Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlıq münasibətləri geniş müzakirə olunmuşdur

 

Yanvarın 19-da xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə işgüzar səfərdə olan gürcüstanlı həmkarı Qriqol Vaşadze ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, görüşdən sonra nazirlər müzakirə olunan məsələlərlə bağlı jurnalistlərə məlumat vermişlər.

E.Məmmədyarov bildirmişdir ki, görüşdə ölkələrimiz arasında münasibətlərə dair ötən ilin nəticələri qiymətləndirilərək 2011-ci il üçün perspektiv planlar müzakirə edilmişdir. Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin inkişafı və regionda enerji layihələrinin həyata keçirilməsində uğurlu əməkdaşlığın aparıldığı vurğulanmışdır. Bununla yanaşı, hər iki ölkənin beynəlxalq təşkilatlarda bir sıra qarşılıqlı maraq doğuran məsələlərlə bağlı birgə mövqedən çıxış etməsi, xüsusilə də Avropa İttifaqı ilə müştərək layihələrin həyata keçirilməsi məsələlərinin mümkünlüyü müzakirə olunmuşdur.

Tərəflər Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin hər iki ölkə üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək regional layihələrin regionun inkişafına yönəldiyini vurğulamışlar.

Azərbaycanın və Gürcüstanın xarici işlər nazirləri ölkələrimizin üzləşdikləri ərazi bütövlüyü problemi haqqında danışmış, münaqişələrin həllinə dair danışıqlar prosesinin son vəziyyəti barədə biri-birilərini məlumatlandırmışlar.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran regional, qlobal və digər mövzular ətrafında fikir mübadiləsi aparılmışdır.

Bakıda olmaqdan məmnunluğunu bildirən Q.Vaşadze azərbaycanlı həmkarı ilə müzakirələrin olduqca səmərəli keçdiyini demişdir.

Gürcüstanlı nazir Azərbaycanın enerji sektorundakı inkişaf proseslərinin ölkəsinin iqtisadiyyatına çox böyük təsir göstərdiyini demişdir. Q.Vaşadze demişdir ki, biz Azərbaycan ilə birgə həyata keçirilən layihələrdən çox razıyıq.

Regiondakı münaqişələri, xüsusilə də Dağlıq Qarabağ problemini müzakirə etdiklərini deyən Q.Vaşadze əlavə etmişdir ki, Gürcüstanda ölkə vətəndaşlarının rəsmi Bakının icazəsi olmadan Dağlıq Qarabağa getməməklə bağlı xüsusi təlimat vardır və buna əməl olunur.

 

 

Azərbaycan.- 2011.- 20 yanvar.- S. 5.