Azərbaycanın və Türkiyənin daxili işlər orqanları arasında əlaqələr genişlənir

 

Azərbaycanın daxili işlər naziri general-polkovnik Ramil Usubov yanvarın 18-də ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Jandarm Qüvvələrinin Baş komandanı, ordu generalı Necdət Özəlin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nazir dost və qardaş ölkələrimizin daxili işlər orqanları arasında mövcud olan işgüzar əlaqələri, Türkiyə Jandarm Komandanlığının Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına göstərdiyi maddi-texniki yardımı, Jandarm Baş Komandanlığının və Daxili Qoşunlar Baş İdarəsinin əməkdaşlığına dair 1997-ci il 31 oktyabr tarixli hökumətlərarası protokola uyğun olaraq bu sahədə xeyli iş görüldüyünü xatırlatmışdır. Həmçinin qonağa Qala qəsəbəsində tikilib istifadəyə verilmiş Daxili Qoşunların Tədris Mərkəzinin işi barədə ətraflı məlumat verilmişdir.

Ramil Usubov dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin qazandığı ən böyük dəyərlər sırasında qardaş Türkiyə ilə əlaqələrin inkişafını önə çəkmiş, ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" siyasətinin bu gün dövlətimizin başçısı İlham Əliyev tərəfindən yüksək səviyyədə həyata keçirildiyini xatırlatmışdır.

Daxili işlər naziri Türkiyə Jandarm Qüvvələri Baş komandanının ölkəmizə səfərinin əlaqələrimizin inkişafına daha müsbət təsir göstərəcəyinə, qardaş dövlətlərimizin müvafiq qurumlarının əməkdaşlığının potensial imkanlarından bundan sonra da səmərəli istifadə olunacağına əminliyini ifadə etmişdir.

Türkiyə Jandarm Qüvvələrinin Baş komandanı, ordu generalı Necdət Özəl Azərbaycana səfərindən məmnunluq duyduğunu bildirmiş, müvafiq qurumlar arasındakı faydalı işbirliyini yüksək qiymətləndirmiş, ulu öndər Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" kəlamını xatırladaraq ordumuzun, Daxili Qoşunlarımızın inkişafı üçün bundan sonra da əllərindən gələni əsirgəməyəcəklərini qeyd etmişdir.

Görüşdə Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç, daxili işlər nazirinin müavinləri Vilayət Eyvazov, Əsgər Ələkbərov, Zakir Həsənov və digər rəsmi şəxslər iştirak etmişlər.

 

 

Azərbaycan.- 2011.- 19 yanvar.- S. 6.