Prezident İlham Əliyev
İsveçrənin Azərbaycanda yeni təyin olunmuş səfirini
qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da İsveçrənin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Sabine Ulmann Şabanın etimadnaməsini qəbul etmişdir.
Səfir Sabine Ulmann Şaban fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Xanım Sabine Ulmann Şaban etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı Azərbaycan ilə İsveçrə arasında əməkdaşlığın yaxşı səviyyədə olduğunu vurğulayaraq bildirdi ki, ölkəmiz bu əməkdaşlığı bir çox sahələrdə genişləndirmək əzmindədir.
Azərbaycan ilə İsveçrə arasında əlaqələrin yaxşı səviyyədə olması ilə bağlı dövlətimizin başçısının dediyi fikirləri təsdiqləyən səfir müxtəlif səviyyədə həyata keçirilən qarşılıqlı səfərlərin ölkələrimiz üçün əhəmiyyətini vurğuladı. Xanım Sabine Ulmann Şaban əlaqələrimizin bundan sonra da inkişaf etdirilməsinin önəmli olduğunu bildirdi.
Son illər ərzində münasibətlərimizin dinamik şəkildə inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı iki ölkə arasında əlaqələrin tərəfdaşlıq xarakteri aldığını dedi və prezidentlər səviyyəsində həyata keçirilən qarşılıqlı səfərlərin önəmini qeyd etdi. Azərbaycandakı diplomatik fəaliyyəti müddətində əlaqələrimizin uğurla inkişaf edəcəyinə əminliyini bildirən Prezident İlham Əliyev səfirə işində uğurlar arzuladı.
AzərTAc
Azərbaycan.- 2011.- 20 yanvar.- S. 1.