Müdhiş gecənin ibrət dərsləri

 

Qətliama ilk etiraz xalqın xilaskarından gəldi

 

Sanki qəflətən aydın səmada göy guruldadı. Dünyanın bütün informasiya kanalları SSRİ rəhbərliyindən uzaqlaşdırılaraq ömrünün çox ağır və təhlükəli günlərini yaşayan xalqın böyük oğlu Heydər Əliyevin bəyanatını yaymağa başladı. Azərbaycanın informasiya blokadasına alındığı bir şəraitdə baş vermiş həqiqətləri operativ surətdə dünya ictimaiyyətinə çatdırmaq böyük cəsarət tələb edirdi. Fəqət, dəhşətli faciəyə kəskin etiraz olaraq 1990-cı il yanvarın 21-də ailəsi ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirən ümummilli lider Heydər Əliyev hadisəyə operativ və düzgün qiymət verən ilk vətənpərvər siyasi xadim oldu. Həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Heydər Əliyev ifşaedici və cəsarətli bir bəyanat verdi:

"Əziz həmvətənlərim!

Buraya ən əvvəl ona görə gəlmişəm ki, Azərbaycanın Moskvada kiçik parçası olan daimi nümayəndəliyində böyük itkilərə səbəb olmuş faciə ilə bağlı bütün Azərbaycan xalqına başsağlığı verim. İkinci tərəfdən, bu məsələyə öz münasibətimi bildirmək istəyirəm. Azərbaycanın Moskvadakı daimi nümayəndəsindən xahiş edirəm ki, mənim sözlərimi, kədərimi, başsağlığımı Azərbaycan xalqına çatdırsın. Hazırda başqa imkanım olmadığı üçün təəssüf hissi keçirirəm.

Azərbaycanda baş vermiş hadisələrə gəlincə, mən onları hüquqa, demokratiyaya yabançı, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm. Azərbaycanda yaranmış mürəkkəb vəziyyətin bir sıra səbəbləri vardır. Vaxtımızın məhdudluğundan bu məsələlərin üzərində ətraflı dayanmaq istəmirəm...

Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya-siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, gərginlik indiki həddə çatmaz, tərəflər itkilərə məruz qalmaz, başlıcası isə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün də zəmin yaranmazdı.

Bunlar üçün ilk növbədə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin artıq sabiq birinci katibi Vəzirov müqəssirdir. Bu yüksək vəzifədə olduğu müddətdə o, Azərbaycandakı vəziyyəti sabitləşdirmək üçün heç nə etməmişdir. Əksinə, özünün səhv addımları, yaramaz iş üslubu, yanlış siyasi manevrləri ilə xalqla öz arasında uçurum yaratmışdır. Xalq isə hiddətlənmişdir. Elə buna görə də Bakıda və Azərbaycanın digər şəhər və rayonlarında aylarla davam edən mitinqlərdə dəfələrlə Azərbaycanın partiya rəhbərliyinin istefası tələbi irəli sürülmüşdür. Söhbət əslində Vəzirovun istefasından gedirdi. Bəs bu məsələ indiyə kimi niyə həll olunmamışdır? Yalnız dünən Bakı şəhərinə ordu yeridildikdən, qırğın və dağıntılar baş verdikdən sonra Vəzirov Azərbaycandan əslində qaçmışdır. Bu, böyük səhvdir. Ən böyük səhv isə, sözsüz ki, qeyri-ciddi, bu yüksək vəzifəyə əsla yaramayan adamın bir vaxt Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə birinci katib təyin edilməsi idi. Ancaq iş təkcə bununla bitmir.

İndi yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş və bu gün də davam edən faciənin üstündə dayanmaq istəyirəm. Hesab edirəm ki, Azərbaycandakı vəziyyəti öz axarına salmaq, siyasi həyatdakı qeyri-sabitliyi nizamlamaq üçün kifayət qədər imkan olmuşdur. Təəssüf ki, Azərbaycan rəhbərliyi bu imkanlardan istifadə edə bilməmişdir...

