Azərbaycanın insan
hüquqları üzrə müvəkkili 20 Yanvar faciəsinin
21-ci ildönümü ilə əlaqədar bəyanat
yaymışdır
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş qanlı qırğının 21-ci ildönümü ilə bağlı bəyanat yaymışdır. Bəyanat BMT-nin Baş katibinə, insan hüquqları üzrə ali komissarına, ATƏT-ə, Avropa Şurasına, Beynəlxalq və Avropa Ombudsmanlar institutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, Universal Sülh Federasiyasına, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, diaspor təşkilatlarımıza ünvanlanmışdır.
Sənəddə bildirilir ki, sovet imperiyasının Azərbaycana qarşı genosid siyasətinin tərkib hissəsini təşkil edən, insan hüquq və azadlıqlarının kütləvi pozulması ilə nəticələnmiş və tarixə 20 Yanvar faciəsi kimi düşmüş o qanlı gecədən iyirmi bir il keçir. XX əsrdə törədilmiş zorakılığın, qeyri-insani rəftarın, işgəncələrin ən dəhşətlilərindən biri olan bu faciə xalqımızın qan yaddaşına əbədi həkk olunmuşdur.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyası rəhbərlərinin göstərişi ilə xüsusi hərbi birləşmələr və zirehli texnika Bakı və Sumqayıt şəhərlərinə, habelə Azərbaycanın bir çox rayonuna yeridilmiş, dinc əhaliyə xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə divan tutulmuşdu. Öz torpaqlarının müdafiəsi naminə mübarizəyə qalxmış yüzlərlə silahsız insan, o cümlədən yaşlılar, qadınlar və uşaqlar qətlə yetirilmiş, yaralanmış, itkin düşmüş, inzibati binalara, yaşayış evlərinə, nəqliyyat vasitələrinə ciddi ziyan vurulmuşdur. İnsanlıq simasını itirmiş hərbi canilər həlak olanların dəqiq sayını gizlətmək üçün onların cəsədlərini belə, məhv etmişlər.
SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, Dövlət Təhlükəsizlik Komitəsinin birgə həyata keçirdiyi hərbi əməliyyat nəticəsində bir neçə istiqamətdən Bakıya daxil olan qoşunlar təkcə paytaxtda 130-dan artıq mülki şəxsi amansızcasına öldürmüş, 600-dən çox adamı yaralamış, ölçüyəgəlməz dağıntılar törətmişlər. Hücum zamanı qadağan edilmiş güllələrdən istifadə olunmuş, hətta yaralıları çıxaran təcili tibbi yardım maşınlarına və həkimlərə atəş açılmış, neçə tibb işçisi yaralanmış, şəhid olmuşdur.
Hüquqi dövlət yaratmaq iddiasında olan, "yenidənqurma" siyasəti həyata keçirən sovet dövləti beynəlxalq hüquq normalarını və SSRİ Konstitusiyasını pozaraq Azərbaycana qarşı misli görünməmiş hərbi təcavüz edərək insanların ən ali hüququ olan yaşamaq hüququnu kütləvi şəkildə pozmuşdur.
Sənəddə deyilir ki, bu müdhiş hadisə Azərbaycan xalqına qarşı mütəşəkkil terror siyasətinin başlanğıcı, silsilə terror aktları sırasında ən ağır zərbələrdən biri olmuşdur. Sovet imperiyası bu cinayətlə Ermənistanın azğınlaşmış siyasi qüvvələrinə dəstək vermiş, nəticədə Azərbaycana qarşı həyata keçirilən uzunmüddətli erməni təcavüzü, etnik təmizləmə, soyqırımları baş vermiş, torpaqlarımızın 20 faizi zəbt edilmiş, Ermənistan ərazisindən, Dağlıq Qarabağdan və ətraf yeddi rayondan əhali zorla qovulmuş, soydaşlarımızın bir milyon nəfəri öz doğma yurdundan didərgin düşərək qaçqın və məcburi köçkünə çevrilmişdir.
20 Yanvar faciəsinə siyasi-hüquqi qiyməti ilk olaraq ümummilli lider Heydər Əliyev vermişdir. O, hələ 1990-cı il 21 yanvar tarixində bu dəhşətli hadisəyə münasibətini bildirərkən kəskin bəyanatında Bakıda törədilən qırğınlara siyasi qiymət verilməsini, günahkarların cəzalandırılmasını tələb etmişdir. Şəhidlərin xatirəsini əbədiləşdirmək üçün həmin tarixi - Ümumxalq hüzn günü elan etmiş ulu öndərin təşəbbüsü ilə ilk dəfə olaraq Milli Məclis tərəfindən bu hadisəyə rəsmi, siyasi və hüquqi qiymət verilmiş, həmin faciənin Azərbaycan xalqının azadlıq və müstəqillik mübarizəsinə divan tutmaq üçün törədildiyi bəyan edilmişdir.
Bakı şəhərində şəhidlərin xatirəsinə möhtəşəm abidə ucaldılmış, onların uyuduğu torpaq soydaşlarımız üçün and yerinə çevrilmişdir.
Respublikamızda hər il 20 Yanvar - Ümumxalq hüzn günü kimi qeyd edilir və xalqımız igid övladlarının fədakarlığını ehtiramla yad edir.
20 Yanvarda dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri zamanı, insanlıq əleyhinə törədilmiş dəhşətli əməl nəticəsində BMT-nin İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsinin, habelə insan hüquqlarına dair beynəlxalq hüquqi sənədlərin müddəaları kobud şəkildə pozulmuşdur.
20 Yanvar faciəsi kütləvi insan itkisi ilə nəticələnən terror hadisələri sırasında öz mahiyyətinə və miqyasına görə dəhşətli bir cinayətdir.
BMT-nin Baş katibi Pan Gi Mun bu günlərdə rəhbərlik etdiyi qurumun 2011-ci il üzrə prioritetlərini bəyan etmişdir. Həmin prioritetlər sırasına insan hüquqları, davamlı inkişaf, humanitar böhranların aradan qaldırılması, daha təhlükəsiz dünyanın yaradılması da daxildir.
İnanırıq
ki, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar məhz
bu prioritetləri nəzərə alaraq, Azərbaycanın
haqlı tələblərini dəstəkləyəcək,
xalqımıza qarşı törədilmiş, əvvəlcədən
düşünülmüş, antihumanist, antidemokratik, insan
hüquqlarının kobud və kütləvi şəkildə
pozulması ilə müşayiət olunmuş bu dəhşətli
cinayət tezliklə beynəlxalq hüquqi qiymətini alacaq,
cinayətkarlar tarix, bəşəriyyət, eləcə də
Azərbaycan xalqı qarşısında cavab verəcək, cəzasız
qalmayacaqlar.
AzərTAc
Azərbaycan.- 2011.-20 yanvar.- S. 5.