Ali Məhkəmənin növbəti
plenumu
Yanvarın 18-də Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin növbəti plenumu olmuşdur.
Ali Məhkəmənin sədri plenum iclasını açaraq bildirmişdir ki, 2010-cu ildə Prezident İlham Əliyevin sərəncamları ilə Ali Məhkəmənin kollegiya sədrləri və kollegiyalara yeni hakimlər təyin olunmuşdur. Ölkəmizdə bütün sahələri əhatə edən inkişaf məhkəmə-hüquq sahəsində də davam etdirilmiş, hakimlərin maddi təminatı yaxşılaşdırılmış, informasiya texnologiyaları bazası möhkəmləndirilmişdir. Ali Məhkəmədə baxılan işlərin keyfiyyəti və əvvəlki illərlə müqayisədə 2010-cu il ərzində vətəndaşların hüquqlarının məhkəmə müdafiəsinin səviyyəsi yüksəlmişdir.
R.Rzayev, eyni zamanda, qanunun aliliyinin və məhkəmə hakimiyyətində şəffaflığın təmin olunması, insan hüquq və əsas azadlıqlarının müdafiəsi sahəsində məhkəmələrin qarşısında duran vəzifələrdən danışmışdır.
Plenumda Ali Məhkəmənin kollegiya sədrlərinin 2010-cu ildə ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumatları dinlənilmişdir.
Məlumatlarla əlaqədar plenumda geniş müzakirələr və təhlillər aparılmışdır.
Məruzə edən kollegiya sədrləri 2010-cu ildə kollegiyaların fəaliyyətində nəzərəçarpacaq irəliləyiş olduğunu diqqətə çatdırmışlar.
Ali Məhkəmənin hərbi kollegiyası istisna olmaqla, mülki, inzibati-iqtisadi və cinayət kollegiyalarında 2010-cu ildə daxil olmuş işlər və baxılmış müraciətlər 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə artmışdır. Mülki kollegiyada 6,4 faiz, inzibati-iqtisadi kollegiyada 33,7 faiz, cinayət kollegiyasında isə 15,4 faiz artım müşahidə olunmuşdur. Hərbi kollegiyada isə 7 faiz azalma qeydə alınmışdır. Ümumiyyətlə, Ali Məhkəməyə daxil olmuş işlərin sayı 10,1 faiz artmışdır. 2009-cu ildə Ali Məhkəmədə cəmi 4 min 862 işə baxıldığı halda 2010-cu ildə bu rəqəm 5 min 354 olmuşdur. Bu da 2009-cu ildə baxılmış işlərlə müqayisədə 492 (10,1 faiz) iş çoxdur.
Ali Məhkəmənin Plenumunun 2010-cu ildə 7 iclası keçirilmiş, 48 qərar çıxarılmışdır.
2010-cu ildə Ali Məhkəmədə vətəndaşların ərizə və şikayətlərinə, digər müraciətlərə baxılmasına, onlara hüquqi cəhətdən əsaslı və düzgün cavab verilməsinə diqqət artırılmışdır.
Ali Məhkəməyə edilən müraciətlərdə azalma müşahidə olunmuşdur. 2009-cu ildə Ali Məhkəməyə 21 min 162, 2010-cu ildə isə 18 min 918 müraciət daxil olmuşdur. Əlavə kassasiya şikayəti ilə bağlı müraciətlər 8,5 faiz azalmışdır.
Plenumda qeyd edilmişdir ki, bütün bunlar aşağı instansiya məhkəmələrinin əvvəlki illərə nisbətən çıxardıqları qərarlarda qanunvericiliyin daha düzgün tətbiq edilməsi və iş prinsipinin sabitliyi sayəsində mümkün olmuşdur.
Plenumda Ali Məhkəmənin 2011-ci ilin birinci yarısına dair iş planı təsdiq edilmişdir.
Plenumda daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri müzakirə edilmiş, konkret cinayət və mülki işlərə baxılmışdır.
Plenum müzakirə olunan məsələlər və baxılmış işlər barədə müvafiq qərarlar qəbul etmişdir.
AzərTAc
Azərbaycan.- 2011.-19
yanvar.- S. 6.