Azərbaycan dünyəvi və demokratik dövlətdir

 

 

Mübariz Qurbanlı: "İranın dini nümayəndələri yaxşı olardı bizə deyil, təcavüzkar Ermənistan rəhbərliyinə müraciət edəydi"

 

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlının APA-ya müsahibəsini təqdim edirik.

 

- İranlı ayətullah Cəfər Sübhani Azərbaycan Prezidentinə hicab mövzusu ilə bağlı müraciət edib. Buna münasibətiniz necədir?

- Birincisi, ayətullah Cəfər Sübhaninin cənab Prezidentə müraciət edib-etməməsi haqqında dəqiq məlumatım yoxdur. Mətbuatda belə məlumatlar yayılıb. Ancaq həqiqətən belə bir müraciət olunubsa və müraciətdə mətbuatda gedən fikirlər yer alıbsa, onda hesab edirəm ki, ayətullah Cəfər Sübhaninin Azərbaycanda gedən proses haqqında bilgisi, məlumatı kifayət qədər deyil. Çünki Azərbaycanda, onun iddia etdiyi kimi, heç vaxt baş örtüyü - hicab qadağan olunmayıb. Dövlət səviyyəsində, rəsmi səviyyədə bununla bağlı hansısa bir qərar verilməyib. Baş örtüyü, hicab məsələsində Azərbaycan qadınları sərbəstdirlər, seçimlərində azaddırlar və bu məsələdə kimsə maneə törətmir, qadağaya yol vermir. Uzağa getməyək, biz Bakı şəhərinin küçələrində hicablı qadınlarımızı, qızlarımızı görməkdəyik.

Söhbət ondan gedir ki, Azərbaycanda təhsil dünyəvidir. Azərbaycan Konstitusiyasına görə, Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlətdir. Dünyəvi dövlətdə də təhsil dünyəvidir. Teokratik ölkələrdə - dinin hökmranlıq etdiyi və dinin siyasətə müdaxilə etdiyi ölkələrdə bu, başqa cür də ola bilər. Ona görə də öz ölkəsindəki ictimai-siyasi quruluşu başqa bir ölkədə axtarmaq istəyəndə, təbii ki, fikirlər arasında müəyyən ziddiyyətləri görə bilərik. İranın özünə məxsus dövlət idarəçilik forması var, özünün təhsil sistemi var və İran dövləti İran Konstitusiyasına istinad edərək idarə olunur. Bu, İran xalqının seçimidir. İranda təhsil sisteminin necə və hansı formada idarə olunduğu Azərbaycan tərəfindən nə tənqid olunur, nə də onlara irad tutulur. Bunu İran xalqı seçib və yaxşı, yaxud pis olmasını da İran xalqı bilir, müəyyənləşdirir. Ona görə də İranda oturub Azərbaycanın təhsil sisteminə və ya Azərbaycan vətəndaşının geyiminə müdaxilə etmək daxili işlərə müdaxilə etməkdən başqa bir şey deyil! Hesab edirəm ki, bu tip müraciətlər, həmçinin İranın bəzi mətbu orqanlarında gedən oxşar yazılar yalnız və yalnız daxili işlərə qarışmağa cəhddən başqa bir şey kimi dəyərləndirilmir. Halbuki Azərbaycanla İran arasında çox gözəl münasibətlər var, hökumətlər, dövlətlər səviyyəsində münasibətlər var, qarşılıqlı maraqlar mövcuddur. Azərbaycan İranda gedən proseslərə müdaxilə etmədiyi kimi, hesab edirəm, bizim də haqqımız və siyasi baxımdan tələbimiz var deyək ki, İran da Azərbaycandakı prosesə hansısa bir formada müdaxilə etməməlidir. Azərbaycanda dini azadlıq dövlət tərəfindən qorunur, müvafiq qanunumuz var, Konstitusiyada vicdan azadlığı təsbit olunub. Hamıya da məlumdur ki, Azərbaycan SSRİ vaxtında müxtəlif formalarda müxtəlif qadağalarla üzləşib. Lakin müstəqillik əldə etdikdən sonra, xüsusilə Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ölkədə dini azadlıq, dini tolerantlıq istiqamətində böyük işlər görülüb. Heydər Əliyevin birbaşa iştirakı və tövsiyəsi ilə Azərbaycanda məscidlər tikilib, yaxud yenidən qurulub. Həmçinin cənab İlham Əliyevin tövsiyəsi və iştirakı ilə məscidlər, dini inanc yerləri tikilib, bərpa olunub. Bu istiqamətdə Heydər Əliyev Fondu xeyli işlər görüb. Digər dinlərdən olan insanlarla da birgəyaşayışın təmin olunması baxımından Azərbaycan nümunə göstərilib və s.

