Bir gün sonra
Nədənsə ölüm, fəlakət, təhlükə, bədbəxtlik həmişə gecə gəlir. Yəqin qaranlığa qoşulmaq, qaranlıqla görüşüb gəlmək daha asandır. Gedəndə isə artıq səhər olur, gün çıxır, ona görə heç nəyi gizlədə bilmir. Özündən sonra boşluq, xarabalıq, dağıntı, ölüm və bir də göz yaşları qoyub gedir.
Bu dəfə də təhlükə, ölüm sovet ordusu, rus silahı ilə gəldi. İlk dəfə - XIX əsrin əvvəllərində də onlar Qarabağa, Gəncəyə, İrəvana, Naxçıvana, Şəkiyə, Lənkərana... belə gəlmişdilər. Sonralar özlərinin də etiraf etdiyi kimi, "Qafqazın hərbi istilası onun mədəni istilasını qabaqlamışdı", yəni çox qanlar tökülmüşdü...
Eyni ilə 1920-ci ildə həmin hadisələr təkrarlandı. Haradan ki birinci istiqlaliyyətimizə əl uzadıb şəhərimizə girmişdilər, orada "azadlıq ordusu" kimi adlarına böyük bir abidə də ucaltmışdılar. İllər ötəcək və elə həmin abidənin ətrafı rus silahının gücü ilə qan gölünə çevriləcək. Heç kəsə aman verilməyəcək - qoca, qadın, uşaq..
O dövrə - o şəkillərə bir
də baxın! Hamı bir-birinin yanında, bir-birinin köməyindədir. Deyirlər:
"Elnən gələn
qada-bala..." Bu qırğın, bu faciə doğrudan da elin, obanın,
bütün məmləkətin
başına gəlmişdi.
Böyük Mirzə Cəlilin sözləri ilə desək: o gün, o gecə "Azərbaycan bir Kərbəla meydanına çevrilmişdi"...
O şəkillərdə
ağlayan, sızlayan,
dərdini başına
götürən adamları
axtarmayın! Tapmayacaqsınız!!!
Bir gecənin
içində dərddən
böyüyən uşaqları,
cavanları, mətinləşən
ataları, anaları axtarın! Onları mütləq tapacaqsınız,
görəcəksiniz...
Həmin günün
fotoşəkilləri... O günü
və o gecəni bir də o cür
çəkmək mümkün
olmayacaq...
Bəxtiyar QARACA
Azərbaycan.- 2011.- 20 yanvar.- S. 4.