Arxadan açılan atəş

 

Çar Rusiyası Qafqaz xalqlarını həmişə təsir və təzyiq altında saxlamaqla bu zəngin diyarın yeraltı və yerüstü sərvətlərinə sahiblik etməyə çalışıb. Bu məqsədlə də çar ordusu 1804-cü il yanvarın əvvəllərində ölkəmizin qərbində minlərlə insanı qırdı, o cümlədən Gəncə xanı Cavad xanı qətlə yetirdi, Cəncəbasarı işğal etdi. Az sonra Bakıya hücum edən general Sisyanov şəhərin açarlarını təhvil alan zaman Bakı xanı Həsənqulu xan xəncəri çıxarıb generalın başını bədənindən ayırdı, Cavad xanın qanını aldı, sübut etdi ki, işğalçının axırı belə olur. Hadisədən xəbər tutan çar qoşunları Xəzərdən üzük qaşı kimi mühasirəyə aldıqları Bakını gəldikləri yolla da tərk etdilər.

Lakin qəsbkarların gözü yenə də Azərbaycanda idi. Bu dəfə başqa qiyafədə. Hakimiyyətə gələn bolşeviklər Azərbaycandan əl çəkmədilər. 1918-1920-ci illərdə saysız-hesabsız Azərbaycan kəndlərini, şəhər tipli yaşayış məntəqələrini dağıtdılar, minlərlə Azərbaycan türkünü qılıncdan keçirib var-dövlətini qarət edərək Azərbaycanı işğal etdilər. Azərbaycanın qərbində Ermənistan dövləti yaradan, qəddar Andronikin və Stepan Şaumyanın əli ilə azəri türklərinin soyqırımını həyata keçirən, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətini devirib ərazisini işğal edən bolşevik Rusiyasının millətçi-şovinist siyasəti olmuşdur.

1987-1990-cı illərdə SSRİ dağılmaq ərəfəsində olanda Dağlıq Qarabağı Ermənistana birləşdirmək istəyəndə Azərbaycan xalqı hamılıqla ayağa qalxdı. Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda əvvəl gizli, sonra açıq müstəvidə mübarizə başladı. Azərbaycan xalqı imperiya buxovundan birdəfəlik qurtarmaq, tarixi azadlıq və müstəqilliyinə qovuşmaq üçün ölüm-dirim savaşına qalxdı. Moskva xalqın gözünün odunu almaq üçün 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya qoşun yeritdi, dinc sakinləri gülləbaran etməklə, tankların və tırtıllı hərbi maşınların təkərləri altında əzməklə sovet hökumətinin əsl simasını açıb göstərdi...

Rəsmi məlumata görə, vəhşiləşmiş sovet hərbçiləri tərəfindən həmin gecə Bakı şəhərində 131 nəfər xüsusi amansızlıqla qətlə yetirilib, 800 nəfərdən çox adam yaralanıb. Qırğın SSRİ daxili işlər və müdafiə nazirliklərinin, Dövlət Təhlükəsizlik Komitəsinin təşkilatçılığı ilə müdafiə naziri Yazovun komandanlığı altında həyata keçirilib. Hadisənin ertəsi günü xalqımızın böyük oğlu Heydər Əliyev Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gedərək mətbuat konfransında bu vəhşiliyi qətiyyətlə pisləmiş, qətliamın başvermə səbəblərini açıqlamış, təşkilatçıların, günahkarların adlarını, ilk növbədə, SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovun adını cəsarətlə dünyaya bəyan etmişdi.

Xəyanəti, ədalətsizliyi tarix heç vaxt unutmur. Ötən əsrin əvvəllərindən başlayaraq Rusiyanın müstəmləkəçilik siyasətinə qarşı azərbaycanlıların apardıqları mübarizələrdə göstərdiyi döyüş şücaəti hər bir azərbaycanlı gəncdə böyük qürur hissi yaradır. Vətənin azadlığı uğrunda döyüşlərdə öndə gedənləri, məsələn, Gəncədə Cavad xan, Bakıda Həsənqulu xan, Vedibasarda Abbasqulu bəy Şadlinski, Qarabağ hakimi Mehdiqulu xan, qarabağlı general-qubernator Xosrov bəy və digər belə insanlar daim ehtiramla xatırlanır, ehtiramla yad edilir. O zaman olduğu kimi, Dağlıq Qarabağ müharibəsi başlayandan da onlarca, yüzlərlə azərbaycan vətəndaşı torpaqlarımızın erməni işğalından azad edilməsi, xalqımızın şərəf və ləyaqəti uğrunda döyüşlərdə canından keçib, müqəddəs şəhidlik zirvəsinə yüksəlmişdir.

Azadlıq yolunda şəhid olanlardan biri də 1990-cı il yanvarın qanlı yanvar hadisələri zamanı əbədiyyətə qovuşan Cavad Yunis oğlu İsmayılovdur. Cavad əslən xızılıdır, Bakıda anadan olub. Atası Yunis kişi 1937-ci ilin repressiya qurbanlarından olan Mikayıl Müşfiqlə əmiuşağıdır. Cavadın atası Yunis Dağlı təxəllüsü ilə şeirlər yazıb. Şeirləri indi də Xızıda və Bakıətrafı kəndlərdə dillər əzbəridir. Yunis Dağlı haqqında yazdığımız övladının adını Əhməd Cavadın şərəfinə Cavad qoymuşdur. Oğluna ad seçəndə Yunis Dağlı deyib ki, şairliyini Allah bilər, amma oğlumun adını Müşfiqlə Cavad əfəndinin dostluğu şərəfinə Cavad qoyuram, qoy böyüyəndə Əhməd Cavad kimi xalqını və vətənini sevən, insanlıqda ləyaqətli, dostluqda Cavad əfəndi kimi sədaqətli olsun!