Azərbaycandakı real vəziyyəti bilmədən, hansısa bəhanələrlə ölkənin əleyhinə bu cür çıxışlar etmək yolverilməzdir. Sübhaninin mətbuatda getmiş müraciətində hicabla bağlı qadağaların götürülməsi istənilir. Bu qadağalar harada və kimə qoyulub? Belə qadağanı kimsə göstərə bilərmi? Belə qadağa yoxdur. Əgər söhbət təhsil ocaqlarındakı vahid məktəbli formasından gedirsə, İran məktəblərində də vahid forma tətbiq olunur. İran məktəblərindəki həmin vahid formaya kimsə müdaxilə edirmi?

Olmayan bir məsələni Azərbaycanın üzərinə atmaq yolverilməzdir. Azərbaycan cəmiyyəti, ziyalıları, siyasətçiləri, jurnalistləri ölkəmizə qarşı yönələn bu təpkilərə cavab verməlidir. Axı harada yazılıb ki, Azərbaycanda hicab qadağandır? Məktəblilərin vahid formaya keçidindən söhbət gedirsə, hansı ölkənin məktəbində şagirdlər papaqla oturur? Məgər İranda şagirdlər mədrəsələrdə, məktəblərdə papaqla otururlar? İran tərəfdən səslənən bu cür fikirlərə etirazımı bildirməklə yanaşı, söyləmək istəyirəm ki, belə çağırışlar, fikirlər bizim mehriban qonşuluq siyasətimizə ziddir. Bu kimi məsələləri qeyd olunan formada qabardaraq Azərbaycana qarşı bu cür fikirlər səsləndirmək məntiqə və siyasi etikaya uyğun deyil!

İranın dini nümayəndələri yaxşı olardı, təcavüzkar Ermənistan rəhbərliyinə müraciət edəydi, işğal olunmuş Azərbaycan torpaqlarında məscidləri yerlə yeksan edən ermənilərə müraciət edəydilər. Müsəlmanları qanına qəltan edən, yüzlərlə azərbaycanlı əsirə olmazın işgəncələr verən ermənilərə, onların rəhbərlərinə müraciət edəydilər. Bu cür fikirləri müsəlmanlara - azərbaycanlılara qarşı silahlı müharibə aparanlarla bağlı bildirəydilər.

- Hicabla bağlı açıqlamalarla yanaşı, İrandakı bəzi dairələr bir neçə gün əvvəl polis tərəfindən saxlanılmış Azərbaycan İslam partiyasının sədri Mövsüm Səmədovu müdafiə edən açıqlamalar verdilər...

- Bu həbs məsələsi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır, hazırda istintaq aparılır. İstintaq bitdikdən sonra bütün həqiqətlər üzə çıxacaq və ictimaiyyət bu barədə geniş məlumat əldə edəcək.

Mən bu məsələdə başqa bir məqama diqqəti çəkmək istəyirəm. Azərbaycanda rəsmi olaraq "İslam partiyası" adında bir qurum fəaliyyət göstərmir. Həbs olunan şəxslərin də İslam partiyasının üzvləri kimi təqdim olunması doğru deyil. Bu şəxslər Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham olunurlar və istintaq altındadırlar. Bəziləri bunu xüsusiləşdirərək tutulanların İslam partiyasının rəhbəri və nümayəndələri olduğunu deyir. Bununla da diqqəti onların konkret maddələrlə ittiham olunmasından yayındırmağa çalışırlar. Hesab edirəm ki, İran tərəfdən də bəzilərinin bu formada çağırışlar etməsinin arxasında nə isə dayanır. Biz zaman-zaman İranda müxtəlif proseslərin baş verməsinin şahidi olmuşuq, ancaq Azərbaycan tərəfindən onlara nə tövsiyə verilib, nə də irad bildirilib. Bunlar daxili işlərə müdaxilə kimi dəyərləndirilir!

- Özəl televiziyası olmayan İranın Azərbaycan dilində yayımlanan "Səhər" telekanalında zaman-zaman Azərbaycan dövlətinə qarşı təhdidlər yağdırılıb. Son vaxtlarda həmin təhdidlərin artmasını nə ilə əlaqələndirirsiniz?

