüsusi diqqət yetirilməsinin vacibliyini önə çəkir. Bu siyasət neftdən asılılığı azaltmaqla ölkədəki dinamik iqtisadi inkişaf tempini sabit saxlamağa imkan verən fundamental əsasların yaradılmasını nəzərdə tutur.
Akademik Ramiz Mehdiyev "İnkişafın Azərbaycan modeli" kitabının ön sözündə haqlı olaraq yazır: "İslahatlar prosesi dərinləşdikcə, dövlət vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı üzərinə yeni-yeni öhdəliklər götürür. Təsadüfi deyildir ki, 2009-cu il martın 19-da Azərbaycan Respublikası Konstitusiyasına ümumxalq referendumu yolu ilə edilmiş dəyişiklik nəticəsində Əsas Qanunun 15-ci maddəsinin 2-ci bəndi aşağıdakı formada ifadə olunmuşdur: "Azərbaycan dövləti bazar münasibətləri əsasında sosialyönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir".
2011-ci ilin büdcəsinin sosialyönümlü olması da sosial məsələlərin daim diqqət mərkəzində saxlanıldığını göstərir. Bütün bunlar deməyə əsas verir ki, ölkədə uğurla gerçəkləşdirilən sosial təminat tədbirləri insanların həyati tələbatlarının ən azı, minimum səviyyədə ödənilməsinə xidmət edir. Sosialyönümlü iqtisadi siyasətin ən parlaq göstəricilərindən biri də ötən 7 ildə 900 mindən artıq yeni iş yerinin açılması, ciddi sosial bəla kimi özünü göstərən işsizlik probleminin əhəmiyyətli dərəcədə aradan qalxması, habelə yoxsulluq həddinin 49 faizdən 9,1 faizə enməsidir. Gənc ailələrin mənzillə təmini üçün ipoteka sisteminin yaradılması, eləcə də dövlət büdcəsindən maliyyələşən strukurlarda məvaciblərin mütəmadi olaraq qaldırılması da bu istiqamətdə görülən mühüm tədbirlər sırasındadır.
Ümumiyyətlə, sosialyönümlü dövlət proqramları sırasında Azərbaycan Prezidentinin "2006-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın hazırlanması haqqında" 21 iyun 2005-ci il tarixli, "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (Deinstitusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı"nın (2006-2015-ci illər) təsdiq edilməsi haqqında" 30 mart 2006-cı il tarixli, "Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə" 18 aprel 2006-cı il tarixli, "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı"nın (2007-2010-cu illər) təsdiq edilməsi barədə" 16 may 2007-ci il tarixli sərəncamlarının əhəmiyyətini xüsusi önə çəkmək olar.
İnsan amilinin inkişafına xidmət edən bu siyasətin uğurlarını nüfuzlu beynəlxalq təşkilatlar da birmənalı etiraf edirlər. Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramının 2010-cu il üzrə İnsan İnkişafı Hesabatına görə Azərbaycan insan inkişafı indeksinin orta illik tempinə görə keçmiş Sovet İttifaqı ölkələri arasında son 10 ildə aparıcı dövlət olmuşdur. Respublikamız bu istiqamətdə hətta dünya üzrə qabaqcıl sayılan iki dövləti - Çin və Hindistanı da arxada qoymağa müvəffəq olmuşdur. Belə ki, 2005-ci ildə bu siyahıda 101-ci yerdə olan Azərbaycan 2010-cu ildə 67-ci yerə yüksəlmişdir. Azərbaycan 2000-2010-cu illərdə postsovet məkanında insan inkişafı indeksinə görə illik 1,77 artım dərəcəsi ilə ən yüksək göstərici nümayiş etdirmiş, nəticədə "orta insan inkişafı" qrupu ölkələrini tərk edərək, "yüksək insan inkişafı" ölkələri kateqoriyasına daxil olmuşdur.
