"Səs" qəzetinin 20 illik yubileyi qeyd edilmişdir

 

Yanvarın 18-də Bakı Əyləncə Mərkəzində "Səs" qəzetinin 20 illik yubileyi ilə əlaqədar mərasim keçirilmişdir.

Tədbir Azərbaycanın dövlət himninin səslənməsi ilə başlamışdır.

Sonra qəzetin yaranma tarixi və fəaliyyəti ilə bağlı film nümayiş etdirilmişdir.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təbrik məktubunu oxumuşdur. (Təbrik məktubu qəzetin bugünkü nömrəsində dərc olunur).

Daha sonra Əli Həsənov Prezident İlham Əliyevin "Səs" qəzetinin ilk baş redaktoru Ağabəy Əsgərova 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeninin, bir qrup əməkdaşa "Əməkdar jurnalist" fəxri adının və "Tərəqqi" medalının verilməsi haqqında sərəncamlarını oxumuşdur.

Tədbirdə çıxış edən şöbə müdiri bildirmişdir ki, "Səs" qəzeti müstəqil Azərbaycanın mətbuat tarixində özünəməxsus yer tutmuş mətbu orqanlarından biridir. 1990-cı ildə dövlət qeydiyyatına alınmış qəzetin ilk nömrəsi 1991-ci il yanvarın 11-də işıq üzü görmüşdür. Qəzet fəaliyyət göstərdiyi bütün dövrlərdə dövlətçilik, azərbaycançılıq ideologiyasının carçısı olmuş, cəmiyyətdə siyasi plüralizmə kəskin ehtiyac duyulduğu həmin illərdə sağlam düşüncəli vətənpərvər ziyalıların tribunası rolunu oynamışdır. Sağlam əqidə, milli özünüdərk ruhunda köklənmiş insanları ətrafında birləşdirən "Səs" qəzeti heç zaman öz yolundan çəkinməmişdir, ümummilli lider Heydər Əliyevin ideyalarını qətiyyətlə təbliğ etmişdir.

Əli Həsənov bildirmişdir ki, müstəqillik illərində Azərbaycanda yaranan demokratik dəyişikliklərdən, söz və mətbuat azadlığından "Səs" qəzeti də faydalanmış, müstəqil ölkəmizlə birgə inkişaf etmişdir. Qəzet dövlətçilik ənənələrini yayaraq cəmiyyətimizin informasiya tələbatının ödənməsində mühüm rol oynamışdır.

Şöbə müdiri vurğulamışdır ki, ümummilli lider Heydər Əliyev "Səs" qəzetinin fəaliyyətini, cəmiyyət qarşısındakı xidmətlərini həmişə yüksək qiymətləndirmişdir.

Əli Həsənov əmin olduğunu bildirmişdir ki, "Səs" qəzeti bundan sonra da Azərbaycan cəmiyyətinə, dövlətçiliyinə sədaqətlə xidmət edəcəkdir.

Tədbirdə Rusiya Federasiyası Prezident Administrasiyasının məsul işçisi Sergey Çebataryov Administrasiyanın rəhbəri Sergey Narışkinin Ağabəy Əsgərova yubiley münasibətilə "Minnətdarlıq məktubu"nu və Rusiya Prezidentinin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Sergey Vinokurovun "Səs" qəzetinə təbrik məktubunu oxumuşdur.

Tədbirdə çıxış edən YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov "Səs" qəzetinin Azərbaycan həqiqətlərinin yayılmasında mühüm xidmətlər göstərdiyini, öz missiyasını uğurla yerinə yetirdiyini bildirmişdir. Qeyd edilmişdir ki, ötən əsrin 90-cı illərinin əvvəllərində fəaliyyətə başladığı dövrdə ulu öndər Heydər Əliyevin ideyalarını, siyasi tezislərini cəmiyyətə çatdırmaq üçün ziyalılar "Səs" qəzetində çıxış edirdilər. 1992-ci il oktyabrın 16-da ölkə ziyalıları "Səs" qəzeti vasitəsilə ulu öndərə müraciət etmişlər. Həmin il oktyabrın 24-də qəzetdə ümummilli liderin ziyalıların müraciətinə cavabı dərc olunmuşdur.

Sonrakı dövrlərdə də ulu öndərimizin fəaliyyəti ilə bağlı müxtəlif materiallar bu qəzetdə dərc edilmişdir. Bir sözlə, "Səs" qəzeti 20 illik fəaliyyətində dövlətçilik, azərbaycançılıq ideologiyasının təbliğində mühüm rol oynamışdır və bu xətti hazırda da inamla davam etdirir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 19 yanvar.- S. 6.