20 Yanvarı 100 il sonra da... unutmaq
mümkünmü? Yox!
O qanlı hadisədən 21 il ötür. 20 Yanvar kimi böyük faciələrdən danışanda bu tarix insana çox görünmür. Çünki axın-axın gələn uşaqlara, gənclərə baxanda adama elə gəlir ki, 20 Yanvar dünən olub, 20 Yanvar elə dünəndi. Bircə fərq var: ondakı göz yaşlarını, iztirabı indi sakit bir qürur, qəhrəmanlıq hissləri və duyğuları əvəz edib...
Şəhidlər xiyabanı indi başqa bir dövrü yaşayır. O, açıq səma altında möhtəşəm bir muzeyi xatırladır. Bu muzey-xiyabana baş çəkmək üçün yaxından-uzaqdan gələnlərin sayı-hesabı bilinmir.
Xiyabanda iş qaynayır. Silən-süpürən, təmir edən kim, ziyarətə gələn, səliqəli məzarlara gül düzən kim... Heç kim heç nəyə mane olmur. Bəlkə yeganə məkandır ki, burada insanlar bir-birini yarıkəlmədən də başa düşürlər. Buranın dili çox sadə və aydındır. Bu, qəhrəmanlıq və şəhidlik dilidir. Hələ yaxşı başa düşməyən uşaqları isə valideynləri və müəllimləri başa salmağa çalışırlar.
Şəhidlərin xatirəsinə ucaldılmış əzəmətli abidənin yanından şəhərə qeyri-adi bir mənzərə açılır. Limanda dayanmış gəmilər o vaxt - 20 Yanvar günü düşmənə müqavimət göstərən silahsız, mülki gəmiləri yada salırdı. Kim necə bacarırdısa, o cür Vətənin köməyinə çatmağa çalışırdı. Vətən ağrıyanda dostu-düşməni daha yaxşı bəlli olur. Bu mənada 20 Yanvar bizə başqa həqiqətləri də öyrətdi.
Dönərkən bir dəstə uşağı başqa bir məzar önündə toplaşan gördük. Yaşlı bir müəllimə sanki 20 Yanvarın davamı kimi başqa bir hadisəni yanındakı uşaqlara danışırdı: "Bu, Xocalının müdafiəsində şəhid olmuş Əlif Hacıyevin məzarıdır. O, Xocalı aeroportunu düşmənlərdən qoruyan igid övladlarımıza rəhbərlik edirdi. O gecə Xocalıda..."
Müəllimənin danışdığı bu hadisə isə tariximizin qanla və qəhrəmanlıqla dolu başqa bir gecəsi, başqa bir səhifəsi idi. Ondan fevralın 26-da danışacağıq...
O qanlı
gecədən 21 il ötür. 100 il ötsə necə? Nəsə
dəyişəcəkmi? Nəsə unudulacaqmı? Nəyisə
unutmaq mümkünmü? Yox!
Azərbaycan.- 2011.- 20 yanvar.- S. 4.