Azərbaycanda bütün sosial proqramlar uğurla icra edilir

 

Nazirlər Kabinetinin iclasında ötən ilin fəal sosial siyasət ili olduğu bir daha vurğulanmışdır

 

Ümummilli liderin elmi təməllərə söykənən inkişaf strategiyasının uğurla davam etdirilməsi nəticəsində Azərbaycan Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf edən, sabit və qüdrətli dövlətinə çevrilmişdir. Bu gün ikinci elə bir dövlət tapmaq çətindir ki, ümumi daxili məhsulun artım tempinə görə dünyada liderliyini qoruyub saxlaya bilsin. Qısa müddət ərzində yoxsulluğun səviyyəsi xeyli aşağı düşmüş, dövlət büdcəsi gəlirləri sürətlə artmışdır. Ölkəmizdə həyata keçirilən sosial infrastruktur layihələri nəticəsində bölgələrin siması dəyişmiş, sahibkarlığın inkişafı, yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması, yeni iş yerlərinin açılması naminə sistemli tədbirlər görülmüşdür.

 

Azərbaycanda böyük uzaqgörənliklə həyata keçirilən yeni neft strategiyasının ölkəmizə gətirdiyi iqtisadi dividendlər ən müxtəlif sahələrdə köklü islahatların aparılmasına geniş imkanlar açmışdır. Neftdən əldə olunan gəlirlərin düzgün idarə olunması və iqtisadiyyatın digər sahələrinin inkişafına yönəldilməsi əhalinin sosial müdafiəsinin gücləndirilməsinə gətirib çıxarmışdır. Müstəqil respublikamız hazırda yüksəlişinin mühüm mərhələsindədir və qazanılmış makroiqtisadi nailiyyətlər cəmiyyət həyatının müxtəlif sahələrində sosial rifaha, iqtisadi azadlığa və səmərəli təşəbbüskarlığa yönələn, hər bir vətəndaşın həyatında kardinal dəyişikliklərlə müşayiət olunan, demokratik islahatların dərinləşdirilməsi yolu ilə insan amilinin inkişafına xidmət edən liberal islahatları dinamizmlə gerçəkləşdirmək imkanı yaradır. Bazar iqtisadiyyatı prinsiplərinin cəmiyyətdə özünə dayaqlar tapması, özəl sektorun inkişafına yaradılmış şərait, iqtisadiyyatın liberallaşdırılması uğurlu iqtisadi siyasətin müsbət nəticələridir. Ölkədə minimum əməkhaqlarının, büdcə təşkilatlarında çalışan işçilərin məvaciblərinin, sosial pensiya və müavinətlərin davamlı artırılması dövlətin vətəndaşlara olan diqqət və qayğısının bariz təcəssümüdür.

Ötən il sosial məsələlərin həlli də diqqət mərkəzində olmuş, bu istiqamətdə kompleks tədbirlər həyata keçirilmişdir. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin son iclasında vurğuladığı kimi, ölkənin iqtisadi inkişafından, yeni neft strategiyasının və sahibkarlığın inkişafının uğurlu nəticələrindən əldə edilən dividendlər insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşmasına yönəldilir. Azərbaycanın 2011-ci il üçün dövlət büdcəsində sosialyönümlülüyün prioritet təşkil etməsi - bu məqsədlə 33,3 faiz (ümumilikdə 4 milyard 234 milyon manat), yaxud cari illə müqayisədə 341,8 milyon manat çox vəsait ayrılması, sosial məsələlərin daim diqqət mərkəzində olduğunu göstərir. Bu fakt deməyə əsas verir ki, ölkəmizin iqtisadi imkanları artdıqca sosial müdafiəyə ehtiyacı olan insanlara daha diqqətlə yanaşılır, vətəndaşların sosial tələbatının ödənilməsi, bir növ, cəmiyyətin mənəvi göstəricisinə çevrilir.

Son 7 ildə Azərbaycanda həyata keçirilən ən ciddi sosial layihələrdən biri də aztəminatlı vətəndaşlara ünvanlı sosial yardımları nəzərdə tutan xüsusi dövlət proqramının həyata keçirilməsidir. Ünvanlı sosial yardım sisteminin tətbiqi üçün ilkin tədbir kimi qanunvericilik bazası formalaşdırılmış, Milli Məclisdə "Ünvanlı sosial yardım haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilərək qüvvəyə minmişdir. Nazirlər Kabinetinin iclasında qeyd olunduğu kimi, hazırda uğurla icra edilən bu proqram təxminən 550 min insanı əhatə edir. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə ehtiyac meyarı da mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır. Ehtiyac meyarının həddi 2008-ci il yanvarın 1-dən 45 manat, iyulun 1-dən 55 manat, 2009-cu il yanvarın 1-dən 60 manat, 2010-cu il yanvarın 1-dən 65 manat məbləğində təsdiq edilmişdir.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında ötən ilin fəal sosial siyasət ili olduğunu bir daha vurğulamışdır: "2010-cu ildə bütün sosial proqramlar icra edildi. Qeyd etdiyim kimi, minimum əməkhaqqı və pensiyanın baza hissəsi 75 manatdan 85 manata qaldırıldı. Ünvanlı sosial yardım proqramı icra edilir, bu proqram çərçivəsində 550 min nəfər dövlətdən yardım alır və biz bu siyasəti bundan sonra da davam etdirəcəyik. Çünki hələ də ehtiyac içində yaşayanlar var. Baxmayaraq ki, yoxsulluğun səviyyəsi aşağı düşür, ancaq biz elə etməliyik ki, çətinlik çəkənlər üçün də dövlət öz qayğısını əsirgəməsin".