Nəhayət, 19-dan 20-nə keçən gecə sovet ordusunun, SSRİ Daxili İşlər Nazirliyinin böyük kontingenti Bakı şəhərinə yeridilmişdir. Nəticəsi isə göz qabağındadır. Bunun törətdiyi faciələr hamımıza məlumdur.

Belə qərar qəbul etmiş adamların hərəkətini siyasi qəbahət sayıram. Belə qərar qəbul edən Azərbaycan rəhbərliyi, hamıdan əvvəl isə bərk ayaqda Azərbaycanı qoyub qaçmış Vəzirov öz xalqı qarşısında məsuliyyət daşımalıdır. Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır".

Elə həmin gün Heydər Əliyev Azərbaycan xalqına başsağlığı teleqramı göndərdi. Teleqramda deyilirdi: "Bakı şəhərinə sovet ordusu hissələrinin yeridilməsi ilə əlaqədar xalqımızın başına gətirilən faciədən, dinc əhalinin qırılmasından böyük ürəkağrısı ilə xəbər tutdum. Bu matəm günündə həlak olanların ailələrinə və yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm".

Sanki yanar ürəklərə su çiləndi. Xalq kimsəsizlik xofundan qurtardı, mərd və qorxmaz müdafiəçisinin, haqqını müdafiə edərək sözünü deyəninin olduğunu gördü. Özü həyatının ən təhlükəli və ağır dövrlərindən birini yaşamasına baxmayaraq, bu böyük insan xalqına arxa durmağı, ona yönələn ədalətsizliyə qarşı qətiyyətlə çıxmağı bacardı.

Xalqın belə faciəli günlərində isə Azərbaycanda hakimiyyət davası davam edirdi. Xalqın qanı və göz yaşları üzərindən adlayaraq keçən A.Mütəllibov respublikaya başçılıq etməyə başladı. Şəhidlərin dəfnində belə iştirak etməyən respublika başçısı bu cür vəhşiliyin və qəddarlığın araşdırılması, baş verən hadisələrin təhlil edilərək cinayətkarların cəzalandırılması barədə düşünmək belə istəmirdi. Fikri-zikri çoxdan bəri həsrətində olduğu vəzifədə yerini möhkəmləndirmək, Moskva ilə münasibətlərini mehribanlaşdırmaq idi. Dağlıq Qarabağda baş verən hadisələr də qulağına girmirdi. Elə bil bu xalqın ona heç bir aidiyyəti yox idi. Sona qədər də mərkəzin anti-Azərbaycan tapşırıqlarını can-başla yerinə yetirdi. Ən nəhayət, xalqın qəzəbindən qorxaraq sələfi Vəzirov kimi Moskvaya qaçdı. Amma gec-tez əməllərinə görə, xalq qarşısındakı cinayətinə görə cavab verəcəkdir!

İlk dəfə meydan qəhrəmanlarının da iç üzü 20 Yanvar hadisələri zamanı açıldı. Ölkənin baş meydanındakı tribunadan SSRİ rəhbərliyini hədələyən, xalqı istehkamlar qurmağa, silahlı əsgərlərə və zirehli texnikaya müqavimət göstərməyə çağıran "liderlər" həlledici məqamda gizləndilər. Əslində, onlar dinc əhalinin gülləbaran ediləcəyini gözəl bilirdilər. Amma bu vasitə ilə Vəzirovu sıradan çıxararaq hakimiyyətə gəlmək istəyirdilər. Bəli, məhz vəzifə xatirinə azadlıq uğrunda mübarizəyə qalxmış insanları qəsdən qırğına, ölümün pəncəsinə göndərdilər. Kimisi Elmlər Akademiyasının zirzəmisində, kimisi evində daldalandı, bəziləri isə respublikadan qaçdı. Xalqı qana susamış, əlisilahlı imperiya qoşunu üzərinə göndərən "meydan qəhrəmanları"nın birinin də burnu qanamadı. Və azadlıq uğrunda şəhid gedənlər nə qədər yüksəklərə qalxdılarsa, onlar da bir o qədər alçalıb xalqın nəzərindən düşdülər.