Bakıda BMT İnkişaf Proqramının 2010-cu il İnsan İnkişafı Hesabatının təqdimat mərasimində dərin məzmunlu nitq söyləyən Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev bununla bağlı demişdir: "Tarixi proseslər göstərir ki, dövlət hələ ki, fərdlərin öz potensiallarını inkişaf etdirməsi üçün yeganə və ən optimal institut olaraq qalır. Dövlətin müasir dövrün tələblərinə uyğun, universal dəyərlər əsasında fəaliyyəti bəşəriyyətin inkişafını səciyyələndirir. Yer kürəsi hər birimizin, hər bir vətəndaşın ümumbəşəri xəzinəsi və sərvətidir. Ona görə də dövlət ilk növbədə, məhz insan amilinin inkişafına xidmət etməli və onun gələcəyini düşünməlidir. Bu baxımdan BMT-nin təsis etdiyi inkişaf göstəricisi dünya ölkələrində mövcud vəziyyəti təhlil etmək, həyata keçirilən islahatların və tərəqqinin insan amilini nə dərəcədə nəzərə almasını aydınlaşdırmaq üçün çox önəmli bir mexanizmdir".
Akademik Ramiz Mehdiyev xüsusi vurğulayır ki, dövlətin sosial sahəyə müdaxiləsi konsensus və kompromis fəlsəfəsinə əsaslanır, liberal demokratiyanın daha sağlam və möhkəm özül üzərində təşəkkülünü şərtləndirir. Bu gün Azərbaycanda bazar iqtisadiyyatının bəşəri prinsiplər əsasında fəaliyyəti təmin edilir. Bazar iqtisadiyyatı hər bir vətəndaşın ümumi sərvətlərdən bəhrələnməsinə, cəmiyyətdə gedən proseslərə inteqrasiyasına və fərdin bəhrələnmə imkanlarının artırılmasına xidmət edir.
Milli inkişaf modelini xarakterizə edən xüsusiyyətlərdən biri də iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsi, xüsusən də, regional inkişaf və sahibkarlığın yüksəlişi məsələlərinə xüsusi diqqətin yetirilməsidir. Ölkə iqtisadiyyatının hərtərəfli inkişafı baxımından qeyri-neft sektorunun xüsusi əhəmiyyət kəsb edən sahələrinin yaradılması prosesi son illərdə daha ciddi miqyas almışdır. "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı"nın uğurla həyata keçirilməsi nəticəsində regionlarda infrastruktur müasir tələblər səviyyəsində yenidən qurulmuş, müxtəlif istehsal sahələri yaradılmış, sahibkarlığa qayğı gücləndirilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin 14 aprel 2009-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" isə regionların növbəti mərhələdə inkişafına yeni imkanlar açmışdır. Ümumiyyətlə, cənab İlham Əliyev respublika iqtisadiyyatının hərtərəfli inkişafı üçün regionlarda məhsuldar qüvvələrin yerli imkanlar əsasında güclü artımına xüsusi əhəmiyyət verir.
"İnkişafın Azərbaycan modeli" kitabının "Dövlət proqramları məqsəd aydınlığıdır" adlı ikinci fəslində tarazlı və davamlı inkişafı stimullaşdıran dövlət proqramlarından geniş söhbət açılır. Qeyd olunur ki, ümumi daxili məhsulun artım tempinə görə postsovet məkanında liderliyini qoruyan Azərbaycanın bu sahədə uğurlarını şərtləndirən əsas amillərdən biri də iqtisadi inkişafın mərkəz və regionlar üzrə tarazlı xarakter daşıması, istehsal sahələrinin demək olar ki, ölkənin bütün regionlarını əhatə etməsidir: "Məhz belə bir iqtisadi siyasət regionlarda sahibkarlığın inkişafını sürətləndirməklə oradakı əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadəyə gətirib çıxarıb ki, bu da öz növbəsində iqtisadiyyatın davamlı inkişafı, əhalinin məşğulluğunun artırılması və ölkədə yoxsulluğun səviyyəsinin azaldılması istiqamətində kifayət qədər böyük uğurlar əldə olunması ilə nəticələnib".
