İctimai Komitənin yeni tərkibi
formalaşdırılmışdır
Ədliyyə Nazirliyinin mətbuat
xidmətindən AzərTAc-a bildirmişlər ki,
respublikamızda aparılan məhkəmə-hüquq
islahatları çərçivəsində penitensiar xidmətin
təkmilləşdirilməsinə, məhkumların
hüquqlarının daha etibarlı təmin olunmasına və
saxlanma şəraitinin beynəlxalq standartlara uyğun
yaxşılaşdırılmasına, şəffaflığın
artırılması məqsədilə bu sahədə ictimai
nəzarətin gücləndirilməsinə xüsusi önəm
verilir.
Bu məqsədlə 2006-cı ildən penitensiar sistemdə ictimai nəzarəti təmin etməklə səmərəli fəaliyyət göstərən İctimai Komitənin hazırkı tərkibinin növbəti birillik səlahiyyət müddəti başa çatmışdır.
Ötən dövrdə İctimai Komitə müxtəlif cəzaçəkmə müəssisələrinə 260-dan artıq başçəkmə həyata keçirmiş, məhkumların saxlanma şəraitinin, tibbi-sanitariya təminatının yaxşılaşdırılmasına, onların ictimai faydalı əməyə cəlb olunmasına, asudə vaxtının səmərəli təşkilinə və digər məsələlərə diqqət yetirmişdir. Qeyd olunmalıdır ki, başçəkmələrin nəticələri üzrə hesabatlar Ədliyyə Nazirliyinə təqdim edilmiş, ictimaiyyətə müvafiq açıqlamalar verilmişdir.
Birillik səlahiyyət müddəti başa çatmış İctimai Komitənin fəaliyyətinin qiymətləndirilməsi, habelə qurumun yeni tərkibinin formalaşdırılması məqsədilə yanvarın 18-də üzvləri Milli Məclisin deputatlarından, nüfuzlu ictimaiyyət nümayəndələrindən, alimlərdən, din xadimlərindən və aidiyyəti qurumların təmsilçilərindən ibarət olan Seçki Komissiyasının iclası keçirilmişdir.
Komissiyanın iclasında İctimai Komitənin dördüncü tərkibi tərəfindən bir il ərzində görülən işlər haqqında məruzə dinlənilmiş, aparılmış monitorinqlərin daha müntəzəm xarakter alması, qurumun müsbət təcrübəsinin həm yerli, həm də beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalmadığı, bütövlükdə fəaliyyətinin qənaətbəxş olduğu qeyd edilmişdir. Komitənin qarşısında mühüm vəzifələrin dayandığı vurğulanmış, qarşılıqlı dialoq və əməkdaşlıq şəraitində vətəndaş cəmiyyəti və dövlət orqanları nümayəndələrinin birgə səyləri təqdir edilmişdir.
Tədbirdə Komitə üzvlərinin fəaliyyətinin nəticələri qiymətləndirilmiş, təhlillər aparılmış, qurumun işində iştirak etmək arzusunda olan hüquq-müdafiə, qeyri-hökumət təşkilatlarının Seçki Komissiyasına təqdim etdiyi proqram və təkliflərinə baxılmış, Komitənin yeni tərkibi formalaşdırılmışdır.
Azərbaycan.- 2011.- 19 yanvar.- S. 6.