Cavad gəncliyində bədii ədəbiyyata, şeirə-sənətə də maraq göstərib, şeirlər yazıb. Evində, arxivində xeyli əlyazması, qəzet və jurnallarda çap olunmuş şeirləri var. Cavad İsmayılov istehsalat sahəsində çalışıb. Uzun müddət Bakı şüşə zavodunda işləyib. Cavadın həyat yoldaşı Həcər xanımın xatirələrindən:

- Yanvarın 19-da Cavad evdə idi, yaman narahat görünürdü. Bir neçə gün əvvəl yazdığı şeirlərindən mənə oxudu. Axşam gecə növbəsinə getməli idi. O vaxt böyük qızım Əzizənin 5, Firuzənin 3 yaşı vardı. Bütün günü qızlar ataları ilə əyləndilər. Cavad axşamçağı bir az dincəlib işə getdi. Zavodda fəhlələr ermənilərə havadarlıq edən sovet hökumətinə etiraz əlaməti olaraq tətil etmişdilər. Əslində, zavodda iş tamam dayanmışdı. Cavad iş yerinə dəyib metro ilə evə qayıdırdı. Təxminən gecə saat 12-nin yarısı olardı. "20 Yanvar" metro (o vaxt "XI Qızıl Ordu" adlanırdı. red.) stansiyasından çıxıb evə gələrkən qırmızı ordunun əsgərləri camaatı gülləbaran edirdilər. Əhali qaçanda yaşlı bir qadın ayaq altına yıxılır. Cavad çətinliklə də olsa qadını qaldırmaq üçün aşağı əyilir. Qadını qaldırar-qaldırmaz güllə Cavadın kürəyindən dəyir. Bunu görən qonşu uşağı qaçıb əvvəlcə evlərinə, sonra bizə xəbər gətirir. Onda Firuzə yatmışdı. Qayınanam məni və böyük qızımı evdən çölə çıxmağa qoymadı. Özü qonşularla birlikdə səhərəcən xəstəxanalarda Cavadı axtardı.

Biləcəri tərəfdən şəhərə girən tankların, hərbi maşınların, aramsız güllə səsindən, adamların harayından, təcili yardım maşınlarının uğultusundan vahimə içində idik. Bilmirdik nə edək... Səhər açılandan sonra öyrənə bildim ki, Cavad Musa Nağıyev adına Təcili Yardım Xəstəxanasındadır. Qayınanamla tez ora yollandıq. Onu xəstəxananın üçüncü mərtəbəsindəki yaralıların arasında tapdıq, çətinliklə danışırdı... İnana bilmirdi ki, ona vaxtilə iki il xidmətində durduğu sovet ordusunun əsgərləri atəş açıblar. Həkimlər iki gün çalışsalar da, Cavadı ölümün pəncəsindən qurtara bilmədilər. O, yanvarın 22-də dünyasını dəyişdi.

Həcər xanım söhbət bura çatanda sözünə ara verdi. Toxdayıb özünü toplayandan sonra dedi:

- 1993-cü ilədək bizi - məni və uşaqlarımı şəhid ailəsi kimi tanıyan olmayıb. Bir dəfə də olsun şəhid ailəsinin necə dolanması ilə maraqlanmayıblar. Sağ olsun o böyük insan - Heydər Əliyev! Biz, şəhid ailələri ilə görüşdü, problemlərimizlə maraqlandı. O vaxtdan ailəmizə həmişə qayğı göstərilir. Bu qayğının sayəsində övladlarımı rahat böyütdüm. Artıq hər iki qızım ailə qurub. Toylarında Milli Məclisin bir neçə deputatı, Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndələri, bir çox ziyalılar iştirak etdilər. Sağ olsunlar, ailəmizə həm mənəvi, həm də maddi dayaq oldular. Ailəmizə bu gün də lazımi qayğı göstərilir. Fürsətdən istifadə edib bir daha, ilk növbədə, Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm.

...20 Yanvar faciəsindən 21 il, rus generalı Sisyanov tərəfindən Gəncənin işğalından 207 il, bolşevik Rusiyasının Azərbaycan Xalq Cümhuriyyətini devirməsindən 91 il ötür. Lakin 20 il əvvəl ölkəmiz əsrlərdən bəri arzusunda olduğu müstəqilliyə qovuşmuşdur. Bu müstəqillik yolunda canından keçənlər heç vaxt unudulmayacaq, heç vaxt yaddan çıxmayacaq. Çünki şəhidlərimizin qanını yerdə qoymayan, Azərbaycanın ərazi bütövlüyünü və milli müstəqilliyini göz bəbəyi kimi qoruyan qəhrəman oğul və qızlarımız var.

 

 

Rəhman SALMANLI

 

Azərbaycan.- 2011.- 20 yanvar.- S. 6.