20 Yanvar hadisələrinə münasibətdə - həm Azərbaycanın müstəqilliyi uğrunda canlarından belə keçməyə hazır olanların aldadılmasında və ölümə təhrik edilməsində, həm də baş vermiş faciənin qiymətləndirilməsində eyni mövqe tutsalar da, vəzifə kürsüsü naminə vuruşda sonradan düşmənə çevrildilər. Xalq hərəkatının dalğaları qoynunda hakimiyyətə gələn AXC - Müsavat cütlüyü Ayaz Mütəllibovu rəhbərlikdən uzaqlaşdırdıqdan sonra özü də iqtidarda uzun müddət duruş gətirə bilmədi. Amma hakimiyyətdə olduqları müddətdə 20 Yanvar hadisələrinin obyektiv qiymətləndirilməsinə təşəbbüs belə göstərmədilər. Yalnız ulu öndər Heydər Əliyev fəlakət baş verən andan hadisəyə öz kəskin və prinsipial münasibətini bildirdi, sona qədər də mövqeyindən geri çəkilmədi.

 

Xalqın ağır günlərində daim onunla olan lider

 

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 16 dekabr 1999-cu ildə 20 Yanvar faciəsinin 10-cu ildönümü haqqında xüsusi sərəncam imzaladı. Sərəncamda on il əvvəl törədilən faciəyə ədalətli və obyektiv qiymət verilməklə yanaşı, cinayətin açılmamasından, bütün günahkarların cəzalandırılmamasından narahatlıq hissi də ifadə olunurdu.

Törədilmiş cinayət və onun nəticələri göz qabağında olduğu halda, respublika rəhbərliyi baş vermiş faciənin mahiyyətini hər vasitə ilə ört-basdır etməyə cəhd göstərmişdi. Xalqın tələbi və bir qrup deputatın təşəbbüsü ilə Azərbaycan SSR Ali Sovetinin 1990-cı il yanvarın 22-də Yanvar faciəsi ilə bağlı çağırılmış sessiyasına respublikanın əksər siyasi və dövlət rəhbərlərinin gəlməməsi isə onların xalqın taleyinə biganə qaldıqlarını, törədilmiş cinayətdə bu və ya digər dərəcədə iştirak etdiklərini bir daha təsdiq etmişdi.

20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi tələbi ilə dəfələrlə çıxış edən Azərbaycan Xalq Cəbhəsi də hakimiyyətdə olduğu dövrdə faciəyə siyasi qiymət vermək üçün öz imkanlarından istifadə etməmişdir. Beləliklə, hadisələrdən uzun müddət keçsə də, keçmiş SSRİ-nin və Azərbaycanın rəhbərliyi tərəfindən xalqa qarşı törədilmiş ağır cinayət açılmamış qalmışdı.

Hələ Azərbaycanda sovet hakimiyyəti mövcud olduğu dövrdə 20 Yanvar faciəsi ilə bağlı olan və geniş xalq kütlələri tərəfindən yığılıb Dövlət İstintaq Komissiyasına təhvil verilmiş konkret dəlil və sübutlar qəsdən Azərbaycandan çıxarılıb aparılmışdı. O dövrdə Azərbaycanın prokurorluq və hüquq-mühafizə orqanları müvafiq istintaq tədbirləri həyata keçirməmiş, hətta əksinə, 20 Yanvar faciəsi ilə bağlı bir sıra məxfi sənədlər, o cümlədən mühüm arxiv sənədləri bütövlükdə və ya qismən məhv edilmişdi.