Təcrübə göstərir ki, iqtisadiyyatın davamlı və tarazlı inkişafının təmin edilməsi prosesində elmi proqnozlara istinad da son dərəcə vacibdir. İnkişafın mövcud xüsusiyyətlərinə nəzərən gələcək hədəfləri düzgün müəyyənləşdirmək milli iqtisadi təhlükəsizliyin təmin edilməsi baxımından da zəruridir. Dövlət öz gələcəyi ilə bağlı fundamental tədqiqatların həyata keçirilməsi prosesini himayə edərək konkret addımlar atdıqda əldə olunan yeniliklər daha səmərəli və faydalı olur. Fikrimizcə, biz indidən Azərbaycanın neft ehtiyatları tükənəndə davamlı və tarazlı inkişafın hansı sahələr hesabına təmin olunacağı sualına cavab axtarmalıyıq. Yəni, iqtisadçı alimlər bəri başdan ölkənin gələcək inkişaf perspektivləri ilə bağlı futuroloji proqnozlarla çıxış etməlidirlər. Ümumiyyətlə, əgər hansısa elm cəmiyyətin intellektual tərəqqisinə, dövlətin ideoloji və siyasi cəhətdən qüdrətlənməsinə, iqtisadiyyatın davamlı inkişafına töhfəsini vermirsə, deməli, onun dəyərindən danışmaq da mümkün deyildir. Müasir dünya gerçəklikləri fonunda elmlə dövlət idarəçiliyinin üzvi şəkildə əlaqələndirilməsi, mühüm siyasi qərarların qəbulu mərhələsində elmi proqnozlara, təhlillərə istinad olunması son dərəcə vacibdir.
Azərbaycan inkişafının elə mərhələsindədir ki, bundan sonrakı sosial-iqtisadi uğurların davamlılığının təmin edilməsi prosesində əsaslandırılmış elmi qənaətlərə yer verilməlidir. "İnkişafın Azərbaycan modeli" kitabının "Dünya iqtisadiyyatına səmərəli inteqrasiyanı təmin edən sürətli islahatlar" adlanan üçüncü fəsli bu baxımdan xüsusi maraq doğurur. Burada Azərbaycanın gələcək inkişafı baxımından vacib sahələrin inkişaf perspektivləri ilə bağlı dəyərli araşdırmalar geniş yer almışdır.
Azərbaycanın keçdiyi mürəkkəb inkişaf mərhələlərini dərin elmi təhlilə cəlb edərək elmi ictimaiyyətə çatdıran "İnkişafın Azərbaycan modeli" milli inkişaf modelinin tədqiqi istiqamətində uğurlu cəhdlərdən biridir. Fikrimizcə, bu faktoloji baza əsasında ictimaiyyətçi alimlər daha geniş tədqiqatlar aparmalı, məsələnin sırf nəzəri əsaslarının formalaşdırılmasına çalışmalıdırlar.
Ümumiyyətlə, transmilli korporasiyaların Azərbaycandakı fəaliyyəti, beynəlxalq ticarət və xarici investisiya axınlarının respublikamıza doğru istiqamətləndirilməsi, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, informasiya-kommunikasiya texnologiyalarının inkişafı və digər bu kimi aktual mövzuların tədqiq olunduğu "İnkişafın Azərbaycan modeli" kitabı çağdaş tariximizə sadəcə elmi baxış olmayıb, həm də ensiklopedik səciyyə daşıyır. Əsər fakt zənginliyi, əhatə dairəsi və məzmunu ilə geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur. Yeni nəşr məhz bu kimi keyfiyyətləri ilə böyük ictimai rəğbət qazanmış, Azərbaycanın milli inkişaf modelinin nəzəri-metodoloji əsaslarının yaradılmasına xidmət edən faydalı müzakirələrə rəvac vermişdir.
Qüdrət KƏRİMOV,
iqtisad elmləri doktoru
Azərbaycan.- 2011.- 19 yanvar.- S. 5.