- Hesab edirəm ki, İranın bütün KİV-ində məlumatların yayılması dövlətin nəzarəti altında həyata keçirilir. İran elə bir dövlətdir ki, burada dövlət nəzarətindən kənar hansısa bir mətbu orqanın, radio və televiziya qurumunun olmasını söyləmək bir az sadəlövhlük olardı. "Səhər" kanalı da dövlətin nəzarətində olan bir qurum kimi verilişlərini razılaşdırılmış şəkildə yayır. Orada Azərbaycan əleyhinə verilən bu və ya digər fikirlər varsa, bunlar da, təbii ki, bizim tərəfimizdən mənfi qarşılanır və bizim mehriban qonşuluq siyasətimizə uyğun olmayan hərəkətlər kimi dəyərləndirilir. Biz bunu yolverilməz hesab edirik!

- Sizcə, İran tərəfdən eyni vaxtda gələn bütün bu tənqid və təhdidlərin arasında bir əlaqə axtarmaq lazımdır, yoxsa baş verənlər bir təsadüfdür?

- Bilirsiniz, siyasətdə heç nə təsadüfi olmur! Ancaq hesab edirəm ki, bəzi dairələr İran-Azərbaycan dostluğuna xələl gətirən hərəkətlərə yol verir. Bütün bunlar bu gün İran hökuməti ilə Azərbaycan hökuməti arasında olan mövcud münasibətlərə zidd addımlardır. İranda KİV-in dövlət nəzarətində olması aksiomdur. Ancaq həmin sistemin içərisində elə dairələr var ki, məlumatları təhrif etməklə həm İranın, həm də Azərbaycanın maraqlarına uyğun olmayan xəbərlər yaya bilərlər.

- Mətbuatda İran tərəfdən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadəyə qarşı hansısa təzyiqlərin olduğu iddia edilir. Bununla bağlı nə demək istərdiniz?

- Bilirsiniz, Azərbaycan o qədər güclü, müstəqil dövlətdir ki, istənilən təzyiqin qarşısını almağa qadirdir. İkincisi, olmayan bir məsələyə görə nəyə və kimə təzyiq edəcəksən?! Üçüncüsü, şeyxülislam Qafqazın şeyxidir və müstəqil dini qurumun rəhbəridir və İslam dinində də Katolik kilsə kimi vahid mərkəz yoxdur ki, Roma Papası kimi kimsə katolik kilsələrinə göstəriş versin. İslam dinində bizim hamımızın inanc yeri olan Məkkə, Mədinə var. İndi xilafət dövrü deyil ki, kimsə nəyin düz, nəyin səhv olduğunu ortaya qoysun. Dünyada müsəlmanların sayı 1,5 milyarddan artıqdır, İslam ölkələrinin sayı 60-dan çoxdur. Bu ölkələrin hər birinin dinlə bağlı öz siyasəti var. Və onların hər biri Peyğəmbər əleyhissəlamı qəbul edir və ona Allahdan nazil olan "Qurani-Kərim"ə sitayiş edərək dinini onunla tənzimləyir. Dini tənzimləmədə hansısa dövlət yox, "Qurani-Kərim" əsas götürülür. "Qurani-Kərim"in özündə də hicab məsələsi bugünkü deyilənlər kimi deyil. Bu, dinşünasların mövzusu olan bir məsələdir. Ancaq İrandan nəyə təzyiq edəcəklər? Biz müstəqil dövlətik, şeyx də, dediyim kimi, müstəqil qurumun rəhbəridir. O, kiminsə təzyiqi altında qərarlar qəbul edəsi deyil! Birincisi, hicab Azərbaycanda qadağan olunmayıb. İkincisi, qadağan olunsa belə, Azərbaycan kimdənsə icazə almayacaq! Üçüncüsü də, olmayan bir şeyə görə nə iddia qaldırırlar? Heç kim Azərbaycana təzyiq edə bilməz! Azərbaycan kiminsə daxili işinə qarışmadığı kimi, onun da daxili işlərinə Şərqdən, Qərbdən qarışmağa heç vaxt imkan verməyəcək. Azərbaycan Prezidenti bunu dəfələrlə ifadə edib.

 

 

Azərbaycan.- 2011.- 19 yanvar.- S. 7.