Bu fərmana qədər də ulu öndər Heydər Əliyev ardıcıl və müntəzəm surətdə hadisələrə obyektiv qiymət verilməsinə çalışmış, bir sıra sənədlərin qəbul edilməsinə nail olmuşdu. 20 Yanvar hadisələrinə ilk hüquqi- siyasi qiymət 1991-ci ilin noyabr ayında - onun Naxçıvan Ali Sovetinə rəhbərlik etdiyi vaxtda verilmişdi. Ulu öndər Heydər Əliyev 1990-cı ilin iyulunda Naxçıvana qayıtdıqdan və 1991-ci il sentyabr ayının 9-da Naxçıvan Ali Məclisinin Sədri seçildikdən sonra faciəyə hüquqi-siyasi qiymət vermək imkanı yarandı. Həmin il noyabr ayının 21-də Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisi tərəfindən qəbul edilmiş müvafiq qərarda 20 Yanvarın Milli Matəm Günü kimi qeyd olunması qərara alınmışdı.

Naxçıvan MR Ali Məclisinin 21 noyabr 1990-cı il tarixli qərarından:

"Yanvar faciələrinin səbəbkarlarının - istər İttifaq, istərsə də respublika rəhbər partiya, sovet, hüquq-mühafizə orqanı işçilərinin, hərbçilərin bu günədək aşkar edilib qanunla məsuliyyətə cəlb olunmaması xalqda dərin hiddət və etiraz doğurmuşdur.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi bütün bunları işğalçı siyasət və dəqiq düşünülmüş hərbi təcavüz kimi qiymətləndirərək insan hüquqları bəyannaməsinin kobud şəkildə pozulması kimi nəzərdə tutaraq qərara alır:

1. 1990-cı ilin yanvar ayında Bakı şəhərində törədilmiş qanlı hadisələr Azərbaycan SSR-in suveren hüquqlarına, respublikada gedən demokratik proseslərə qəsd kimi qiymətləndirilsin.

2. Dinc əhaliyə, silahsız kütləyə, heç bir müqavimət göstərməyən günahsız adamlara qarşı müasir silahla, hərbi texnika ilə zorakılıq edilməsi, qocaların, qadınların, uşaqların qətlə yetirilməsi Azərbaycan xalqına qarşı açıq təcavüz kimi ittiham edilsin.

3. Bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, Bakı faciələrinə Azərbaycan SSR ali hakimiyyət orqanları tərəfindən siyasi qiymət verilməməsi, bununla əlaqədar yaradılmış Xüsusi Deputat Komissiyasının işinin qeyri-müəyyən səbəblərdən başa çatdırılmaması, qanlı hadisələrin günahkarlarının aşkara çıxarılıb qanuni məsuliyyətə verilməməsinə qəti etiraz olunsun.

Azərbaycan SSR Ali Sovetindən tələb edilsin ki, ən qısa müddətdə həmin məsələni parlamentin müzakirəsinə çıxarsın.

4. Bu qərar qəbul edilən andan 20 Yanvar günü hər il Naxçıvan Muxtar Respublikasında Milli Matəm Günü kimi qeyd edilsin.

5. Azərbaycan SSR Ali Sovetindən xahiş edilsin ki, 20 Yanvar günü hər il Azərbaycan SSR-də Milli Matəm Günü kimi qeyd edilsin".

Heydər Əliyev bu mübarizəsini ona qarşı az qala düşmən mövqedə duran Ali Sovetdə də davam etdirirdi.

O ağır günlərdə 20 Yanvar faciəsi ətrafında hökm sürən xəyanət sükutunu mütəmadi olaraq pozan məhz Heydər Əliyevin haqq səsi və dəyişməz mövqeyi oldu. Heydər Əliyevin Azərbaycan SSR Ali Sovetinin 7 mart 1991-ci il tarixli sessiyasındakı çıxışından: "1990-cı il yanvarın 20-də İttifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz edilmişdir. Heç bir əsas olmadan, xəbər vermədən, dövlət qanunlarını kobudcasına pozaraq Bakı şəhərinə müasir silahlı sovet ordusunun qoşun hissələri yeridilmiş, onlar vəhşilik, qəddarlıq etmiş, nəticədə nahaq qan tökülmüş, yüzlərlə adam həlak olmuş, xəsarət almış, itkin düşmüşdür.

