Yekaterinburqda Yanvar şəhidlərinin nurlu xatirəsi anılmışdır

 

Yekaterinburqda 20 Yanvar faciəsinin 21-ci ildönümünə həsr olunmuş matəm mərasimi keçirilmişdir. Tədbiri Azərbaycanın Yekaterinburqdakı baş konsulluğu təşkil etmişdir.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Mərasimi açan ölkəmizin Yekaterinburqdakı baş konsulu Sultan Qasımov Yanvar hadisələrindən danışaraq demişdir ki, bu faciə ən yeni tariximizin qanlı səhifəsidir və xalqımız şəhidlərimizin xatirəsini heç zaman unutmayacaqdır. O xüsusi vurğulamışdır ki, faciənin ildönümü hər il Azərbaycanda dövlət səviyyəsində, dünyanın soydaşlarımız yaşayan bütün guşələrində qeyd olunur. Konsul demişdir: "Keçmiş sovet hakimiyyəti Bakıya nizami qoşunlar göndərmişdi və sovet qoşunları şəhərin dinc sakinlərinə qarşı vəhşiliklər törədir, təcili yardım maşınlarını, yaşayış binalarını və yoldan keçənləri gülləbaran edirdilər".

Sultan Qasımov vurğulamışdır ki, tarixində bu cür faciəli səhifələrin olmasına baxmayaraq, Azərbaycanda heç zaman millətçilik təzahürləri olmamış, respublikamız tolerant ölkə kimi tanınmışdır. Məhz buna görə Azərbaycana qarşı ədalətsiz münasibət etiraz dalğası doğurmaya bilməzdi. Sultan Qasımov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin cəsarətli addımından və faciənin araşdırılmasında rolundan söhbət açmışdır. O demişdir: "Heydər Əliyev Bakı faciəsinin səhərisi günü, 1990-cı il yanvarın 21-də ölkəmizin Moskvadakı səfirliyinə gələrək siyasi bəyanatla çıxış etmiş və sovet rəhbərliyinin öz vətəndaşlarına qarşı törətdiyi qanlı hadisələri cinayət adlandırmışdır". S.Qasımov bildirmişdir ki, Heydər Əliyevin faciənin səhərisi günü Azərbaycan səfirliyinə gəlməsi və siyasi bəyanatla çıxış etməsi azərbaycanlıların birləşməsində müstəsna rol oynamışdır. S.Qasımov demişdir: "20 Yanvar Azərbaycan tarixində həm qanlı faciə, həm də həmrəylik günüdür. Xalqımız şəhidlərin nurlu xatirəsini həmişə uca tutacaqdır".

Ural Dövlət Universitetinin professoru Aleksandr Nesterov, Rusiyanın əməkdar artisti Anatoli Brodski və başqaları tarixin bu dərslərindən ibrət götürməyə çağırmışlar.

Tədbirdə Yekaterinburq merinin beynəlxalq əlaqələr üzrə müavini Svetlana Qaripova, XİN-in Yekaterinburqdakı nümayəndəsi Aleksey Çesnokov, ABŞ-ın, Macarıstanın, Çexiyanın və digər diplomatik nümayəndəliklərin baş konsulları, Azərbaycan və Rusiya ictimaiyyətinin, Azərbaycan diasporunun nümayəndələri iştirak etmişlər.

Sonda Bakıda 20 Yanvar faciəsindən bəhs edən sənədli film-xronika nümayiş etdirilmiş, baş konsulun adından ehsan verilmişdir.

 

 

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.- 2011.- 20 yanvar.- S. 5.