Azərbaycan hökuməti sosial müdafiə tədbirlərini də xüsusi diqqət mərkəzində saxlamışdır. Nazirlər Kabinetinin iclasında da vurğulandığı kimi, 2010-cu ilin sentyabr-oktyabr aylarında Azərbaycan Respublikası Prezidentinin imzaladığı sərəncamlarla 1,3 milyon nəfərdən artıq pensiyaçının baza pensiyalarının 13 faizlik artımı həyata keçirilmiş, dövlət büdcəsindən maliyyələşən 800 min nəfərə yaxın təhsil, elm, səhiyyə, mədəniyyət, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi müəssisələrində çalışanların, habelə hərbi qulluqçuların və xüsusi rütbəli əməkdaşların, dövlət qulluqçusu olmayan mülki şəxslərin aylıq vəzifə maaşları 10 faiz artırılmışdır. 394 min aztəminatlı şəxsə dövlət tərəfindən ödənilən sosial müavinətlərin məbləği orta hesabla 20 faiz, məcburi köçkünlərə yemək xərci üçün verilən müavinətin məbləği 11 faiz artırılmışdır. 14 minə yaxın şəhid ailəsi üçün müəyyən edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinə 50 faiz, 87 min nəfərdən artıq doktorant, ali, orta ixtisas və peşə məktəbləri və peşə liseylərinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin məbləğinə orta hesabla 15 faizlik artım tətbiq edilmişdir.

Azərbaycanın bütün bölgələri bərabər inkişaf edir. Paytaxtla bölgələr arasında inkişaf fərqinin aradan qaldırılması istiqamətində atılan addımlar böyük nəticələrə gətirib çıxarmışdır. Azərbaycan Prezidentinin 14 aprel 2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" regionların davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün geniş imkanlar açmışdır. Proqramın icrası nəticəsində keçən il 70 mindən çox iş yeri açılmışdır, onun 53 mini daimidir. Regional inkişaf proqramlarının icrasının başlanmasından, yəni 2004-cü ilin fevralından bu günə qədər ölkəmizdə 900 mindən artıq iş yeri açılmışdır. Bununla bərabər, iş yerlərinin açılması, yeni müəssisələrin işə salınması nəticəsində ölkə daxilində istehsal olunan malların sayı artır, ixracdan asılılıq azalır.

Ölkədə bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin maddi rifah halının yaxşılaşdırılması məsələləri ötən 7 ildə cənab İlham Əliyevin yeritdiyi iqtisadi siyasətin prioritet istiqamətləri kimi diqqəti cəlb edir. Azərbaycanda sosial-iqtisadi inkişafın sürətləndirilməsi məqsədilə ölkə başçısı tərəfindən təsdiq edilən dövlət proqramlarının uğurla icrası müsbət nəticələrə gətirib çıxarmışdır. 2009-2013-cü illəri əhatə edən regionların inkişafı proqramı da ölkə iqtisadiyyatında mütərəqqi inkişaf meyillərinə böyük təkan vermişdir. Atılan ardıcıl addımlar eyni zamanda Azərbaycanda işsizlik probleminin aradan qaldırılması, regionların tarazlı inkişafı, qeyri-neft sektoruna diqqətin artırılması, yeni iş yerlərinin açılması istiqamətində konkret nəticələrlə müşayiət olunmuşdur.

Prezident İlham Əliyevin yürütdüyü iqtisadi siyasət xətti nəticəsində cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunması inkişaf prosesində yüksək dinamizmi və məqsədyönlülüyü təmin etmiş, hər bir mərhələ üçün qarşıda duran vəzifələrin dəqiqliklə müəyyənləşdirilərək həllinə real imkanlar açmışdır. Ölkə başçısı cəmiyyət qarşısında verdiyi bəyanatlara sadiqliyini, habelə yürütdüyü siyasətin reallığa adekvatlığını əməli işi ilə sübuta yetirərək formalaşdırdığı işlək mexanizmlər əsasında islahatların davamlılığını təmin etmiş, ictimai həyatın bütün sahələrində tərəqqinin əsasını qoymuşdur. Azərbaycan vətəndaşlarının mənafeyinə xidmət edən iqtisadi siyasət strategiyasının uğurla davam etdirilməsi böyük perspektivlərə yol açmışdır.

Azərbaycanda dəqiq hədəflərə hesablanmış iqtisadi siyasət xəttinin uğurla davam etdirilməsi onu deməyə əsas verir ki, növbəti ildə də ölkə qarşısında duran bütün iqtisadi və sosial məsələlər öz həllini tapacaqdır. Milli inkişafdakı pozitiv meyilləri əsaslı şəkildə qoruyub saxlayan Azərbaycanın əldə etdiyi nəticələr möhkəm iqtisadi bazisə söykənir.

 

 

E.HACIALIYEV

 

Azərbaycan.- 2011.- 19 yanvar.- S. 7.