Təəssüf ki, bu təcavüz indiyə qədər davam edir. Bir ildən artıqdır ki, Azərbaycanın paytaxtı fövqəladə vəziyyət şəraitində yaşayır. Bizim sessiyamız da bu şəraitdə keçirilir. Bir ildən artıqdır ki, Azərbaycan xalqı şəhidlərə matəm saxlayır. Respublikanın şəhərlərində, qəsəbələrində, kəndlərində şəhidlərin xatirəsinə abidələr ucaldılır. Fəqət, qatillər indiyə qədər aşkar olunmayıb. Buna heç vəchlə bəraət qazandırmaq olmaz. Bu məsələ müzakirə olunmalıdır. 20 Yanvar faciəsinə Ali Sovetin sessiyası siyasi qiymət verməlidir, onun günahkarlarını müəyyən etməlidir".

Heydər Əliyevin 1991-ci il iyunun 19-da SSRİ Nazirlər Kabinetinə göndərdiyi məktubundan:

"Yanvar hadisələrində yüzlərlə adam öldürüldü və şikəst edildi.

Artıq il yarım keçib. Nəinki bu dəhşətli cinayətlərin hamıya çoxdan məlum olan günahkarları üzə çıxarılmayıb, əksinə, bunları ört-basdır etmək üçün əllərindən gələni edirlər. Ümid edirlər ki, zaman keçdikcə bu faciə unudulacaq. Ancaq tarix dəfələrlə sübut etmişdir ki, doğma xalqa qarşı yönəldilmiş qanlı cinayətləri on illər keçsə də, unutmaq və bağışlamaq mümkün deyil".

Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin 29 avqust 1991-ci il tarixli sessiyasında çıxışından:

"20 Yanvar faciəsi dövründən il yarımdan çox vaxt keçir. Bu gün burada da, bu salonda cürbəcür söhbətlər gedir. Bir qrup bir fikirdədir, məndən qabaq çıxış edən Rəhimov başqa fikirdədir. Mən sual verirəm, Ali Sovetin sədri Elmira Qafarovaya, Azərbaycan prezidenti Ayaz Mütəllibova: nə üçün indiyə qədər bu məsələyə siyasi qiymət verilməyib? Bu məsələnin həm siyasi tərəfi var, həm hüquqi tərəfi var. Bu məsələyə dərhal siyasi qiymət vermək olardı. O ki qaldı hüquqi cəhəti, ayrı-ayrı adamların məsuliyyətə cəlb olunması, onu, şübhəsiz ki, istintaq yolu ilə aydınlaşdırmaq lazımdır. Buna siyasi qiymət verilmədiyinə görə başqa tədbirlər həyata keçirmək mümkün olmur".

Bütün bunlar öz əli ilə tikib qurduğu Bakıda yaşamasına imkan verilməyən, amma daim xalqı ilə birlikdə olan, ən çətin və ağır günlərdə ona arxa sayılan möhtərəm Heydər Əliyevin mövqeyi idi. Doğrudur, müxtəlif siyasi platformadan çıxış edən ayrı-ayrı siyasi qüvvələr 20 Yanvar faciəsinə münasibətdə həmfikir təsiri bağışlayırdılar. Hətta onlar SSRİ dağıldıqdan sonra cürətə gələrək bütün günahları Moskvanın üzərinə atmağa cəhdlər də göstərmişdilər. Bütövlükdə isə 1994-cü ildə cənab Heydər Əliyevin təşəbbüsü ilə görülən işlərə qədər nə respublikanın kommunist rəhbərliyi, nə də dəfələrlə kommunistlərdən 20 Yanvara siyasi qiymət verilməsini tələb edən AXC öz iqtidarı dövründə faciəyə siyasi qiymət verilməsindən ötrü imkanlardan istifadə etməyib.

