Azərbaycan xalqının mənəvi
ucalıq və dəyanət günü
Qafqaz Müsəlmanları
İdarəsinin sədri Şeyxülislam Allahşükür
Paşazadə ilə müsahibə
- Şeyx həzrətləri, 20
yanvar faciəsinin növbəti ildönümü ərəfəsindəyik.
Hər ötən il məlum hadisəyə münasibəti
konkretləşdirir, tarixi həqiqətləri daha çox
üzə çıxarır. Həmin hadisələrin ən
fəal iştirakçılarından biri kimi Sizin də bu
faciəyə 21 il sonrakı münasibətinizi bilmək
maraqlı olardı...
- Bismillahir-Rəhmanir-Rəhim. İlk öncə, Qanlı Yanvar hadisələrinin 21-ci ildönümündə müqəddəs şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edirəm. Bir millət olaraq şəhid olmuş dəyərli həmvətənlərimizin ruhu qarşısında borcluyuq. Bu borc şəhidlərimizin unudulmaz xatirəsi qarşısında illərdən bəri ürəklərimizdə gəzdirdiyimiz vətəndaşlıq qürurunun və qan yaddaşımızın əyani təzahürüdür. Bu, Azərbaycanın müstəqilliyi, dövlətçiliyimizin bərpası, torpaqlarımızın qaytarılması və imansız bir imperiyanın dağılması uğrunda mübarizənin ilk qurbanlarına - 20 Yanvar və Qarabağ müharibəsi şəhidlərinə, Allah-taala nəzərində ən yüksək məqamlardan sayılan şəhidlik zirvəsinə ucalanlara sonsuz ehtiramımızdır.
Tarixin öz qanunauyğunluqları var. Dünyanın gəlişi ilahi bir nizama bağlıdır. Günahsız şəhidlərin müqəddəs qanlarının axıdılmasına bais olanlar, bu ədalətsiz fərmana qol qoyanlar həm bu dünyada, həm də Qiyamət günü tarix qarşısında, Allah-təala qarşısında layiqli cəzadan yaxa qurtara bilməyəcəklər. Biz nikbin və alnıaçıq xalqıq, öz dərdimizi özümüz çəkirik, müsibətlərimizi tez-tez yada salıb gileylənmirik. 20 Yanvar müsibətimiz isə Qiyamət gününə qədər unudulan deyil! Fəqət biz bir şeyi dəqiq bilirik: yolumuz haqq yoludur, islam haqq yoluna çağırışdır! Ona görə də Allah-taalanın köməyi həmişə bizim tərəfimizdə olacaq.
Həmişə belə hesab etmişəm ki, 20 Yanvar faciəsi XX əsr tariximizə xeyirlə şərin, ədalətlə zülmün, şəfqətlə rəhimsizliyin, işıqla zülmətin, azadlıqla əsarətin, məhəbbətlə nifrətin, insanpərvərliklə insansevməzliyin əbədi mübarizəsinin misilsiz nümunəsi kimi düşən bir hadisədir. 20 Yanvar bir tərəfdən xalqımızın sinəsinə çəkilən dağ olsa da, digər tərəfdən onun mübarizə ruhunun, azadlıq istəyinin əbədiliyini bir daha sübuta yetirdi. Qanlı şənbə gecəsində qurban gedən şəhidlər minlərin deyil, milyonların qəlbinə azadlıq toxumu səpdilər.