 

20 Yanvara ilk obyektiv siyasi qiyməti Heydər Əliyev verdi

 

Xalqın arzu və tələbi ilə ölkə rəhbərliyinə qayıdan Heydər Əliyev dövrün mürəkkəbliyinə və görüləsi işlərin çoxluğuna baxmayaraq, tariximizin şanlı və qanlı səhifəsi sayılan 20 Yanvar faciəsinin başvermə səbəblərini və günahkarlarının araşdırılması ilə də məşğul oldu. Beləliklə, 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verildi. Heydər Əliyev bununla əlaqədar olaraq 1994-cü il yanvarın 5-də xüsusi fərman imzaladı. Həmin fərmanda Yanvar hadisələrinə qiymət verilməsindən ötrü Milli Məclisin ayrıca sessiyasının keçirilməsi tövsiyə olunmuşdu. 1994-cü il yanvarın 2-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə 20 Yanvar faciəsinin dördüncü ildönümü münasibətilə yaradılan dövlət komissiyasının iclası keçirildi. İclasda çıxış edən Heydər Əliyev ötən dörd ildə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməməsini, o zamankı Milli Şura tərəfindən qəbul edilmiş 19 yanvar 1992-ci il tarixli qərarın səthi, başdansovdu hazırlandığını ciddi tənqid etdi: "Xalqımızın tarixinə qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir".

Bundan sonra Milli Məclisin iclaslarında 20 Yanvar faciəsi ilə bağlı məsələ dərindən və ətraflı araşdırıldı, 1994-cü il martın 29-da "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" adlı xüsusi qərar qəbul edildi. Beləliklə, Heydər Əliyevin təkidi və rəhbərliyi sayəsində xalqımıza qarşı törədilən bu qanlı və qəddar aksiyaya siyasi-hüquqi qiymət verildi. Sənəddə 20 Yanvar faciəsi qabaqcadan şüurlu surətdə planlaşdırılmış və vəhşicəsinə həyata keçirilmiş cinayət aktı kimi qiymətləndirilirdi. Qeyd olunurdu ki, Bakıya qoşun yeridilməsi milli azadlıq hərəkatını boğmaq və kommunist rejimini saxlamaq məqsədinə xidmət edib. Eyni zamanda, əsas məqsəd xalq hərəkatına zərbə vurmaq, istiqlaliyyət uğrunda mübarizə aparan qüvvələri məhv etmək olub. Bundan əlavə, qərarda faciənin günahkarları konkret adlarla göstərilir, ötən dörd il müddətində respublika hüquq-mühafizə orqanlarının bu ağır cinayətin istintaqı ilə bağlı fəaliyyəti yarıtmaz qiymətləndirilirdi.

Təəssüf ki, indiyədək həmin cinayəti törədənlər layiq olduqları cəzanı almamışlar. Ulu öndər Heydər Əliyevin 20 Yanvar faciəsinin 10-cu ildönümü haqqında imzaladığı fərmanda deyilir: "XX əsr tarixində totalitarizmin törətdiyi ən qanlı terror aktlarından biri olan 20 Yanvar faciəsində Azərbaycan xalqına qarşı işlədilmiş cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli bir əməldir. Həmin cinayəti törədənlər indiyədək öz cəzalarını almamışlar. Xalqımız əmindir ki, müqəssirlər tarix, bəşəriyyət, eləcə də Azərbaycan xalqı qarşısında cavab verməli olacaqlar".

Heydər Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsinə, onların ailələrinə dövlət qayğısının gücləndirilməsinə hər zaman böyük diqqətlə yanaşırdı. Ulu öndər hər il yanvarın 20-də Şəhidlər xiyabanına gələrək ziyarət edir, şəhid ailələri ilə görüşür, onların qayğıları ilə maraqlanırdı. Bu gün Şəhidlər xiyabanında ucalan "Əbədi məşəl" abidə kompleksi də məhz Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq inşa olunub. Heydər Əliyevin 2000-ci il yanvarın 17-də imzaladığı fərmanla isə 1990-cı ilin faciəli yanvar günlərində şəhid olmuş oğul və qızlarımıza "20 Yanvar şəhidi" fəxri adı verildi.

Ümummilli liderin "1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında" 2003-cü il 15 yanvar tarixli Sərəncama əsasən, əlil olmuş şəxslərə verilən aylıq müavinət artırılmışdır. Bakı şəhərində şəhidlərin xatirəsinə möhtəşəm xatirə kompleksi ucaldılmışdır. "1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında" 2003-cü il 15 yanvar tarixli Sərəncama əsasən, əlil olmuş şəxslərə verilən aylıq müavinət artırılmışdır.