1990-cı ilin 20 yanvarında baş verən hadisələrin təfsilatını yəqin ki, hamı xatırlayır, lakin baş vermiş faciəni törədən səbəbləri, qanlı qırğına aparan yolları, bu siyasi təcavüz aktının əsl ssenarilərini hələ də əksəriyyətiniz bilmir. Əslində, bu, "böyük Ermənistan" xülyası ilə yaşayan aqanbekyanların, şahnazarovların, balayanların əlində oyuncağa çevrilmiş Qorbaçov kimi ləyaqətsiz dövlət rəhbərinin xalqımıza qarşı öncədən hazırlanmış planı idi! Onlar hələ 1987-ci ildə xalqımızın böyük oğlu Heydər Əliyevi Siyasi Büro üzvlüyündən kənarlaşdırarkən Azərbaycanı başsız qoymaq, yenilməz nüfuza malik rəhbərdən məhrum etmək niyyətində idilər! Heydər Əliyevin SSRİ dövlətinin yüksək mənsəbli liderlərindən olması, Siyasi Büro üzvü seçilməsi o zaman dünya müsəlman dövlətlərinin rəhbərləri tərəfindən böyük iftixar və qürur hissi ilə qarşılanırdı. Onun nüfuzunun yenilməzliyi Moskvanın erməni lobbisini narahat edir, Qorbaçov və ətrafını qıcıqlandırırdı. Heydər Əliyevi siyasi həyatdan uzaqlaşdırmaqla bu nüfuzun sınacağına ümid bəsləyənlər öncə bu niyyətlərini həyata keçirdilər.
Dağlıq Qarabağ və ətrafındakı hadisələr cərəyan edərkən ölkəmizin və əhalimizin başına gətirilən müsibətlərin əsas mənbəyi yerli hakimiyyətin səriştəsizliyi, sapı özümüzdən olan "baltaların" qorbaçovların havası ilə oynaması, xalqın tələb və ehtiyaclarına biganəlik idi. Əsgəran qarşıdurmasını, Topxana meşələrinin qırılmasını, azərbaycanlıların öz doğma torpaqlarında qaçqına çevrilmələrini laqeydliklə seyr edən rəhbərlik Heydər Əliyevi siyasi arenaya dəvət etmək, onun təcrübəsindən, müdrikliyindən, iş bacarığından istifadə etmək əvəzinə, ona qarşı intriqalar qurur, müxtəlif qruplaşmalar yaradır, əks-təbliğat kampaniyaları aparırdılar. Beləliklə, ölkədəki hakimiyyətin siyasi simasızlığına arxalanan imperiya rejimi Azərbaycanın sahibsiz və arxasız qaldığına dair tam əminlik əldə etdi və növbəti təxribat planını həyata keçirdi.
Hadisələrin sonrakı gedişatı hamınıza məlumdur: 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə cəllad sovet qoşunları fövqəladə vəziyyət elan etmədən Bakıya daxil olaraq vətəndaşlarımıza - qocalara, qadınlara, uşaqlara, azərbaycanlılara, ruslara, yəhudilərə, bir sözlə, dinc əhaliyə qanlı divan tutdular. Xüsusi təyinatlı dəstələrin amansız qəddarlığı nəticəsində Bakıda və respublikanın bir sıra rayonlarında rəsmən 131 nəfər şəhid edildi, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu! Bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir etmək və ona mənəvi zərbə vurmaq məqsədi daşıyırdı.
- 20 yanvar faciəsindən sonra
yaranmış hakimiyyət boşluğu vəziyyətində
şəhidlərin dəfni, ictimai durumun nəzarətdən
çıxmaması kimi tədbirlər necə təşkil
olundu?
- Əslində, ölkədə hakimiyyət boşluğu 20 yanvardan sonra yox, faciədən bir neçə gün əvvəl başlamışdı. Elə xalqımızın başına bu müsibətin gətirilməsi də məhz Azərbaycana rəhbərlik edənlərin öz səlahiyyətlərinin icrası ilə məşğul olmamasının, millətimizin qatı düşməni M.Qorbaçovun bədxah əmrlərinin icraçısına çevrilmələrinin nəticəsi idi. Vəziyyətin ən ümidsiz məqamı ölkənin çətin günündə o zamankı respublika rəhbərliyinin səriştəsizliyi sayəsində dövlətin bütün siyasi və inzibati orqanlarının iflic vəziyyətinə düşməsi ilə bağlı idi. Ölkədə tam bir hakimiyyət boşluğu yaranmış, xalq və dövlət arasında dəhşətli uçurum əmələ gəlmişdi. Dövlətə və allahsız kommunist ideologiyasına inamını itirən Azərbaycan xalqı bu məqamda kimə müraciət edəcəyini bilmirdi.
Digər tərəfdən, mərkəz vəziyyətdən istifadə edərək baş verənləri milli və dini münaqişə kimi qələmə verməyə çalışır, xalqımızın istibdada qarşı mübarizəsini dünya ictimaiyyətinə islam fundamentalizmi, ekstremizm kimi təqdim edirdi. Ölkəmizin taleyi, hətta xəritədəki varlığı şübhə altındaydı - məqsəd dövlətimizi parçalamaq, separatçılığa sürükləmək, milli məhvə məhkum etmək idi. Bütün bunlar erməni millətçilərinin əlində oyuncağa çevrilmiş qorbaçovların, faşist ruhlu sovet siyasi rəhbərliyinin uzun illər ərzində xalqımıza qarşı planlaşdırdığı düşmənçilik siyasətinin bariz təzahürü idi.
Həmin günlərdə ölkədə çalışan, fəaliyyət göstərən, təcavüzkarlara sinə gərən, minlərlə faciə qurbanının, milyonlarla vətəndaşın yeganə ümid yeri - Qafqaz Müsəlmanları İdarəsi - Təzəpir məscidi idi. Qafqaz Müsəlmanları İdarəsi hadisələrin ilk dəqiqəsindən qərargaha çevrildi; yanvarın 22-də İctimai Dəfn Komissiyası ilə birlikdə şəhidlərin misli görünməmiş dəfn mərasiminin təşkilati rəhbərliyi, yaralılara dərman və maddi yardım göstərilməsi, şəhid ailələrinə ərzaq paylanması, 40 gün ərzində təmənnasız dini xidmətin təşkili - bunlar bizim fəaliyyətimizin yalnız görünən tərəfi idi. Əslində, o məqamda idarə bütün şərəf və ləyaqəti ilə imperiya siyasətinin riyakarlığına meydan oxudu, informasiya blokadasını yararaq baş verənləri dünyaya bəyan etdi və yalançı "qəhrəmanlardan" fərqli olaraq xalqa həqiqi mənəvi dəstək oldu. Əgər o zaman keçmiş SSRİ rəhbərliyinin siyasi avantüralarına aldanıb hakimiyyət təklifləri qəbul edilsəydi, sonra xalqımızın, dövlətimizin başına nə müsibətlər gələcəyini təsəvvür etmək belə, çətindir.
Bütün bunlar gəlişigözəl sözlər deyil, 21 illik tariximizin müqayisəli təhlilindən yaranan mülahizələrdir. O qanlı dönəmdə belə məsuliyyətin altına girməyin nə dərəcədə ağır və təhlükəli olduğunu çoxlarınız xatırlayırsınız. Fövqəladə vəziyyətin elan edilməsinə baxmayaraq, yanvarın 21-də Təzəpir məscidinin həyətində minlərlə insanın iştirak etdiyi mitinq keçirildi. İctimai Dəfn Komissiyası şəhidlər üçün dəfn yerinin təyin olunması məsələsində, hərbi komendaturanın ciddi narazılığına baxmayaraq, Dağüstü parkın seçilməsində israr etdi. Yanvarın 22-də tarixdə görünməmiş milyonluq izdihama başçılıq edərək dəfn mərasiminin önündə durduq və ilk dəfə olaraq allahsız sovet rejimini "mənfur imperiya" ifadəsi ilə lənətlədik. Dəfn prosesində bir nəfər belə hərbçinin iştirakına və müdaxiləsinə imkan verilmədi. Ölkədə bütün informasiya agentliklərinin nəzarətdə olduğu bir vaxtda biz "Vətən" cəmiyyətinin teleksi ilə gizli şəkildə BMT-nin Baş katibliyinə, dünyanın dövlət başçılarına və dini rəhbərlərə, ən əsası isə əli xalqımızın qanına batmış Mixail Qorbaçova bəyanatımızı ünvanlaya bildik.