Ulu öndər Heydər Əliyev 20 Yanvar faciəsinin bütün dünyada tanıdılmasına, şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə də hər zaman diqqətlə yanaşırdı. Azərbaycanın azadlığı uğrunda şəhid olanların xatirəsinə Şəhidlər xiyabanında ucaldılmış "Əbədi məşəl" abidə kompleksi də məhz Heydər Əliyevin təşəbbüsü ilə inşa olunub. Bakının ən uca zirvəsində yerləşən, hündürlüyü 22 metr olan bu möhtəşəm abidə Heydər Əliyevin diqqət və qayğısı ilə qısa müddətdə tikildi. Ulu öndər bu abidənin ucaldılmasını şəhidlərin qarşısında Azərbaycan xalqının müqəddəs və mənəvi borcunun yerinə yetirilməsi kimi dəyərləndirirdi. 1998-ci ilin oktyabrında abidənin açılışında Heydər Əliyev deyirdi: "Bu təcavüz nəticəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır. Onların həlak olması bizim üçün, xalqımız üçün, sizlər üçün, ailə üzvləri üçün böyük itkidir, faciədir. Ancaq eyni zamanda onların şəhid olması xalqımızın qəhrəmanlıq rəmzidir. Onların şəhid olması zamanı tökülən qan bütün xalqımızın qanıdır. O qanın hər damcısında xalqımızın qüdrəti, qəhrəmanlığı var, xalqımızın milli azadlıq, müstəqillik arzuları vardır. O gecə tökülən qanlar müqəddəs qanlardır. Onlar bizim xalqımızın əsrlər boyu milli azadlıq, müstəqillik uğrunda tökdüyü qanlara qovuşmuş qanlardır. O gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır".

20 Yanvar hadisələrində müəyyən qurbanlar verilsə də, həmin faciəli günlər inam və sınaq günü kimi də yadda qaldı. Qəhrəman xalq həmin gün özünün azad və müstəqil yaşamağa layiq olduğunu bir daha sübut etdi. Faciə baş verən zaman kimin kim olduğu da müəyyənləşdi. Özü təqib və təhlükələrlə dolu şəraitdə yaşamasına baxmayaraq, ulu öndər Heydər Əliyev əli xalqın qanına batmışları ifşa etməklə xalqını hamıdan çox sevdiyini və daim onunla birlikdə olduğunu nümayiş etdirdi. Dar gündə milləti güllə qabağına göndərərək özləri qaçıb gizlənən "psevdoqəhrəmanlar" və digər "siyasətçilər" də iç üzlərini göstərdilər.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev də 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm qərarlar imzalamışdır. Dövlət başçısının 19 yanvar 2006-cı il tarixli "20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" Fərmanı ilə şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir.

 

Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından 21 il keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, həmin faciənin ağrısı ilə yaşayır. Bu vəhşiliyi törədənlərə, xəyanət və fəlakətin səbəbkarlarına öz dərin nifrətini bildirir. Azərbaycan xalqı öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək, hər il 20 Yanvarda onların xatirəsini dərin ehtiramla yad edir. Hər il dövlət səviyyəsində geniş tədbirlər planı hazırlanaraq həyata keçirilir, qanlı qırğının ildönümü respublikanın bütün şəhər və rayonlarında qeyd olunur.

Bu müqəddəs ziyarətgaha gedərkən şəhidlərimizi hörmətlə anır, ərazi bütövlüyümüzün bərpa ediləcəyinə, qurbanlar vermiş Azərbaycanımızın xoşbəxt günlərə çıxacağına qəlbən inanırıq!

 

 

Bəxtiyar SADIQOV

 

Əvvəli qəzetin 19 yanvar nömrəsində

 

Azərbaycan.- 2011.- 20 yanvar.- S. 1, 2.