1990-cı ilin 21 yanvarında bu cəllada etiraz müraciətimdə mən xalqımın səsini çatdırdım: "Siz bilin ki, bu faciə ilə bağlı əsl həqiqəti dünya ictimaiyyətinə çatdırmaq üçün əlimizdən gələni edəcəyik. Çünki o dövlət ki imperiya hökmranlığı niyyəti ilə millətlərarası çaxnaşmaları aradan qaldırmaq əvəzinə, onu daha da qızışdırır, o dövlət ki öz ordusunu öz vətəndaşlarının qatilinə çevirir, o dövlət ki öz adamlarına layiqli güzərandan daha çox ölmək hüququ verir, belə dövlət ancaq nifrətə layiqdir... Özlərini əsl işğalçı kimi aparan cəza qoşunlarını Bakıya yeritməklə siz sovet hökumətini rüsvay etdiniz və bununla, təsdiq etdiniz ki, müstəqillik və xalqların ləyaqəti kimi anlayışlar bu hökumətə tamamilə yaddır. Siz bununla özünüzü bir siyasi xadim və bacarıqsız dövlət başçısı kimi ifşa etdiniz. Sizin haqqınızda yaranmış bir əfsanə də puç oldu, çünki bir əli ilə xarici məmləkətlərdə sülh sazişi, o biri əli ilə öz vətəndaşlarına qarşı cəza tədbirləri imzalayan adamı "Sülh uğrunda mübariz" adlandırmaq ən azı, ləyaqətsizlikdir. Bütün Azərbaycan xalqının iradəsini ifadə edərək mən Bakıdan qoşun hissələrinin dərhal çıxarılmasını qətiyyətlə tələb edirəm. Heç bir xalqla, həmçinin azərbaycanlılarla silah gücüylə danışmaq olmaz. Bu, 10 gün, yaxud Əfqanıstandakı kimi 10 il davam edə bilər. Amma gec-tez ədalət və haqq işi qələbə çalmalıdır".
İslam Konfransı Təşkilatına, "Azadlıq" radiostansiyasına, İtaliyanın "Reppublika" qəzetinə, dünyanın bir sıra aparıcı kütləvi informasiya vasitələrinə Bakıda törədilən cinayətlər haqqında həqiqətləri çatdırdıq. Daha sonra, ilk günlərdə bir sıra rəsmi şəxslərin etirazına baxmayaraq 20 Yanvar faciəsinin bütün qurbanlarının müqəddəs şəhid kimi tanınmasına və "şəhid" ifadəsinin qəbul edilməsinə nail olduq.
- Həmin çətin və təhlükəli
günlərdə Heydər Əliyevin Moskvada heç bir maneəyə
baxmayaraq xalqımızın səsinə səs verməsi,
faciəyə görə M.Qorbaçovu və
bütünlüklə İttifaq rəhbərliyini birmənalı
olaraq ittiham etməsi Azərbaycanda necə qarşılandı?
- Həmin günlərdə, bu çətin mücadilədə bizim mənəvi dəstəyə, yol göstərən rəhbərə, zülməti işıqlandıran bir insana böyük ehtiyacımız vardı. Bu insan yenə də Heydər Əliyev oldu! Onun Moskvada verdiyi kəskin bəyanat 20 yanvar hadisələrinə verilən ilk obyektiv siyasi qiymət olmaqla yanaşı, həm də faciənin əsl mahiyyətini, səbəbkarlarını, günahkarlarını tam çılpaqlığı ilə aşkar göstərdi. Əgər o faciəli dünənimizdə Heydər Əliyevin bizə və xalqımıza mənəvi dəstəyi olmasaydı, bugünkü sabitliyi, əmin-amanlığı, xalq və dövlət birliyini görmək bizə nəsib olmazdı.
Bir tarixi faktı da
xatırlatmaq istərdim. Həmin günlərdə Qafqaz
Müsəlmanları İdarəsinin ünvanına ilk
başsağlığı teleqramı Moskvadan, ulu öndərimiz
Heydər Əliyevdən gəldi. Qəlbi daim xalqın taleyi
ilə döyünən bu böyük insan baş verənləri
Azərbaycan xalqına qarşı törədilmiş cəza
tədbirləri kimi dəyərləndirdi. Moskvadakı daimi
nümayəndəliyimizdə həmvətənlərimiz
qarşısında çıxışıyla sovet imperiya
siyasətini kəskin tənqid edən, kommunist ideyalarından
imtina edən Heydər Əliyev xalqın həqiqi mənəvi
atasının, əsl dövlət xadiminin və mübariz
başçının dəyişməz ləyaqətini
nümayiş etdirdi. Elə buna görə də 4 il ərzində
düzgün siyasi qiymətini ala bilməyən 20 Yanvar hadisələri
sonralar məhz onun hakimiyyətə yenidən
qayıdışı dönəmində SSRİ dövlətinin
Azərbaycan xalqına qarşı törətdiyi hərbi təcavüz
aktı kimi siyasi qiymətini aldı.
- Həmin günlərdə Qafqaz Müsəlmanları
İdarəsinin üzərinə mənəvi yüklə
yanaşı, həm də ictimai səfərbəredici
funksiya da düşürdü...
- Düzgün qeyd edirsiniz.
Hadisələrin gedişi idarəmizi proseslərin
önünə çıxarmışdı, hamı son
sözü bizdən gözləyirdi. Təsəvvürünüzə
gətirin, köhnə hakimiyyət qaçıb, yeni hakimiyyət
yalnız kağız üzərindədir, əslində isə
yoxdur, müxalifət fəalları gizlənirlər -
bütün nəzərlər bizim üzərimzə cəmlənib.
Ölkənin vətənpərvər insanları, ictimai
xadimlər, ziyalılar, deputatlar, bir sözlə, Azərbaycanın
sabahından narahat olan şəxslər məhz bizim idarədə
toplaşır, saatbasaat dəyişən vəziyyəti dəyərləndirərək,
müvafiq qərarları qəbul edirdik.
Qafqaz Müsəlmanları
İdarəsi bu müddət ərzində bütün
qüvvə və ehtiyatlarını səfərbər etdi. O
ağır məqamları Allahın yardımı, mənəvi
silahdaşlarımızın, idarənin əməkdaşlarının,
xristian və yəhudi dini icmalarının rəhbərlərinin,
müsəlman din xadimlərinin, Bakı İslam Universitetinin
müəllimləri və tələbələrinin fəal
vətəndaş mövqeləri, ən əsası isə
böyük bir xalq ordusunun qətiyyəti ilə keçdik.
Dünyanın bir sıra müsəlman ölkələrindən,
özəlliklə Türkiyə, Misir, Küveyt və
Qafqazdan olan din qardaşlarımızın həmrəylik
aksiyalarını xüsusi minnətdarlıqla qeyd etmək istəyirəm.
O günlərdə Dağıstanın Dərbənd şəhərindən,
Gürcüstanın Rustavi, Marneuli, Dmanisi şəhərlərindən
zərər çəkmiş şəhid və
yaralıların ailələri üçün ərzaq və
dava-dərman göndərilirdi. Qafqaz Müsəlmanları
İdarəsi, sözün həqiqi mənasında, ölkənin
siyasi ab-havasını qoruyan və ictimai sabitliyi təmin edən
mərkəzə - qərargaha çevrilmişdi. Bu gün həmin
hadisələrin tarixi ardıcıllığını izləyən
hər kəs Qafqaz Müsəlmanları İdarəsinin təmənnasız
və fədakar fəaliyyətinin şahidi ola bilər.
Bizim fəaliyyətimiz, əlbəttə,
40 günlük aramsız matəm mərasimləri ilə bitmədi,
daha sonra da 21 il ərzində biz həm 20 Yanvar, həm də
Qarabağ şəhidlərinin ailələrinə maddi və
mənəvi yardımımızı əsirgəmədik.
Yüzlərlə şəhid və əlil ailəsi müxtəlif
yardımlarla təmin olundu, bu günə qədər onlar
bizim xeyriyyə işlərimizdə xüsusi güzəştlərə
malikdirlər. Amma biz hələ də şəhidlərə
münasibətdə haqq-ədalətin tam yerini
tutmadığını düşünürük. Biz
geniş və hərtərəfli araşdırmalar aparacaq
yeni istintaq komissiyasının yaradılmasını, bu hadisələri
törədənlərin, başda Qorbaçov olmaqla ona rəvac
verənlərin cinayət məsuliyyətinə cəlb
olunmasını, Beynəlxalq Haaqa məhkəməsinə
çıxarılmasını tələb edirik. Çox istərdik
ki, tarixin acı dərslərinin təkrar olunmaması
üçün hadisələrin siyasi xarakterini
açıqlayan sənədli xronikalar, filmlər, əsərlər
yaransın və əsl həqiqətlərlə illərdən
bəri xalqı narahat edən şübhələrə son
qoyulsun. Biz bu təşəbbüslə artıq Milli Məclisə
müraciət etmişik.
- Şəhidlik islam dəyərlərinə görə,
ən ali mərtəbələrdən sayılır. Bəs,
bu munis insanların haqq mücadiləsi öz nəticəsini
necə tapdı?
- Şəhidlik böyük məktəbdir. Yüz illər keçsə də, şəhidlər hörmətlə anılacaq, 20 Yanvar faciəsi İslamın müqəddəs aşura mərasimi kimi uca və əziz tutulacaqdır! Çünki şəhidlik imanın ən yüksək zirvəsi, insan əxlaqının ən gözəl nümunəsidir. Şəhidlər bütün bəşəriyyət üçün fədakarlıq örnəyidirlər. Elə buna görə də biz Qanlı Yanvar hadisələrinin 21 illik mərasiminin Azərbaycan xalqının mənəvi ucalıq və dəyanət günü kimi qeyd olunmasının tərəfdarıyıq. Unutmayaq ki, 20 Yanvar bizi müstəqilliyə, iqtisadi tərəqqiyə, milli və dini dəyərlərin bərpasına aparan yolun ilk mübarizəsi və ilk mənəvi qələbəsi idi. Heç bir mübarizə qansız olmadığı kimi, bizim də mücadiləmiz, təəssüf ki, qurbansız olmadı. Amma biz dözüm və fədakarlığımızla düşmənlərə meydan oxuduq, Allahın köməyi ilə dövlətçiliyimizi və milli varlığımızı qoruyub saxladıq, yeni, daha gözəl bir Azərbaycan yaratdıq! Bu, şəhidlərimizin apardığı haqq mücadiləsinin uğurlu, məntiqi nəticəsidir.
Şükürlər olsun ki, İlahinin bizə böyük lütfü sayəsində ölkəmizin siyasi rəhbərliyinə Heydər Əliyev kimi müdrik rəhbər və İlham Əliyev kimi nüfuzlu lider gəldi. Ölkənin ən çətin məqamlarında, iqtisadi böhranlar və ictimai gərginliklər dönəmində belə, möhtərəm Prezidentimiz milli dəyərlərimizə, dindarlarımızın arzu və ehtiyaclarına həssaslıqla yanaşdı. Elə buna görə də biz dindarlar Azərbaycan xalqının gələcəyi naminə aparılan daxili və xarici siyasəti hər zaman bəyənir və ürəkdən dəstəkləyirik. Bu gün də inanırıq ki, Allahın köməyi və Ali Baş Komandanımızın rəhbərliyi ilə Qarabağ torpaqlarımızın qaytarılması uğrunda haqq mücadiləmizi qalib kimi başa vuracaq, dövlətimizin qüdrətini dünyaya bəyan edəcəyik, inşallah!
Mən bir daha ruhanilərimiz və dindarlarımız adından şəhidlərin ailələrinə, yaxınlarına, bütün Azərbaycan xalqına qadir Allahdan rəhmət, səbir və dəyanət diləyirəm. Və bu gün də 21 il əvvəlki müraciətimdə dediyim kimi, bir daha əmin olduğumu bildirmək istəyirəm ki, şəhidlərin müqəddəs qanlarının axıdılmasına bais olanlar həm bu dünyada tarix qarşısında, həm də Qiyamət günü Allah-taala qarşısında layiqli cəzadan yaxa qurtara bilməyəcəklər! Bu bizim duamız və hər birimizin ədalətə ümididir! Allah şəhidlərimizə rəhmət eləsin və hər zaman xalqımızın köməyi olsun! Amin!
Müsahibəni apardı:
İxtiyar HÜSEYNLİ,
Azərbaycan.- 2011.- 20 yanvar.- S. 3.